Dağıdılmış Şuşa məscidi, arxiv şəkli

ATƏT-in Minsk Qrupu getsin, bəs yerinə kim gəlsin...

2705
(Yenilənib 17:17 27.11.2018)
Minsk Qrupu gələcəkdə də vasitəçilik missiyasında da uğur qazana bilməyəcək

Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın ABŞ, Fransadan və Rusiyaya səfəri Bakıda narazılıqla qarşılanıb. Azərbaycan XİN-in verdiyi açıqlamalarda Bakı bu səfərə öz kəskin etirazını bildirib.

Əlbəttə ki, Saakyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin təmsil edildiyi ölkələrə səfərini erməni lobbisinin fəaliyyəti kimi dəyərləndirmək mümkündür. Unutmaq olmaz ki, ABŞ-da erməni lobbisi güclüdür. Rusiyada da ermənilər mühüm postlarda əyləşiblər. Digər tərəfdən, Ermənistandan kənarda ermənilər ən çox Rusiya ərazisində yaşayır. Rəsmi rəqəmlərdə bir milyon yarım göstərilsə də, qeyri-rəsmi mənbələr onların sayının bir neçə milyon olduğunu təxmin edir. Amerikanın erməni icması Rusiyadan sonra Ermənistandan kənarda yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Müxtəlif mənbələrdə ABŞ-da 800.000 ilə 1.500.000 arasında erməni əsilli insanın yaşadığı göstərilir. Fransada 250-750 min arasında erməni mənşəli insanın yaşadığını təxmin edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko
© Official website of President of Azerbaijan Republic

Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun həmsədrinin vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir, savaş variantı da bölgə üçün risklidir. Belə olan halda rəsmi Bakı status-kvonu dəyişdirmək və beynəlxalq aləmin diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltmək üçün qeyri-standart addım haqqında düşünə bilər. Belə bir addım rəsmi Bakının ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməsi variantıdır. Bəllidir ki, ATƏT Minsk Qrupu təsir mexanizmlərinə malik deyil. Qrupun arqumenti bundan ibarətdir ki, tərəflər könüllülük əsasında razılaşmaya gəlməlidirlər, onlar bu işə yalnız kömək edə bilərlər.

Bütün bunlar o deməkdir ki, Minsk Qrupu gələcəkdə də vasitəçilik missiyasında da uğur qazana bilməyəcək. Bu isə status-kvonun davamı deməkdir. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, rəsmi Bakının status-kvodan qurtulmağının bir yolu da Minsk Qrupundan imtinadır. Odur ki, sual yaranır - rəsmi Bakı Minsk Qrupundan imtina edərsə, bu, Azərbaycan üçün hansı yeni imkanlar yarada bilər?

Azərbaycanın Minsk Qrupundan imtinası Bakının vasitəçilik məsələsində ATƏT-dən imtinası anlamına gəlir. Rəsmi Bakı hər zaman Dağlıq Qarabağ məsələsini BMT müstəvisinə çıxarmaq istədikdə bu təşkilat mövzunun müzakirəsini bir arqumentlə rədd edir - Qarabağ məsələsi ilə ATƏT məşğul olur, biz bu məsələyə qarışa bilmərik. Belə bir fikir mövcuddur ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupundan imtina edərsə, BMT Dağlıq Qarabağ probleminə diqqət yetirmək məcburiyyətində qalacaq. Bu isə nəzəri olaraq BMT-də işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qəbul olunan 4 qətnamənin də gündəmə gətirilməsinə şərait yarada bilər.

Əlbəttə, bu o demək deyil ki, münaqişənin həlli ilə BMT məşğul olacaq. Ancaq rəsmi Bakının ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtinası ən azı beynəlxalq aləmə siqnal ola bilər ki, Azərbaycan mövcud vəziyyətlə barışmır və işğal altındakı torpaqlarının boşaldılmasını tələb edir. BMT və ATƏT bölgədə müharibə istəmirlər, ona görə də Minsk Qrupunun əvəzinə başqa formatı müzakirə etmək məcburiyyətində qalacaqlar. Digər tərəfdən, rəsmi Bakının Minsk Qrupundan imtinası başqa formatın axtarışına yol açacaq. Yeni vasitəçiyə və ya vasitəçilərə ehtiyac yaranacaq. Onsuz da ABŞ və Fransa illərdir fəal vasitəçilik missiyası həyata keçirmirlər, bütün təşəbbüs Rusiyanın əlindədir. Bakı Türkiyənin vasitəçilər sırasına qatılmasını istəyir. Bu varianta İrəvan etiraz edir. Lakin əgər Kreml Ankara ilə anlaşarsa, Moskva İrəvana təzyiq edib bu prosesə Türkiyənin qatılmasına şərait yarada bilər. Türkiyənin vasitəçilik prosesinə qoşulması Azərbaycanla yanaşı Rusiya və Ermənistanın da xeyrinədir. Çünki Ankara Vaşinqton və Avropa Birliyi ölkələrindən fərqli olaraq Rusiya ilə sıx münasibətlərə malikdir və Moskvanın bölgədəki maraqlarını nəzərə alır. Digər tərəfdən, Ermənistan üçün Türkiyə ilə münasibətlərin nizamlanması və sərhədin açılması vacibdir. Beləliklə, ATƏT-in Minsk Qrupundakı ABŞ, Fransa və Rusiya həmsədrliyi Rusiya + Türkiyə tandemi ilə əvəz oluna və bu, danışıqlar prosesini canlandıra bilər. Məsələn, bu dördlükdən (Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə) ibarət daimi təmas qrupu formalaşdırıla bilər. 4 ölkənin diplomatları daimi əsasda müzakirələr apararaq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını və Rusiyanın bölgədəki maraqlarını nəzərə alacaq plan hazırlaya bilərlər. Azərbaycanın Minsk Qrupundan imtinası Fransanın vasitəçilik missiyasına son qoyacaq.

Rəsmi Bakı Minsk Qrupunun xaricində də Fransa ilə münasibətlərin inkişafının tərəfdarıdır. Fransa dünyanın ən iri və modern silah istehsalçılarından biridir. Rəsmi Bakı Fransadan silah almağa çox çalışır. Paris bu silahları Azərbaycana satmamasını Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyası ilə əlaqələndirir. Ancaq əgər Fransa vasitəçi olmayacaqsa, onda Parisin Azərbaycana milyardlarla dollar həcmində silah satmaq şansı yarana bilər. Fransa NATO-nun üzvüdür, bu təşkilatın isə Azərbaycan və Ermənistana silah satmamaqla bağlı qeyri-rəsmi qərarı var. Ancaq bu qərardan ən çox istifadə edən Rusiya və İsraildir. Hər iki dövlət Azərbaycana milyardlarla dollar həcmində silah satır. Ona görə də bir müddətdən sonra maliyyəyə ehtiyacı olan və silah bazarında Rusiya ilə rəqabət aparan NATO ölkələrinin Azərbaycana silah satmamaq qərarına yenidən baxması mümkündür.

ATƏT-in Minsk Qrupunu sərt şəkildə tənqid etməsi həmçinin Azərbaycanın səmərəsiz danışıqlar prosesindən yorulması kimi qiymətləndirilməlidir. Azərbaycan özünü xilas edə biləcək yeni mexanizmlər təklif etmək istəyir. Lakin unutmaq olmaz ki, nə qədər ATƏT-in Minsk qrupunu tənqid etsək də, burada təmsil olunan ölkələr dünyanın aparıcı dövlətləridir və onların da Cənubi Qafqazda maraqları vardır. Həmsədr ölkələr dünyada gedən proseslərə təsir gücünə malikdirlər. Bu dövlətlərin istəyi xaricində formatı dəyişmək və ora başqa dövlətləri cəlb etmək problematikdir. Bir fakta da diqqət edək ki, Bakı Minsk qrupundan imtina etsə, Ermənistan öz təbliğatında bundan istifadə edəcək, Azərbaycana qarşı təbliğata başlaya bilər. Bu səbəbdən, ATƏT-in Minsk qrupundan imtina sıradan bir məsələ deyil. Belə məsələlərdə isə soyuqqanlı qərar qəbul etmək zəruridir...

2705
Aydın Mirzəzadə

Millət vəkili: “Azərbaycan koronavirus pandemiyasına operativ reaksiya göstərdi”

12
(Yenilənib 22:23 11.07.2020)
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir
Aydın Mirzəzadə: “Bu gün aparılan siyasət yoluxmanın qarşısını almağa yönəlib”

Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan koronavirus pandemiyası vaxtı operativ reaksiya göstərən ölkələrdən biridir:

“Hər bir ölə resurslarına uyğun olaraq mübarizə aparmağa çalışır. Ölkəmizdə görülən tədbirlərin nəticəsi olaraq xəstələnənlərin sayının müəyyən sayda saxlamaq mümkün olur və artımın qarşısı alınır. Bu gün aparılan siyasət artımın qarşısını almağa yönəlib. Aparılan siyasət həm daxildəki problemin həllinə, həm də dost ölkələrə yardımlar edilməsinə imkan verir. Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir”.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Moskvada RT telekanalının ofisi, arxiv şəkli

Telekanala qadağa: Qərb Rusiyaya qarşı necə işləməyi unudub

23
(Yenilənib 19:49 10.07.2020)
"Aydındır ki, RT-nin yayımının qadağan edilməsi siyasi qərardır. Amma həqiqətənmi onu hüquqi baxımdan daha "aydın" motivlə izah etmək mümkün deyildi?"

BAKI, 10 iyul — Sputnik, İrina Alksnis. Litva öz ərazisində RT-nin beş telekanalının yayımını qadağan edib. Bu, Latviya hakimiyyətinin analoji addımı atmasından bir həftə sonra baş verib. Növbədə isə Estoniyadır – ölkənin xarici işlər naziri eyni qərarın mümkünlüyünü istisna etməyib.

Bu üç "Baltika pələngi"nin ənənəvi anti-Rusiya konsensusunu və məhz Estoniya hakimiyyətinin Sputnik agentliyinin respublikada iş üçün əngəl yaratmaqda daha çox fəallıq nümayiş etdirdiyini nəzərə alsaq, Tallinin bu məsələdə fərqli mövqe tutacağı ehtimalı böyük deyil. Məlum olduğu kimi, Estoniyada arzu edilən nəticəni əldə etmək üçün əməkdaşlar cinayət məsuliyyəti ilə təhdid edilərək açıq şəkildə böhtanlara məruz qalıblar.

Lakin bu məsələdə ən maraqlı məqam Vilnüsün qərarının rəsmi əsaslandırılmasıdır. İddiaya görə, RT Qərbin sanksiyaları altında olan Dmitri Kiselyovun nəzarətindədir və bu, "onun" mediaresursuna qarşı tədbirlərin görülməsinə səbəb olub.

Məsələ heç bu bəyanatın həqiqətə uyğun olmamasında deyil. Litva hakimiyyətinin bu iddiasına cavab şərhlərində ona xatırladıblar ki, RT-nin ümumiyyətlə Dmitri Kiselyovun rəhbərlik etdiyi "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin (BİA) strukturuna aidiyyəti yoxdur.

Düz bir həftə əvvəl, Latviya Milli Mətbuat Şurası RT-nin yayımının qadağan olunmasını onun telekanallarının Dmitri Kiselyovun "faktiki idarəsi və təkbaşına nəzarəti altında olması" ilə izah edib. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Latviya rəsmi qurumlarının məsələyə belə bir əsaslandırma gətirməsini qınayıb.

Həmin vaxt baş verənləri konkret icraçıların səhvi ilə izah etmək mümkün olardı: heç bir sistem səriştəsiz işçilərdən sığortalanmayıb. Ancaq Litvada eyni vəziyyətin təkrarlanması birmənalı şəkildə göstərir: heç bir təsadüfi səhv olmayıb və yoxdur.

Aydındır ki, RT-nin yayımının qadağan edilməsi siyasi qərardır. Amma həqiqətənmi onu hüquqi baxımdan daha "aydın" motivlə izah etmək mümkün deyildi? Əlbəttə, mümkün idi. Amma bunun üçün daha çox səy göstərmək, əziyyət çəkmək, qanunvericilikdə boşluqlar axtarmaq lazım olardı.

Nə vaxtsa məhz bu xüsusiyyət – qəbul edilən qərarların heç olmasa xarici qüsursuzluğunu təmin etmək üçün hüquqi baxımdan mürəkkəblik – Qərb demokratiyasının ən mühüm kartlarından biri idi. Bu, formal prosedurlara əməl olunmasına vaxt xərcləməyə meylli olmayan digər siyasi sistemlərin fonunda son dərəcə uğurlu görünürdü.

Ancaq o vaxtdan bəri çox şey dəyişib. RT-nin yayımına qadağa qoyulması məsələsində Baltikyanı respublikalar son illər tamamilə fərqli və daha güclü dövlətlər tərəfindən qoyulmuş bir yolla gedirlər.

Amerikalılar üçün içində naməlum toz olan sınaq şüşəsini göstərmək İraqın işğalını beynəlxalq ictimaiyyət qarşısında əsaslandırmaq üçün bəs etdi və həqiqət axtarışı lazım olmadı. Britaniyalılar Skripalların zəhərlənməsi ətrafında möhtəşəm şou nümayiş etdirdilər və onları bu məsələdəki boşluqlar qətiyyən narahat etmədi.

Belə hallar yalnız Rusiyaya qarşı deyil, hətta Çin, İran, Venesuela və digər ölkələrlə bağlı o qədər olub ki, onlar artıq nadir istisnalardan adi hala çevrilib. Bu fonda Litva və Latviya hakimiyyətlərinin RT-nin yayımına qadağa qoyması məsələsində mövqeyi tamamilə təbii görünür: əgər əsassız iddianı rəsmi mövqe kimi təqdim etmək mümkündürsə, onda özünü niyə yorasan?

Bu məsələdə hətta məntiq də var: anti-Rusiya baxışları olan tamaşaçını "Kiselyovun RT-yə nəzarət etməsi" iddiası qane edir. Qərb artıq Rusiyaya və ona simpatiyası olanlara qarşı resurslarını xərcləməyin mənasını görmür. Yəqin ki, onları inandırmaq və öz tərəfinə çəkmək vəzifəsinin uğursuz olduğunu görür.

Bu yanaşma Qərbin informasiya, siyasi, ideoloji və hətta mənəvi inhisarından irəli gəlir. Məhz buna görə də Qərb müəyyən məqamda öz siyasətini – həm ümumi, həm də rəqiblərinə münasibətdə – diqqətlə və yüksək peşəkarlıqla hazırlamağı lazım bilməyib. Nəticədə, özü bu inhisarın necə itirildiyini hiss etməyib.

İndi isə vəziyyət yeni mərhələyə qədəm qoyub. İndi həmin qüvvələr keyfiyyətli işləməyin və ciddi səylər göstərməyin mənasını görmürlər, çünki rəqibi onsuz da inandırmaq mümkün deyil.

Təəccüblüdür ki, onlar bu cür peşəkar, daha doğrusu, qeyri-peşəkar yanaşmanın Rusiya üzərində ideoloji və geosiyasi qələbəyə gətirib çıxaracağını düşünürlər.

23
Şəhid məzarı. Arxiv şəkli

Müdafiə Nazirliyi Tovuzda şəhid olan hərbçilərimizin adlarını açıqladı

17
(Yenilənib 22:15 12.07.2020)
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub

BAKI, 12 iyul — Sputnik. Düşmən hücumunun qarşısı alınarkən hərbi qulluqçularımız şəhid olublar. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

17
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
İtki verən Ermənistan ordusu geri oturdulub
Hikmət Hacıyev: "Ermənistan tərəfi hər-hansı ərazi əldə etməyə müvəffəq olmayıb"
Ermənistan mətbuatının iddialarına Azərbaycan Müdafiə Nazirliyindən cavab
"Ermənistan üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır"