ABŞ və Çin bayraqları

Dünya iki antaqonist ideologiyanın məngənəsində: Silahsız müharibənin "ayaq səsləri" gəlir

5627
(Yenilənib 17:26 21.11.2018)
Həm regionda, həm də bütövlükdə dünyada yaxın perspektivdə siyasi həyatı Çin-ABŞ münasibətləri müəyyən edəcək

BAKI, 21 noyabr — Sputnik. ABŞ Çinin Ümümdünya Ticarət Təşkilatından (ÜTT) xaric edilməsini istəyir. Bunu Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının rəhbəri Kevin Hasset BBC-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çinin Ümumdünya Ticarət Təşkilatından çıxarılması məsələsi gündəmə gələ bilər. Hasset bunun səbəbi kimi Çinin özünü ÜTT-də yaxşı aparmaması və pis niyyətli olması ilə izah edib. Hasset, eyni zamanda, ABŞ prezidenti Trampın beynəlxalq ticari münasibətlərdə sərt oyun straegiyası üzərində fəaliyyətini davam etdirəcəyini də bəyan edib.

Qeyd edək ki, Kevin Hasset Trampın iqtisadi məsələlər üzrə ən yaxın məsləhətçilərindən biri hesab olunur.

Bütün bu baş verənlər dünyanın böyük dövlətləri arasında "ticarət müharibəsi"nin başlayacağının xəbərçisi sayıla bilər. ABŞ, Rusiya, Çin, Hindistan, Avropa İttifaqı ölkələri arasında ticarət müharibəsi bir reallıqdır. İndi də ABŞ-Çin ticari savaşı qızışır.

Siyasi araşdırmaçılar ABŞ-Çin münasibətlərində ən müxtəlif ssenarinin reallaşa biləcəyini proqnozlaşdırırlar. Asiyanı nəzarətdə saxlamaq üçün hansı ssenarinin seçiləcəyi mühümdür. ABŞ-la Çin arasında qüvvələr balansı qorunmaqla, status-kvonu saxlamaq mümkündür. Həmin proses iki ölkə arasında ticarət nisbəti defisitinin hiss ediləcək dərəcədə azalması ilə mümkün ola bilər.

Daha bir ssenari "Hind-Çin oxu"nun taleyi ilə bağlıdır. Amerika Çinin sürətli inkişafına əngəl ola bilməsə, qüvvələr nisbəti Pekinin xeyrinə dəyişə bilər. ABŞ daxili siyasi parçalanması dərinləşsə, bu vəziyyət daha real cizgilər əldə edəcək.

Digər tərəfdən, Vaşinqtonun böyük dövlətlərlə başladığı ticarət müharibəsi onun Asiyadakı mövqeyini daha da zəiflədə bilər ki, bunun da mümkün nəticələrindən biri kimi Çinin Asiyada əsas ticarət subyektinə çevrilər. Bu halda Pekin Hindistana ciddi güzəştlər edə bilər. Məsələn, sərhəd problemlərini yoluna qoyar və Hindistanı Cənubi Asiyanın supergücü kimi qəbul edə bilər. Yəni Hindistanla Çin arasında əlaqələr daha çox ticarəti, tədricən isə siyasi sahəni də əhatə edər.

Bu proses Asiyada Hindistan-Çin geosiyasi oxunun yaranması ilə sonuclana bilər. Moskva isə Hindistan-Çin tandeminin Hindistan-Çin-Rusiya üçlüyünə qədər genişlənməsinə çalışa bilər.

Üçüncü ssenari kimi "qüvvələrin çoxqütblü balansı" götürülür. Bu ssenari regionda Amerikanın hegemonluğunun qorunub saxlanması variantı üzərində qurulur. Lakin hesab olunur ki, Asiyada sosial-iqtisadi problemlər kəskinləşir. Məsələn, Çin və Hindistanda sosial-iqtisadi problemlərin ağırlaşması millətçiliyin və siyasi radikalizmin yüksəlməsinə təkan verir. O cümlədən, sərhəd və digər ərazi problemləri milli prioritetlərə daxil olur və populistlərin mövqeyi möhkəmlənir. Onun nəticələrindən biri də silahlanma yarışının güclənməsidir.

Bütün bunlar həm regionda siyasi sabitsizliyin pozulmasına yol açır, həm də iqtisadiyyatda proteksionizmə yeni təkan verir. Bu proseslər Asiyada nüfuz uğrunda müxtəlif böyük güclərin mübarizəsini gücləndirir. Rusiya, Avropa və ABŞ arasında gərgin rəqabət başlayır.

Daha bir ssenari "yeni ikiqütblülük" adlanır. Bu, eyni zamanda, Çinin güclənməsini və Asiyada sosial-iqtisadi və hərbi-siyasi sabitliyin ümumi azalmasını nəzərdə tutur. Region dövlətləri Pekinlə Vaşinqton arasında seçim etməkdə çətinlik çəkir. Öncə Asiya regionu, sonra isə bütövlükdə beynəlxalq sistem Çin və ABŞ bloklarına bölünür. Yeni ikiqütblülük tədricən yeni oyun qaydalarını formalaşdırır, uyğun sənədlər qəbul edilir və silahlanma üzərində yeni nəzarət mexanizmləri yaradılır.

Siyasi araşdırmaçıların fikrincə, bu ssenaridə əsas məqam "böyük qırılma xətti"nin haradan keçməsi ilə bağlı olacaq. Bu ifadə altında ABŞ və Çinin nüfuz sferasını necə bölüşəcəyi və hansı dövlətin vasitəçi rolunu oynayacağı nəzərdə tutulur. Bu rolda Hindistan nəzərdən keçirilir ki, onun da konkret məzmunu aydın təsəvvür olunur. Çünki situasiya çoxlu sayda faktorlarla bağlıdır. Məsələn, gözlənilir ki, bu ssenaridə Çin-Yaponiya münasibətləri daha da gərginləşə, Rusiyanın Çindən asılılığı isə güclənə bilər. Lakin bütün variantlarda yeni ikiqütblülüyün təhlükəli və daha az sabit ola biləcəyi ehtimal edilir.

Belə görünür ki, hazırkı geosiyasi, hərbi və iqtisadi vəziyyətdə qlobal "ticarət müharibəsi" dünyada qüvvələr balansına ciddi təsir edə biləcək təkamül ssenarilərinə yol aça bilər. Burada aparıcı rolu ABŞ-Çin münasibətlərinin oynaya biləcəyi ehtimal edilir. Yuxarıdakı ssenarilərdən aydın olur ki, məhz bu iki dövlətin qarşılıqlı münasibətlərindən asılı olaraq fərqli yeni əməkdaşlıq və ya ixtilaf xətləri formalaşa bilər.

Bununla yanaşı, təhlilçilər geosiyasi mübarizə meydanının Asiya olacağını qəbul edir, bundan sonrakı qlobal proseslərin mərkəzində Uzaq Şərqin, Sakit okean hövzəsinin və Cənubi Asiyanın sürətlə inkişaf edən dövlətlərini görürlər. Bu, süni olaraq belə edilir, yoxsa geosiyasi və iqtisadi-hərbi proseslərin məntiqi nəticəsi kimi təqdim olunur? Bu suala indi cavab vermək çətindir.

Bu vəziyyətdə bir məqamı vurğulamağa ehtiyac yaranır. Belə ki, ticari müharibə bütövlükdə dünyanın geosiyasi mənzərəsini gərginliyə sürükləyir. Böyük dövlətlər arasında artıq formalaşmış əlaqələr qırılır. Özü də bu, yalnız iqtisadi sferanı əhatə etmir. Siyasi, hərbi, mədəni sahələrdə əlaqələr ya zəifləyir, ya da tamamilə qırılma təhlükəsi qarşısında qalır. Ən pisi də odur ki, bütün bunlar dövlətlərarası ixtilafların meydana gəlməsi ilə müşayiət olunur.

Belə çıxır ki, qlobal ticari müharibə, ümumiyyətlə, dünyanın mövcud nizamını poza bilər. Beynəlxalq sistemdə yeni problemlər meydana gələr. Bu dərəcədə geniş təsirə malik prosesin hansı məqsədlə körükləndiyi aydın deyil. Əgər bu, bütövlükdə anti-qloballaşma hərəkatıdırsa, onda daha səmərəli alternativ irəli sürülməlidir. Bunu isə, hələlik müşahidə etmək olmur. Yalnız dağılma və xaosa apara biləcək davranışlar gözə dəyir.

Amerika-Çin münasibətlərinin gələcəkdə qarşıdurma xarakterli inkişaf ssenarisi obyektiv səbəblərdən mümkün olsa da, bunu nə Vaşinqton, nə də Pekin arzulayır.

Çin dünya nizamını dəyişdirmək istəyini gizlədə bilmir və bu, narahatlığa səbəb olur. Pekin öz revizionist siyasətini həyata keçirməyə cəhd göstərsə, regionda bu nizamı qoruyub saxlayan ABŞ-la qarşıdurma qaçılmaz olacaqdır. Lakin bununla belə, Pekinlə Vaşinqtonun qarşılıqlı münasibətlərinin xarakterini proqnozlaşdırmaq çətindir.

Lakin bir şeyi əminliklə demək olar: həm regionda, həm də bütövlükdə dünyada yaxın perspektivdə siyasi həyatı, məhz formalaşmaqda olan Çin-ABŞ münasibətləri müəyyən edəcək. Dünyanın iki nəhəngi və fərqli ideologiyalarının savaşı bütün dünyaya təsir edəcək...

5627
Teqlər:
dünya, müharibə, ticarət, Avropa, Moskva, Pekin, Vaşinqton, Rusiya, ABŞ, Çin
Əlaqədar
Çin ticarət müharibəsində ABŞ-a yeni zərbə vurdu
ABŞ Çini nüvə bombardman təyyarələri ilə təhdid etdi
ABŞ - Çin qarşıdurması dünyanı hara aparır – ekspert şərhi
ABŞ-da epidemioloji vəziyyət

“Vaksin yarışı” Qərb Rusiyanı ittiham edir

20
(Yenilənib 01:57 04.08.2020)
Piar müstəvisində kollektiv Qərb, eləcə də konkret olaraq ABŞ və Böyük Britaniya bir neçə ciddi “koronavirus travması” aldı

BAKI, 4 avqust — Sputnik, İvan Danilov. Koronavirus pandemiyası dünya iqtisadiyyatını dizləri üstə qoyandan təxminən bir ay sonra siyasət və media dünyasında yeni beynəlxalq yarış “janrı” peyda oldu, onu kinayə ilə “vaksin yarışı” adlandıra bilərik. Koronavirusun kollektiv Qərbə iki dəfə psixoloji travma vurduğunu nəzərə alsaq, bu yarışda qalibiyyət təkcə siyasi deyil, həm də Qərb cəmiyyətinin özünə hörmətinin qorunması nöqteyi-nəzərindən siyasi və prinsipial məsələyə çevrildi.

Avropa humanizminin ən yaxşı ənənələri ilə böyümüş (müasir dünyada bu, əsasən avropalı və ya amerikalı yox, sovet və ya Rusiya təhsilli şəxs anlamına gəlir) insan üçün Qərbin vaksin yarışını anlamaq xeyli çətindir, amma bunu müasir ABŞ və Böyük Britaniyanın əsas sənayesi, yəni siyasi və kommersiya piarı nöqteyi-nəzərindən izah etmık olar.

Piar müstəvisində kollektiv Qərb, eləcə də konkret olaraq ABŞ və Böyük Britaniya bir neçə ciddi “koronavirus travması” aldı. Əvvəla, məlum oldu ki, uzaq (eləcə də, London və Vaşinqton siyasətçilərinin stereotiplərinə görə, “həddən ziyadə totalitar və müəyyən dərəcədə geridəqalmış”) Çin epidemiyanı daha yaxşı dəf edə bildi, problemi daha tez dərk etdi və iqtisadi ziyanı səmərəli şəkildə məhdudlaşdırdı. Bu fonda ABŞ və Böyük Britaniya, eləcə də bəzi Avropa İttifaqı ölkələri hətta öz patriotlarının gözündə elə də yaxşı görünmürlər. 

Kollektiv Qərbin özünəinamına növbəti zərbəni istəmədən (belə də olur) Rusiya vurdu – koronavirusdan “alçaldıcı dərəcədə” aşağı ölüm faizinə və kütləvi test aparılmasının təmin olunmasına Qərb KİV-ləri dişlərini qıcadı, statistika ilə oynamaq barədə sübutsuz ittihamlar irəli sürüldü. Amma statistika (ÜST-ün qiymətləndirilməsindən savayı) açıq-aşkar  idi: Nyu-Yorkda epidemiya qurbanlarını küçələrdəki refrijeratorlara yığırdılar və elə təkcə bu fakt tibbi və dövlət idarəetməsinin keyfiyyət fərqini anlamaq üçün kifayət edir. 

Və bu fonda, tələb olunan xərclərdən və istənilən mümkün risklərdən asılı olmayaraq, kollektiv Qərb üçün (eləcə də bir neçə konkret iddialı qərb siyasətçisi üçün) vaksinin istehsalında birincilik imic nöqteyi-nəzərindən həyati vacib  məsələyə dönür, çünki, məsələn, ABŞ-ın hələ də “dünyada nömrə bir olduğunu” sübut etmək gərəkdir.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Eyni zamanda Amerika KİV-lərini oxuyanda qəribə təəssürat yaranır: partiyaya mənsubluqdan və nəşrin sahiblərinin Donald Trampa rəğbət və ya nifrət bəsləməsindən asılı olaraq konkret redaksiyalar vaksinin hazırlanması ilə məşğul olan ya Amerika, ya Britaniya, ya Almaniya, ya da hətta Hindistan şirkət və universitetlərinə azarkeşlik edirlər, hədəf də budur ki, vaksin yarışında qalibiyyət “düzgün olan ölkənin” hansısa qurumuna qismət olsun, “Trampın lənətə gəlmiş rejimi isə” bundan siyasi bonus qazana bilməsin.

Makrosəviyyədə də analoji münaqişə mövcuddur: NATO və ya G7 üzrə müttəfiqlərilə səylərini koordinasiya etmək əvəzinə, bəzi alman KİV-lərinin yazdığına görə, rəsmi Vaşinqton Almaniyadakı perspektiv, vacib antikoronavirus layihəsi olan biotexnologiya laboratoriyasını ələ keçirərək ABŞ-a köçürməyə cəhd eləmişdi. 

Bu kontekstdə Rusiya və ya Çinin koronavirus əleyhinə vaksinin kütləvi istifadəsinə yaxın olduqları barədə istənilən məlumatın Qərb informasiya məkanında əsl anafilaktik şok effekti yaratması məntiqidir.

Əlbəttə, güman etmək olar ki, Amerikanın tibb məmurları doğrudan da yalnız peşə mülahizələrini rəhbər tuturlar, ancaq yuxarıda deyilənləri nəzərə alsaq, müəyyən siyasi anqajementin mövcudluğuna dair ciddi şübhələr var.  Rusiya həkimlərinin bu payızda kütləvi peyvəndə başlaması planları, eləcə də Çinin mümkün uğurlu vaksin sınaqları keçirdiyi barədə xəbərlərə rəsmi reaksiyaya misal qismində Amerikanın əsas infeksionistinin The Wall Street Journal-da dərc olunmuş mövqeyini göstərmək olar: 

“ABŞ-da infeksion xəstəliklər üzrə əsas ekspert, doktor Entoni Fauçi cümə günü konqresin COVID-19 üzrə alt komitəsində dinləmələr zamanı bəyan etdi ki, ABŞ, çox güman ki, Çin və ya Rusiyada hazırlanmış vaksinlərdən istifadə etməyəcək. “Mən, doğrudan da ümid edirəm ki, çinlilər və ruslar vaksini kiməsə vurmazdan əvvəl onu həqiqətən sınaqdan keçirirlər, - o deyib. – Vaksinin test olunmamışdan əvvəl yayılması üçün hazır olması barədə xəbərlər, hesab edirəm ki, ən yaxşı halda, problematikdir”. Doktor Fauçi eləcə də bildirib ki, ABŞ-ın vaksini ilin sonunadək əldə edəcəyinə ümud edir”.

Bloomberg informasiya agentliyinin müxtəlif ölkələrdə hazırlanan mümkün vaksinlərin müqayisəli təhlilinə diqqət yetirsək, o zaman Fauçinin, güman ki, Amerikanın Moderna şirkətinin vaksininə ümid etdiyini deyə bilərik.

Maraqlıdır ki, Bloomberg-in trekerində Rusiyanın vaksin layihələri yer almayıb (ən azından məqalə yazılanadək belə idi), bu isə qərb oxucusunda Rusiyanın imkanları barədə yanlış təsəvvür doğurur, çünki o zaman belə çıxacaq ki, Rusiyanın vaksini “yox yerdən çıxdı”.

“Vaksin yarışı”nın necə davam etdiriləcəyini artıq indidən təxmin eləmək mümkündür: Rusiya və Çin peyvəndlərini dərhal təhlükəli elan edəcək, bunu feyk-nyuz janrında olan informasiya yığını ilə müşayiət edəcəklər. Bununla paralel olaraq Qərb auditoriyasının skeptik qisminin inandırılması üçün vaksinlərin işlədiyi təqdirdə onların guya Çin, İran və Rusiya hakerləri tərəfindən əldə olunan məlumatlar əsasında hazırlandığı barədə tezis yürüdəcəklər, özü də ictimai rəyin müvafiq hazırlanması prosesi artıq aparılıb.  Müdafiənin final xətti isə Rusiya və Çinin ədəbsizcəsinə “vaksin millətçiliyi”nə və epidemiya ilə mübarizənin hansısa beynəlxalq yarışa döndərilməsi arzusuna görə ittiham edilməsi olacaq. Paralel rejimdə isə belə vacib məsələdə Pekin və ya Moskvadan asılı olmamaq üçün Qərbin öz vaksinini hazırlamasının vacibliyi tezisi yürüdüləcək. 

Bu cür yanaşmada problem bundadır ki, bu “nəzarət olunan geri çəkilmədə” – bunun amansız reallıq qarşısında geri çəkilmə olmasına artıq heç bir şübhə qalmayıb – Qərbin media maşını öz auditoriyasının seqmentlərinin inamını getdikcə daha çox itirməyə başlayacaq.

Bütün bunlar isə Rusiya və Çin dezinformasiyasi ilə mübarizənin vacibliyi barədə növbəti konfranslar və Amerikanın və Avropanın profil strukturlarının öncəki möhtəşəm imiclərini qaytarmaq üçün pul ayrılması tələbləri ilə yekunlaşacaq. Ancaq auditoriyanın inamını itirmək asan, bərpa etmək çox çətindir, özü də koronavirus onsuz da Qərb dünyasında mövcud olan ictimai inamın deqradasiyası proseslərini daha da sürətləndirdi. Qərbin media aləminin eyham vurduğu Rusiya, Çin və digər “növbətçi günahkarlar”ın isə əslində bu problemə heç biri aidiyyatı yoxdur və bizim qərbli partnyorlarımız “vaksin millətçiliyindən” öz günahları üzündən əziyyət çəkirlər, özü də yalnızlıqda.

 

20
Əlaqədar
Özümüzünküləri darda qoymuruq: Rusiya COVID-19-la mübarizədə qonşularına necə kömək edir
Pulsuz olacaq – Amma bizdə yox, onlarda
Az qaldı - Rusiya virus əleyhinə daha bir vaksinin sınaqlarına başlayır
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
COVID-19-un qarşısını alan anticisimlər aşkarlandı
Dollar, arxiv şəkli

Dünyanın bir nömrəli valyutasını taxtdan salırlar?

61
(Yenilənib 02:19 01.08.2020)
Problem ondadır ki, Amerikanın analitik cəmiyyətinin böyük qismi bu mövqeni qəbul edəndə artıq çox gec olacaq

BAKI, 1 avqust — Sputnik, İvan Danilov. Amerikanın siyasi nüfuzu və onlarla keçmiş əməkdaşının dünyanın müxtəlif ölkələrində yüksək vəzifələr tutması ilə fərqlənən nəhəng bankı şok bəyanatla çıxış edib: dolların dünyanın əsas valyutası statusu erası sona çata bilər. 

Goldman Sachs — maliyyə dairələrində geniş tanınan bir qurumdur. O, bir trilyon dollarlıq aktivləri idarə edir, Uoll-stritdə böyük hörmətə malikdir, özünün keçmiş əməkdaşlarını konveyer üsulu ilə ABŞ-ın Maliyyə nazirliyində bərqərar edir, eləcə də şübhəli fərqlənmə nişanına malikdir: 2008-ci ildəki böhrandan sonra tədqiqatçı jurnalist Mett Teybinin təbirincə onu “Vampir kalmar” (Vampire squid) adlandırırlar.

“Goldman Sachs haqda bilməli olduğunuz ilk şey – onun hər yerdə olmasıdır. Dünyanın ən güclü investisiya bankı bəşəriyyətin simasını əhatələyən nəhəng vampir kalmara bənzəyir: pul iyi verən hər şeyi o amansızcasına özünün qanlı burulğanına çəkir”, - M.Teybi 2010-cu ildə “The Rolling Stone” jurnalında dərc olunmuş geniş araşdırmasında yazırdı. Və o vaxtdan məhz bu təsvir Amerikanın nüfuzlu maliyyə qurumunun sanki pasportudur. 

Yuxarıda qeyd olunan səbəblərdəndir ki, “Vampir kalmar” hansısa kütləvi mövqedən çıxış edəndə, xüsusən də onun qiymətləndirməsi aparıcı media sinfinin mümkün proqnozları ilə üst-üstə düşməyəndə onun nə dediyinə qulaq vermək lazım gəlir.

Dünya valyutası qismində dolların perspektivlərinin məhz Amerika bankı tərəfindən tənqid olunması ikiqat təəccüblüdür, çünki hətta ABŞ-da “qeydiyyata düşmüş” qlobal maliyyə strukturları da spesifik, amma çox nəzərə çarpan, müntəzəm olaraq gələcək senator və konqresmenlərə əliaçıq ianələrlə gücləndirilən patriotizmlə seçilir. Goldman Sachs da bir növ Amerikanın özüdür, lap dəqiqini desək, dəzgahlardan tamam aralanıb maliyyə manipulyasiyalarına baş vuran Amerikadır. Bir vaxtlar Birləşmiş Ştatların simvolu bank deyil, sənaye korporasiyası olan “General Motors” idi. Bu haqda Müdafiə naziri Vilson belə demişdi: ““General Motors” üçün yaxşı olan – Amerika üçün də yaxşıdır”. İndi isə ABŞ-ın simvolu istehsal birliyi deyil, məhz müntəzəm olaraq loqotipini cinsi azlıqların rənglərinə boyayan, həddən artıq ədəbsiz nüfuza malik, amma çox təsirli bir strukturdur və Amerika valyutasının gələcək durumu, dolların problemlərinin ümumilikdə bütöv Amerikanın perspektivlərinə ciddi təsir edəcəyi onu xeyli mütəəssir edib. 

Amerikanın maliyyə üzrə informasiya agentliyi Bloomberg nüfuzlu bankın analitiklərinin qorxularını belə anladır: "Goldman Sachs Group Inc. ABŞ-da inflyasiya ilə bağlı qəflətən artan narahatlığa diqqət çəkərək çərşənbə günü belə bir cəsarətli xəbərdarlıq yaydı ki, dollar özünün dünyanın ehtiyat valyutası statusunu itirə bilər.

Konqres pandemiyanın talan elədiyi iqtisadiyyatı dəstəkləmək üçün növbəti fiskal stimullaşdırma raunduna yaxınlaşdığından, Federal Ehtiyat Sistemi isə bu il balansını artıq 2.8 trilyon dollar artırdığından Goldman-ın strateqləri xəbərdarlıq ediblər ki, ABŞ-ın siyasəti “valyutanın dəyərdən düşəcəyi barədə narahatlıqlar” yaradır və dünya valyuta bazarlarında dolların dominant qüvvə kimi ağalığına son qoya bilər”.

Goldman Sachs analitiklərinə haqq vermək gərəkdir: hələ baharda, ABŞ FES-inin çap maşını ölkənin maliyyə bazarları və büdcəsinin epidemiya dövründə dəstəklənməsi üçün izafi işlərə başlayanda, konqres və senat  iqtisadiyyata büdcə axınının həcmi və müvafiq olaraq defisitin artması barədə baş işlədəndə bank müştərilərilə xüsusi məsləhətləşmələr apararaq onları mümkün inflyasiya riskindən qaçmaq üçün dollarları qızıla (hətta bitkoyna) çevirməyə inandırırdı. İndi bank həmin problemi maksimal dərəcədə geniş auditoriyanın diqqətinə çatdırmağa qərar verdi və bu, onda gözəl alındı – dolların planetin əsas valyutası statusunu itirəcəyi barədə, demək olar ki, dünyanın bütün aparıcı KİV-ləri yazdı. 

Şübhəsiz, onu da nəzərə almaq lazımdır ki, (yəni Bloomberg və digər medişərhçilərin də doğru olaraq qeyd etdikləri kimi) “maliyyə dairələrinin əksəriyyətində bu nöqteyi-nəzəri az adam dəstəkləyir, Goldman-ın analitikləri isə deyirlər ki, bunun (dolların dünyanın əsas valyutası statusunu itirəcəyinin – red.) mütləq baş verəcəyini hesab eləmirlər”.

Bu növ tipik mövqe onunla izah olunur ki, ABŞ dollarının, “kapital bazarının dərinliyini və ABŞ dolları ilə aparılan qlobal tranzaksiyaların nəhəng həcmini nəzərə alsaq, rezerv valyuta statusunu itirməyə heç azacıq da şansı yoxdur”. Bunu Bloomberg-ə Britaniyanın Barclays bankının Şimali və Cənubi Amerikada valyuta ticarətinin başçısı Maykl Krupkin deyib.

Problem ondadır ki, Amerikanın analitik cəmiyyətinin böyük qismi bu mövqeni qəbul edəndə artıq çox gec olacaq. O mənada ki, Amerika valyutasının dominantlığı üzərində qurulmuş dünya sisteminin demontajı prosesi ya bitmiş olacaq, ya da artıq geriyə dönüş nöqtəsinin keçildiyi həddə çatacaq. 

Dollar sisteminin onu tənqid edənlərə rəğmən yaşayacağına dair arqumentlərdən biri də odur ki,  dollar Federal Ehtiyat Sisteminin 2008-2009-cu illərdə dayanmadan pul çap eləmək “tutması”nı adlaya bildi. Bu arqumentin bircə zəif yeri budur ki, çap maşınının işinin indiki intensivliyi nə ötən böhran zamanı baş verənlərlə, nə də 2008-2009-cu illərdə ABŞ-ın birqütblü dünyanın şübhəsiz lideri olmasıyla heç bir müqayisəyə gəlmir.

İndi situasiya tamam fərqlidir: Amerika şəhərləri yanır, hər iki aparıcı partiya payızda planlaşdırılan prezident seçkisinin nəticəsinin tanınmaması ehtimalını və mümkün vətəndaş müharibəsini müzakirə edir, birqütblü dünya isə artıq yoxdur – hər şey ABŞ-la Çin arasında başlanan ikinci soyuq müharibənin hansı formanı alacağından asılıdır.

Müdrik və yaxşı məlumatlandırılan “Vampir kalmar” nahaq yerə həyəcan təbili çalıb, büdcə nizamına,  son 50 ildə ABŞ-a nəhəng üstünlüklər gətirən sistemin müdafiəsinə çağırmır. Nüfuzlu bankın xəbərdarlığı mütləq eşidiləcək, ancaq Amerika siyasətçilərinin dünyanın əsas valyutası statusunun saxlanması üçün populyar olmayan addımlar atmaq qabiliyyətlərinə dair artıq ciddi şübhələr yaranıb.

61
Əlaqədar
Hələ çox gözləyəcəyik – Nüfuzlu agentlik neftlə bağlı proqnoz verdi
Dünya nəfəsini dərib gözləyir! Çoxumuzun necə yaşayacağı gələn aydan asılıdır
Valyuta bazarında tələb artmaqdadır: Qızıl alışına keçməsək, payızda zərər görə bilərik
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib
Termometr, arxiv şəkli

Pnevmoniya, qrip, zökəm infeksiyalardan qorunmaq üçün ...

0
Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

BAKI, 4 avqust — Sputnik. Ekspertlərin fikrincə, D vitamini sağlamlıq üçün çox əhəmiyyətlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, D vitamini orqanizmin müdafiə sistemi ilə əlaqəlidir.

Həkimlərin fikrincə, D vitamini çatışmazlığı çox zaman qəbul edilməyən və ya stressin, yorğunluğun əlaməti kimi qəbul edilən əlamətlərlə özünü göstərir.

D vitamini çatışmazlığının əsas əlamətlərindən biri sümüklərin ağrıması, oynaqlarda iltihabi proseslərin yaranmasıdır.

Eyni zamanda D vitamni çatışmazlığı zamanı qrip, pnevmoniya, zökəm və digər infeksiyalara yoluxma riski artmış olur.

D vitamni çatışmazlığının digər əlamətləri daimi yorğunluq hissi, depressiv əhval, yaraların gec sağalması, əzələlərdə ağrı, saçın tökülməsi və s. var.

Mütəxəssislərin fikrincə, tələb edilən qədər vitamin almaq çox asandır.

Məsələn, qida rasionuna dəniz məhsulları, göbələk, yumurta və pendir daxil etməklə D vitamini qəbul etmək mümkündür.

Eyni zamanda açıq havada idmanla məşğul olmaq da faydalıdır.

Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

0