Səudiyyə Ərəbistanı bayrağı fonunda tikanlı məftillər

Müsəlman dünyası tarixi dəyişiklik astanasında

6621
(Yenilənib 17:27 30.10.2018)
Azər RƏŞİDOĞLU
Səudiyyə hakimiyyəti zəifləməyə doğru gedir və yaxın zamanlarda kral ailəsini çətin günlər gözləyir

BAKI, 30 oktyabr — Sputnik. Jurnalist Camal Qaşıqçının qətlinin araşdırılması üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib türkiyəli həmkarı İrfan Fidanla görüşüb. Əl-Muacib məqsədinin cinayət olayının obyektiv araşdırılması olduğunu diqqətə çatdırıb.

O, Qaşıqçı cinayəti ilə bağlı Türkiyənin əldə etdiyi bütün dəlillərin Səudiyyəyə təqdim olunmasını israrla tələb edib. Türkiyə rəsmiləri isə bundan birmənalı şəkildə imtina edərək istintaqın İstanbul Prokurorluğu tərəfindən aparılmalı olduğunu bildiriblər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr isə cavab olaraq bildirib ki, həmin şəxslər Türkiyəyə təhvil verilməyəcəklər.

Vurğulayaq ki, Qaşıqçı olayı Səudiyyə Ərəbistanının vəliəhdi Muhəmməd ibn Salmanın islahatçı imicini darmadağın etdi. Digər tərəfdən, jurnalistin qətli ilə əlaqədar Türkiyə və Səudiyyə Ərəbistanı arasında növbəti gərginlik yaşandı.

Əslində, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı qarşıdurmanın tarixi kökləri də mövcuddur. Bu qarşıdurma, yalnız Osmanlı - Əməvi qarşıdurması da deyil, eyni zamanda məzhəb ayrı-seçkiliyini də ehtiva edir. Belə ki, 1740-cı ildə Muhəmməd ibn Əbd əl-Vəhhab dörd sünni məzhəbinin içindən hənbəli məzhəbini seçdi və şiələri islamdan çıxmış, sünnilərin də bir hissəsini və osmanlıları dindən uzaqlaşmış elan etdi.

On illər boyunca davam edən bu qarşıdurma nəticəsində Osmanlı seçkili parlamenti olan konstitusiyalı monarxiyaya çevirildi, bu da öz növbəsində respublika üsul idarəsinin qələbəsi ilə sonuclandı. Səudiyyədə isə mütləq monarxiya möhkəmləndi və bu ölkə demokratik normaları qəbul etməyəcəyini bu gün də açıqlamaqdadır.

Bu gün Ərdoğanın mötədil islamı ilə Səudiyyənin ifrat dini radikalizmi üz-üzə gəlib. Türkiyənin Yaxın Şərqdə nüfuzunun artması Səudiyyəni də narahat edir. Bu arada, Səudiyyənin ənənəvi düşməni olan İran bu durumdan razıdır. Əslində, Ərdoğan bundan da yararlanır və şiələri öz tərəfinə çəkmək istəyir. O dəfələrlə vurğulayıb: "Mənim dinim sünni və şiələrin dini deyil. Mənim dinim islamdır".

Ankara ilə ər-Riyad arasında ikinci prinsipial mübahisə Misirin əsas siyasi partiyası, bütün bölgədə dayaqları olan "Müsəlman qardaşları" ilə bağlıdır. Ər-Riyad "Müsəlman qardaşları"nı terrorçu təşkilat adlandırır. Ankara isə "Müsəlman qardaşları" ilə yaxınlaşmaq yolunu seçib. Əslində isə, Səudiyyə Əbəbistanının "Müsəlman qardaşları"na görə narahatlığı anlaşılandır. "Müsəlman qardaşları" sünni aləmində Səud ailəsinin əsas rəqibləridir.

Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanı - Türkiyə qarşıdurması körfəz ölkələri olan Qətər, Bəhreyn və Küveytin Səudiyyə Ərəbistanı ilə münasibətlərinə də təsir edə bilər. Qətər - Səudiyyə Ərəbistanı münasibətləri, bu ilin əvvəlində Səudiyyə Ərəbistanının Qətərdən İranla əlaqələrini kəsməsini istəməsindən sonra daha da gərginləşib.

Səudiyyə Ərəbistani, BƏƏ, Misir və Bəhreynin Qətərə qarşı iyulda yaratdığı blokadadan sonra, İran Qətərə qida ilə dolu beş təyyarə yollayıb. Avqustda Qətər və İran diplomatik münasibətlərini tam bərpa edib.

Bəhreyn və Küveyt isə daha çox Səudiyyə Ərəbistanına meyllidir. Bəhreynin sünni kralı və ailəsi siyasi, eyni zamanda hərbi postları tutsa da, ölkənin 70%-i şiələrdən ibarətdir. Bəhreyn İranı ölkə daxilində hakimiyyəti devirmək üçün "terrorçu qruplara" təlim keçməkdə ittiham edir. Eləcə də ölkənin şiə müxalifətini İranla əlaqələr qurmaqda günahlandırır. Küveyt hökuməti açıqca bəyan edir ki, "Küveyt İranın genişlənmə siyasətinin ən çox təsir etdiyi ölkədir".

Beləliklə, Türkiyə - Səudiyyə qarşıdurması ilə bölgədə yeni dəngələr formalaşmaqdadır. Səudiyyə krallığı ərəb dünyasında mühüm oyunçudur. "Ərəb baharı" səudiyyəlilərə nəinki təhlükə yaradıb, əksinə, intervensiya vasitəsilə öz regional maraqlarını genişləndirmək imkanı verib. Eyni zamanda, İraq, Suriya, Livan və Yəməndə regional təhlükəsizlik problemləri İranın regional ambisiyalarının qarşısının alınması üçün qətiyyətli tədbirlər görülməsini tələb edir və Əl-Riyad bu kontekstdə ən əsas oyunçuya çevrilib.

Lakin bölgədə baş verənlər Səudiyyəni də öz ağuşuna ala bilər. Bu ölkədə hakimiyyəti artıq qərar qəbul edə bilməyən taqətsiz qocalardan alıb, rejimin tam şəkildə dəyişdirilməsinə start verilib. Bu isə krallığın dağılmasını qaçılmaz prosesə çevirib.

Qaşıqçı olayı, yalnız Muhəmməd ibn Salmanın imicini deyil, bütövlükdə ölkənin barəsindəki az-çox müsbət fikirləri məhv elədi. Bu baxımdan, "sözügedən müəmmalı qətlin arxasında kim durur" sualına cavab tapmaq mütləq zərurətə çevrilib. İstənilən halda, Səudiyyə hakimiyyəti zəifləməyə doğru gedir və yaxın zamanlarda kral ailəsini çətin günlər gözləyir...

6621
Teqlər:
Camal Qaşıqçı, Küveyt, Qətər, müsəlman, İran, Türkiyə, Səudiyyə Ərəbistanı
Əlaqədar
Avropa Parlamenti Səudiyyə Ərəbistanına sanksiya qərarını qəbul etdi
Konsulluqda öldürülən jurnalistin oğlu Səudiyyəni tərk edib
Səudiyyə Ərəbistanının koalisiyası dağılır – Malayziya əsgərlərini geri çağırdı