Трибуна с микрофоном перед Белым домом, фото из архива

Suriyada bağlanan düyün: Üçüncü dünya savaşı başlayıb, yoxsa başlayacaq?

10288
(Yenilənib 19:31 23.08.2018)
Türkiyə önəmli NATO ölkəsidir və alyansın cənub dayağıdır. İndi ABŞ bu dayağı itirmək üzrədir.

BAKI, 23 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp ölkəsi ilə əməkdaşlıq edəcəyi halda Moskvaya qarşı sanksiyaları ləğv edə biləcəyini açıqlayıb. Bu barədə Tramp "Reuters"ə müsahibəsində danışıb. Onun sözlərinə görə, Moskva ABŞ-la Suriya və Ukrayna məsələlərində birgə iş üçün addımlar atmalıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq olunan bir sıra sanksiyaları ləğv edə bilər. Belə ki, bəzi qanunlar Konqresin qəbul etdiyi "ABŞ-ın rəqibinə qarşı sanksiyalarla mübarizə" qanununa əsasən tətbiq edildiyinə görə, onları ləğv edə bilmək üçün ölkə başçısına qanunverici orqanın dəstəyi də lazımdır.

Son aylar ABŞ — Rusiya münasibətləri "soyuq savaş" həddindədir. Bunun bir çox səbəbləri mövcuddur. Lakin Türkiyənin Rusiya istehsalı olan S-400 raketlərini əldə etmək qərarı Vaşinqtonun səbrini daşıran son damla oldu. Vaşinqton istər Rusiya, istərsə də Türkiyə ilə münasibətlərini sərtləşdirdi. Birləşmiş Ştatlar Ankaranın Moskva ilə yaxınlaşmasına xüsusən qısqanclıqla yanaşır. Türkiyə önəmli NATO ölkəsidir və alyansın cənub dayağıdır. İndi ABŞ bu dayağı itirmək üzrədir.

Bəzi araşdırmaçılar belə hesab edirdilər ki, Kremlin Qərbə qarşı çıxması müvəqqəti xarakter daşıyır. Lakin Moskva rəqiblərinin zəifliyini görəndən sonra hədəflərini daha da artırdı. Kreml NATO və Avropa İttifaqını özü ilə hesablaşmağa vadar edir.

Bu arada Çin güc mərkəzi kimi öz sözünü deməyə başlayıb. Lakin Çinin dirçəlişi əsasən iqtisadi sferadadır. ABŞ indiki mərhələdə Çinlə savaşa girməkdə maraqlı deyil. Onu daha çox Suriyadakı proseslərin aqibəti maraqlandırır. Rusiya, Türkiyə və İran Suriya böhranı ilə bağlı birgə addım atırlar. Dünyanın ən böyük böhranının həllində ABŞ-ın təsirini nəzərə almamaqla, əslində, bu üç ölkə yeni güc mərkəzi formalaşdırır.

ABŞ İraq və Əfqanıstan müharibəsində itirdiyindən daha çox Suriyada itirir və bu, Vaşinqtonu qəzəbləndirir. Digər tərəfdən də, Çin ABŞ maraqlarını sıxışdırmağa başlayıb. Tramp anlayır ki, Çin və Rusiyaya qarşı eyni vaxtda mübarizə aparmaq mümkün deyilsə, deməli onlardan birinə güzəştə getməlidir. Çin öz iqtisadi təcrübəsi ilə Amerikanın maraqlarına zərbələr endirir. Çin gücləndikcə, Şərqi Asiyada ABŞ-ı sıxışdırır. Pekinin gücü daha da artacaqsa, o zaman, başqa regionlarda da Vaşinqtona maneələr yaradacaq.

Rusiyanın davranışları isə Amerika maraqlarına Çin qədər zərbə vurmur. Rusiya Şərqi Avropanı, yaxud Yaxın Şərqi öz təsir dairəsinə çevirmək imkanlarına malik deyil. O, hətta Mərkəzi Asiyada iqtisadi rəqabətdə Çinə uduzur.

Bu amil Rusiya və ABŞ-ı yenidən yaxınlaşdıra bilərmi? Ümumiyyətlə Rusiyanı Çinə, yaxud Çini Rusiyaya qarşı hərəkət etməyə  inandırmaq olarmı? ABŞ hər iki tərəfə nə təklif edə bilər? Bu suallara istər Rusiyada, istərsə də ABŞ-da cavab axtarırlar. Çinin də aralıq müddətə Rusiya — Türkiyə — İran üçbucağına qoşula bilmək ehtimalı da mövcuddur.

Hazırda ABŞ Suriyada nə edəcəyini bilmir. Vaxtilə ABŞ strateqi Z.Bjezinski "Suriya probleminin həlli yalnız hərbi gücə arxalana bilməz və təkcə Qərb dövlətlərindən asılı olmamalıdır" xəbərdarlığı edirdi.  Tramp problemə Yaxın Şərq kontekstindən baxa bilmir. Z.Bjezinski regionun böyük dövlətlərindən olan Türkiyəni də problemin həllinə ciddi surətdə cəlb etməyin faydası olacağını deyirdi, Tramp isə Ankara ilə savaşır. Son ayların hadisələri də sübuta yetirir ki, Suriyaya hərbi müdaxilə ssenarisi fiaskoya uğradı və bu məsələdə udan tərəf İran və Rusiya oldu.

Yaranmış geosiyasi böhranın dünya müharibəsinə aparıb çıxarmayacağına təminat vermək olduqca çətindir. Tarixi təcrübə göstərir ki, analoji situasiyalarda böyük savaşlar meydana çıxır. Birinci və ikinci dünya müharibələrini yada salmaq kifayət edir. Hətta demək olar ki, indiki ziddiyyətlər daha kəskin vəziyyət yaradıb. ABŞ, Rusiya və Çin kimi beynəlxalq siyasətdə söz sahibi olan dövlətlərlə yanaşı, regional miqyasda ciddi nüfuza malik olan bir neçə ölkə mövcuddur ki, qlobal səviyyədə gərginlik yarada bilsin. Bir sözlə, dünya artıq üçüncü dünya savaşının içərisindədir…

10288
Teqlər:
müharibə, Donald Tramp, NATO, Suriya, Çin, Rusiya, Türkiyə, iqtisadiyyat
Ağ Ev

Dünyanın sonuna doğru addım. Strateji silahlarla bağlı sazişin bitməsi necə nəticələnəcək

19
Ağ Ev, güman ki, strateji hücum silahlarının azaldılması ilə bağlı müqaviləni (SHS-3) uzatmayacaq. Bu, iki nüvə fövqəldövləti – ABŞ və Rusiyanın hərbi gücünü məhdudlaşdıran son sənəddir.

BAKI, 14 iyul — Sputnik. Andrey Kots. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, Ağ Evdə, güman ki, strateji hücum silahlarının azaldılması ilə bağlı müqaviləni (SHS-3) uzatmamaq qərarına gəliblər. Bu, iki nüvə fövqəldövlətinin hərbi gücünü məhdudlaşdıran son sənəddir. Beynəlxalq təhlükəsizlik sisteminin dağılması dünyanı necə təhdid edir? Ətraflı RİA Novosti-nin materialında.

Çini də qoşmaq

Jurnalistlərlə söhbətində XİN başçısı vurğulayıb ki, SHS-3 sazişinin uzadılmamasına görə təlaşa düşmək lazım deyil – Rusiya, hətta bu sazişsiz də təhlükəsizliyini təmin etmək iqtidarındadır. Lakin bu saziş çox vacib idi. SHS-3 sazişi 2010-cu il aprelin 8-də Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Sənəd 2011-ci ilin fevralında qüvvəyə minib və 2021-ci ildə qüvvədən düşür.

Müqavilə Rusiya və ABŞ arsenallarında nüvə döyüş başlıqlarının 1550-yə qədər, qitələrarası ballistik raketlərin, sualtı qayıqların və ağır bombardmançıların ballistik raketlərinin 700-ə qədər azaldılmasını nəzərdə tuturdu. SHS-3 sazişi ondan əvvəlki SHS-1 müqaviləsinin sona çatmasından bir il sonra imzalanıb. 2010-cu illərin birinci yarısında SHS-3 sazişinin uzadılmasına çox az adam şübhə edirdisə, Donald Trampın Ağ Evə gəlişindən sonra vəziyyət kəskin şəkildə dəyişib.

Amerika lideri Çinin də SHS-3 müqaviləsində iştirakını sazişin gələcək mövcudluğunun əsas şərtlərindən biri kimi göstərib. Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin direktoru Fu Tsun bunun yalnız iki halda mümkün olduğunu açıqlayıb: Çin nüvə arsenalını ABŞ arsenalının səviyyəsinə qaldırarsa və ya Vaşinqton öz arsenallarını ixtisar edərsə. Pekin üçün digər variantlar qəbuledilməzdir, çünki strateji potensialdakı böyük fərq nəzərə alınmır.

Vaşinqtonun irəli sürdüyü daha bir şərt Moskvanı qane etmir. İyulun əvvəlində ABŞ prezidentinin silahlara nəzarət məsələləri üzrə xüsusi nümayəndəsi Marşal Bilinqsli "Burevestnik" raketlərinin və "Poseydon" dronlarının layihələrini "dəhşətli" adlandırıb və onların SHS-3 sazişi ilə məhdudlaşdırıla bilmədiyindən bu layihələri bağlamağa çağırıb. Amerikalılar bundan əvvəl də yeni Rusiya silahlarının, o cümlədən, qeyri-nüvə hypersəs "Sirkon" raketlərinin məhdudlaşdırılmasında israr ediblər.

"Bu, yalnız onu göstərir ki, ABŞ-ın dünya liderliyini qorumaq üçün nüvə şantajından başqa vasitəsi qalmır", - hərbi elmlər doktoru Konstantin Sivkov RİA Novosti-yə izah edib.

"İqtisadi cəhətdən onlar artıq bəzi istiqamətlər üzrə Çindən, bir sıra hərbi texnologiyalarda isə (məsələn, hipersəs silahlarda) Rusiyadan geri qalırlar. Buna görə də bizi qabaqcıl texnologiyalardan imtina etməyə təşviq etməyə çalışırlar. Biz bu tələyə düşməməliyik", - Sivkov deyib.

Güzəştsiz mövqe

Lavrov vurğulayıb ki, Rusiya ABŞ-dan müqaviləni uzatmağı xahiş etməyəcək. Hərçənd Moskva həmişə müəyyən güzəştlərə getməyə hazır olub. Nazir qeyd edib ki, Rusiyanın ən yeni strateji sistemlərinin sayının SHS-3 çərçivəsində məhdudlaşdırılması imkanı amerikalılarla müzakirə edilib. Söhbət "Avanqard" hipersəs döyüş bloklarından və "Sarmat" ağır qitələrarası ballistik raketlərdən gedir.

"Digər üç sistem isə (qanadlı "Burevestnik" raketi, "Poseydon" sualtı dronu və hypersəs "Sirkon" raketi - red.) yenidirlər. Onlar SHS-3 müqaviləsinin əhatə etdiyi kateqoriyalara uyğun deyillər. Amma biz hazırkı razılaşma baxımından klassik olmayan silahların da müzakirə mövzusu olmasına dair söhbətə başlamağa hazırıq", – Lavrov bildirib.

Amma ABŞ-ın cavab güzəştlərinə gedəcəyi ehtimalı azdır. Vaşinqton dəfələrlə güzəştsiz fikirlər səsləndirib: "Ya siz bizim şərtlərimizə qeyd-şərtsiz razılıq verirsiniz, ya da biz müqavilədən çıxırıq".

Belə çıxır ki, nə Rusiya, nə də Çin öz milli maraqlarını nəzərə almadan amerikalıların iddialarına razılaşmaq fikrində deyillər. Mütəxəssislərin fikrincə, SHS-3 müqaviləsinin uzadılması şansı azdır. Bu isə o deməkdir ki, bütün beynəlxalq təhlükəsizlik sistemi tamamilə dəyişəcək.

Keyfiyyət əvəzinə kəmiyyət

"Əgər hərbi sahədə beynəlxalq təhlükəsizlik sistemindən danışırıqsa, etiraf etmək lazımdır ki, bu sistem artıq yoxdur. Bu sistem SSRİ və ABŞ, daha sonra Rusiya və ABŞ arasında razılaşmalara əsaslanırdı. Soyuq müharibənin kəskin münaqişəli vəziyyətlərində hərtərəfli nizamlanan bu sistem Vaşinqtonun təşəbbüsü ilə dağıdılıb", - Rusiyanın "Vətən Arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski vurğulayır.

Ekspert deyib ki, hələlik qüvvədə olan SHS-3 ilə yanaşı yalnız Raket texnologiyalarına nəzarət rejimi haqqında Müqavilə qalır. Lakin amerikalılar bu sənədi də dəyişməyə çalışırlar. İyunda "Reuters" agentliyi ABŞ hərbi-sənaye kompleksindəki və ölkə rəhbərliyindəki mənbələrə istinadən xəbər verib ki, Ağ Ev müqavilənin müddəalarına yenidən baxmaq və müxtəlif ölkələrə daha çox hərbi pilotsuz uçan aparatlar satmaq niyyətindədir. Bu, çətin ki, sazişin digər iştirakçılarını razı salsın.

"Təəssüflə qeyd etmək olar ki, indi hər şeyi yenidən qurmaq lazım olacaq. Prezidentimiz artıq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün bu məsələnin müzakirəsi üçün görüşməsi təşəbbüsü ilə çıxış edib. Lakin Vaşinqton və Londonun siyasəti və mövqeyi göstərir ki, bu təşəbbüsün perspektivləri minimaldır", - Muraxovski qeyd edib.

Ekspert Rusiya və ABŞ arasında yeni silahlanma yarışının kəmiyyət baxımından olacağını hesab etmir. Lakin strateji silahlar sahəsində texnoloji üstünlük uğrunda mübarizə qızmar olacaq.

19
Aydın Mirzəzadə

Millət vəkili: “Azərbaycan koronavirus pandemiyasına operativ reaksiya göstərdi”

69
(Yenilənib 22:23 11.07.2020)
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir
Aydın Mirzəzadə: “Bu gün aparılan siyasət yoluxmanın qarşısını almağa yönəlib”

Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan koronavirus pandemiyası vaxtı operativ reaksiya göstərən ölkələrdən biridir:

“Hər bir ölə resurslarına uyğun olaraq mübarizə aparmağa çalışır. Ölkəmizdə görülən tədbirlərin nəticəsi olaraq xəstələnənlərin sayının müəyyən sayda saxlamaq mümkün olur və artımın qarşısı alınır. Bu gün aparılan siyasət artımın qarşısını almağa yönəlib. Aparılan siyasət həm daxildəki problemin həllinə, həm də dost ölkələrə yardımlar edilməsinə imkan verir. Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir”.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

69

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

0