ABŞ dolları

"Siz kənara çəkilin, dolları özüm məhv edəcəyəm" Müjdəsi verilib?

25311
(Yenilənib 09:54 13.08.2018)
İsmayıl MƏMMƏDLİ
Və ya biz burdan rayona çətinliklə getdiyimiz halda, "onlar" Allahın kainatında uçuş edirlər

BAKI, 13 avqust — Sputnik. İnanclı biri olaraq bunları dilə gətirmək mənim üçün qətiyyən xoş deyil. Amma bəlkə də elə inancımdan dolayı dilə gətirməyim lazımdır. Çünki mənim inandığım Allah həm də "onlar" deyilənlərin Allahıdır, axı… 

Beləliklə: Dövlət idarəetməsi, siyasət, iqtisadiyyat, maliyyə sistemi, dövlətlərarası rəqabət, yaxud əməkdaşlıq, döyüş və ya dostluq və ilaxır və sair.. Bütün bunlar Allahın ümidinə niyə buraxılmalıdır? Ya da belə deyək: Allahın üzərinə niyə yüklənməlidir?

Ən başından başlasaq, əgər hər bir işi Allahın görməsi və sənin əlini-qolunu sallayıb ortalıqda kef etməyin məsləhət idisə, o zaman Allahın verdiyi zəka sayəsində 4-5 ictimai formasiya sistemi keçməyimizə, bu qədər qanlı-qadalı əsrlərdən adlamağımıza, kəşflərə-ixtiralara imza atmağımıza, ən əsası isə DÖVLƏT adlanan müqəddəs bir idarəetmə forması ortaya çıxarmağımıza, onun strukturlarını formalaşdırmağımıza, yüzlərlə dövlət idarəetmə formasını testdən keçirib hələlik ən kamil modeli tətbiq etməyimizə nə ehtiyac vardı?

Əgər dövlət idarəetməsi, strukturlaşması, onun başında duranlara xüsusi səlahiyyət və vəzifə verilməsi, həmin şəxslərin dövləti labirintlərdən keçirib irəliyə daşımaq üçün mübarizə aparması, bunun üçün siyasət kimi mürəkkəb bir sənətin meydana çıxması, dəngələr qurulub-dəngələr pozulması və bütün bunlar üçün ağıl və zəhmət ortaya qoyulması bu qədər lazımsız idisə, elə ibtidai icma quruluşunda əlimizi-qolumuzu sallayıb dolanırdıq da. Acanda otdan-ələfdən toplayıb, quşdan-heyvandan ovlayıb yeyir, təbii və cinsi tələbatlarımızı necə təmin etməyi də bilirdik. Biz niyə kollektiv idarəetmənin ən primitiv forması olan quldarlıq quruluşuna keçməyə can atdıq?

Bütün fərdlərin maraqları naminə formalaşan ali dövlət hakimiyyəti və onun idarə edilməsi üçün intellekt ortaya qoymaq bir şeyə yaramırdısa, nəydi dərdimiz ki, quldarlıqdan feodalizmə, oradan kapitalizmə (ya da xəyali sosializmə) tullanırdıq? Ən yaxşı cəmiyyət, ideal idarəetmə, yüksək rifah axtarışından niyə hələ də əl çəkmirik?

… "Bizim Allahımız var"… Bəs onların? Məgər Allah bizə Onu inhisara almaq, aramızda bölüşdürmək haqqı və səlahiyyəti verib? "Onları tanımadığım başqa bir varlıq yaradıb, sizi Mən" deyib? Ya da "Siz əziyyət çəkməyin, kənara durun, dollarla şəxsən özüm savaşacam" deyə bir zəmanət verib?

Axı, bütün bunların əvəzinə elə bir şey verib ki, onun sayəsində, biz burdan rayona çətinliklə getdiyimiz halda, həmin "onlar" Allahın kainatında uçuş edirlər. Allahın bəxş etdiyi həmin əvəzolunmaz nemətin hesabına "onlar" elə bir iqtisadi sistem qurublar ki, o sistemin bəhrəsi olan dolların qarşısında tab gətirə bilməyib məsuliyyəti Allahın üzərinə atmağa çalışırıq.

AĞIL… Əgər ondan həm də ümummilli mənafelərin, hədəflərin, sözdə ifadə etdiyimiz ideyaların reallaşması naminə istifadə etsək, görərik ki, sən demə, Allah heç də bizi başqasının ümidinə buraxmayıb və əslində bizi bununla ən böyük təhlükələrdən qoruyurmuş… Yoxsa, bəşər oğluna niyə belə üstün zəka verirdi, ya da birinə verib digərindən (bizdən) əsirgəyirdi?

P.S.

İkimərtəbəli sərnişin avtobusları yenicə biz tərəflərə gəlibmiş. Gürcüstandan Bakıya sərnişin daşıyan belə ikimərtəbəli avtobuslardan biri avtovağzala çatır. Sərnişinlər enirlər.

Və aşağı mərtəbədə yol gəlmiş bir qadın yuxarı mərtəbədəki həmkəndlisinə gileylənir: "Bacı, bizim sürücü zalım oğlu elə sürətlə sürürdü ki, bura çatanadək ödümüz ağzımıza gəldi".

O da dərhal qayıdır ki: "Sən Allahına şükür elə. Bizim heç sürücümüz yox idi, Bakıya qədər Allah ümidinə gəlmişik"…

25311
Teqlər:
ümid, inanc, zəka, ağıl, dövlət, Allah, idarəetmə, cəmiyyət, dollar
Əlaqədar
Rusiyada dolların qiyməti kəskin şəkildə artıb
Ərdoğan xalqa vəd verdi: "Onların dolları varsa, bizim də Allahımız var"
Üç böyük qonşumuzda dollar sıçrayışı yaşanarkən, manatı hansı aqibət gözləyir?
Vaşinqton Ankaraya verdiyi üstünlüyü geri alır, dollar isə rekord təzələməkdədir
Türkiyədə növbəti dollar şoku