SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan şirkətləri ABŞ-la İran arasında seçim etməli olacaq, amma hamısı deyil

© REUTERS / Carlos BarriaФлаги США и Ирана, фото из архива
Флаги США и Ирана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fərhad Daneşvar: "İrana qarşı qüvvəyə minən sanksiyalar Azərbaycana ən minimum şəkildə təsir edə bilər"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Avqustun 6-dan etibarən Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan İrana qarşı genişmiqyaslı sanksiyalar yenidən qüvvəyə minib. Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq. Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir.

© Photo : TRENDİran üzrə ekspert, jurnalist Fərhad Daneşvar
İran üzrə ekspert, jurnalist Fərhad Daneşvar - Sputnik Azərbaycan
İran üzrə ekspert, jurnalist Fərhad Daneşvar

Sputnik Azərbaycan İran üzrə ekspert, jurnalist Fərhad Daneşvarla İrana qarşı sanksiyalar, onların regiona və Azərbaycana təsiri, həmçinin bölgəmizdə baş verə biləcək hadisələr barədə həmsöhbət olub.

- Artıq ABŞ İrana qarşı sanksiyaları birtərəfli qaydada bərpa edib. Bu, İran iqtisadiyyatına necə təsir edəcək?

— Bu sanksiyalar İrana qızıl, dollar və qiymətli metalların satışında, həmçinin avtomobilqayırma sənayesi və kompüter təminatı proqramlarının (software) satışında çox ciddi təsir edəcək. Avtomobil düzəltmə sektoru İranın ən böyük qeyri-neft sektorudur. İran əhalisinin bir milyona yaxını məhz bu sənayedə çalışır. Bu sanksiyalar nəticəsində "Peugeot" və "Renault" kimi nəhəng şirkətlər İranda fəaliyyətini dayandırıb. Bununla isə, İran və "altılıq" ölkələri arasında nüvə razılaşmasından sonra ölkəyə yatırılması planlaşdırılan investisiya axınının qarşısı alınır. Hazırda İranda işsizlik səviyyəsi rəsmi olaraq 12%-dir. Bu isə ölkə əhalisinin 3 milyonunun işsiz olduğu anlamına gəlir. Sanksiyaların tətbiqindən sonra isə bu rəqəm daha da arta bilər.

- Avropa İttifaqı və dünya ölkələri ABŞ-ın qərarına qarşı çıxdı. İrana qarşı sanksiyalar köhnə müttəfiqlərin arasını vura bilərmi? Bu istiqamətdə proseslərin necə inkişaf edəcəyini düşünürsünüz?

— Avropa İttifaqı ilə İran arasında olan fikir ayrılıqları sırf İran məsələsi ilə bağlı deyil. Burada cənab Trampın bundan əvvəl iqlim istiləşməsinin qarşısının alınması istiqamətində imzalanmış "Paris razılaşması" və ya NATO-nun büdcəsi ilə bağlı ABŞ-ın müttəfiqlərinə qarşı səsləndirdiyi fikirlərin də rolu az deyil. Lakin mən Birləşmiş Ştatlar və onun Avropadan olan müttəfiqləri arasında İran məsələsi də daxil olmaqla başqa digər məsələlərdə belə ziddiyyətlərin dərinləşəcəyinə inanmıram. Çünki, Avropa ittifaqı heç də dünya siyasi müstəvisində gərginliyin artırılması məsələsində maraqlı deyil.

- İrana qarşı sanksiyalar onunla qonşu olan Azərbaycana necə təsir edəcək?

— İrana qarşı qüvvəyə minən sanksiyalar Azərbaycana ən minimum şəkildə təsir edə bilər. Bu sanksiyaların mexanizmi belədir: Əgər hər hansı bir şirkət və ya ölkə ABŞ-da fəaliyyət göstərirsə və İrana qarşı tətbiq olunan sanksiyaları pozursa, onda o avtomatik ABŞ bazarını tərk etməli olacaq. ABŞ-da biznesi olmayan Azərbaycanın orta və kiçik biznes şirkətlərinə bu sanksiyalar heç bir halda təsir edə bilməz. Böyük şirkətlərə gəldikdə isə, onlar təbii olaraq İranla bağlı ticarət əməliyyatlarında bu riskləri nəzərə almalıdır. Əgər onların ABŞ-da bazarları varsa, bəli, onda bu sanksiyalar onlara təsir edəcək.

- Sanksiyaların tətbiqindən sonra rəsmi Tehranın davranışlarının necə olacağını proqnozlaşdırırsınız? Noyabr ayında İrana qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur. Fikrinizcə, bu vaxta qədər, yəni noyabr ayına qədər Tehran və Vaşinqton arasında yeni nüvə razılaşmasına dair danışıqlar başlayacaq, yoxsa yox?

Astara İxrac Gömrük Nəzarət Xətti - Sputnik Azərbaycan
Qonşu ölkədən Azərbaycana mal-məhsul keçirilməsi qadağan olundu

— İran Mərkəzi Bankı sanksiyalar və onların mənfi nəticələrini aradan qaldırmaq üçün yeni valyuta siyasəti həyata keçirməyə başlayıb. Nəticədə ABŞ dollarının məzənnəsinin dəyəri İranın ikinci valyuta birjasında (Secondary Exchange Market) ötən həftə ilə müqayisədə 30 faizə qədər aşağı düşüb. Əgər ötən aylarda İranda valyuta dəyişmə məntəqələri bağlanmışdısa, İran hökuməti yenidən ondan açılması barədə qərar qəbul edib. Bu valyuta məntəqlərində marja 1% göstərilib. İran hökumətinin bu tədbirləri nəticəsində İran rialının dəyərdən düşməsi prosesi dayanacaq və ya ən azı yavaşıyacaq.

İran rəsmiləri ABŞ prezidenti Donald Trampın ilkin şərtlər olmadan danışıqlara başlamağa dair bəyanatına reaksiya verməyiblər. İran tərəfinin istəyi bundan ibarətdir ki, ilkin mərhələdə bu sanksiyalar ləğv olunsun, ABŞ tərəfi nüvə razılaşmasına geri qayıtsın və yalnız bundan sonra hansısa müzakirələr baş tuta bilər. Əgər ABŞ İrana qarşı aqressiv siyasətini yumşaltsa, onda noyabr ayına qədər tərəflər arasında hər hansı bir görüş, müzakirə baş tuta bilər. Noyabr ayında İrana qarşı tətbiq olunan sanksiyalar, əsasən İranın neft sektorunu əhatə edəcək. Hazırda İran gün ərzində 2,5 milyon barel həcmində neft ixrac edir və neft sektoruna sanksiyaların tətbiqindən sonra bu rəqəm 1 milyon barel aşağı düşə bilər.

Bu məsələdə ABŞ sanksiyalarına qarşı olan Rusiya və Çin çıxış edir. İrandan böyük həcmdə qaz idxal edən Türkiyə də öz növbəsində bu sanksiyalara qoşulmayacağını bildirib. Avropa İttifaqı rəsmiləri də hər hansı bir yolla öz şirkətlərini sanksiyalardan qorumağa çalışır. Fikrimcə, məhz buna görə İran hakimiyyəti bu gün Tramp Administrasiyasından bir addım öndədir.

- Rəsmi Tehran onun neft satışına qadağa tətbiq olunacağı təqdirdə Fars körfəzini bağlayacağı və bu bölgədə heç bir ölkənin neft ticarəti edə bilməyəcəyi ilə hədələmişdi. Sizcə, bu ssenari nə qədər realdır?

— Rəsmi Tehranın bu bəyanatını hədədən daha çox propaqanda kimi dəyərləndirirəm. İran hakimiyyətinin birbaşa olaraq bu hədəni həyata keçirəcəyinə inanmıram. Rəsmi Tehranın siyasi imkanlardan istifadə edərək öz neft ixracatını davam etdirəcəyini düşünürəm. Fars körfəzində neft ixracatının dayandırılması İranın sonuncu alternativ varinatıdır və məhz buna görə bunun reallaşmasının ehtimalının çox aşağı olduğunu düşünürəm.

P.S.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib.

Xəbər lenti
0