“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza

Ölkəni qaranlığa qərq edən hadisənin səbəbi səbəbkarı bəlli olur

10411
(Yenilənib 13:28 09.07.2018)
"Azərenerji" illərlə fəaliyyətini effektiv idarəetmə metodları üzərində qurmayıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. "Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin (İES) yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının ilkin rəyinə görə, "Azərbaycan İstilik Elektrik Stansiyası" texniki cəhətdən "qocalıb". İES-ə əlavə vəsaitin, investisiya cəlb edilməsinin bir xeyri yoxdur".

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev

Bunu Sputnik Azərbaycan-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. O bildirib ki, həmçinin, Azərbaycanın elektrik enerjisinə olan təminatını bir İES üzərində qurmaq yanlış addımdır, baxmayaraq ki, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) bəyan edib ki, ölkənin kifayət qədər enerji istehsal gücləri mövcuddur.

"İstənilən fors-major şəraitdə enerji təminatında hər hansı bir problem yoxdur. Amma Mingəçevirdə baş vermiş qəzadan sonra ortaya çıxdı ki, "Azərenerji" ASC-nin indiyədək ölkənin dayanıqlı enerji təminatı ilə bağlı verdiyi bəyanatların hamısının quru sözdən ibarətdir. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməməsi ucbatından böyük qəza baş verib" — deyə Vəliyev bildirib.

Ekspertin fikrincə, Mingəçevirdə baş vermiş qəzadan sonra respublikanın üç sənaye şəhərinin – Bakı, Gəncə və Sumqayıtın, 20-dən çox rayonun, demək olar ki, iflic vəziyyətinə düşməsi o deməkdir ki, indiyədək ölkənin enerji təminatı təkcə Mingəçevirdəki İstilik Elektrik Stansiyasının üzərinə düşüb: "Son 15 ildə ən böyük həcmlərdə investisiyalar məhz ölkənin energetika sektoruna, yəni, "Azərenerji" ASC-yə yönəldilib. Bu vəsait yeni elektrik stansiyaların tikintisinə, enerji infrastrukturunun qurulmasına, yenilənməsinə yönəldilib. Bu da ortalama 5 milyard dollar civarındadır. Bunun qarşılığında əgər "Azərenerji" ASC Azərbaycanın dayanıqlı enerji təhlükəsizliyini təmin edə bilmirsə, deməli, bu sahədə kifayət qədər boşluqlar var".

Z.Vəliyev vurğulayıb ki, Bakı və Sumqayıtda 1 ildə ölkədə istehsal edilən elektrik enerjisinin 45 faizini istehsal etmək gücündə olan elektrik stansiyaları mövcuddur: "Belə olan təqdirdə nə üçün Bakı və Sumqayıtda 1 sutkadan çox elektrik enerjisinin kəsilməsi müşahidə olundu? Deməli, "Azərenerji" ASC illərlə öz fəaliyyətini effektiv idarəetmə metodları üzərində qurmayıb".

"Digər tərəfdən, enerjinin paylanmasında və idarə edilməsində çox ciddi nöqsanlar var. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev öz fəaliyyətində çox ciddi nöqsanlara yol verib. Eyni zamanda Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı ilə bağlı xüsusi proqram həyata keçirilir. Hanı bunlar? Heç biri yoxdur, kağız üzərində qalıb" – həmsöhnətmiz qeyd edib.

Ekspertin qənaətincə, bu qəzanı adi hadisə kimi qiymətləndirməməliyik: "Bir neçə saatlıq elektrik enerjisinin kəsilməsi ölkə iqtisadiyyatına milyonlarla dollar ziyan vurub. Neft emalı müəssisələri bir sutkaya yaxın fəaliyyətlərini dayandırıb. Sumqayıtdakı neft-kimya zavodları, "Azərsu" ASC-nin təmizləyici qurğuları, nasosxanalar fəaliyyətlərini dayandırıb. Ərzaq təminatından tutmuş, istehsal sahələrinədək çox ciddi itkilər olub. Bundan sonra bu məsələlərlə bağlı ciddi tədbirlər görmək lazımdır".

"Azərbaycan müharibə şəraitində olan ölkədir. Onun enerji təminatı birinci məsələ olmalıdır. Ona görə də bu sahədə çox ciddi nöqsanlar var və onlar aradan qaldırılmalıdır" — deyə Z.Vəliyev əlavə edib.

Qeyd edək ki, iyulun 3-də "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat, əsasən, bərpa olunub.

İyulun 4-də İES-in fəaliyyətində yenidən problem yaranıb və ölkənin böyük bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyası yaradılıb. Hazırda Komissiya araşdırma aparır. Proses prezident İlham Əliyevin şəxsən nəzarətindədir.

10411
Teqlər:
İES, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Zəfər Vəliyev, Etibar Pirverdiyev, yarımstansiya, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, Dövlət Komissiyası, elektrik enerjisi, investisiya, Mingəçevir, ekspert, qəza
Əlaqədar
Elektrik böhranının "möhür vurduğu" acı reallıq: Belə vəziyyətdə dərdimizi kimə deyək?
Başıbəlalı elektrik stansiyasında yenə yanğın baş verib
Elektrik böhranı qiymət artımına da səbəb oldu
Azərbaycana bu ölkədən elektrik enerjisi ötürülür
Elektrik kəsilməsi bəzi insanların halına pis təsir etdi - VİDEO
Elektrik kəsilməsi bu sahədə də problemlər yaratdı
Elektrik problemi ilə bağlı rəsmi qurum əhaliyə müraciət etdi
Su-57, arxiv şəkli

Sarsıdıcı inteqrasiya: Su 57 qırıcısı "Oxotnik" PUA-sı gücünü birləşdirir

32
(Yenilənib 21:48 04.12.2020)
Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Qırıcılarda süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

BAKI, 4 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Beşinci nəsil Su-57 aviasiya kompleksinin ilk buraxılışından 76 qırıcı-təyyarə dekabr ayında Rusiya Aerokosmik Qüvvələrinin döyüş xəttində öz yerini tutacaq. Hazırda poliqonda yüksək hündürlükdəki hədəfləri ələ keçirmək və məhv etmək üçün nəzərdə tutulan alqoritmləri mənimsəyən süni intellektlə idarə olunan pilotsuz təyyarə – "Oxotnik" S-70 də tezliklə havaya qalxacaq.

Bir qədər bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyindən bildirilmişdi ki, ilin sonuna kimi Rusiya Aerokosmik Qüvvələrinə beşinci nəsil Su-57-in ilk buraxılışından olan döyüş təyyarəsi veriləcək. Təyyarə demək olar ki hazırdır. Gələcəkdə istehsal həcmi illik 15 ədədə qədər artırılacaq və ümumilikdə 2021-2027-ci illər ərzində üç aviasiya alayının təchiz edilməsi üçün 76 ədəd Su-57 tədarük ediləcək.

İlk partiya qırıcı-təyyarələr birinci mərhələ mühərriki ilə buraxılır, 2025-ci ildən isə ikinci mərhələ mühərriki ilə təyyarələrin istehsalına başlanılacaq. Hər bir halda, günü bu gün də Su-57 dünyanın ən mükəmməl və güclü qırıcılarından biri hesab olunur.

Rusiyanın beşinci nəsil təyyarəsi hər növ hava, yer və yerüstü hədəfləri məhv etməyə qadirdir. Forsajsız super manevr və səsdən yüksək sürət imkanının birləşməsi, eləcə də göyərtəsinin elektron cihazlar kompleksi ilə təchizatı və tez nəzərə çarpmaması Su-57-yə yüksək döyüş effektivliyi və düşmən üzərində üstünlük əldə etmək fürsəti verir. "Military Watch Magazine"nin məlumatına görə, bu təyyarələr öz xüsusiyyətləri baxımından bənzərsizdir. Bura həssas radarlar, 400 km mənzilli hipersəsli "hava-hava" raketləri, düşmən raketlərinə qarşı lazer müdafiə sistemi və digər yüksək texnoloji üstünlüklər aiddir.

Bir qədər bundan əvvəl beşinci nəsil qırıcıları ilə bağlı geniş çeşidli aviasiya silahlarına (raket) dair böyük bir müqavilədən bəhs olunmuşdu. Yəni, Su-57-nin "boş" uçmayacağı artıq məlumdur. Beləliklə, Su-57 ağır pilotsuz təyyarələrlə birgə havadan idarə olunan döyüş komandanlığı mərkəzinə çevriləcək. İki yüksək texnologiyalı yeniliyin birgə fəaliyyətinin hansı döyüş effekti yaradacağını təsəvvür etmək çətin deyil.

Döyüş üstünlüyü

Yeni qırıcı-təyyarələr Suriyadakı rus qoşunlarının qruplaşması tərkibində sınaqdan keçirilib. Uçuş-texniki xüsusiyyətlərinin, intellektual informasiya idarəetmə kompleksinin, silahların və bütün göyərtə sisteminin yoxlanılması üçün təyyarələr ondan çox uçuş həyata keçirib.

Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

Pilotlu Su-57 qırıcısı avtomatik rejimdə tapşırıqların 90%-ni yerinə yetirə bilər və hətta əvvəlcədən hazırlanmış bir proqrama uyğun olaraq tam avtomatik rejimdə də işləmək imkanına malikdir. Pilot döyüşdə yaralanarsa (və ya öldürülərsə), idarəetmə sistemi müstəqil şəkildə prioritet hədəfləri təyin edir, vurur və həm təyyarənin, həm də pilotun bazaya qayıtmasını təmin edir.

Su-57 nəhəng ixrac potensialına malikdir və hətta yeni seriyadan olan təyyarələr satışa çıxarılmamışdan əvvəl xarici müştərilər bu qırıcılar üçün növbəyə düzülüb. Beşinci nəsil rus qırıcısının ilk sahibi, regional qonşularının hərbi hava qüvvələrinin güclənməsi fonunda 14 təyyarə sifariş edən Əlcəzair olacaq. Müqavilə qiyməti 2 milyard dollardır. Tədarükün 2025-ci ilə qədər yekunlaşması planlaşdırılır.

Zərbə əlaqəsi

Dekabrın 2-də S-70 "Oxotnik" zərbə dronu Aşuluq poliqonunda baş tutan raket hücumu imitasiyasında sınaqdan keçirilib. PUA-ların radioelektron sistemlərinin raket idarəetmə kompleksi və aparıcı Su-57 təyyarəsi ilə inteqrasiyası yoxlanılıb. Beləliklə, "Oxotnik" dünyada ilk pilotsuz qırıcı-təyyarə olmağı vəd edir. Təlim mərhələsində PUA hava vəziyyəti və hədəflərlə bağlı bütün məlumatları yerdən və ya aparıcı qırıcı-təyyarədən alacaq. Gələcəkdə avtonom döyüş istifadəsi də mümkündür.

Bir ağır PUA öz "intellekti" və qabiliyyəti sayəsində altı min tondan çox raket və bombanı 5000 km məsafəyə qədər çatdıra bilər. Beləliklə, "Oxotnik" PUA-sının Su-57 qırıcısı ilə sarsıdıcı ittifaqı ən yüksək texnoloji gücə sahib düşmənə belə aman verməyəcək. Rusiyanın Pavel Suxoy adına Sınaq Konstruksiya Bürosunun istehsalı olan az nəzərəçarpan "Oxotnik" dronu Rusiya Aerokosmik Qüvvələrinin zərb funksiyasına malik ilk ağır dronu olacaq. Açıq mənbələrin məlumatına görə, PUA-nın uzunluğu 19 metr, qanadlarının uzunluğu 14 metr, uçuş ağırlığı 20 ton, saatda maksimum sürəti isə təxminən 1000 kilometrdir.

"Oxotnik" PUA-sı təxminən 20 dəqiqəlik ilk uçuşunu 2019-cu ilin yayında həyata keçirib. Dron havada möhkəm dayanaraq qənaətbəxş şəkildə idarə olunub. Həmin ilin payız aylarında isə "Oxotnik" dronu ilə Su-57 qırıcısının birgə uçuşu baş tutub. Ağır dronun döyüş imkanları və muxtar idarəetmə qabiliyyəti daim inkişaf etdirilərək 2020-ci ildə nəzərəçarpacaq texnoloji təkamül səviyyəsinə çatdırılıb. Yaxın perspektivdə "Oxotnik"in müxtəlif şəraitdə hava, yerüstü və sualtı hədəflərə zərbə vurma imkanları da təkmilləşdiriləcək. Qeyd edək ki, indiyə kimi heç bir ölkə PUA-larla inteqrasiya olunmuş qırıcı-təyyarələrə sahib deyil, odur ki indi Rusiyanın "tərəfdaşları" qəzəbdən zəncir çeynəyir desək, yəqin ki, yanılmarıq...

32
S-300,arxiv şəkli

Axı silah öz-özünə atəş aça bilməz

50
(Yenilənib 20:55 03.12.2020)
Hərbi şərhçinin sözlərinə görə, ermənilər səriştəsizlikləri ucbatından Rusiyadan aldıqları silahlardan istifadə edə bilməyiblər

BAKI, 3 dekabr — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Dağlıq Qarabağdakı döyüş əməliyyatları vaxtı ekspertlər arasında və media məkanında ermənilərin əldə etdikləri Rusiya istehsalı olan silahların effektivliyi barədə geniş müzakirələr aparıldı. Sputnik erməni məğlubiyyətinin səbəbinin həmin silahlar, yoxsa kadr hazırlığı və müdafiənin təşkili ilə bağlı olub-olmadığını araşdırıb.

Bu gün erməni tərəfinin məğlubiyyətini "yararsız" Su-30-SM qırıcıları, "zəif görən" S-300 zenit-raket kompleksləri, "effektsiz" elektron döyüş sistemləri və Rusiyanın "nasaz" tankları ilə əsaslandırmaq cəhdləri var. Sanki erməni tərəfi üçüncü ölkələrdən heç vaxt silah almayıb (məsələn, Hindistandan Swathi radarları) və yaxud Azərbaycan qoşunları yalnız İsrail və Türkiyədə istehsal olunmuş hərbi texnika ilə (məsələn, "Bayraktar") silahlanıbmış və müharibədə "böyük dönüş" də məhz onların vasitəsilə əldə olunub. Ümumi müzakirə: Qarabağ münaqişəsi Rusiyanın müttəfiqlərinə və tərəfdaşlarına silah tədarükünü korreksiya edəcək. Bu cür düşüncələrin dayanıqlı sxemləri hərbi-siyasi rəhbərliyin strateji səhvlərini və dünya silah bazarında sərt rəqabəti pərdələyir. Gerçəkliyə qayıtmaq daha məqsədəuyğundur.

Moskva Ermənistana bir neçə dəfə hərbi kredit verdi. Bundan sonra hərbi quruculuğun davam etdirilməsi məsələsi Ermənistan tərəfinin öz işidir.

Rusiya istehsalı olan S-300 Zenit-Raket Kompleksi Qarabağdakı döyüşlərə cəlb olunmuşdu və Ermənistanın etibarlı (eşelonlaşdırılmış) hava hücumundan müdafiə sisteminin olmaması səbəbindən zərər gördü. 40 milyon dollar qiyməti olan Hindistan istehsalı Swathi radarlarının fəaliyyəti isə ümumiyyətlə hiss olunmadı. Halbuki reklam annotasiyalarına əsasən, bu qurğular 20 kilometrə qədər minaatanlardan, 30 kilometrə qədər toplardan və 40 kilometrə qədər raketlərdən açılan atəşi müəyyən etməli idi. Özü də guya hər qurğu eyni vaxtda 7 hədəfi izləmək qabiliyyətinə malik idi.

Bəlkə də, ermənilər bu radarlardan düzgün istifadə edə bilməyiblər. Yəqin ki, erməni mütəxəssislərin hazırlıq səviyyəsi Rusiya istehsalı olan hərbi texnikanın istismarında da həlledici rol oynayıb. Axı silah öz-özünə atəş aça bilməz, ondan baş çıxaran mütəxəssis də olmalıdır. Və aydın məsələdir ki, başıpozuqluq, təkəbbür hərbi işlərdə qətiyyən yolverilməzdir.

Hərbi itkilər və qənimətlər

Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində erməni tərəfinin hərbi itkiləri barədə ətraflı məlumat verdi. Onun açıqladığı uzun siyahıda məhv edilən və qənimət kimi ələ keçirilən yüzlərlə müxtəlif növ hərbi texnikadan söhbət gedirdi. Azərbaycan Prezidenti raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri, tanklar və elektron müharibə qurğularından da bəhs etdi. Bu rəqəmlərə müxtəlif cür yanaşmaq olar, ancaq mövcud durumda (7 rayonun qaytarılmasından sonra) prezidentin həmin rəqəmləri şişirtməsi üçün heç bir əsası yox idi.

Bu məqamda təbii olaraq Dağlıq Qarabağda 44 gün davam edən döyüşlər zamanı erməni qruplaşmalarının hərbi təşkilatlanma səviyyəsi ilə bağlı sual ortaya çıxır. Erməni qoşunlarının çox sayda texnikasının məhv edilməsi hərbi qarşıdurmanın şiddəti ilə izah edilə bilər, amma hər bir halda döyüş meydanında tərk edilən 79 tank, 47 piyadaların döyüş maşını, 104 artilleriya qurğusu (top və minaatan), 5 "Şilka" zenit qurğusu, 93 xüsusi texnika, 270 yük maşını (böyük ehtimalla bu hərbi qənimətlər dövlət başçısının sözlərinin sübutu kimi Bakıda nümayiş olunacaq) heyrət doğurur. Ermənilərin elə təkcə döyüş meydanında atıb qaçdıqları 79 döyüş qabiliyyətli tank 2,5 silahlı tank batalyonu deməkdir ki, bu da həm hücumda, həm də müdafiədə böyük güc hesab oluna bilər.

Fikrimizcə, erməni tərəfinin görünməmiş "əliaçıqlığının" yalnız iki izahı ola bilər: ya hərbi texnika kütləvi (planlaşdırılmayan) geri çəkilmə zamanı tərk edilib, ya da həmin tanklar sadəcə olaraq, yanacaqla təchiz edilmədiyindən irəli gedə bilməyiblər ki, bu da birbaşa Ermənistan ordusundakı maddi-texniki problemlərdən xəbər verir.

Hər bir halda, baş verənlərdən nəticə çıxarmaq lazımdır, ancaq bu artıq Ermənistan baş qərargahının və hərbi-siyasi rəhbərliyinin səlahiyyətində olan məsələdir.

50
Teqlər:
hərbçilər, Rusiya, Ermənistan, silahlar, Azərbaycan, Qarabag
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Kiçik şəhərciyə sığınan Şuşa - Buranın qalası var, xarı-bülbülü

0
(Yenilənib 15:57 05.12.2020)
"Şuşanın işğaldan azad edilməsi ordumuzun qüdrətini, döyüş əzmini göstərdi. Əlbəyaxa döyüşdə də Ermənistan ordusunun kürəyini yerə vurduq. Şuşa döyüşü tarixlərə salınmalı bir döyüşdür. Şuşanın belə alınacağını ağlıma gətirə bilmirdim"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 dekabr — Sputnik. Bu Şuşanın nə alınmaz qalası var, nə də sıldırım qayası. Nə xarı-bülbülü var, nə də İsa bulağı... Yola şuşalılarla görüşə getmək adı ilə çıxsaq da, düz yollar bizi Bakının Yeni Ramana ərazisində salınan Şuşa şəhərciyinə gətirib çıxardır. Təskinlik verən məqam isə Şuşanın artıq azad olması və olduğumuz yerin telefonumuzda Şuşa-Malıbəyli kimi göstərilməsidir. 28 il əvvəl Azərbaycanın ən dilbər guşəsi, Qarabağın incisi olan Şuşanı tərk edərək Bakıda Şuşanın adını daşıyan kiçik bir qəsəbədə yaşamaq, bəlkə də şuşalıların ağıllarına belə gəlməzdi. Amma illərdir ki, şuşalılar paytaxtda salınan Şuşa şəhərciyinə sığınıblar. Şuşanın işğaldan azad edilməsi ilə xarı-bülbülün ətrinə həsrət qalan şuşalıları indi bu şəhərcikdə tutub saxlayan Şuşaya qovuşmağa qısa bir müddətin qalmasıdır. Sputnik Azərbaycan Bakıdakı Şuşa şəhərciyindən reportajı təqdim edir...

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Şuşa mədəniyyətin beşiyidir, deyirlər. Şuşa camaatının mədəni davranışı, istiqanlılığının burada da şahidi oluruq. Əvvəlcə şəhərcikdə uşaqlarla söhbətləşirik. Məktəblərdə dərslər onlayn keçirilsə də, Şuşanın Malıbəyli kənd orta məktəbi şəhərciyin mərkəzində yerləşdiyindən məktəblilərin dostları ilə görüş yeri elə bu məktəbin qarşısıdır. Malıbəyli kənd sakini Rəsulov İlkin Sputnik Azərbaycan-a müsahibəsində kənd orta məktəbinin 9-cu sinifdə oxuduğunu, 15 yaşı olduğunu söyləyir. Deyir ki, Şuşanı görməsə də təhsilini Şuşada başa vurmaq istəyir: "Mənim arzumdur ki, attestatıma Şuşa Malıbəyli məktəbinin məzunu yazılsın. Dərslərimi çox yaxşı oxuyuram. İstəyirəm ki, Şuşada, Malıbəyli kəndində məktəbi əla qiymətlərlə başa vurum".

  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
  • Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Şuşa barəsində ancaq valideynlərindən eşidən İlkin Malıbəyli kənd məktəbinin tezliklə Şuşada fəaliyyət göstərməsini arzulayır: "Mən istəyirəm ki, ömrümün qalan hissəsini, yetkinlik dövrümü Şuşada keçirim. Tez-tez kəndimizin şəkillərinə, Şuşaya baxırdım. Deyirdim ki, kaş biz öz evimizdə yaşayaq. Atamın oxuduğu məktəbdə mən də oxuyum. Dayım şəhid olub. İstəyirəm, bütün şəhidlərimiz kimi onun da ruhu şad olsun".

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Əmiraslanov Rövşən isə Şuşanın Quşçular kənd sakinidir. 27 yaşında Şuşanı tərk edən Rövşən həm də döyüşçü olub. 1-ci Qarabağ müharibəsində aldığı xəsarətdən ikinci qrup əlil olan həmsöhbətimizin ürəyi Şuşa ilə döyünür. 2-ci Qarabağ müharibəsində könüllü orduya yazılsa da, əlilliyi olduğu üçün onu aparmayıblar. Şuşanın azad olunmasını yenidən şuşalıların doğuluşu günü adlandıran keçmiş döyüşçü Şuşa uğrunda döyüşlərdə iştirak edə bilməməsi ilə təəssüflənir: "Kaş məni heç olmasa o yerlərə bələd olan döyüşçü kimi aparaydılar. Şuşanın işğaldan azad edilməsi ordumuzun qüdrətini, döyüş əzmini göstərdi. Əlbəyaxa döyüşdə də Ermənistan ordusunun kürəyini yerə vurduq. Şuşa döyüşü tarixlərə salınmalı bir döyüşdür. Oraya göndərilən cəngavərlər Şuşanı topsuz, tanksız azad etdilər. O vaxt vuruşanda belə müasir silahlar yox idi. Şuşanın belə alınacağını ağlıma gətirə bilmirdim".

© Sputnik / Irade JELIL
Bakının Yeni Ramana ərazisində salınan şəhərciyində

Həmsöhbətimiz deyir ki, indi arzusu tezliklə bu şəhərciyi tərk edib Şuşaya yollanmaqdır: "Öz doğulduğum evimizə getmək istəyirəm. Mən Şuşanı, kəndimizi koluna, daşına qədər tanıyıram. 13 ildir ki, Şuşanın adını daşıyan şəhərcikdə yaşamaq çox ağır idi. Nəvələrim deyirlər ki, baba, niyə burada qalırıq, gedək Şuşaya".

Şuşa rayon Malıbəyli kəndinin daha bir sakini Aygün isə deyir ki, Şuşadan məcburi köçkün düşəndə 15 yaşı varmış: "Ermənilər bir ildən çox idi ki, kəndimizi atəşə tuturdular. 1991-ci ildən bizi atəş altında saxlayırdılar. Kəndimiz 1992-ci ildən mühasirədə saxlanılırdı. Özünümüdafiə batalyonu sayəsində biz kənddə qala bilirdik. Amma mühasirədə olduğumuzdan insanlar qanaxmadan ölürdülər. Yaralıları çıxarda bilmirdik. Bircə ümidimiz vertolyot idi, onu da vurandan sonra kəndimizdə yaralıları çıxartmaq mümkün olmadı. Şükür Allahın bu gününə ki, biz əsir qalmış torpaqlarımızı azad etdik. Bu xəbəri eşidəndə bütün vücudumuz əsdi. Kəndimiz, sözsüz ki, bizim qoyub gəldiyimiz kimi qalmayıb. Amma Malıbəyli bizim xəyalımızda qoyub gəldiyimiz kimi canlanır. Biz ilk gedəndə oradakı şəhidlərimizi ziyarət edəcəyik. Şuşanın adını daşıyan şəhərcikdə yaşamaq hər cür şəraitə rəğmən çox ağırdır. Hər dəfə Şuşa şəhərciyi deyəndə gözümün qabağına əsir qalmış Şuşa gəlirdi. Utanırdım bu sözü deməyə. Amma artıq biz doğma yurdumuz olan Şuşaya qayıdacağıq. O günə az qalıb" ...

0
Teqlər:
reportaj, şəhərcik, Ramana, Şuşa