Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan

Ərdoğanın siyasi karyerasında bir ilk yaşanır: Türkiyə lideri "oyunu" yarımçıq tərk edəcək

1383
(Yenilənib 20:11 12.06.2018)
O, siyasi olimpin zirvəsini həm qalib, həm də "övladlarına" "xoşbəxt gələcək" qoymuş bir ata kimi tərk etmək istəyir

BAKI, 12 iyun — Sputnik. Türkiyədə siyasi gərginlik artmaqdadır. Siyasi partiyalar iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə hazırlaşır.

Siyasi araşdırmaçılar seçkilərdə (birinci və ya ikinci turda) hazırkı prezident Ərdoğanın qalib gələcəyini planlaşdırırlar. Lakin ehtimala görə, parlament seçkilərində hakim partiya səslərini bir qədər itirəcək.

Bu seçkilərdə diqqəti çəkən başlıca amil prezident Ərdoğanın nisbətən passiv fəaliyyətlə nəzərə çarpması oldu. Ümumiyyətlə, Ərdoğan bu seçki marafonunda çox yorğun görünür. Güclü natiq və enerji qaynayan Ərdoğan hələ heç bir seçkidə bu qədər əzgin və sanki bezmiş kimi görünmürdü.

Artıq indidən söyləmək mümkündür ki, qalib gələcəyi təqdirdə belə, seçkidən sonrakı situasiya ölkə başçısı üçün asan olmayacaq. AKP lideri komandasını dəyişməyə məhkumdur. Lakin belə bir, heç də sadə olmayan zamanda komanda dəyişikliyinə getmək elektoratın parçalanması təhlükəsi yarada bilər. Bu isə əlavə riskdir.

İstənilən halda, Ərdoğan bu seçkidən sonra fərqli gedişlər etməli və cəmiyyətə özünün yeni, daha gənc komandasını təqdim etməlidir. Başqa yol qalmayıb.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ötən seçkilərdən fərqli olaraq, bu dəfə Ərdoğan sanki bütün hakimiyyət dönəmi ilə bağlı hesabat verir. Qələbəyə yenə də yaxın görünən Ərdoğanın bu taktikası nə qədər təzadlı olsa da, yolun sonuna gəlmiş bir liderin qalib görkəmdə siyasi olimpi tərk etmək görüntüsü yaradır. Ərdoğan istəyir ki, onun hakimiyyətə gəlişi ilə hakimiyyət böhranının sona çatdığını hər kəs xatırlasın.

Ərdoğanın lideri olduğu AKP 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlib. Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra Ərdoğan 59-cu hökuməti quraraq Türkiyə Respublikasının baş naziri olub.

Lakin komanda lideri bununla kifayətlənmədi və ona nail oldu ki, prezident parlamentdə deyil, ümumxalq səsverməsində seçilsin. 2014-cü il avqustun 10-da ümumxalq səsverməsi yolu ilə prezident seçilən Ərdoğan, 21 milyondan çox səs (51,79 faiz) toplaya bildi. Onun rəqibləri Ekmeleddin İhsanoğlu 15 milyon 587 min 720 səs (38,44 faiz), terrorçu PKK qruplaşmasını dəstəkləyib Türkiyə dövləti əleyhinə fəaliyyət göstərdiyi üçün hazırda həbsdə olan Xalqların Demokratik Partiyasının keçmiş sədri Selahattin Demirtaş isə 3 milyon 958 min 48 səs (9,76 faiz) toplamışdı.

2015-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçirilən 26-cı çağırış seçkilərinin rəsmi nəticələri isə belə olub: AKP səslərin 49,6 faizini (317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanmışdı.

Göründüyü kimi, Rəcəb Tayyib Ərdoğan bütün bu illərdə məğlubiyyətə uğramadı. O, 2016-cı ildə dövlət çevirilişinə cəhdddən də zədəsiz çıxa bildi. Lakin Ərdoğan üçün yalnız öz hakimiyyətini qorumaq deyil, eyni zamanda başlıca məqsədinə nail olmaq lazım idi. Belə ki, 2017-ci il aprelin 16-da da Türkiyədə uzun illər müzakirə edilən yeni konstitusiya ilə bağlı referendum keçirildi. Bu siyasi kampaniya ölkə və Rəcəb Tayyib Ərdoğan hakimiyyəti üçün çox çətin bir vaxtda həyata keçirildi. Hakimiyyət bir çox terror təşkilatlarına və onların tərəfdarlarına qarşı mübarizə aparırdı.

Ölkənin yeni konstitusiya layihəsini AKP ilə MHP hazırlayıb. Referendumda seçicilərin 51,4 faizi yeni konstitusiyanın lehinə, 48,6 faizi isə əleyhinə səs verib. Əslində, bu, Türkiyə tarixində son dərəcə önəmli bir dönəmin başlanğıcıdır.

Belə ki, ölkə 1982-ci ildə baş verən hərbi çevirilişdən sonra qəbul edilmiş konstitusiya ilə idarə olunurdu. 2014-cü ildə dövlət başçısının Türkiyədə ilk dəfə xalq tərəfindən seçilməsi isə sistemdəki böhranı dərinləşdirdi, səlahiyyət və məsuliyyət məsələsində ziddiyyətlər ortaya çıxdı. 1980-ci il sentyabrın 12-dəki çevirilişdən başlayan, 2016-cı il iyulun 15-dəki cəhdə qədər olan dövrdəki idarəetmədəki ziddiyyətlər yeni konstitusiyaya tələbatı aktuallaşdırdı.

Beləliklə, Türkiyə Konstitusiyasına 18 maddədən ibarət dəyişiklik edilib və bununla da icra səlahiyyətləri yalnız prezidentə aid olacaq. Nazirlər Kabineti, baş nazirlik ləğv olunur, prezidentin bir çox səlahiyyəti artırılır, ona partiya üzvü olmaq hüququ verilir. Eyni zamanda, prezident həm dövlət, həm də hökumət başçısı olacaq. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, 1 şəxsə bu qədər səlahiyyətin verilməsi məqbul variant deyil.

Ümumiyyətlə, Ərdoğan təzadlı bir liderdir. Mərhum Ərbakandan sonra Türkiyədə siyasi islamın ən parlaq nümayəndəsi olan Ərdoğanı sevənlərlə yanaşı, ona nifrət edənlər də az deyil. Ərdoğan Məsud Yılmaz, Tansu Çillər, Süleyman Dəmirəldən fərqli olaraq siyasətə yenilik gətirdi. İslamçı Ərdoğan çoxları üçün bir simvola çevrildi.

Lakin Ərdoğanın fəaliyyətini diqqətlə izləyənlər onun islamçıdan daha çox makiavellizmin tərəfdarı olduğunu düşünürlər. Ərdoğan emossiyalı və kövrək insan təsiri bağışlasa da, lazım gələndə əlini masaya çırpmağı və özündən üzr istənilməsini tələb etməyi və yenə lazım gələndə isə "kusura bakmayın, izvinite" deməyi də bacarır.

Ərdoğana bu seçkilərdə də qələbə lazımdır, həm də hava–su kimi. Türkiyə siyasi şərhçiləri elə ölkəyə də onun qələbəsinin fayda gətirəcəyini düşünürlər. Onlar belə qənaətdədirlər ki, Ərdoğanın bu seçkilərdə də mümkün qələbəsi Türkiyənin bölgə lideri olması şansını artıra bilər.

Lakin burada bir incə məqam da mövcuddur. Ərdoğanın müstəqil siyasəti Vaşinqtonu narahat etməyə bilməz. Hazırda çoxları belə hesab edir ki, Adnan Mendersin 1961-cı ildə edamı, Turqut Özalın 1993-cü ildə zəhərlənərək öldürülməsi Türkiyənin müstəqil xarici siyasət yeritmək istəyinin qarşısını almaq üçün edilib. Hərbi çevrilişlərə konstitusiyanın imkan verməsi də Ankaranı müstəqil siyasi kursdan imtinaya vadar edib.

Bu baxımdan, konstitusiya dəyişikliyi ilə AKP hakimiyyəti yeni Türkiyənin əsasını qoydu. Növbədənkənar prezident və parlament seçkilərini keçirməklə başlanılan böyük bir islahat prosesi başa çatır. İki yol görünür: Ya Ərdoğanla birlikdə Türkiyə siyasi kursunu davam etdirir, ya da Türkiyə Süleyman Dəmirəl dönəminə qayıdır.

Türkiyə cəmiyyəti də iki barışmaz qütblərə bölünüb və bu suala cavab axtarır: Tamam, yoxsa davam? İstənilən halda, böyük ehtimalla, bu seçkilər Ərdoğanın son seçkiləridir. Yaş və sağlamlıq öz sözünü deyir. Ərdoğan tarixdə ad qoymaq üçün "davam" cavabını almaq istəyir. O, siyasi olimpin zirvəsini həm qalib, həm də "övladlarına" (xalqına) "xoşbəxt gələcək" qoymuş bir ata kimi tərk etmək istəyir. Şərqli siyasətçilərin çoxları məhz bunu arzulayıblar.

Ərdoğan bu seçkilərdə ikinci tur istəmir. Onun qarşısına qoyduğu məqsədlər var və ölkə lideri ona səs verməyənləri anlamaq da istəmir. Bəlkə də Ərdoğanın bu qədər yorğun və bezmiş görünməsinin səbəbi elə ikinci tur ehtimalıdır? O, bu prosesin tez başa çatmasını arzulayır. Artıq 2002-ci il deyil və Ərdoğan saatlarla nitq söyləmək istəmir.

Bir gündə bir neçə şəhərdə yüz minlərin qarşısında saatlarla nitq söyləmək və bu çıxışlar zamanı oruc olduğunu mütləq vurğulamaq zamanı, deyəsən, artıq arxada qalıb. Siyasət siyasətçiyə yorğunluq gətirəndə, o, siyasəti tərk etməyi düşünür. Lakin siyasəti yarımçıq, oyun başa çatmamış tərk eləmək elə də asan deyil. Bunun fəsadları olur…

1383
Teqlər:
hakimiyyət, seçki, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, qələbə, siyasət, partiya
Əlaqədar
Ərdoğan bəyan etdi: “Türk ordusu Qəndil və Sincarda əməliyyata başlayıb”
Rəqibindən Ərdoğan barədə ilginc iddia: "Mənə yüksək vəzifə təklif etdi"
Politoloq: “Ərdoğanın yenidən prezident seçilmək şansı var”
Politoloq: “Ərdoğanın qələbəsi onun üçün ağır ola bilər”
Merkel Ərdoğanı Almaniyaya dəvət etdi - Seçkidən sonra
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “İpoteka kreditlərinin artması pandemiya ilə əlaqəli deyil”

2
(Yenilənib 10:31 10.08.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, ciddi iqtisadi proseslər baş verməyibsə, belə kreditlərə tələbat yüksək olaraq qalır
Elnur Azadov: “Hazırda bazarda mənzilə tələbat yüksəkdir”

2020-ci ilin iyun ayında Azərbaycan bankları tərəfindən 18,6 milyon manat ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, kredit miqdarının həcmindəki bu artım pandemiya ilə əlaqəli deyil: “Əgər ciddi iqtisadi proseslər baş verməyibsə, belə kreditlərə tələbat yüksək olaraq qalır. Hazırda bazarda mənzilə tələbat yüksəkdir. İpoteka kreditlərinin miqdarının artması həm də həyata keçirilən sosial layihələrlə bağlıdır”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
 Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

18
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

18
Bakıda polis əməkdaşı, arxiv şəkli

Bakıda polisi bıçaqladılar

0
(Yenilənib 12:09 10.08.2020)
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib

BAKI, 10 avqust — Sputnik. Ötən gün paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

0
Əlaqədar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Nərimanovda 28 yaşlı gənci bıçaqlayaraq öldürüblər
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Bakıda sevgililər bıçaqlandılar