Putin və Ərdoğan

Rusiya ilə Türkiyə yaxın beş il ərzində bir-birinə düşmən ola bilməyəcək

516
(Yenilənib 17:04 06.04.2018)
Millət vəkili: "Əsas hədəf Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxşı bir səviyyədə davam etdirilməsidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. "Uzun illər atom elektrik stansiyası ilə bağlı məsələlər Rusiya-Türkiyə münasibətlərinin gündəmini tutub və bu gün əməkdaşlıq özü də müxtəlif fazalardan keçib". Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Zahid Oruc
© Sputnik / Talib Barkhudayev
Zahid Oruc

Millət vəkili aprelin 3-də Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməlinin qoyulmasını şərh edib: "Bir çoxları hesab edirdi ki, Türkiyənin imkanlarını real şəkildə artıran, enerji məkanında onun xeyrinə işləyən bu məsələdə Rusiya sonunadək addımlar atmayacaq, bu proses irəliyə getməyəcək. Həqiqətən də aralıq dövrlərdə yaranan problemlər də hər kəsə bəllidir. Lakin Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, AES-in təməlqoyma mərasiminə qatılması və digər addımlar sübut edir ki, artıq bu münasibətlərə zərbə vuran, ona mənfi təsir göstərən problemlərin bir çoxu aradan qalxıb".

"Etiraf etmək lazımdır ki, xüsusilə də Suriya məkanı o qədər ziddiyyətlərlə doludur ki, bu, özü-özlüyündə bir nifaq yarada və onun ətrafında yeni qlobal toqquşmalar meydana çıxa bilər. Və dünənin müttəfiqləri sabah yenə də rəqib cinahlara, mübarizə səngərlərinə çəkilə bilərlər. Amma biz bunu arzulamırıq", — deyə millət vəkili bildirib.

Z.Oruc deyib: "Bir siyasət adamı, bir parlament üzvü və yaxud bir prezidentliyə namizəd kimi mənim mövqeyim bundan ibarətdir ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin enerji, iqtisadi, siyasi və humanitar sahələrdə, həmçinin beynəlxalq, regional təhlükəsizlik problemlərin həllində yaxınlaşmasından, əməkdaşlığın həyata keçirilməsindən biz yalnız fayda götürürük. Bizim mənafelərimiz bunu tələb edir".

"Təsadüfi deyil ki, Azərbaycan 3 imperiya varisinin qovşağındadır — Rusiya imperiyasının Rusiya, Osmanlı imperiyasının Türkiyə və Fars (həmçinin Səfəvilər) imperiyasının İran. Rusiya və Osmanlı, yaxud da Rusiya və İran və ya Səfəvilər ilə Osmanlılar arasındakı bütün dönəmlərdə gedən müharibələrdən biz ziyan çəkmişik, xeyir götürməmişik. Burada fayda yoxdur", — deputat əlavə edib.

Millət vəkili hesab edir ki, Akkuyu AES-in Suriyanın yaxınlığında yerləşməsinin təhlükəlilik dərəcəsi müvafiq qurumlar tərəfindən qiymətləndirilir: "Ancaq burada əsas hədəf, nöqtə Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxşı bir səviyyədə davam etdirilməsidir. Ermənistan hesab edir ki, bu, Türkiyənin regional rolunu gücləndirir və avtomatik olaraq onların ziyanına işləyir. Çünki Rusiya-Türkiyə münasibətləri yaxşılaşanda ermənilər ondan həmişə özlərinə təhlükə axtarırlar, ziyan görürlər".

Политолог Эльхан Шахиноглу
© Sputnik / Anar Mustafayev
Политолог Эльхан Шахиноглу

"Mənim üçün burada həlledici məqam ondan ibarətdir ki, Türkiyə ilə qaz razılaşmaları ilə bağlı məsələ, "Türk axını" layihəsi reallığa çevrildiyi təqdirdə Türkiyə ilə Rusiya iqtisadi fundament üzərindən çox yaxın müttəfiqlərə çevrilmiş olacaq. Bu da onların siyasi, hətta hərbi yaxınlaşmasını zəruri edir", — deyə Z.Oruc bildirib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Akkuyu AES-in Suriyanın yaxınlığında yerləşməsində böyük təhlükə olacağını düşünmür. Politoloq Sputnik Azərbaycan-a açıqlamasında bu barədə danışıb: "Çünki Türkiyə və Rusiya yüksək səviyyədə AES-in təhlükəsizliyini təmin edir, baxmayaraq ki, Suriya sərhədi o qədər də uzaqda deyil. Suriyadan hansısa bir terrorçu qrupun gəlib AES-də terror aktı törətməsi mümkün deyil. Yəni AES yüksək səviyyədə inşa olunacaq və qorunacaq".

E.Şahinoğlunun sözlərinə görə, dünyada 400-dən çox AES var və hər biri çox ciddi şəkildə qorunur: "İndiyədək 2 qəza olub. Ukrayna və Yaponiyadakı qəzalar təbii şəraitdə baş verib. İndiyədək AES-lərə terror və yaxud müharibələr təsir etməyib. Çünki təhlükəsizlik yüksək səviyyədə qorunur".

Politoloqun fikrincə, Akkuyu AES-in inşası və Rusiyanın 20 milyard dollar investisiya qoyub, gələcəkdə də bu stansiyanı idarə etməsi iki dövlət arasında strateji tərəfdaşlığı daha da artıracaq: "Çünki 2023-cü ildə birinci reaktor işə düşməlidir. Bu isə o deməkdir ki, ən azı 2023-cü ilədək liderlər və dövlətlər arasında sıx münasibətlər olacaq".

Qeyd edək ki, atom elektrik stansiyasının tikilməsi Mersinin Gülnar rayonunun Akkuyu bölgəsində nəzərdə tutulub. 20 milyard dollarlıq layihə ilə Akkuyuda 4800 MW gücündə 4 vahid nüvə reaktoru inşa ediləcək. Akkuyu AES-in təməlqoyma mərasiminə video-konfrans vasitəsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin qatılıb.

Xatırladaq ki, dünyada 31 ölkədə 450 atom elektrik stansiyası fəaliyyət göstərir. Akkuyu ilə birlikdə isə inşaası davam edəcək stansiyaların sayı 56 olacaq. Akkuyu Atom Elektrik Stansiyası 2023-cü ildə fəaliyyətə başlayanda Türkiyənin elektrik ehtiyacının 10 faizini qarşılayacaq. Akkuyu AES-in 60 il ərzində fəaliyyətdə olması nəzərdə tutulur.

516
Teqlər:
millət vəkili Zahid Oruc, Akkuyu Atom Elektrik Stansiyası, AES, ölkə, münasibət, Sputnik Azərbaycan, Elxan Şahinoğlu, enerji, Suriya, Rusiya, Türkiyə, politoloq, təhlükə
Əlaqədar
Vaşinqtonda Rusiya və Türkiyəni qəzəbləndirəcək qərar qəbul olundu
Politoloq: “Rusiya-Türkiyə münasibətlərindən bütün dünya qazanacaq”
Politoloq: “Türkiyə-Rusiya-İran əməkdaşlığı hər üç dövlətin xeyrinədir”
Türklər sayəsində Rusiyada böyük terror aktının qarşısı alınıb
Rusiya və Türkiyədən mühüm qarşılıqlı jestlər
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

9
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

9
Həblər, arxiv şəkli

Azərbaycanda dərman fabrikləri qurulacaq, amma xeyli "əmması" var

53
(Yenilənib 23:39 13.01.2021)
"Pirallahıda iki dərman zavodu da tikilir. Yəqin ki bu ilin sonuna qədər onlardan biri fəaliyyətə başlayacaq".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Koronavirus pandemiyası Azərbaycanda bir sıra sahələrdə yerli istehsalın zəruriliyini ortaya çıxardıb. Həmin dövrdə ölkəmizdə tibbi maska istehsal edən zavodların açılması pandemiyaya qədər bu sahələr üzrə istehsalın aparılmasının nə qədər vacib olduğunu bir daha göstərmiş oldu. Pandemiya dövründə daha bir çatışmazlıq dərman vasitələri ilə bağlı yarandı. Koronavirus xəstələrinin müalicəsində istifadə edilən, eləcə də adi qan durulducu dərmanların qəhətə çəkilməsi ölkəmizdə həyatı vacib dərmanların istehsalına başlamağın vaxtı çatdığından xəbər verdi. Pandemiya dövrü göstərdi ki, Azərbaycanda dərman vasitələrinin istehsalı ilə bağlı sözdən əməli tədbirlərə keçməyin vaxtı çoxdan çatıb. Sputnik Azərbaycan ölkəmizdə dərman vasitələrinin istehsalının ləngimə səbəblərini araşdırıb.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Sputnik Azərbaycan-a açıqlamasında ölkəmizdə dərman istehsalının vacib amil olduğunu, pandemiya dövründə isə bu məsələnin daha qabarıq formada bir problem kimi özünü göstərdiyini söyləyir:

"Pandemiya dövründə koronavirus xəstələrinin spesfik müalicəsində istifadə edilən dərmanların satışında yaranan problemlə bağlı müraciətimiz eşidildi. Özəl sektora şərait yaratmaq lazımdır ki, hamısı rahat şəraitdə dərman alıb ölkəyə gətirsin. Rəqabət şəraitində qiymət də ucuzlaşacaq. Hər bir vətəndaş üçün belə halda dərman əlçatan olacaq. Bu dərmanların hamısını dövlətin öz üzərinə götürməməlidir.Bu halda həm dövlət özü yüklənir, həm də çətinliklər yaranırdı".

M. Quliyev deyir ki, Azərbaycanda dərman istehsalına başlanacaq. Çünki hər bir ölkənin özünün dərman istehsalı üçün imkanları olmalı və bu imkanlar yaradılmalıdır. Azərbaycanda da bu istiqamətdə siyasət aparılır. Pirallahıda şpris istehsalı zavodu fəaliyyətə başlayıb. Ölkədəki şprisə olan tələbatın yarıdan çoxunu bu zavod ödəyəcək:

"Çox keyfiyyətli şprisləri var. Demək olar ki, ölkəyə gətirilən şprislərdən də keyfiyyətlidir. Eyni zamanda Pirallahıda iki dərman zavodu da tikilir. Yəqin ki bu ilin sonuna qədər onlardan biri fəaliyyətə başlayacaq. Bundan başqa bu sahədə digər layihələr də nəzərdə tutulur. Burada dövlət və özəl sektorun əməkdaşlığı şəraitində zavodlar fəaliyyətə başlayacaq".

Deputatın sözlərinə görə, şübhəsiz ki, bizim ehtiyacımız olan bütün dərmanlar ölkəmizdə istehsal olunmayacaq. Dünyada da belə təcrübə yoxdur ki, bir dövlət ancaq özü dərman istehsal etsin, heç yerdən də dərman almasın. Dərman istehsalı özü bahalı bir prosesdir. Ölkə hər hansı dərmanı başqa ölkədən ixrac etməyəcəksə, bu adətən səmərəli olmur. Burada həm də biznes tərəfi düşünülür ki, biz həmin dərmanı başqa hansı ölkələrə sata bilərik. Bu da dərmanın qiymətindən və keyfiyyətindən asılı olan məsələdir.

O ki qaldı pandemiya dövründə bəzi dərmanların dəfələrlə baha qiymətə satılmasına, Musa Quliyev deyir ki, bu, çox ciddi qanun pozuntusudur, möhtəkirlikdir:

"Azərbaycan qanunvericiliyinə görə dərmanların qiyməti dövlət qurumu olan Tarif Şurası tərəfindən tənzimlənir. Dərman strateji məhsuldur. Onun dövlətin müəyyən etdiyi qiymətdən baha və ucuz satılması qanun pozuntusudur".

Professor Adil Qeybulla bildirir ki, Azərbaycanda dərman istehsalına ehtiyac var. Amma bunun üçün böyük dərman şirkətləri ilə əməkdaşlıq qurulmalıdır. Bu işə ilk növbədə dərman istehsalı ilə məşğul olan mütəxəssislər cəlb olunmalıdır. Ən azından ilkin variantda ölkəmizdə sadə dərmanlar istehsal oluna bilər:

"lkin olaraq antibiotiklərin bəzilərini istehsal edə bilərik. Dərman istehsalı asan başa gələn iş deyil. Türkiyədə antibiotikləri alıb tozunu qablaşdırırdılar. Biz də istehsala bu cür başlaya bilərik".

A. Qeybulla dərman zavodlarını açmaqla yanaşı kadr məsələsinin də həll edilməli olduğunu söyləyir: "Təəssüf ki, dərman sahəsində ixtisaslı kadr sarıdan bizdə vəziyyət ürəkaçan deyil. Ölkəmizdə bunun üçün kimyaçı və texnoloqlar olmalıdır. Əks halda belə kadrlar xaricdən gəlməlidir. Bütün bunlar dərman istehsalında istehsal xərcini artırır. Nəzərə almaq lazımdır ki, sovet dövründə də bizdə dərman zavodları olmayıb. Bir farm şirkətində "Leyner" mazı kimi məhsullar istehsal olunurdu".

Qeyd edək ki, Pakistanın əczaçılıq şirkətləri Azərbaycanda istehsal müəssisələri yaratmağı planlaşdırır. Bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə İslamabad Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı deyib. O bildirib ki, Azərbaycan və Pakistan əczaçılıq sənayesinin inkişafı üçün böyük potensiala malikdir:

"Azərbaycan və Pakistan həmişə siyasi sahədə gözəl münasibətlərə malik olub. Amma ticari-iqtisadi əlaqələrə lazımi səviyyədə olmayıb. Ona görə də ticarət münasibətlərinin inkişafına diqqət vermək lazımdır. Bu, hər iki ölkənin iqtisadiyyatı üçün səmərəli nəticələr verəcək. Dünyada koronavirusun yayılması ölkələrimiz arasında ticarət fəallığının azalmasına səbəb oldu, amma pandemiyadan sonra ikitərəfli ticarətin artacağı gözlənilir".

Öz növbəsində İslamabad Ticarət-Sənaye Palatasının rəhbəri Sərdar Yasir İlyas Xan bildirib ki, çoxsaylı keyfiyyətli Pakistan məhsulları, o cümlədən əczaçılıq preparatları, kosmetika, cərrahlıq alətləri, idman malları, yemək avadanlıqları, elektrik avadanlıqları, tekstil və dəri məmulatları,mebel, qida məhsulları, meyvə, düyü Azərbaycanda da istehlak olunur və bu, həmin məhsulların ixracının artmasına kömək edə bilər.

53
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, dərman
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

0
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

0