Moskva, Kreml

Amerikanın düşmənləri Rusiya ətrafında səngər qurur

603
(Yenilənib 16:00 27.03.2018)
Azər RƏŞİDOĞLU
ABŞ-ın təkqütblü dünya yaratmaq cəhdi böyük problemlərlə üzləşə bilər

BAKI, 27 mart — Sputnik. Rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsinin yaratdığı qalmaqal davam edir. ABŞ 60 rusiyalı diplomatı ölkədən çıxarır. Artıq Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov da rusiyalı diplomatların qovulması xəbərini təsdiq edib: "Bu gün səhər Dövlət Departamentinə dəvət edildim. Mənə ABŞ-ın 48 diplomatımızı ölkədən çıxardığı ilə bağlı xəbərdarlıq edildi. İndicə xəbər tutdum ki, BMT-dəki 12 əməkdaşımız da persona-non-qrata elan edilib".

Rusiya ABŞ-ın bu qərarına adekvat cavab verməyə hazırlaşır. Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsi sədrinin birinci müavini Vladimir Cabarov 60 amerikalı diplomatın qovulacağını deyib: "Sözsüz ki, qərarı siyasi rəhbərlik qəbul edəcək. Amma aydındır ki, cavab güzgünün əksi kimi olacaq. Ona görə də ABŞ "hədiyyəsini" alacaq".

ABŞ-la eyni gündə Avropa ölkələri və Kanada da rusiyalı diplomatları ölkədən çıxarmaq qərarı qəbul edib. Avropa Şurasının sədri Donald Task Avropa Birliyinin 13 ölkəsinin rusiyalı diplomatları çıxardığını açıqlayıb. Onların sırasına Xorvatiya, Finlandiya, Rumıniya, Litva, Latviya, İtaliya, Fransa, Danimarka, Hollandiya, Çexiya, Estoniya, Polşa, Almaniya var. Bundan əvvəl Böyük Britaniya rus diplomatları qovmuşdu. Bu sıraya Kanada və Ukrayna da qoşulub.

Beləliklə, Qərblə Rusiya arasında yeni "soyuq savaş" başlayır. Bu, ilk gərginlik deyil. Lakin bu dəfə problem daha da ağır çalar alıb. Hətta Vaşinqtonda Rusiya ilə açıq hərbi savaşa səsləyənlər də var. Qeyd edək ki, Vaşinqonun strategiyası xaricdəki problemlərin həlli üçün hərbi gücdən istifadəni nəzərdə tutur. ABŞ öz hərbi gücünün ustünlüyündən Panama, Somali, Kosova, Əfqanıstan və İraqda birbaşa istifadə edib.

Lakin Birləşmiş Ştatlar hazırda daha çox "yumşaq güc"dən istifadə edir. Belə ki, Qərblə gərgin münasibətlər Rusiya iqtisadiyyatına ciddi təsir edir, üstəlik Kremlin təcridi genişlənir. Araşdırmaçılar belə hesab edirlər ki, ABŞ-ın beyin mərkəzləri Rusiyanın çöküşünü arzulayırlar və odur ki, iqtisadi təzyiqlərini artırır.

Rusiya ilə hərbi qarşıdurma arzuedilməzdir. Ən azı ona gğrə ki, Rusiya nüvə dövlətidir, onunla açıq təhdidlə danışmaq təhlükəlidir. ABŞ da nüvə silahına malik ölkədir. İki nüvə gücünün qarşıdurmasınin nə demək olduğunu isə əlavə şərh etməyə ehtiyac yoxdur.

Onu da qeyd edək ki, Rusiya-ABŞ qarşıdurması bölgə ölkələrinin siyasətinə də təsirsiz qalmayacaq. Burada bölgə ölkələrinin maraqlarına da nəzər yetirmək lazım gəlir. Məsələn, ABŞ-la gərgin münasibətlər yaşayan Türkiyə Rusiya ilə yaxınlaşmaqda davam edir. Türkiyə öz maraqlarına xidmət edən siyasi kursa üstünlük verir və çalışır ki, digər rəqibləri ilə də münasibətləri normallaşdırsın.

Yaranmış vəziyyətdən digər region dövləti — İsrail narahatdır. Çünki İsrail bundan sonra öz siyasətini olduğu kimi yürüdə bilməyəcək. İranın Türkiyə ilə münasibətlərini normallaşdırması, hazırkı siyasətindən əl çəkməyən İsrail üçün təhlükədir. İsrail Yaxın Şərqdə hegemon dövlət olmaq istəyir. Amma Türkiyənin regionda mövqeləri güclənəndən sonra İsrailə qarşı ciddi rəqib meydana gələcək.

İran ətrafında baş verənlərin region dövlətlərinə, xüsusən də Azərbaycana təsirinə gəlincə, Azərbaycan "ayaq altında" qalmamaq üçün bütün imkanlarını səfərbər edəcək. Amerika hazırkı qlobal siyasətini yürüdən zaman kiçik dövlətlərin maraqlarını nəzərə almayacaq. Əgər ABŞ İsrailin maraqlarını nəzərə almırsa, deməli Azərbaycana da güzəştə gedilməyəcək.

Qərblə "soyuq savaş" Kremli yeni ittifaq yaratmağa sövq edir. Moskva- Ankara-Tehran üçbucağına Bakının da cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan İran, Rusiya və Türkiyə ilə sıx əlaqələr yaratmaq və gərəkən islahatları aparmaq niyyətindədir.

Bu addımlar Azərbaycanın önəmini artıra bilər. Eyni zamanda, Azərbaycan ABŞ və Avropa Birliyi ilə də münasibətlərə diqqət edərək onları dərinləşdirmək kursunu yürüdür. Lakin bölgədə tamamilə yeni bir geosiyasi mənzərə yaranıb. Belə ki, Vaşinqtonun düşmənləri Rusiya ilə əməkdaşlığa can atır.

İranın maraqları aydındır. Tehran hər şeydən öncə maliyyə-iqtisadi imkanlarını genişləndirmək istəyi kir, bu da onun beynəlxalq müstəvidə manevr imkanlarını artıra bilər. Lakin Bakı ilə Tehran arasındakı gərginliyin yaxın zamanlarda tam aradan qalxacağına ümid bəsləmək olmaz.

Bu məqamda daha çox ABŞ-İran münasibətlərinin tənzimlənməsinin Azərbaycanın geosiyasi önəminə təsirini təhlil etmək lazım gəlir. Vaşinqtonun bölgənin tamamilə ələ keçirilməsi siyasətinə Moskva və Ankaranın siyasəti mane olur. ABŞ-ın bölgənin oyunçuları olan Türkiyə və İranla savaş səviyyəsində olması Azərbaycanı da əsas oyunçulardan birinə çevirə bilər. ABŞ İran təhlükəsinə qarşı Azərbaycan, Orta Asiya və Əfqanıstanı nəzarətə götürməyə cəhd edir.

Burada bir amili də nəzərə almaq lazım gəlir. Qərblə "soyuq müharibə" vəziyyətində olan Rusiya kommunist quruluşa malik Çin ilə əməkdaşlıq edə bilər. Neft, qaz və silah satışı məsələsində iki ölkə müttəfiqdir. Pekinə Moskva ilə daha sıx əməkdaşlıq sərf edir. Belə ki, Çin Rusiyanın təsirində olan Orta Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirib, neft alışını diversifikasiya etməyə cəhd edir.

Rusiya isə Yaponiya, Hindistan, Monqolustan, Şimali Koreya və Vyetnamla əlaqələrini genişləndirir. Rusiya Yaxın Şərqdə də söz sahibi statusunu saxlamaq istəyir. Vaşinqton isə get-gedə öz müttəfiqlərini itirməkdədir. Bu baxımdan ABŞ-ın təkqütblü dünya yaratmaq cəhdi böyük problemlərlə üzləşə bilər…

603
Teqlər:
Avropa, Qərb, İsrail, İran, Türkiyə, dövlət, ölkə, diplomat, səfir, ABŞ, Sergey Skripal, kəşfiyyatçı, Rusiya
Əlaqədar
Türkiyədən Rusiyaya gözlənilən dəstək gəldi
ABŞ və AB Rusiya ilə diplomatik müharibəyə başladı
Daha iki ölkə Rusiya ilə diplomatik "müharibəyə" başladı
Ankaradan sürpriz açıqlama: Türkiyə Rusiyadan üz çevirdi?