Reks Tillerson

Tillersonun istefasından kim qazanacaq: Tramp, yoxsa Amerika?

83
(Yenilənib 22:10 18.03.2018)
Tillersonun hakimiyyətdən uzaqlaşdırılacağı haqqında xəbərlər siyasi çevrələrdə çoxdan səsləndirilirdi

BAKI, 18 mart — Sputnik. Artıq postunu tərk etməkdə olan (31 martda səlahiyyətləri başa çatır — red.) dövlət katibi Reks Tillersonun vəzifədə olduğu müddətdə həyata keçirdiyi və keçirmək istədiyi tədbirlərin Amerika və dünya dövlətləri üçün nə dərəcədə əhəmiyyət kəsb etməsinə nəzər salmaq indi yerinə düşər.

Öncə qeyd etmək lazımdır ki, Tillersonun hakimiyyətdən uzaqlaşdırılacağı haqqında xəbərlər siyasi çevrələrdə çoxdan səsləndirilirdi. Xüsusilə də, onun Trampı “axmaq” yerinə qoymasından (Reks özü bu xəbəri şayiə adlandırdı) sonra. Amma hər dəfə həm prezident, həm də dövlət katibi bu məlumatları əsassız adlandırırdı. Görünür, Trampın yaxın çevrəsi onun idarəetmə tərzini yaxından bildiklərinə görə, Tillersonun çox davam gətirməyəcəyini söyləyirdilər. Tramp sonda qərarını açıqladı və dövlət katibinin istefaya göndərilməsini belə əsaslandırdı ki, “mən istədiyim kabineti əldə etməyə yaxınlaşıram”. Yəni Tillerson mənim işləmək istədiyim fiqur deyildi və mən yenə də uyğun olmayan adamları dəyişməkdə davam edəcəm. Bir sözlə, missiya davam edir.

Bəs Tramp ilə Tillerson arasında bu vaxta qədər haqqında danışmaq istəmədikləri fikir ayrılıqları hansılardır? Bu sualın cavabı eyni zamanda Amerikanın bu əvəzlənmədən əldə edəcəyi mənfəətlə üst-üstə düşür:

1. Şimali Koreya məsələsi — Reks Tillerson vəzifəyə təyinat aldığı ilk gündən bu problemlə yaxından məşğul olurdu və hesab edirdi ki, konflikt danışıqlar yolu ilə həll olunmalıdır. Trampın hədə-qorxu dolu bəyanatlarından fərqli olaraq, güc tətbiq etməklə bu məsələdə istənilən nəticəyə nail olunmayacağını bildirirdi. Tramp isə “Reks, sən vaxtını boş yerə sərf edirsən” — deyə danışıqların konstruktiv olmayacağını bildirirdi. Amma sonradan o özü Kim Çen Inla danışıqlar masası arxasında oturmağa razılaşdı.

2. Qüds məsələsi.

Reks Tillerson ABŞ səfirliyinin Qüdsə köçürülməsinin tərəfdarı deyildi. Əlbəttə, bunu açıq ifadə edə bilmirdi və hesab edirdi ki, Trampın bu addımı Amerikaya Yaxın Şərqdə zərbə vurmaqdan başqa nəticə verməyəcək.

3. YPG-PKK və ABŞ əlaqələri.

Bu məsələdə Tillerson Türkiyənin mövqeyi ilə üst-üstə düşən mövqe sərgiləyirdi və öz münasibətini Türkiyədə səfərdə olarkən ifadə etmişdi. O, “kürdlərlə yaxınlıq Türkiyə ilə münasibətlərin pozulması hesabına baş verməməlidir” fikrini müdafiə edirdi.

4. İranla P5+1 ölkələri arasında nüvə sahəsində bağlanan müqavilə.

Məlum olduğu kimi, Donald Tramp, bu müqaviləni Amerika tarixində imzalanan ən dəhşətli müqavilə adlandırır. Mayın 18-də müqavilənin müddətini uzatmaqla bağlı sənədə imza atmayacağını bəyan edir. Tillerson isə tamam əks mövqe tuturdu. O, İranla əlaqələrin gələcəkdə inkişaf etdirilməsinin tərəfdarı olmasına dəlalət edən fikirlər səsləndirirdi. Tillersonun bu mövqeyi Trampı əhatəyə alan yəhudi lobbisini də narahat edirdi.

5. Rusiyaya sanksiyaların tətbiq olunması məsələsi.

Reks Rusiya ilə bu qədər sərt danışmağın tərəfdarı deyildi. O, yumşaq gücdən istifadə etməyi məsləhət görürdü.

Yuxarıda qeyd etdiyimiz məsələlər Trampla Tillerson arasında mövcüd olan ziddiyyətin kütləvi informasiya vasitələrinə yol tapmış nümunələridir. Düşünürəm ki, mövcud fikir ayrılıqları yetərincə ciddi idi ki, bunlar Tillersonun vəzifədən çıxarılması ilə nəticələndi.

Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeonu dövlət katibi vəzifəsinə təyin etmək haqqında qərar qəbul edib. Mayk müəyyən müddətdir ki, Trampla birlikdə işləyir və aralarında fikir ayrılıqlarının olmadığı haqda məlumatlar yayılıb. Pompeo qeyd-şərtsiz Trampın apardığı siyasət və gördüyü tədbirlərin tərəfdarıdır. Deməli, Tramp idarəçiliyinə onun siyasətini təqdir edən — bu siyasət Amerikanın nüfuzunun itirilməsinə yol açsa belə —  yeni bir şəxsiyyət əlavə olundu.

Mayk Pompeonun bu vəzifəyə gətirilməsi eyni zamanda, Trampa təsir edərək onu riskli addımlardan qoruya biləcək qüvvələrin zəiflədilməsi, İsrail tərəfdarlarının güclənməsi istiqamətində atılan addım kimi də qiymətləndirilməlidir.

Bu dəyişiklikdən düşünürəm ki, Amerika xalqı yox, Tramp fayda götürəcək. Amma qısa vədəli.

83
Teqlər:
Qüds, YPG-PKK, İran, İsrail, Amerika, Donald Trump, Donald Tramp, dövlət katibi Reks Tillerson, Reks Tillerson, ABŞ
Əlaqədar
Tramp Tillersonu qovma səbəbini açıqladı
Tramp Tillersonu dövlət katibi postundan qovdu
Ərdoğan-Tillerson görüşü: ABŞ-ın nəzərində Ankaranın çəkisi artıb
Ərdoğanla Tillerson 3 saat bağlı qapılar arxasında nələri müzakirə ediblər?
Tillerson barədə deyilənlər yalan çıxdı
Dollar, arxiv şəkli

Dünyanın bir nömrəli valyutasını taxtdan salırlar?

59
(Yenilənib 02:19 01.08.2020)
Problem ondadır ki, Amerikanın analitik cəmiyyətinin böyük qismi bu mövqeni qəbul edəndə artıq çox gec olacaq

BAKI, 1 avqust — Sputnik, İvan Danilov. Amerikanın siyasi nüfuzu və onlarla keçmiş əməkdaşının dünyanın müxtəlif ölkələrində yüksək vəzifələr tutması ilə fərqlənən nəhəng bankı şok bəyanatla çıxış edib: dolların dünyanın əsas valyutası statusu erası sona çata bilər. 

Goldman Sachs — maliyyə dairələrində geniş tanınan bir qurumdur. O, bir trilyon dollarlıq aktivləri idarə edir, Uoll-stritdə böyük hörmətə malikdir, özünün keçmiş əməkdaşlarını konveyer üsulu ilə ABŞ-ın Maliyyə nazirliyində bərqərar edir, eləcə də şübhəli fərqlənmə nişanına malikdir: 2008-ci ildəki böhrandan sonra tədqiqatçı jurnalist Mett Teybinin təbirincə onu “Vampir kalmar” (Vampire squid) adlandırırlar.

“Goldman Sachs haqda bilməli olduğunuz ilk şey – onun hər yerdə olmasıdır. Dünyanın ən güclü investisiya bankı bəşəriyyətin simasını əhatələyən nəhəng vampir kalmara bənzəyir: pul iyi verən hər şeyi o amansızcasına özünün qanlı burulğanına çəkir”, - M.Teybi 2010-cu ildə “The Rolling Stone” jurnalında dərc olunmuş geniş araşdırmasında yazırdı. Və o vaxtdan məhz bu təsvir Amerikanın nüfuzlu maliyyə qurumunun sanki pasportudur. 

Yuxarıda qeyd olunan səbəblərdəndir ki, “Vampir kalmar” hansısa kütləvi mövqedən çıxış edəndə, xüsusən də onun qiymətləndirməsi aparıcı media sinfinin mümkün proqnozları ilə üst-üstə düşməyəndə onun nə dediyinə qulaq vermək lazım gəlir.

Dünya valyutası qismində dolların perspektivlərinin məhz Amerika bankı tərəfindən tənqid olunması ikiqat təəccüblüdür, çünki hətta ABŞ-da “qeydiyyata düşmüş” qlobal maliyyə strukturları da spesifik, amma çox nəzərə çarpan, müntəzəm olaraq gələcək senator və konqresmenlərə əliaçıq ianələrlə gücləndirilən patriotizmlə seçilir. Goldman Sachs da bir növ Amerikanın özüdür, lap dəqiqini desək, dəzgahlardan tamam aralanıb maliyyə manipulyasiyalarına baş vuran Amerikadır. Bir vaxtlar Birləşmiş Ştatların simvolu bank deyil, sənaye korporasiyası olan “General Motors” idi. Bu haqda Müdafiə naziri Vilson belə demişdi: ““General Motors” üçün yaxşı olan – Amerika üçün də yaxşıdır”. İndi isə ABŞ-ın simvolu istehsal birliyi deyil, məhz müntəzəm olaraq loqotipini cinsi azlıqların rənglərinə boyayan, həddən artıq ədəbsiz nüfuza malik, amma çox təsirli bir strukturdur və Amerika valyutasının gələcək durumu, dolların problemlərinin ümumilikdə bütöv Amerikanın perspektivlərinə ciddi təsir edəcəyi onu xeyli mütəəssir edib. 

Amerikanın maliyyə üzrə informasiya agentliyi Bloomberg nüfuzlu bankın analitiklərinin qorxularını belə anladır: "Goldman Sachs Group Inc. ABŞ-da inflyasiya ilə bağlı qəflətən artan narahatlığa diqqət çəkərək çərşənbə günü belə bir cəsarətli xəbərdarlıq yaydı ki, dollar özünün dünyanın ehtiyat valyutası statusunu itirə bilər.

Konqres pandemiyanın talan elədiyi iqtisadiyyatı dəstəkləmək üçün növbəti fiskal stimullaşdırma raunduna yaxınlaşdığından, Federal Ehtiyat Sistemi isə bu il balansını artıq 2.8 trilyon dollar artırdığından Goldman-ın strateqləri xəbərdarlıq ediblər ki, ABŞ-ın siyasəti “valyutanın dəyərdən düşəcəyi barədə narahatlıqlar” yaradır və dünya valyuta bazarlarında dolların dominant qüvvə kimi ağalığına son qoya bilər”.

Goldman Sachs analitiklərinə haqq vermək gərəkdir: hələ baharda, ABŞ FES-inin çap maşını ölkənin maliyyə bazarları və büdcəsinin epidemiya dövründə dəstəklənməsi üçün izafi işlərə başlayanda, konqres və senat  iqtisadiyyata büdcə axınının həcmi və müvafiq olaraq defisitin artması barədə baş işlədəndə bank müştərilərilə xüsusi məsləhətləşmələr apararaq onları mümkün inflyasiya riskindən qaçmaq üçün dollarları qızıla (hətta bitkoyna) çevirməyə inandırırdı. İndi bank həmin problemi maksimal dərəcədə geniş auditoriyanın diqqətinə çatdırmağa qərar verdi və bu, onda gözəl alındı – dolların planetin əsas valyutası statusunu itirəcəyi barədə, demək olar ki, dünyanın bütün aparıcı KİV-ləri yazdı. 

Şübhəsiz, onu da nəzərə almaq lazımdır ki, (yəni Bloomberg və digər medişərhçilərin də doğru olaraq qeyd etdikləri kimi) “maliyyə dairələrinin əksəriyyətində bu nöqteyi-nəzəri az adam dəstəkləyir, Goldman-ın analitikləri isə deyirlər ki, bunun (dolların dünyanın əsas valyutası statusunu itirəcəyinin – red.) mütləq baş verəcəyini hesab eləmirlər”.

Bu növ tipik mövqe onunla izah olunur ki, ABŞ dollarının, “kapital bazarının dərinliyini və ABŞ dolları ilə aparılan qlobal tranzaksiyaların nəhəng həcmini nəzərə alsaq, rezerv valyuta statusunu itirməyə heç azacıq da şansı yoxdur”. Bunu Bloomberg-ə Britaniyanın Barclays bankının Şimali və Cənubi Amerikada valyuta ticarətinin başçısı Maykl Krupkin deyib.

Problem ondadır ki, Amerikanın analitik cəmiyyətinin böyük qismi bu mövqeni qəbul edəndə artıq çox gec olacaq. O mənada ki, Amerika valyutasının dominantlığı üzərində qurulmuş dünya sisteminin demontajı prosesi ya bitmiş olacaq, ya da artıq geriyə dönüş nöqtəsinin keçildiyi həddə çatacaq. 

Dollar sisteminin onu tənqid edənlərə rəğmən yaşayacağına dair arqumentlərdən biri də odur ki,  dollar Federal Ehtiyat Sisteminin 2008-2009-cu illərdə dayanmadan pul çap eləmək “tutması”nı adlaya bildi. Bu arqumentin bircə zəif yeri budur ki, çap maşınının işinin indiki intensivliyi nə ötən böhran zamanı baş verənlərlə, nə də 2008-2009-cu illərdə ABŞ-ın birqütblü dünyanın şübhəsiz lideri olmasıyla heç bir müqayisəyə gəlmir.

İndi situasiya tamam fərqlidir: Amerika şəhərləri yanır, hər iki aparıcı partiya payızda planlaşdırılan prezident seçkisinin nəticəsinin tanınmaması ehtimalını və mümkün vətəndaş müharibəsini müzakirə edir, birqütblü dünya isə artıq yoxdur – hər şey ABŞ-la Çin arasında başlanan ikinci soyuq müharibənin hansı formanı alacağından asılıdır.

Müdrik və yaxşı məlumatlandırılan “Vampir kalmar” nahaq yerə həyəcan təbili çalıb, büdcə nizamına,  son 50 ildə ABŞ-a nəhəng üstünlüklər gətirən sistemin müdafiəsinə çağırmır. Nüfuzlu bankın xəbərdarlığı mütləq eşidiləcək, ancaq Amerika siyasətçilərinin dünyanın əsas valyutası statusunun saxlanması üçün populyar olmayan addımlar atmaq qabiliyyətlərinə dair artıq ciddi şübhələr yaranıb.

59
Əlaqədar
Hələ çox gözləyəcəyik – Nüfuzlu agentlik neftlə bağlı proqnoz verdi
Dünya nəfəsini dərib gözləyir! Çoxumuzun necə yaşayacağı gələn aydan asılıdır
Valyuta bazarında tələb artmaqdadır: Qızıl alışına keçməsək, payızda zərər görə bilərik
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib
Suriyada neft buruğu, arxiv şəkli

Era sona yaxınlaşır: böyük neft şoku yaşanacaq

2925
Koronavirus planetin iqtisadiyyatını elə sarsıdacaq ki, neftə tələbat heç vaxt əvvəlki səviyyəyə qalxmayacaq.

İvan Danilov, RİA Novosti

BAKI, 29 iyul — Sputnik. Küçədə həvəskarlar danışırlar ki, Rusiya ilə bağlı hər şey pisdir, tezliklə daha da pis olacaq və onda əsl bayram olacaq. Reuters agentliyinin OPEC-dən olan məlumatlı mənbəsinin dediyinə görə, neft ixrac edən ölkələrin alyansı neftə olan tələbatın heç vaxt bərpa olunmayacağı ssenarini ciddi şəkildə nəzərdən keçirirlər. Və bu, neft hasil edən ölkələr üçün kifayət qədər ağır nəticələrə səbəb olacaq.

Neft burğun yanında, arxiv şəkli
© REUTERS / ESSAM AL-SUDANI

Britaniya xəbər agentliyinin məlumatına görə, koronavirus epidemiyası və neftin qiymətinin aşağı düşməsi OPEC-in bəzi vəzifəli şəxslərini müəyyən suallara cavab axtarmağa həvəsləndirib. Suallar isə belədir: 60 il bundan əvvəl neftin ən güclü tərəfdarı (istifadəçisi) olan bir şəxs bu gün özünə belə bir sual verə bilərmi ki, davamlı dəyişikliklər tələbatın kəskin azalmasına gətirib çıxarmayacaq ki? Yaxud, əgər neft erası sona yaxınlaşırsa, tədarükü necə idarə etmək daha yaxşıdır?

OPEC-in keçmiş və fəaliyyətdə olan yüksək vəzifəli nümayəndələri də daxil olmaqla, agentliyin istinad etdiyi mənbələr qeyd ediblər ki, OPEC özünün qlobal neft tələbatı ilə bağlı proqnozlarına permanent azalma istiqamətində yenidən baxmalıdır. Lakin reallıq ondan ibarətdir ki, təşkilatın rəsmi mövqeyi heç də o qədər bədbin deyil.

Əslinə qalsa, "Reuters"-in bu materialı böyük maraq (hətta demək olar ki, qalmaqal) doğurub: əgər neft hasil edən ölkələr alyansının səhnə arxasında "neft erası"nın sonu müzakirə edilirsə, bu, həqiqətən də, vəziyyətin ciddiyə doğru dəyişməsi deməkdir. Bu, həm də o deməkdir ki, Rusiya, Kanada və ya Norveç kimi müxtəlif ölkələr gələcək planlarını yenidən nəzərdən keçirməyə məcburdur.

Amma bu, ilk dəfə deyil ki, Qərbin (özü də təkcə Qərbin deyil) media mütəxəssisləri anonim (bəzənsə anonim olmayan) yüksək rütbəli mənbələrlə birlikdə artıq baş tutmuş və ya "neft erası"nın başlanan qürubunu təntənəli şəkildə bəyan edirlər. Koronavirus iqtisadi şoka, əslində, neftə tələbatın azalması ehtimalının uzunmüddətli mənzərəsinə yeni bir şey əlavə etmədi və sadəcə, əvvəllər iki bənddən ibarət olan siyahını doldurdu: qlobal istiləşməyə qarşı mübarizə tədbirləri və "yaşıl enerji" texnologiyalarının görünməmiş inkişafı. Müvafiq olaraq, bu iki amilə indi belə bir tezis əlavə olunur: koronavirus planetin iqtisadiyyatını elə sarsıdacaq ki, neftə tələbat heç vaxt əvvəlki səviyyəsinə çatmayacaq. Başqa sözlə, koronavirus istehlakçıların davranışında elə dəyişikliyə gətirib çıxaracaq ki, hətta ümumilikdə iqtisadiyyat bərpa edildikdən sonra da onlar işə avtomobillərlə getməyəcəklər (və yaxud hamı məsafədən işləyəcək). Və yaxud, turizm epidemiya fonunda öləcək. Çünki artıq tətillərdə heç yerə getməyəcəklər.

Müxtəlif ölkələrdə müşahidə edilən ənənəvi turizm istiqamətlərinə çıxışın bərpası ilə bağlı ajiotaja baxsaq, istehlakçı davranışının permanent şəkildə dəyişməsinə çətin ümid edək. Bütövlükdə dünya iqtisadiyyatının bərpası, hətta iki və ya dörd il çəksə belə, neftə tələbatın təbii artımını ləngitmək deməkdir. Əməkdaşların əhəmiyyətli hissəsinin məsafədən iş rejiminə keçməsi haqqında 2004-cü ildən - internet dövrünün başlanmasından bu yana danışılır. Lakin aparılan eksperimentlərin əksəriyyəti uğurlu olmayıb. Məlum olub ki, belədə intizam və məhsuldarlıq tez-tez aşağı düşür. Üstəlik, məsafədən işləyən əməkdaşlardan fərqli olaraq, ofisdə işləyən həmkarlar rəhbərliklə şəxsən əlaqə saxlaya və "ofis siyasəti"nə daha yaxşı istiqamətlənə bilirlər. Bundan başqa, evdən işləyən işçilərin xidməti pilləkənlə yüksəlməsi məsələsində hər hansı dəyişiklik baş vermir və bu səbəbdən də, məsafədən işləmək yetərincə cəlbedici olmur.

Neftə olan təlabatla bağlı yeganə ciddi təhlükə, rəqabət qabiliyyətli elektromobillər, elektrik yük maşınları və dəniz elektrik konteyner gəmiləri kimi müəyyən real texnoloji sıçrayış ola bilər. Amma bura da koronavirus yeni bir şey gətirməyib - yeni texnologiyalar riski həmişə var. "İqlimin xilası uğrunda mübarizə"nin qayğısına qalan ölkələrdə (yəni Avropa İttifaqında) neftdən zorla imtina etmək və ya karbohidrogenlərə təxirəsalınmaz tariflərin tətbiqi ağlabatan deyil. Emmanuel Makronun və "sarı jiletlilər"in (ekoloji verginin tətbiqindən sonra etirazlara başlayanlar) təcrübəsindən də çox aydın şəkildə görmək olar ki, inzibati tədbirlərlə maneəsiz iqtisadiyyat qurmaq cəhdi çox pis və təhlükəli ideyadır. Özü də neft hasilatçıları üçün deyil, "yaşıl illüziyalar"ı sınaqdan keçirən siyasətçilər üçün təhlükə yaradır.

Qeyd etməmək olmaz ki, nə qədər paradoksal olsa da, məhz hər hansı resursun hasilat sahəsinin gələcəyi ilə bağlı maksimum narahatlıq anlarında bu sahəyə yatırımlar daha cəlbedici olur. Bəlkə də bir-iki ildən sonra dünya neft hasilatının acınacaqlı gələcəyi ilə bağlı hazırkı diskussiyalar gülünc görünəcək.

Məsələn, "Financial Times"-a müsahibəsində ən qədim müstəqil şist şirkətlərindən biri olan "Parsley Energy"-nin prezidenti Mett Gelleher bildirib ki, ABŞ-da artıq neft hasilatının pik səviyyəsi keçib. Gündəlik rekord səviyyə 13,1 milyon barrelə qədərdir. Yaxın gələcəkdə bu, bərpa olunmayacaq və mister Gelleherin özü belə öz həyatında həmin səviyyəni görəcəyini gözləmir.

Bundan başqa, indi, artıq çox az adamı maraqlandırır ki, ABŞ-da şist neft ehtiyatları barədə rəqəmlər kifayət qədər saxta olub. Bu, "Kreml təbliğatı"nın qiymətləndirməsi deyil, Amerikanın "Bloomberg" İnformasiya Agentliyinin araşdırmasının nəticəsidir. Şirkətin hazırda fəaliyyətdə olan və eləcə də keçmiş mühəndis-geoloqları (söhbət beş nəfərdən gedir-red.) anonimlik qorunmaq şərtilə "Bloomberg"-ə verdikləri müsahibədə deyiblər ki, onlar həddindən artıq nikbinliyin mükafatlandırıldığı korporativ mədəniyyəti təmsil edirlər. Fikri soruşulan mühəndislərdən ikisi qeyd edib ki, şist şirkətlərinin rəhbərləri onlara birbaşa ehtiyatları "şişirtməyi" əmr ediblər. Digərləri isə qeyd ediblər ki, şirkət bu cür sorğuların olacağını qabaqcadan nəzərə alıb. Odur ki, aqressiv qiymətləndirmə təklif edən mühəndislər xidmətdə yüksəlişə nail olurlar. Bəziləri deyirlər ki, onlar və ya həmkarları əsas göstəriciləri "bəzəmək" istəmədikləri üçün işdən qovulublar.

Son illərdə şərti neft hasilatına investisiya qoyuluşunun xroniki çatışmazlığını nəzərə alsaq, epidemiyadan sonra tələbat bərpa olunacaq, lakin neftin həcmi onu təmin etmək üçün kifayət etməyəcək. Və daha inandırıcıdır ki, ilk baxışdan OPEC+ alyansının qarşısında duran ssenarilərdən biri hasilatı düzgün idarə etmək vəzifəsi olacaq. Söhbət neft qiymətlərinin daha yüksək olacağı şəraitdən gedir.

2925

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0