Tank birlikləri

Hər kəs silahı bir-birinə tuşladı, bölgəmiz yenə qaynayır

10699
(Yenilənib 17:46 09.03.2018)
Bu prosesin nəticəsində qazanan tərəf ABŞ və İsrail olacaq

BAKI, 9 mart — Sputnik. Səudiyyə Ərəbistanı Türkiyəni özünün düşməni elan etdi. Belə ki, Səudiyyə Ərəbistanının qüdrətli vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Türkiyəni "şər ücbucağının bir tərəfi" adlandırıb. Onun sözlərinə görə, qalan iki tərəf İran və ekstremist islamçı qruplaşmalardır. Səudiyyə şahzadəsi, Türkiyəni yüz il əvvəl Osmanlı imperiyası ilə birlikdə çökmüş İslam xilafətini bərpa etmək cəhdində də günahlandırıb.

Vəliəhd bununla yanaşı, öz ölkəsi ilə Körfəz qonşusu olan Qətər arasında uzun müddətdir davam edən mübahisəni "boş şey" adlandırıb, amma sözündən belə çıxıb ki, bu "boş şey" hələ bir müddət davam edə bilər. Qahirədə qəzet redaktorlarına verdiyi müsahibədə Məhəmməd ibn Salman "Müsəlman qardaşlığı" təşkilatını demokratiyadan sui-istifadədə ittiham edib və bildirib ki, bu təşkilatın hamisi olan Türkiyə xilafəti bərpa etməyə çalışır.

Qeyd edək ki, həm Səudiyyə, həm də Misir "Müsəlman qardaşlığı" təşkilatını terrorçu qruplaşma kimi qadağan edib.

"The Mail" yazır ki, şahzadənin şərhləri Səudiyyənin prezident Rəcəb Tayyib Ərdoğana şübhəli münasibətini əks etdirir. Ərdoğan hökuməti Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələrinin Qətərlə mübahisəsində sonuncunun tərəfini saxlayıb.

Türkiyə, bundan başqa, Suriyadakı münaqişənin çözümü istiqamətində son aylarda İranla əməkdaşlıq edib. Ötən il iki ölkənin hərbi rəhbərləri qarşılıqlı səfərlərdə olublar. Məhəmməd ibn Salman deyib ki, Qətərlə mübahisə hələ uzun müddət çəkə bilər və bunu ABŞ-ın Kubaya qarşı 60 il əvvəl qoyduğu embarqo ilə müqayisə edib. Lakin o, eyni zamanda zəngin Qətərin əhəmiyyətini azaldaraq bu ölkənin Qahirənin bir küçəsindən də balaca olduğunu dilə gətirib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn ötən ilin iyunda Qətərlə diplomatik münasibətlərini kəsib. Bu ölkələr hazırda Qətərə qarşı dəniz və hava blokadasını davam etdirir. Buna baxmayaraq, Qətər dünyanın ən böyük maye qaz ixracatçısıdır və regionda ABŞ-ın ən böyük hərbi bazası da bu ölkədə yerləşir.

Sonda Məhəmməd ibn Salman deyib ki, arada olan ixtilafa baxmayaraq, Qətərin bu ayın sonlarında Səudiyyədə keçiriləcək Ərəb Liqası sammitində iştirakına blok qoyulmayacaq.

Səudiyyənin daha bir rəqibi Yəməndə olan husilərdir. Husilər Səudiyyə Ərəbistanı ilə 2,5 ildir müharibə aparır. Husilərin Ər-Riyada atdığı uzaq mənzilli raket İran istehsalıdır. Səudiyyə husilərin raketi İranın təlimatı ilə atdığını iddia edir.

Səudiyyə Ərəbistanının özündə isə saray müharibəsi gedir. 11 şahzadənin həbs olunması və mülklərinin ələ keçirilməsi birinci vəliəhd Məhəmməd ibn Salmanın bütün rəqiblərinin sıradan çıxarılması deməkdir.

Bu oyunlarda əsas iştirakçılardan biri də Səudiyyənin milli neft şirkəti olan "Saudi Aramco"dur. Tramp bu şirkətin Nyu-York birjasındakı səhmlərini ələ keçirməyi planlaşdırır. Bu prosesin nəticəsində qazanan tərəf ABŞ və İsrail olacaq. Səudiyyənin İranla qarşıdurması birbaşa İsrailin marağındadır. Amerika isə maddi qazanc əldə edəcək.

Səudiyyədə baş verənləri idarə edənlərdən biri də Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Bu ölkə də ABŞ-la birgə hərəkət edir. BƏƏ-nin vəliəhd ibn Salmanın üzərində böyük təsirə malik olduğu deyilir.

Hazırda Səudiyyə Ərəbistanı ilə İran müharibəyə doğru gedir. Yəməndə döyüş uzun zamandır aparılır. İndi İran-Səudiyyə toqquşması başlaya bilər. Qətərin Fars körfəzindəki qonşuları bu ölkəni terrorçuluğa yardım göstərməkdə ittiham edərək, ona qarşı blokadaya başladılar. Ancaq tənqidçilər deyirlər ki, bütün bunlar Qətərin İranla əlaqələr qurması ilə bağlıdır. Onlar Qətərin hərəkətlərini satqınçılıq kimi dəyərləndirirlər.

Digər tərəfdən, İraqdakı indiki hakimiyyət İrana qarşı çox xoş münasibət bəsləyir. Hal-hazırda İraq üzərində nəzarət Səudiyyə Ərəbistanı ilə yaşanan vasitəli müharibədə İran üçün mühüm qələbədir. İranın dəstəyi ilə İraq ordusu İraq və Suriyanın cənub sərhədlərinə qədər irəliləyib. Bu da Bağdaddan Dəməşqə və ümumiyyətlə Aralıq dənizinə qədər olan yolun təmizlənməsi deməkdir. Belə olan halda, bütün bunlar İranın bütün region üzərində təsirinin artmasında tramplin rolunu oynayacaq.

İraq hökuməti Səudiyyə Ərəbistanını İŞİD-i dəstəkləməkdə ittiham edir. Səudiyyə rəsmiləri İran təsirinə qarşı mübarizədə İraqdakı sünni qruplaşmaları maliyyələşdirir. İran isə şiələrin üstünlük təşkil etdiyi İraq hökumətini, həmçinin müttəfiq müqavimət qüvvələrini müdafiə edir.

Digər ərəb ölkəsi olan Bəhreyn əhalisinin 70%-i şiədir, lakin ölkəni dəmir əllə sünni xəlifə klanı idarə edir. 2011-ci ilin "Ərəb baharı" zamanı Bəhreyndə də inqilabi əhval-ruhiyyə baş qaldırmışdı və 100 min nəfər insan öz narazılığını ifadə etmək üçün küçələrə çıxmışdı.

Bəhreyn əhalisinin sayı bir milyondur. Nümayişçilər "Sünnilər və şiələr qardaşdır, bizim ölkəmiz satılmır" şüarı altında küçəyə axışmışdılar. Onlar korrupsiyalaşmış rejimə qarşı etirazlarını bildirirdilər. Səudiyyə Ərəbistanı "arxa bağçadakı" xalq etirazından həyəcanlanmışdı. Onlar dinc nümayişləri şiələrin qiyamı kimi təqdim etdilər və Səudiyyə Ərəbistanı Bəhreynə 1000 nəfər əsgər göndərdi. Bir çox etirazçını həbsxanaya salıb işgəncə verdilər. İran isə nümayişçilərin tərəfini saxladı və üsyanı dəstəkləyib, zorakılığa etiraz olaraq öz səfirini geri çağırdı. Bir sözlə, İran Səudiyyənin bölgədə qarşısını alan əsas qüvvədir.

İranın 80 milyonluq əhalisinin böyük hissəsi şiə müsəlmanlarıdır və ölkə regionun aparıcı şiə mərkəzidir. Hazırki lider Əli Xamneyi əsas xarici və daxili siyasət məsələləri üzrə son sözə malikdir.

İran Suriya prezidenti Bəşər Əsədi müxalif qruplar və özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizəsində dəstəkləyir. İranın İslam İnqilabı Keşikçiləri Korpusu Suriya və İraqda sünni cihadçılarına qarşı əsas rolu oynayıb. İran analitikləri belə hesab edir ki, Səudiyyə Ərəbistanı, Livan hakimiyyətinin bir hissəsini təşkil edən şiə hərəkatı Hizbullaha görə orada sabitliyi pozmağa çalışır…

10699
Teqlər:
müsəlman, İsrail, ABŞ, "Müsəlman qardaşlığı", Misir, Qətər, İslam, İran, Məhəmməd ibn Salman, şahzadə, vəliəhd, Türkiyə, Səudiyyə Ərəbistanı
Əlaqədar
Suriyada yaşanan olaylar dünyada şok effekti yaradıb
ABŞ-dan İrana ultimatum: Son şansınızdır
Politoloq Səudiyyə Ərəbistanı və İran arasındakı gərginliyin səbəblərini açıqladı
İranda sensasion hadisə: Bu, inqilabdır
Mayk Pompeo və Ceyhun Bayramov, arxiv şəkli

"Asan məsələ": Amerikalıların Qarabağda müharibəni dayandırmaq cəhdləri

89
(Yenilənib 20:32 27.10.2020)
Dağlıq Qarabağ münaqişəsini həll etməyin çətin olmadığını deyən Tramp niyə Azərbaycanla Ermənistanı barışdıra bilmədi.

BAKI, 27 oktyabr — Sputnik, Qaliyə İbrahimova. Dağlıq Qarabağda hərbi əməliyyatlar artıq bir aydır ki, davam edir və indiyə kimi üç humanitar atəşkəs cəhdi baş tutmayıb. ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs rejimi uzun sürməyib. Amerikalılar bölgədə təhlükəsizliyi bərpa etməyə söz versələr də, onlara inanan azdır.

Amerikanın oyanışı

"ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı danışıqlarda vasitəçiliyi öz üzərinə götürüb. Bütün səylərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib", – ABŞ Dövlət Departamenti üçüncü humanitar atəşkəsin elan olunduğunu bu sözlərlə bəyan etdi.

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş əvvəlki iki razılaşmanın pozulduğunu nəzərə çatdıran Mayk Pompeo şəxsən bəyan etdi: "Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan (Azərbaycan və Ermənistan XİN-in rəbərləri – red.) atəşkəs rejiminə əməl olunacağına təminat verdilər".

Donald Tramp da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etdiyini nümayiş etdirdi. Nyu-Hempşirdə seçicilər qarşısında çıxış edən ABŞ Prezidenti Qafqazdakı münaqişə ilə "məşğul olacağına" söz verdi. "Niyə də olmasın? Məncə, nə edəcəyini bilən adam üçün bu asan məsələdir", – deyə Ağ Ev rəhbəri öz qeyri-adi üslubuna sadiq qalaraq bildirdi.

Amerikalıların Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturtmaq cəhdini Rusiya Prezidenti də dəstəklədi. "Ümid edirəm ki, Vaşinqton bizimlə həmrəylik göstərəcək və münaqişənin nizamlanmasına kömək edəcək", – deyə Vladimir Putin vurğuladı.

Razılaşmanın pozulması

Humanitar atəşkəs rejimi oktyabrın 26-da yerli vaxtla səhər saat 8-də qüvvəyə mindi. Ancaq üstündən heç yarım saat keçməmiş hər iki tərəf razılaşmanın pozulduğunu bəyan etdi.

Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrini Tərtər və Dağlıq Qarabağla həmsərhəd yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırdı. Ermənistan Müdafiə Nazirliyinin açıqlaması da özünü çox gözlətmədi.

Azərbaycan Prezidenti İlham Əliyev müvəqqəti atəşkəsə etiraz etməsə də beynəlxalq vasitəçiləri məsələyə neytral münasibət göstərməyə çağırdı. "Ermənilər atəşkəs istəyirlərsə, qoy bizim ərazilərimizi tərk etsinlər. Bu baş verməsə, sona qədər mübarizə aparacağıq", – deyə Azərbaycan lideri bəyan etdi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edən digər dövlətlərə də müraciət edərək, xüsusilə, Türkiyəyə Qafqazdakı nüfuzundan istifadə etməsini məsləhət gördü. "Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqlarımız oldu. Ankaranı münaqişənin sülh yolu ilə nizamlamasını dəstəkləməyə inandırmağa çalışırıq", – deyə Rusiya XİN-in rəhbəri bildirdi.

ATƏT-in Minsk qrupu tərəfləri barışdırmaq cəhdindən əl çəkmir. Oktyabrın 29-da həmsədrlər Cenevrədə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə görüşəcəklər. Ancaq RİA Novosti-yə müsahibə verən ekspertlər bu məsələyə şübhə ilə yanaşırlar.

Amerikanın təşəbbüsü

Qafqaz regionu üzrə mütəxəssisi Nurlan Qasımov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyinin lap əvvəldən uğursuzluğa məhkum olduğunu bildirir. Onun sözlərinə görə, hər iki tərəf müvəqqəti atəşkəsdən ehtiyat qüvvə yığmaq və münaqişə bölgəsindəki mövqelərini gücləndirmək üçün istifadə edir.

"Hazırda Laçın dəhlizi uğrunda döyüşlər gedir. Əgər Azərbaycan dəhlizi ələ keçirsə, Ermənistanla Dağlıq Qarabağ arasındakı birbaşa əlaqə kəsiləcək. Bu isə münaqişənin nizamlanması prosesini kökündən dəyişəcək", – deyə Qasımov bildirib.

Mütəxəssis Vaşinqtonun nizamlanma prosesindəki fəallığını Amerikadakı seçki kampaniyası ilə əlaqələndirir. Bununla belə, ABŞ-ın yeni rəhbərliyinin Cənubi Qafqaza marağını tez itirəcəyinə də əmindir.

"İndiyə kimi Vaşinqtondan münaqişənin nizamlanması ilə bağlı yeganə təşəbbüs 1999-cu ildə irəli sürülüb. Həmin vaxt Ki-Vestdə keçirilən görüşdə ABŞ-ın vasitəçisi Pol Qobl ərazilərin mübadiləsi planını təklif etdi: Dağlıq Qarabağ ətrafındakı yeddi bölgə Azərbaycana qaytarılır, Bakı isə Ermənistan-İran sərhədindəki Mehri dəhlizini alaraq Dağlıq Qarabağı və Laçın dəhlizini Ermənistana verir. Lakin İrəvan Mehri dəhlizinin Dağlıq Qarabağı dünya ilə əlaqələndirdiyini əsas gətirərək bu təklifdən imtina etdi. Həmin vaxt Dağlıq Qarabağın ermənilərdə qalması ilə razılaşmayan Azərbaycan tərəfi də planın reallaşmasına razılıq vermədi", – deyə Qasımov xatırladır.

O, ABŞ-ın 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hərəkətlərini tərəfləri barışdırmaq istəyi ilə deyil, "Qafqazın neft və qaz sektoruna sərmayə yatırmaq" arzusu ilə izah edir.

"Bundan sonra Qərb Cənubi Qafqazda neft və qaz boru kəmərlərinin tikintisinə böyük sərmayə qoydu. Azərbaycan nefti Avropadakı Rusiya enerji qaynaqlarına alternativ sayıldı və amerikalılar buna hər cür dəstək verdilər. Müharibə bu layihələrin həyata keçirilməsinin qarşısını ala bilərdi. Ancaq Qoblun planının iflasından sonra Vaşinqton sülhməramlı təşəbbüsünü tamamilə Rusiyaya ötürdü", – deyə Qasımov xatırladır.

Vaşinqton seçkidən sonra Qafqazı unudacaq

ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Pavel Koşkin də Amerikanın sülhməramlı vasitəçiliyini seçkiöncəsi vəziyyətlə əlaqələndirir.

"Tramp üçün bəzi ştatlarda çoxluq təşkil edən erməni diasporunun səsini almaq vacibdir. Bu səbəbdən də münaqişənin həllinə kömək etmək üçün vədlər verir. Ancaq seçkidən sonra Vaşinqton yenidən Qafqazı unudacaq", – deyə ekspert bildirir.

Koşkinin fikirncə, amerikalıların Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesindən uzun müddət kənar qalması okeanın o biri tayından konfliktin idarəolunan münaqişə təsiri bağışlaması ilə əlaqədardır: "ABŞ-da Dağlıq Qarabağ problemi Ukrayna və ya Gürcüstandakı vəziyyətdən fərqli olaraq, qarışıq məsələ kimi qəbul olunmur. Çünki digər dondurulmuş münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində hər zaman Moskva ilə konsensusa getmək imkanı var".

Ağ Evin yeni rəhbəri kim olursa-olsun, Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün əhəmiyyət kəsb etməyəcək. Ancaq vacib məqam odur ki, Qarabağ münaqişəsi Vaşinqtonun Moskvanın fikirlərinə güvəndiyi çox az sayda məsələlərdən biridir.

89
Teqlər:
ABŞ, ATӘT-in Minsk Qrupu, Atəşkəsin pozulması, dinc sakinlər, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan - İlham Əliyev
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"
İlham Əliyev: "Azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar"
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

116
(Yenilənib 02:00 27.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

116
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0