Prezident Administrasiyası

"Görünür, bu addımları yeni seçilmiş prezident atmalıdır"

385
(Yenilənib 16:20 05.02.2018)
Seçkilərin vaxtının ertələnməsinin arxasındakı 3 mühüm amil

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev fevralın 5-də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Milli Məclisin deputatı Rasim Musabəyov
© Sputnik / Murad Orujov
Milli Məclisin deputatı Rasim Musabəyov

Məsələ ilə bağlı millət vəkili, politoloq Rasim Musabəyov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bunun hələlik rəsmi izahatı yoxdur: "Yəni Konstitusiya baxımından belə bir qərar qəbul etmək prezidentin səlahiyyətinə daxildir. Dövlət başçısı bunu edə bilər. Ancaq bunun siyasi zərurəti təbii Prezident Administrasiyası tərəfindən cəmiyyətə izah olunmalıdır və düşünürəm ki, izah olunacaq. Ona görə də bunu qabaqlamaq lazım deyil".

"İndi ortada bir neçə versiya var. Əvvəla, nəzərə alaq ki, prezidentin səlahiyyət müddəti 7 ilədək uzadılıb. 2025-ci ildə parlament və prezident seçkiləri demək olar ki, eyni vaxta düşəcək. Yəni bundan qaçmaq üçün bu, edilib. Və ya may ayında AXC-nin 100 iliyi qeyd olunacaq. Tədbirləri təntənəli keçirmək üçün yenidən seçilmiş prezidentin iştirakı zəruridir. Hər halda, bunlar mənim ehtimallarımdır", — Musabəyov bildirib.

Millət vəkili düşünür ki, beynəlxalq zərurət amili də yeni qərara təsir edə bilər: "Aprel ayında Ermənistanda hakimiyyətin təzədən formalaşması baş verəcək. Yəni, onlar prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçirlər. Orada dəyişikliklər baş verəcək".

"Azərbaycanda isə oktyabr ayında prezident seçkiləri keçiriləcəkdi. Müəyyən mənada, ola bilsin ki, indi başlanan və kifayət qədər nəticələrə hesablanan danışıqlar raundunu uzatmamaq üçün bu addım atılıb. Həmçinin, ola bilər ki, hansısa güzəştlərə seçilmiş yeni prezidentin getməsi daha zəruridir. Bu kampaniyanı oktyabr ayından aprel ayına keçiriblər ki, bunların bəhanələri olmasın, uzadılmasın və bu danışıq dinamikası itirilməsin. Bu da ola bilər", — deputat vurğulayıb.

Bununla belə, R.Musabəyov fikirlərinin hamısının kənardan və heç bir real məlumatlara əsaslanmayan fərziyyələr olduğunu qeyd edib: "Bu məsələ ilə bağlı rəsmi açıqlamaları gözləmək lazımdır".

Xatırladaq ki, prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

"Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin".

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, qurultayda 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
AHİK-in V Qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə prezident İlham Əliyevə müraciət ediblər.
385
Teqlər:
Seçki Məcəlləsi, növbədənkənar prezident seçkiləri, Sputnik Azərbaycan, Rasim Musabəyov, Konstitusiya, Azərbaycan Respublikası, İlham Əliyev, millət vəkili, politoloq, prezident
Əlaqədar
Növbədənkənar seçkilərdə irəli sürüləcək namizədlə bağlı qərar verildi
Prezidentin gözlənilməz qərarının arxasında hansı zərurət dayanır?
Növbədənkənar seçki hazırlığına başlanacağı tarix bəllidir
Prezidentin köməkçisindən növbədənkənar seçkilərlə bağlı çağırış
İlham Əliyev növbədənkənar prezident seçkiləri elan etdi
 Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

11
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

11
ABŞ Dövlət Departamentinin binası, arxiv şəkli

Rusiya səfirliyi ABŞ-ın "təbliğat" ilə bağlı məruzəsini şərh edib

10
(Yenilənib 18:14 06.08.2020)
Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini" nəzərə almağı tövsiyə edib

BAKI, 6 avqust — Sputnik. ABŞ Dövlət Departamentinin "Rusiya təbliğatı" haqqında məruzəsi Moskvanın ABŞ-la əməkdaşlığın bərpası ilə bağlı təkliflərini "susdurmağa" yönəlib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

Bir qədər əvvəl Dövlət Departamenti yanında Qlobal Əməkdaşlıq Mərkəzi "Rusiya Dezinformasiyasının Sütunları" adlı məruzə dərc edib. Məruzədə "Rusiya təbliğatı" anlayışı sistemləşdirilir. Bu anlayışa əsasən dövlət maliyyələşməsi olan Rusiya mediası aid edilib. Dezinformasiyaya misal olaraq Sputnik, RİA Novosti, RT, Birinci Kanal, "Rossiya 24" və digərlərinin xəbər başlıqları göstərilir.

Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini", onların ABŞ sosial şəbəkələrində resurslarının səbəbi açıqlanmadan bağlana biləcəyini nəzərə almağı tövsiyə edib.

Səfirlikdən bildiriblər ki, Dövlət Departamenti "alternativ informasiya mənbələrinin mövcudluğunu qətiyyən bəyənmir". Diplomatik missiya qeyd edib ki, onların nüfuzdan salınması üçün "ciddi resurslardan istifadə olunur".

"Vaşinqtona zidd istənilən səs Kreml və Rusiya xüsusi xidmət orqanlarına xidmət edən "dezinformasiya" elan edilir", - rusiyalı diplomatlar "Facebook"da dərc edilmiş şərhdə qeyd ediblər.

Səfirlik məruzədə yazılmış cəfəng fikirləri açıqlayıb. Belə ki, ABŞ Dövlət Departamenti "rəsmi hökumət kommunikasiyaları" hissəsinə Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini və "Qovorit Moskva" özəl radiostansiyasını daxil edib.

"Əgər bu, amerikalı həmkarlarımızın bu qədər diqqətlə qurduqları bütün konstruksiyanın zirvəsidirsə, onda o, daha çox kartdan düzəlmiş evə oxşayır", - səfirlikdən bildiriblər.

ABŞ Dövlət Departamenti 2021-ci ildə "Rusiya tərəfindən dezinformasiyanın və təbliğatın qarşısının alınması" üçün 138 milyon dollar istəyib. Kreml və Rusiya Xarici İşlər Nazirliyi əvvəllər dəfələrlə Rusiyaya ünvanlanan dezinformasiya ittihamlarını təkzib ediblər.

ABŞ-da xarici yayım üzrə dövlət agentliyi mövcuddur ki, o da Rusiya Ədliyyə Nazirliyinin digər media ilə birlikdə xarici agentlər siyahısına daxil etdiyi "Amerikanın Səsi" və "Azadlıq/Azad Avropa" radiosunun ana strukturudur. 1994-cü ildən Yayım Məsələləri Üzrə İdarəetmə Şurası (BBG) adlanan təşkilat 2018-ci ildə ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) adlandırılıb. Onun çərçivəsində televiziya proqramları buraxılır, lakin demək olar ki, yalnız internet yayım üçün. Agentlik bütünlüklə ABŞ büdcəsindən maliyyələşdirilir. 2017-ci ildə onun xərcləri 748 milyon dollar təşkil edib.

10
Xırdalanda yanğın, arxıv şəkli

Xırdalan yenə qara tüstüyə büründü - VİDEO

0
(Yenilənib 14:49 08.08.2020)
İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb

BAKI, 8 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

0