NATO ordusu

İki NATO ölkəsi arasında müharibə həyəcanı

1456
(Yenilənib 10:07 17.01.2018)
Amerikalılar Afrində kürdləri dəstəkləməkdə davam edərlərsə, toqquşmaya onlar da qarışa bilər

BAKI, 16 yanvar — Sputnik. ABŞ PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə daşınan zenit-raket kompleksləri verib. ABŞ hərbçiləri zenit-raket komplekslərini PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsinə çatdırıb.

Türk tankları, arxiv şəkli
© Photo : Turkish Military/Pool Photo via AP

Zenit-raket komplekslərinin PYD/YPG-yə verilməsi ABŞ-ın rəhbərliyi ilə Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılan beynəlxalq koalisiya ilə əlaqəsi yoxdur. Bu silahlar ABŞ ilə PYD/YPG arasında ikitərəfli razılaşma əsasında terror təşkilatına verilib. "Al-Masdar" agentliyinin məlumatına görə, zenit-raket kompleksləri Türkiyə ordusunun "Fərat qalxanı" əməliyyatı zamanı İŞİD terrorçularından azad etdiyi ərazidəki müxaliflərə qarşı istifadə edilmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi.

İki gün əvvəl İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan beynəlxalq koalisiya, əsas hissəsini PKK-nın qolu olan PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidentinin yaxın günlərdə Türkiyə ordusunun PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib. Türkiyə ordusunun Suriyanın Afrin bölgəsi ilə həmsərhəd ərazilərə ordu topladığı vaxtda məlum olub ki, ABŞ kürdlərdən ibarət yeni ordu qurur.

Vaşinqton bəyan edib ki, İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiya Suriyadakı müttəfiqləri ilə birlikdə 30 min nəfərlik sərhəd mühafizə ordusu quracaq. Təbii ki, Vaşinqtonun Suriyadakı müttəfiqi olan Suriya Demokratik Qüvvələri (SDQ) əslində kürdlərdən ibarətdir. Yeni ordu da kürdlərlə Türkiyə arasında sərhədləri qoruyacaq.

30 minlik ordunun yarısının SDQ-dən təşkil olunacağı və bir qisminin də Suriya-Türkiyə sərhədlərində yerləşdiriləcəyi bildirilir. Sərhəd qüvvələrinin birləşmələri ümumilikdə şimalda Türkiyə sərhədində, cənub-şərqdə isə İraq və SDQ qüvvələri ilə Rusiya və Suriya hökumət qüvvələrinin arasında, Fərat çayı boyunca yerləşəcək.

Aydın məsələdir ki, yeni sərhəd qüvvələrinin əsas təyinatı müharibədən sonra qurulacaq kürd muxtariyyəti və ya federal üsul-idarəsinin sərhədlərini mühafizə məqsədi güdür. Əsas sərhədlər isə təbii ki, Türkiyə ilədir. Məsələ ondadır ki, Türkiyə və Suriya arasındakı mövcud 910 kilometrdən artıq sərhəd xəttinin yarıdan çoxu hazırda faktiki olaraq kürdlərin, formal adı ilə SDQ-nin nəzarətindədir. Bölgədə kürd — SDQ silahlıları ABŞ patrulları ilə birgə keşik çəkir.

Ancaq savaş bitdikdən sonra sərhədlərin daha peşəkar sərhəd qüvvələri tərəfindən mühafizəsi və keçidlərin nəzarətə alınması lazımdır. Bunun üçünsə peşəkar sərhəd qüvvələrinə ehtiyac var. Türkiyə bu qərardan narazıdır. Çünki Ankara sərhədlərində kürd dövləti və ya muxtariyyətinin olmasına razı deyil. Üstəlik, hazırda Türkiyə ordusu 2016-cı ildə azad edilən Əziz-Cerablus xəttinin qərbində anklav şəklində qalan Afrin bölgəsini kürdlərdən təmizləməyə hazırlaşır.

ABŞ-ın son zamanlar kürdlərə dəstəyinin ciddi şəkildə artması, Suriyanın şimalında yeni kürd dövlətinin yaradılacağı barədə xəbərlər tez-tez gündəmə gəlməyə başlayıb. Son 3 ildə Pentaqon kürdləri müasir silahlarla silahlandırıb. Eyni zamanda, hazırda rəsmi olaraq min nəfərdən çox Amerika hərbçisi kürdlərə təlim keçir və eləcə də Türkiyə ilə sərhəddə patrul xidməti həyata keçirir. İndi isə kürdlərin Suriyanın şimalında dövlətinin yaradılacağı xəbərlərinin ardınca sərhəd qoşunlarının yaradılması məsələsi gündəmə gəlib.

Yeri gəlmişkən, ötən ilin sonlarında ABŞ hərbçilərinin SDQ-nin polis qüvvələrinin yaradılması ilə bağlı proqram hazırladığı haqda xəbərlər yayıldı. Kürdlərin Suriyanın şimalında dövlət və ya muxtariyyət qurması Suriya mərkəzi hökuməti qədər Türkiyəni də narahat edir. Türkiyə dövləti sərhədlərində, mərkəzində PKK-nın alt qanadı olan bir təşkilatının dayandığı dövlətin qurulmasına seyrçi qalmaq istəmir. Çünki kürdlərin quracağı dövlət Türkiyədə separatizmi alovlandıra bilər.

Türkiyənin son günlərdə Afrin sərhədinə ordu toplaması və prezident Ərdoğanın açıqlamaları göstərir ki, Türkiyə Suriya ordusunun İdlibdə əməliyyat keçirdiyi bir vaxtda Afrinin kürdlərdən təmizlənməsi əməliyyatı hazırlanır. Maraqlıdır ki, Afrindəki 200 nəfərə yaxın Rusiya hərbçisi də bir neçə gün əvvəl ərazini tərk edərək mərkəzi hökumətin nəzarətindəki qəsəbəyə yerləşib.

Ancaq Türkiyə ordusunun Afrinə hücumu faktiki olaraq yalnız kürdlərlə deyil, həm də ABŞ-la qarşıdurmaya çevrilə bilər. Çünki bölgədə həm də amerikalı hərbçilər var və ötən ilin aprelində vəziyyət gərginləşəndə Türkiyə-Suriya sərhədlərində kürdlərlə Türkiyə ordusu arasındakı zolağa amerikalı patrullar yerləşdirilib. İndi belə çıxır ki, Türkiyə ordusu qəfil hücum edərsə, amerikalılarla savaşmalı olacaq.

Hələlik amerikalılar kürdləri türklərlə təkbaşına buraxmaq niyyətində deyil. Əgər amerikalılar Afrində kürdləri dəstəkləməkdə davam edərlərsə, toqquşmaya onlar da qarışa bilər. Ancaq birbaşa toqquşmaya amerikalı hərbçilərin qarışması az ehtimal olunur. Çünki birincisi, Afrində amerikalı yoxdur. İkincisi də Vaşinqton Türkiyə ilə birbaşa toqquşmaya razı olmaz. Ancaq faktdır ki, yaxınlaşan Afrin əməliyyatı birbaşa olmasa da, dolayısı ilə Vaşinqton ilə Ankaranın qarşıdurmasına çevriləcək.

Ankara Suriyada hərbi əməliyyata başlayarsa, ilk dəfə bu ölkənin ərazisinə rəsmən qoşun yeritmiş olacaq. Türkiyə öz sərhədlərindəki İŞİD və kürd terror qruplarını təmizləməkdə qərarlı olsa da, görünən odur ki, hərbi əməliyyatlar regional siyasi situasiyaya təsir edib. Bu əməliyyatlar nə zamana qədər davam edəcək və Türkiyə üçün nə vəd edir? İndi əsas müzakirələr bu suallar ətrafındadır.

"Fərat Qalxanı" əməliyyatı Suriyadakı "Vəkalət Savaşı"nın başlandığı tarixdən az sonra Türkiyə tərəfinin sıx-sıx dilə gətirdiyi "Tampon bölgə", "Uçuşa qadağan edilmiş bölgə", yaxud "Təhlükəsiz bölgə" plan və tələblərinin xeyli daraldılmış, yenilənmiş versiyasıdır. Türkiyə Suriya müharibəsinə həm birbaşa, həm də dolayısı ilə — Azad Suriya Ordusu vasitəsi ilə girmiş oldu. Ancaq bir qədər fərqlə.

Yəni Türkiyə Cerablus-Azez-Mare xəttində qurmaq istədiyi "Tampon bölgə"ni ən böyük müttəfiqi olan ABŞ-ın dəstəyilə deyil, indiyə qədər bölgədəki qarşıdurmada rəqibləri olan Rusiya-İran-Suriyanın yaşıl işıq yandırmasıyla həyata keçirdi. Hərbi müdaxilə Türkiyənin Suriya məsələsində bir oyunçu kimi yenidən səhnədə yer almasına səbəb oldu. Lakin proseslər Türkiyənin içinə transfer edə bilər. İstisna deyil ki, Vaşinqtonun istəyi də elə budur…

1456
Teqlər:
SDQ, Suriya Demokratrik Qüvvələri, beynəlxalq koalisiya, müttəfiq, kürd, mühafizə, YPG, PYD, PKK terror təşkilatı, hərbçi, İraq, Suriya, sərhəd, ABŞ, ordu, İŞİD
Əlaqədar
Moskva müttəfiqlərinin müdafiəsinə qalxdı
Türkiyə Suriya ilə sərhədə qoşun yeritdi
Şahinoğlu: “Suriyada baş verən son hadisələrdə Türkiyənin rolu yoxdur”
Türkiyə Suriyadakı son olaylarla bağlı səfirləri XİN-ə çağırdı
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

23
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

23
 Türkiyə ordusuna məxsus Bayraqdar PUA-sı, arxiv şəkli

Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi

181
(Yenilənib 11:09 29.11.2020)
Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 28 noyabr — Sputnik. Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

21-ci əsrdə hərbi əməliyyatlar "ucuz" və "qəzəbli başla alınan qərarlar" əsasında təşkil oluna bilməz. Qarabağda baş verən son hadisələr bunu bir daha təsdiqlədi. Hər nə qədər müharibənin gedişatına Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA-lar) mühüm töhfə versə də, Azərbaycanın qələbə qazanmasında bu dövlətin bütövlükdə hərbi təşkilat sistemi, o cümlədən, müdafiə sənayesi potensialı, silah ehtiyatları və logistik imkanları həlledici rol oynadı. Beləliklə, Qarabağ münaqişəsi Türkiyənin "Bayraktar TB2" dronlarının havada qazandığıı uğrurla yanaşı, erməni tərəfinin yerdəki müdafiəsinin zəif təşkilini də ortaya qoydu.

Dağlıq Qarabağda atəşkəsin əldə olunmasından sonra media məkanında müharibənin yekunları ilə bağlə bir sıra məqalələr yer aldı. Bu məqalələrdə əksini tapan fikirləri iki cümlə ilə ümumiləşdirmək mümkündür:

- Azərbaycan ona görə qalib gəldi ki, onun Türkiyə istehsalı olan PUA-ları var idi, Ermənistan isə belə texnikaya sahib deyildi.
- Rusiyanın ağır hava hücumundan müdafiə sistemləri müasir "dron döyüşlərində" qətiyyən işə yaramır.

Bu cür sadələşdirilmiş yanaşma mütəxəssislərin nisbətən mücərrəd hərbi-texniki bilikləri ilə yanaşı, erməni hərbi texnikasının və döyüş heyətinin məhv edildiyini göstərən kadrların çoxluğu ilə də izah olunur. Üstəlik, həm "Bayraktar", həm də Azərbaycan Ordusunun Qarabağdakı istifadə etdiyi digər PUA-lar tərəfindən lentə alınmış videolar düyüşlərin lap əvvəlindən etibarən düşmənə sarsıdıcı mənəvi zərbə vurmağı bacardı.

Ancaq hər bir halda, döyüş sahəsindəki canlı qüvvə və texnikanın məhv edilməsində reaktiv yaylım atəşi sislemləri (RYAS) və artilleriya hissələri daha mühüm rol oynayır və artilleriyanın döyüş gücü PUA-larla müqayisədə dəfələrlə çoxdur. Məsələn, Pentaqon uzun illərdən bəri Əfqanıstan səmalarına hakim olsa da, hələ də yerdəki Talibana qalib gələ bilmir.

Ermənistanın 60-ci illərdən qalma texnikası

Düzgün təşkil edilmiş hava hücumundan müdafiə sistemi qarşı tərəfin pilotsuz təyyarələrini zərərsizləşdirməyə qadirdir və radielektron kəşfiyyat vasitələri bir neçə saniyə ərzində hərbi sursatların döyüş nəzarət nöqtələrinin koordinatlarını əldə etməyə (atəşi susdurmaq üçün) imkan verir. Bununla belə, Qarabağda adda-budda yerləşdirilən erməni qoşunlarının vahid hava hücumundan müdafiə sistemlərinin etibarlı müdafiəni təşkil edə bilməməsi yalnız həmin sistemin "köhnəlmiş" xüsusiyyətləri ilə deyil, həm də təşkilati səviyyədə yol verilən nöqsanlarla izah olunmalıdır. Qeyd edək ki, Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdə "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi. Daha müasir komplekslər olan "Tor-M2KM" (qısa mənzilli) və "Buk-M2E" (orta mənzilli) isə yalnız İrəvanı və Metsamor atom elektrik stansiyasının müdafiəsinə cəlb olunmuşdu.

Ermənistan tərəfinin daha bir problemi – kamuflyaj vasitələrinə etinasızlıqla bağlı idi, ayrı-ayrı obyektlər, sanki "Gəl məni vur" deyə bağırırdılar. Qeyd edək ki, qərargah çadırının birbaşa vurulması bir neçə döyüş vahidini idarəolunmaz vəziyyətə düşməsinə gətirib çıxara bilər ki, bu da döyüş meydanında yüzlərlə, hətta minlərlə əsgərin itirilməsinə bərabərdir.

Digər tərəfdən, 1990-cı illərdə qazanılan qələbə Qarabağda erməni ordusunun məğlubedilməzliyi barədə mif yaratmışdı. Araz çayından Murovdağ silsiləsinə qədər 100 kilometrlik cəbhə xəttində ermənilərin ciddi mühəndis qurğularının olmamasını yalnız bununla izah etmək mümkündür. Açıq səngərlər, atəş nöqtələri, ayrı-ayrı blindajlar – keçən əsrin əvvələrindən qalma istehkam nümunələridir.

Erməni tərəfi uzunmüddətli atəş nöqtələrinə (dəmir betondan hazırlanmış) və yeraltı rabitə şəbəkəsinə də qətiyyən əhəmiyyət verməyib, halbuki bunun üçün kifayət qədər – təxminən 30 il vaxtı var idi. Özü də bu iş çox böyük vəsait tələb etmir. Bu məqamda Suriyada minimum texniki imkanlarla uzun tunellər tikildiyini yada salmaq olar. Elə isə sual olunur: baş nazir Nikol Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi? Yaxud müdafiə naziri David Tonayanın "Yeni müharibə vəziyyətində yeni ərazilər" konsepsiyası hansı hərbi gücə əsaslanırdı?

Dağlıq Qarabağda döyüşlərin yenidən qızışdığı 27 sentyabrda Ermənistanın hərbi potensialı Azərbaycan tərəfinin hərbi gücündən bir neçə dəfə aşağı idi.

Suriya və Liviya təcrübəsi

Rusya Hava Hücumundan Müdafiə sistemlərinin türk PUA-ları ilə müqayisə mövzusuna qayıtsaq, Suriya və Liviyanın hava məkanında "Tor-M2KM", "Buk-M2E" və "Sosna" Zenit Raket Komplekslərindən (ZRK) yüksək peşəkarlıqla istifadəsini yada salmaq lazımdır.

"Tor-M2KM" kompleksi atəş məsafəsi 15 km-ə qədər və tutub-saxlama hündürlüyü 10 km-ə qədər olan gizli hədəfləri (Elektron paramaqnit rezonansı 0,02 kvadrat metrə qədər olan) aşkar edib vurmaq qabiliyyətinə malik səkkiz raketlə təchiz edilib. Bu sistem eyni anda 48 hədəfi müəyyənləşdirə, 10 hədəfi izləyə və 4 hədəfi sıradan çıxara bilir.

"Buk-M2E" kompleksinin maksimum atəş məsafəsi 45 kilometrdir. Sistem 15 metrdən 25 kilometrə qədər hünüdürlükdəki hədəfi tutub-saxlaya bilir. 2,5 Maxa qədər sürətlə aerodinamik hədəfləri və 4 Maxa qədər sürətlə ballistik hədəfləri vurmağa qadirdir. Eyni anda 24 hədəfə (o cümlədən, Elektron Paramaqnit Rezonansı 0,05 kvadrat metrə qədər olan və çətinliklə seçilən obyektlərə) atəş aça bilir.

"Sosna" zenit-raket kompleksi qanadlı raketləri və pilotsuz təyyarələri 12 km-ə qədər məsafədə görür. Ttəminatlı məğlubiyyət zonası: mənzili – 1,3-10 km, hündürlüyü – 2 metrdən 5 km-ə qədərdir. Atəşin idarə olunması sistemi optik-elektronikdir və kompleks özünü hər hansı bir radiasiya ilə büruzə vermir. ZRK günün istənilən vaxtında, istənilən havada, heyət üzvlərinin iştirakı olmadan avtomatik rejimdə işləyə bilir.

Sülhməramlı əməliyyat çərçivəsində Rusiya radielektron müharibəsində ən yeni kompleks hesab olunan "Leer-3" sistemini Dağlıq Qarabağa göndərib. Bu sistemin əsas vəzifəsi 3G və 4G şəbəkələrinin GSM mobil siqnallarını kəsməkdir. Kompleks bir KaMaz avtomobili və 120 kilometr radiusa malik iki-üç "Orlan"-10 PUA-sından ibarətdir. Pilotsuz uçuş aparatı telefonları, planşetləri aşkarlaya, kəşfiyyat apara, məlumatı rəqəmsal xəritəyə qeyd edərək atəş açılması üçün artilleriya qruplarına ötürə bilir.

Qarabağ münaqişəsi həll edilmədi, yenidən donduruldu, bu isə o deməkdir ki, müasir kəşfiyyat və hava hücumundan müdafiə sistemləri əhəmiyyətini qətiyyən itirməyib.

181
 Barak Obama, arxiv şəkli

Obamanı canlandıracaq şəxs məlum oldu

0
(Yenilənib 15:29 30.11.2020)
B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər"

BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın 44-cü prezidenti olan Barak Obamanın həyatını əks etdirən bioqrafik film ekranlaşdırılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, keçmiş prezident onun həyat yolundan bəhs ediləcək filmdə, baş qəhrəmanı-yəni özünün obrazını yaradacaq sənətçinin adını açıqlayıb.

Barak Obamanın sözlərinə görə, onun obrazını kanadalı rep ifaçısı Dreyk (Obri Dreyk Qrem) ifa edəcək.

B.Obama deyib: "Dreyk istedadlı insandır. Hər istədiyini edə biləcək adam təəssüratını bağışlayır. O, nə zaman istəsə bu filmdə mənim obrazımı canlandıra bilər".

Keçmiş prezidentin bəyəndiyi repçi Dreyk isə 2010-cu ildən Barak Obamanın surətini ekranda yaratmaq istədiyini açıqlayıb: "Çox istəyirəm ki, tezliklə belə bir film çəkilsin və mən Obama rolunu ifa edim. Onu nə zaman ekranda görsəm, kanalı dəyişmirəm, diqqətlə Obamanı dinləyir, səs tonuna fikir verirəm".

Qeyd edək ki, Dreyk 2001-ci ildə "Degrassi: The Next Generation" serialında 7 sezon boyunca "Jimmy Brooks" obrazını ifa edib.

0