Vəliəhd Məhəmməd Bin Salman

Səudiyyə Ərəbistanı yol ayrıcında

168
(Yenilənib 11:36 16.01.2018)
Vəliəhd Məhəmməd bin Salman 30 illik qısa bir dövrü ölkəsinin tarixindən silib atmaq istəyir və düşünür ki, bununla istədiyinə nail olacaq

Artıq Səudiyyə Ərəbistanına de-fakto Vəliəhd Məhəmməd Bin Salman tərəfindən rəhbərlik edildiyi hamıya məlumdur. 83 yaşlı Kral Salman bin Əbdüləziz əs-Səud xəstəlik və qocalıq səbəbindən hakimiyyəti idarə etməz vəziyyətdədir. Yenicə Vəliəhd seçilmiş gənc və enerjili, eyni zamanda ambisiyalı Məhəmməd bin Salman bu ölkənin tarixi boyu bənzəri olmayan dəyişikliklər etmək üçün hərəkətə keçib. Hazırda ölkədə korrupsiya, işsizlik, dövlət əmlakının dağıdılması, iqtisadiyyatın sülalə prinsipi üzrə idarə olunmasına qarşı ciddi və bütün dünyada əks-səda doğuran tədbirlər həyata keçirilir. Məhəmməd Bin Salman dünyanın aparıcı informasiya agentliklərinə verdiyi müsahibələrdə və müxtəlif tədbirlər zamanı etdiyi çıxışlarda ölkənin qarşısında çox ciddi dəyişikliklərin durduğunu dəfələrlə bəyan edib. O, artıq sözdən işə keçərək Krallığın var dövlətini dağıdan, korrupsiya piramidasını aradan qaldırmağa və eyni zamanda gələcək tədbirlərin həyata keçirilməsində ona  mane ola biləcək qüvvələrdən yaxa qurtarmağa girişib. Təbii ki, həbs olunan və var-dövləti əlindən alınan şəxslər də sıradan biriləri deyil və ailə  sülaləsinin yaxın adamlarıdır. Çünki Səudiyyə Ərəbistanı Krallığı kimi bir ölkədə idarəetməyə və eyni zamanda iqtisadi resurslara kənardan birisinin yaxın düşməsi mümkün deyil. Gənc və enerjili Vəliəhdin təmizləmə və yenidənqurma işini çətinləşdirən əsas məsələ də budur. O, bir yerdə böyüdüyü, qohumluq əlaqələri ilə bağlandığı insanları indi həbsə atdırmalı, var dövlətini əlindən almalı və hətta ciddi müqavimət göstərəcəyi halda aradan götürməlidir. 

Daxili siyasət və iqtisadiyyatın yeni düzənə salınması tədbirləri hələ aysberqin görünən hissəsidir. Məhəmməd Bin Salman, eyni zamanda ölkənin xarici siyasəti və dini ideologiyasında da islahatlar aparmaq niyyətindədir. İdeologiya və din sahəsində bu gün Krallıqda baş verən hadisələr, insanların İslam və şəriət adı altında buxovlanması Məhəmməd bin Salmanın müdaxilə etmək istədiyi növbəti hədəfdir. Riyadda investorlar qarşısında çıxış edərkən o bildirmişdir: “Biz əvvəlki dövrümüzə — mötədil İslamın hakim olduğu dövrə qayıdırıq, harada ki bütün dinlərə və ölkələrə açıq idik. 30 ildə ölkəmizdə baş verənlər bizim tariximiz deyil”.

Tarixə ekskursiya etdikdə 30 il bundan qabaq Səudiyyə Ərəbistanında nələrin, hansı hadisələırin baş verdiyini və bu hadisələrin krallığın tarixində necə iz buraxdığını müşahidə etmək mümkündür. 30 il bundan qabaq, daha dəqiq 1979-cu ildə diqqətəlayiq iki hadisə baş verib. Bunlardan biri ölkə daxilində baş verən, ölkənin daxili siyasətinə təsir edən üsyan, ikinci isə Yaxın Şərq regionunda köklü dəyişikliklərə gətirib çıxaran İran İslam İnqilabıdır. İkinci hadisə təkcə Səudiyyə Ərəbistanı deyil, regionda mövcud olan ölkələrin istisnasız olaraq hamısının xarici siyasətinə ciddi təsir göstərdi.

Səudiyyə Ərəbistanında baş verən üsyana gəlincə, həmin il ölkədə Səud xanədanı və Qərb nüfuzuna qarşı çıxışlar başlayır. Noyabrın 20-də əslən bədəvi ərəb olan, eyni zamanda Krallığın Milli Qvardiyasının keçmiş zabiti Cuhayman əl-Utaybinin başçılığı altında 500 silahlı şəxs Məkkədəki Böyük Məscidi ələ keçirir və Məhəmməd əl-Qəhtani Mehdi və İslam dünyasını Qərb korrupsiyasından təmizləyəcək xilaskar elan edilir.

Böyük Məscid ətrafında və Məkkə şəhərində döyüşlər 20 gün davam edir, Səudiyyə təhlükəsizlik qüvvələri, ziyarətçilər, silahlılar da daxil olmaqla yüzlərlə insanın ölümü ilə nəticələnir. 

Elə həmin il İranda İslam İnqilabının baş verməsi və inqilabın rəhbəri Xomeyninin Yaxın Şərq ölkələrinə nüfuz etmə haqqında bəyanatları Məkkə hadisələrinin tətikçisi şübhəsini İrana yönəldir. Baxmayaraq ki, İran özü həmin dövrdə çox böyük problemlər yaşayır və  İslam dövlətinin möhkəmləndirilməsi uğrunda daxildə ölüm-dirim mübarizəsi aparırdı. Onun qonşu ölkələrdə bu tezliklə avantüraya başlaması ağlabatan deyil. Eyni zamanda Məkkə əhalisi şiələri heç zaman əsl müsəlman kimi qəbul etməyib. Onların şiə dövlətinin göstərişi ilə hərəkət etmələri versiyası da heç bir məntiqə sığmır.

Xomeyni də öz növbəsində Məkkə hadisələri ilə bağlı Qərbi, xüsusilə Amerikanı günahlandırmışdı.

Bir qədər əvvələ nəzər saldıqda görürük ki, 70-ci illər Krallıqda təlatümlü olub. 1975-ci ildə Kral Faysal (hakimiyyət illəri 1964-1975) krallığı modernləşdirmək istiqamətində addımlar atmağa başlamış və televiziya verilişləri, ümummilli təhsil proqramları, qız məktəbləri və digərləri kimi bir sıra tədbirlər həyata keçirmişdi. Bu müasirləşmə təşəbbüsləri təbii ki, ölkədəki dini qurumların ürəyincə deyildi. Onlar sonda nüfuzlarının və hakimiyyətlərinin itəcəyi təhlükəsi ilə üzləşəcəklərini başa düşürdülər. 

Məkkədə üsyan və İran İslam İnqilabı, Kral Faysalın başlatdığı modernləşmə tədbirlərinin yarıda kəsilməsi və ölkənin geriyə qayıtması ilə nəticələndi. Ölkədə heç əvvəllər mövcud olmayan ciddi dini qaydalar tətbiq olundu, dini qurumların səlahiyyətləri artırıldı, Vəhhabi-Sələfi ideologiyasının gücləndirilməsi və bütün dünyada yayılması üçün vəsaitlər artırıldı. Səudiyyə Ərəbistanı bir onilliyin içərisində konservatizmdən ultrakonservatizmə yuvarlandı. Sonrakı illər Yaxın Şərqdə siyasi mübarizə qızışdıqca monarxiya insanları daha çox əsarətdə saxlamaq üçün dinin rolunu daha da artırdı və dini təşkilatları gücləndirdi. Bu gün xurafatçılıq bu ölkəni bürüyüb və köklü dəyişikliyi qaçılmaz edib.

Ona görə də Vəliəhd Məhəmməd bin Salman, 30 illik qısa bir dövrü ölkəsinin tarixindən silib atmaq istəyir və düşünür k, bununla istədiyinə nail olacaq. Bəs 250 illik Vəhhabi-Səud birliyi? Ondan necə əl çəkməli? Axı bu gün Səudiyyə Ərəbistanında mövcud olan hakimiyyət bu birliyin və razılaşmanın diqtəsi ilə idarə olunur.

168
Donald Trampın tərəfdarları Mançesterdə, arxiv şəkli

Qafqazdan ABŞ-dakı prezident seçkisinə reaksiya: "Bəzi şeyləri artıq bilirik"

659
(Yenilənib 22:10 14.08.2020)
"Təssəvvür edin, Bayden kampaniyasında artıq indidən 2000 nəfərlik xarici siyasət, beynəlxalq təhlükəsizlik, kəşfiyyat və hərbi məsələlər üzrə ekspertlərdən ibarət qrup yaradılıb"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. ABŞ-da keçiriləcək prezident seçkiləri hər keçən gün bir qədər də yaxınlaşır. Təbii ki, dünyanın supergüclərindən birində keçiriləcək və öz nəticəsi ilə dünyaya təsir edəcək seçkilərə Azərbaycanda da maraq böyükdür.

Artıq ABŞ prezidentliyi uğrunda əsas mübarizənin Respublikaçılar Partiyasından hazırkı Prezidenti Donald Tramp və Demokratlar Partiyasının namizədi Co Bayden arasında gedəcəyi heç kimə sirr deyil. Yeri gəlmişkən, sonuncu vitse-prezident postuna namizəd olaraq Kamala Harrisin namizədliyini irəli sürüb. Kamala Harris əsas partiyalardan vitse-prezident postuna namizədliyi irəli sürülən ilk qaradərili qadın kimi artıq ABŞ tarixinə düşüb.

Donald Tramp isə onun vitse-prezident postuna namizədliyini mənfi dəyərləndirərək qeyd edib ki, xanım Harris vergilərin artırılmasının, hərbi xərclərin və şist nefti üzrə hasilatın azaldılmasına tərəfdarı və ən liberal senatordur. Düzdür, hazırkı prezident Donald Tramp koronavirus pandemiyası (COVID-19) ilə bağlı seçkilərin müəyyən müddətə qədər təxirə salınmasını təklif edib. Lakin Ağ Evin qərargah rəisi Mark Midouz seçkilərin məhz bu il noyabrın 3-də keçiriləcəyini bəyan edib.

Görünən budur ki, qeyd olunan tarix yaxınlaşdıqca ABŞ-da prezident kürsüsü uğrunda mübarizə daha da kəskinləşəcək. Sayca 59-cu olacaq seçki namizədlərin vədləri ilə yanaşı, ABŞ-da həmin ərəfədə COVID-19-la bağlı durum, həmçinin Black Live Matters (Qaradərililərin həyatı vacibdir) hərəkatının necə inkişaf etməsindən də asılı olacaq. Sputnik Azərbaycan ABŞ siyasi həyatında son durum, seçki prosesinin gedişi və Demokratlar partiyasından vitse-prezident postuna namizəd Kamala Harrisin seçilməsi ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, ABŞ-ın Kolumbiya Universitetinin məzunu Fuad Çıraqovla həmsöhbət olub.

- Fuad müəllim, artıq ABŞ-da prezidentlik kürsüsü uğrunda mübarizə edən cütlüklər (Tramp – Pompeo və Bayden - Kamala Harris) bəllidir. Ümumiyyətlə, Bayden tərəfindən Kamala Harrisin vitse-prezidentliyə namizəd göstərilməsini necə dəyərləndirirsiniz?

- Son bir neçə ay ərzində demokratlar partiyasının daxilində Baydenin qarşıdan gələn prezident seçkilərində vitse-prezident namizədinin kim olacağı və kimi seçəcəyi barəsində müzakirələr və mübarizələr gedirdi. Hələ bu ilin əvvəlində prezident seçkiləri kampaniyasının ilkin mərhələsində Bayden onun vitse-prezidentinin qadın olacağını bildirmişdi. Son illərdə liberallar arasında qaradərili prezidentdən sonra (Barak Obama - red.) ABŞ-da qadın prezidentin olması haqqında arzular və bunun zərurət olması haqqında fikirlər özünə yer alıb. Ötən dəfəki seçkidə namizədliyini verən Hillari Klintonla bu alınmamışdı. Baydenin bu fikrindən sonra bütün diqqət demokratların öndə gedən qadın siyasətçilərinin üzərində cəmlənmişdi.

Mayın sonunda Minnesotada polisin zorakılıqla qaradərili şəxsi qətlə yetirməsi və daha sonrakı etiraz aksiyalarından sonra Bayden onun vitse-prezident namizədinin həm də qaradərili olacağını bildirdi. Və burada C.Baydenin dilinin bəlasına düşdüyünü də deyirlər. Bundan sonra qadın namizəd kimi demokratlar partiyasının daxilində solçuların lideri və böyük nüfuza sahib ağdərili Elizabet Varrenin namizədliyinin ehtimalı aradan qalxdı. Qaradərili qadın vitse-prezident namizədləri kimi Obama administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Syuzan Rayz, Kaliforniyadan olan senator Kamala Harris və Konqresdə Qaradərili konqresmenlər qrupunun lideri Karen Bassın namizədlikləri önə çıxdı. Yəni Baydenin K.Harrisi özünə vitse-prezident seçməsində onun professional keyfiyyətləri deyil, daha çox cinsi və irqi mənsubiyyəti əsas rol oynayıb.

- ABŞ-da seçki öncəsi durumu necə qiymətləndirirsiniz? Fikrinizcə, hansı namizədin seçkidə qalib gəlmək şansı daha çoxdur?

- Artıq 10 ildən çox müddətdir ki, müşahidəçilər və təhlilçilər ABŞ-ın daxili siyasətini kəskin şəkildə qütbləşmə, ziddiyyətlər, ölkənin daxili və xarici siyasət məsələləri ilə bağlı konsensusun itirilməsi, hətta bəzən müəyyən həssas dövlət orqanlarının fəaliyyət imkanlarının itirilməsi kimi qiymətləndirirlər. 2016-cı il prezident seçkilərində, ondan sonrakı dövrdə və hazırki prezident seçkiləri kampaniyası zamanı ziddiyyətlərin xüsusilə kəskinləşdiyini görürük. Koronavirusun ABŞ iqtisadiyyatına vurduğu zərbə Tramp administrasiyasının iqtisadi sahədə əvvəlki dövrlərdə əldə etdiyi bütün uğurları alt-üst etməklə qarşıdan gələn seçkilərdə onun mövqelərinə ciddi zərbə vurdu. Artıq əksər şərhçilər və bütün sosioloji sorğular daha əminliklə Trampın prezident seçilməyəcəyini proqnoz etməyə cürət edirlər. Məsələn, nüfuzlu The Economist jurnalı D.Trampın rəqibi C.Baydenin qalib gəlmə şansını 83% qiymətləndirir. Hətta bu nəticələr iyunda Trampa yaxın FOXtv televiziya şirkətinin keçirdiyi sosioloji sorğuların nəticələrində də öz əksini tapdı. Belə ki, bu televiziya şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, seçicilərin 48%-i Baydeni, 40%-i Trampı dəstəkləyir. Bu sorğunun nəticələrindən Tramp hiddətlənərək öz tvitter səhifəsində "yalançı sorğunu keçirənləri işdən qovmağa çağırdı". Digər sosioloji sorğularda Trampın ənənəvi olaraq respublikaçıların güclü və hakim olduğu bölgələrdə də mövqelərinin zəiflədiyini görürük. Hər halda seçkilərə hələ var, şəxsən hesab edirəm ki, nəticələr barəsində nəsə əminliklə demək çətindir və tezdir.

- Tramp Administrasiyasının Qafqazla, xüsusi ilə Azərbaycanla bağlı siyasəti təxminən bəllidir. Trampın seçkilərdə qalib gələcəyi təqdirdə bu siyasətdə hansısa kəskin dəyişiklikləri gözləyirsinizmi? Bayden-Harris cütlüyü seçkidə qalib gəlsə, onda yeni hökumət Qafqaz regionu, xüsusilə Azərbaycanla bağlı hansı siyasət yürüdə bilər?

- Görünən odur ki, Bayden prezident seçiləcəyi təqdirdə xarici siyasət məsələlərinə indidən çox ciddi şəkildə hazırlaşmaqdadır. Bu da təbiidir. Çünki ABŞ son illərdə öz mövqelərini dünyada itirməkdədir, bəzi bölgələrdən çəkilməkdədir, eyni zamanda hələ də onun strateji maraqları üçün bir sıra ciddi təhdidlərin və çağırışları necə idarə etməyin lazım olması yollarını tapa bilmir. Həmin çağırışların və təhdidlərin idarə edilməsi haqqında ölkənin ekspert və ictimai rəyində ekspert icması haqqında bütöv və ortaq konseptual yanaşma yoxdur. Həmin mövzular ətrafında müzakirələr və mübahisələr ortaq məxrəclərə və həll yollarının tapılmasına gətirib çıxarmır. Təsəvvür edin, Bayden kampaniyasında artıq indidən 2000 nəfərlik xarici siyasət, beynəlxalq təhlükəsizlik, kəşfiyyat və hərbi məsələlər üzrə ekspertlərdən ibarət qrup yaradılıb. Konkret olaraq Baydenin seçiləcəyi təqdirdə Qafqaz siyasətinə gəldikdə, bu barədə hələ nəsə dəqiq demək çətindir. Dəqiq nəsə demək üçün hələ bir çox şeylər bilinmir. İlk növbədə xarici siyasət və milli təhlükəsizliklə bağlı mühüm postlara məhz kimlərin təyin olunacağı, dünyaya və regiona baxışlarının necə olacağını bilmək lazımdır.

Bayden "Facebook"a tələb irəli sürdü: Tramp "dezinformasiya" yaya bilməsin>>

Bundan əlavə, bəzi şeyləri də artıq bilirik: ilk növbədə Baydenin artıq vitse-prezident kimi xarici siyasət və regionla bağlı müəyyən təcrübəsi formalaşıb. Bu təcrübə və regionla bağlı müəyyən təsəvvürlər Obama administrasiyasının sonuncu iki ilində formalaşmışdı. Ona görə də Bayden administrasiyasının xarici siyasətində müəyyən ardıcıllığın da olacağını deyə bilərik. Digər tərəfdən, Bayden administrasiyasının regionla bağlı siyasəti ABŞ-Rusiya, ABŞ-Çin, ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinin necə olmasından asılı olacaq və ya bu koordinatların kəsişməsində olacaqdır. Baydenin zamanında ABŞ-Rusiya münasibətləri hamar olmayacaq, 2016-cı il prezident seçkilərindən sonra Rusiya demokratlar partiyası üçün xarici siyasətdə ən böyük təhdidə və təhlükə obyektinə çevrildi. Digər tərəfdən, sosioloji sorğular Çinin bu ölkədə ən böyük təhdid kimi qəbul edildiyini göstərir - həm respublikaçılar, həm də demokratlar arasında. Bu məqam da mühüm faktor olacaq. İranla demokratlar yenidən nüvə sazişinə qayıtmağın tərəfdarı kimi çıxış edirlər. Yəni Baydenin prezidentliyi dövründə gərginlik regionda aşağı düşə bilər.

659
Əlaqədar
Tramp Baydenin seçimini təhlükəli adlandırıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?
Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı
Tramp Çin şirkətindən “dolya” istəyir
Neft nasosu və tanker, arxiv şəkli

İqtisadiyyat siyasəti sıxışdırıb: ABŞ Rusiyanın ən yaxşı müştəriləri sırasında

21
(Yenilənib 19:45 14.08.2020)
ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Səudiyyə Ərəbistanı isə hasilatı artırmır. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb və ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

BAKI, 14 avqust — Sputnik, Natalya Dembinskaya. Yarım il ərzində ABŞ Rusiyadan 9 milyon tondan artıq neft məhsulu alıb — bu, 2004-cü ildən bəri rekord göstəricidir. Eyni zamanda, Vaşinqton Avropanın Rusiyanın enerji resurslarından asılılığının güclənməsinə imkan verməmək üçün "Şimal Axını 2" layihəsini hər vəchlə dayandırmağa çalışır. Bəs niyə amerikalılar özləri Rusiyanın enerji resurslarını alırlar? Cavabı RİA Novosti-də.

Rekord ixrac

Rusiya yanvar-iyul aylarında ABŞ-a neft məhsullarının satışından 2,2 milyard dollar qazanıb – bunlar Federal Gömrük Xidmətinin məlumatlarıdır. Okeanın o tayına 7,46 milyon tondan çox neft məhsulu göndərilib ki, bu da ümumi ixracın 12 faizidir. Hamıdan çox Niderland alıb – 12,19 milyon ton, amerikalılar ikinci yerdədirlər, üçüncü isə 4,4 milyon ton ilə Maltadır.

Özü də Niderland və Malta tranzit hablarıdır – oradan neft məhsulları başqa ölkələrə göndərilir. Yəni ABŞ-a faktiki ixrac daha da yüksək ola bilər, çünki Federal Gömrük Xidməti bu cür tədarükləri nəzərə almır.

Həqiqətən də ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ilin ilk beş ayında Rusiya neftinin Amerika tərəfindən idxalı 68 milyon barelə və ya 9,3 milyon tona çatıb. Bu, Federal Gömrük Xidmətinin altı ay üçün olan rəqəmlərindən çoxdur, çünki EIA göndərən ölkəni deyil, istehsalçını qeyd edir.

Bundan başqa, iyulda amerikalılar Rusiya mazutunun tədarükünü artırıblar — iyuna nisbətən 16 faiz çox.

Əvəz etmək üçün heç nə yoxdur

Məsələ bundadır ki, ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Bir sıra neft emalı müəssisələrinin texnologiyası isə yalnız Perm hövzəsindən və Qərbi Texasdan gələn yüngül neftdən istifadə etməyə imkan vermir. Onu Venesueladan alınan ağır neftlə qarışdırmaq lazımdır. Lakin Trampın Venesuelanın PVSDA dövlət şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Amerikanın neft emalı zavodlarında xammalla bağlı ciddi problemlər yaranıb.

"Citgo Petroleum", "Valero Energy", "Chevron" da daxil olmaqla Meksika körfəzi və şərq sahillərinin zavodları ən çətin vəziyyətə düşüb.

Səudiyyə Ərəbistanının kimyəvi tərkibcə yaxın olan nefti alternativ ola bilərdi, lakin səudiyyəlilər hasilatı artırmaqdan imtina ediblər. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb – ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

"Vaşinqton "Qazprom"un "Şimal Axını 2" kəmərinin tikintisinin başa çatdırmasına imkan verməmək üçün əlindən gələni edir. Lakin bu, iqtisadi maraqların üst-üstə düşməsi halında əməkdaşlığa mane olmur", - "Alpari" İnformasiya-Analitik Mərkəzinin rəhbəri Aleksandr Razuvayev qeyd edib.

"Dünyada baş verən son geosiyasi hadisələr neft bazarını Rusiyanın xeyrinə dəyişib. Çünki ABŞ digər iki ölkədən tədarükdən imtina edib və onlara qarşı sanksiyalar tətbiq edib. Beləliklə, "Urals" nefti yeganə əlverişli ağır neft növünə çevrilib", - "A3F Group" şirkətlər qrupunun həmtəsisçisi Aleksandr Dujnikov deyib.

Uyğun xüsusiyyətlərinə əlavə olaraq, Rusiya xammalı qiymətinə görə cəlbedicidir. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında "Urals" markasının bir bareli orta hesabla 40,34 dollara satılıb, ötən ilin yanvar-iyul aylarında isə qiymət 65,27 dollar olub.

Bundan əlavə, neft yükünün daşınma qiyməti əhəmiyyətli dərəcədə azalıb. Karantindən çıxdıqdan sonra isə yanacaq istehlakı artıb – insanlar daha çox hərəkət etməyə və təyyarələrdə uçmağa başlayıblar.

Sənaye böhranı

Neft qiymətlərinin çökməsi səbəbindən ABŞ-da qazma qurğularının sayı minimuma enib. "Dakota Access" neft kəməri ekoloji qanunvericiliyin pozulması səbəbindən bağlanıb.

Gündəlik hasilat 13,1 milyondan 11,1 milyon barelə düşüb. Üstəlik, bu, ABŞ-ın ən məhsuldar şist hövzələri olan Perm, İql-Ford, Bakken, Niobrom, Anadarko, Appalaç və Heynsvil hövzələrində də müşahidə olunur. EIA-nın avqustun 11-də nəşr etdiyi proqnoza görə, bu il sənayenin orta istehsal gücü gündə 11,26 milyon barel, 2021-ci ildə isə 11,14 milyon barel təşkil edəcək. Dekabradək məhz amerikalılar dünya neft tədarükünün azaldılmasına ən böyük töhfəni verəcəklər. Bunu EIA proqnozlaşdırır.

"Haynes & Boone" şirkətinin məlumatına görə, yanvardan etibarən ümumi borcu 25,2 milyard dollar olan 36 neft-qaz şirkəti müflisləşmə prosedurunu işə salıb. Onların arasında ən böyük şist şirkətlərindən biri "Whiting Petroleum", həmçinin "California Resources" və şist sənayesinin pioneri "Chesapeake Enеrgy" var. İyunda başqa bir böyük şist istehsalçısı - "Extraction Oil & Gas" borc faizlərini vaxtında ödəyə bilməyib və iflas proseduruna başlamaq üçün məhkəməyə müraciət edib.

"Rystad Energy" şirkətinin qiymətləndirmələrinə görə, ilin sonuna qədər, demək olar ki, Amerikanın 150 neft-qaz şirkəti özünü iqtisadi cəhətdən müflis elan edəcək.

ABŞ-da şist hasilatı gündə beş milyon bareldən aşağı düşə bilər. "ShaleProfile Analytics" proqnozlaşdırır ki, nəticədə sənaye istehsal güclərinin üçdə birini itirəcək.

21
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Era sona yaxınlaşır: böyük neft şoku yaşanacaq
Şist kollapsı: ABŞ neft hasilatının düşməsi üzrə rekordsmen olacaq
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib
Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?
Rəqabətə tab gətirmədi: Avropa və Asiya Amerikanın maye qazından imtina edir
Peyvənd, arxiv şəkli

Peyvəndləmənin üçüncü mərhələsi bu şəraitdə keçəcək

0
(Yenilənib 00:28 16.08.2020)
Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

BAKI, 16 avqust — Sputnik. Koronavirus peyvəndi sınaqlarının üçüncü mərhələsi ambulator şəraitdə keçiriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bütün könüllülər prosedur üçün evdən gələcəklər. Peyvəndləmə və araşdırmadan sonra isə, geri qayıdacaqlar.

Peyvəndləmə iki mərhələli aparılır. Əvvəlcə antitel səviyyəsinin ölçülməsi üçün qan götürülür. Daha sonra peyvəndin birinci hissəsi vurulur. İkinci iynə isə 21 gündən sonra vurulur. Bundan öncə də qan yoxlanılır. Üç həftədən sonra könüllülər yenidən qan verirlər. Həkimlər antitel artımı müəyyən edir.

Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

Rusiya alimləri infeksiayaya qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

0