Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev. Arxiv şəkli

Yeni güc mərkəzi yaranır: Rusiya-Türkiyə-Azərbaycan ittifaqı

736
(Yenilənib 10:17 19.12.2017)
"Rusiya ilə Qərb bloku ölkələrinin münasibətləri normallaşmayacaq"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. "Türkiyə və Avropa İttifaqı arasında baş verən parçalanma getdikcə dərinləşir və üfüqdə yaxın zamanlarda onlar arasında hər hansı yaxınlaşmanın baş verəcəyi görünmür". Bunu Sputnik Azərbaycan-a rusiyalı politoloq Pavel Klaçkov deyib.

Ankara Avstriyada yeni qurulan hökumətin proqramının əleyhinə çıxıb. Həmin proqramda Avropa İttifaqının Türkiyə ilə müzakirələri dayandırması və bununla bağlı Vyananın müttəfiqlərlə danışıqlar aparması məsələsi əksini tapır.

Klaçkov Aİ-nin Türkiyə ilə müzakirələri dayandırmasının təkcə Avstriyanın arzusu olmadığını qeyd edib. Onun sözlərinə görə, yaxın gələcəkdə Avropada anti-miqrant və anti-islam əhval-ruhiyyəsi daha da möhkəmlənəcək: "Bu dalğa nəticəsində yaxın gələcəkdə Aİ-də Sebastian Kurz kimi yeni-yeni gənc siyasətçilər üzə çıxacaq".

"Vyana-Ankara münasibətlərində baş verənlər Türkiyənin Avropadan imtina etməsinə hesablanmış uzunmüddətli geosiyasi tendensiyanın tərkib hissəsidir" — deyə ekspert bildirib.

Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, baş verən proseslərlə əlaqədar olaraq Türkiyənin təcrid olunmamaq və təklənməmək üçün qardaş Azərbaycanla olduğu kimi, son zamanlar yaxınlaşdığı etibarlı tərəfdaşı Rusiya kimi ölkələrlə də münasibətlərini möhkəmləndirməsi qaçılmazdır: "Avropalı siyasətçilərin anti-miqrant və anti-islam siyasəti onu göstərir ki, Avropa Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına da tələsmir".

"Mən proqnozlaşdırıram ki, Rusiya ilə Qərb bloku ölkələrinin münasibətləri normallaşmayacaq" — deyə politoloq bildirib.

Onun fikrincə, belə olan təqdirdə, yeni güc mərkəzinin yaradılması və möhkəmləndirilməsi mütləq bir zərurətə çevriləcək: "İndi artıq coğrafiya özü Rusiya, Türkiyə və Azərbaycanı müttəfiq olmağa təhrik edir. Və heç bir halda Qərb siyasətçilərinin təxribatlarına uymaq olmaz".

Müsahibimiz əlavə edib ki, bu gün Rusiya, Türkiyə və Azərbaycanın yaxınlaşması istiqamətində obyektiv tendensiya baş verir: "Əgər Qərb onları itiribsə və özündən itələyirsə, heç bir halda bundan qorxmaq lazım deyil. Biz onlar olmadan da yaşayacağıq. Hazırda həm iqtisadi, həm də mədəni xarakterli axınların müəyyən bir konfiqurasiyası baş verir. Yaxın gələcəkdə, 10-15 ildən sonra dünyanın tamamilə başqa şəkli müşahidə ediləcək. Orada Rusiya, Türkiyə və Azərbaycan bir-birinə yaxın, hətta müttəfiq olacaq".

736
Teqlər:
Pavel Klaçkov, müttəfiq, Avropa İttifaqı, Avstriya, Qərb, Rusiya, Türkiyə, Azərbaycan, politoloq
Əlaqədar
Rusiya qazının Türkiyə üzərindən nəqli Azərbaycana nə vəd edir?
Ərdoğan Putinlə Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatının yaranmasını müzakirə edib
Ekspert: Azərbaycanlılar da Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını istəyir
Türkiyə - Rusiya barışığı Azərbaycana nə vəd edir?
Mayk Pompeo və Ceyhun Bayramov, arxiv şəkli

"Asan məsələ": Amerikalıların Qarabağda müharibəni dayandırmaq cəhdləri

89
(Yenilənib 20:32 27.10.2020)
Dağlıq Qarabağ münaqişəsini həll etməyin çətin olmadığını deyən Tramp niyə Azərbaycanla Ermənistanı barışdıra bilmədi.

BAKI, 27 oktyabr — Sputnik, Qaliyə İbrahimova. Dağlıq Qarabağda hərbi əməliyyatlar artıq bir aydır ki, davam edir və indiyə kimi üç humanitar atəşkəs cəhdi baş tutmayıb. ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs rejimi uzun sürməyib. Amerikalılar bölgədə təhlükəsizliyi bərpa etməyə söz versələr də, onlara inanan azdır.

Amerikanın oyanışı

"ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı danışıqlarda vasitəçiliyi öz üzərinə götürüb. Bütün səylərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib", – ABŞ Dövlət Departamenti üçüncü humanitar atəşkəsin elan olunduğunu bu sözlərlə bəyan etdi.

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş əvvəlki iki razılaşmanın pozulduğunu nəzərə çatdıran Mayk Pompeo şəxsən bəyan etdi: "Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan (Azərbaycan və Ermənistan XİN-in rəbərləri – red.) atəşkəs rejiminə əməl olunacağına təminat verdilər".

Donald Tramp da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etdiyini nümayiş etdirdi. Nyu-Hempşirdə seçicilər qarşısında çıxış edən ABŞ Prezidenti Qafqazdakı münaqişə ilə "məşğul olacağına" söz verdi. "Niyə də olmasın? Məncə, nə edəcəyini bilən adam üçün bu asan məsələdir", – deyə Ağ Ev rəhbəri öz qeyri-adi üslubuna sadiq qalaraq bildirdi.

Amerikalıların Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturtmaq cəhdini Rusiya Prezidenti də dəstəklədi. "Ümid edirəm ki, Vaşinqton bizimlə həmrəylik göstərəcək və münaqişənin nizamlanmasına kömək edəcək", – deyə Vladimir Putin vurğuladı.

Razılaşmanın pozulması

Humanitar atəşkəs rejimi oktyabrın 26-da yerli vaxtla səhər saat 8-də qüvvəyə mindi. Ancaq üstündən heç yarım saat keçməmiş hər iki tərəf razılaşmanın pozulduğunu bəyan etdi.

Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrini Tərtər və Dağlıq Qarabağla həmsərhəd yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırdı. Ermənistan Müdafiə Nazirliyinin açıqlaması da özünü çox gözlətmədi.

Azərbaycan Prezidenti İlham Əliyev müvəqqəti atəşkəsə etiraz etməsə də beynəlxalq vasitəçiləri məsələyə neytral münasibət göstərməyə çağırdı. "Ermənilər atəşkəs istəyirlərsə, qoy bizim ərazilərimizi tərk etsinlər. Bu baş verməsə, sona qədər mübarizə aparacağıq", – deyə Azərbaycan lideri bəyan etdi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edən digər dövlətlərə də müraciət edərək, xüsusilə, Türkiyəyə Qafqazdakı nüfuzundan istifadə etməsini məsləhət gördü. "Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqlarımız oldu. Ankaranı münaqişənin sülh yolu ilə nizamlamasını dəstəkləməyə inandırmağa çalışırıq", – deyə Rusiya XİN-in rəhbəri bildirdi.

ATƏT-in Minsk qrupu tərəfləri barışdırmaq cəhdindən əl çəkmir. Oktyabrın 29-da həmsədrlər Cenevrədə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə görüşəcəklər. Ancaq RİA Novosti-yə müsahibə verən ekspertlər bu məsələyə şübhə ilə yanaşırlar.

Amerikanın təşəbbüsü

Qafqaz regionu üzrə mütəxəssisi Nurlan Qasımov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyinin lap əvvəldən uğursuzluğa məhkum olduğunu bildirir. Onun sözlərinə görə, hər iki tərəf müvəqqəti atəşkəsdən ehtiyat qüvvə yığmaq və münaqişə bölgəsindəki mövqelərini gücləndirmək üçün istifadə edir.

"Hazırda Laçın dəhlizi uğrunda döyüşlər gedir. Əgər Azərbaycan dəhlizi ələ keçirsə, Ermənistanla Dağlıq Qarabağ arasındakı birbaşa əlaqə kəsiləcək. Bu isə münaqişənin nizamlanması prosesini kökündən dəyişəcək", – deyə Qasımov bildirib.

Mütəxəssis Vaşinqtonun nizamlanma prosesindəki fəallığını Amerikadakı seçki kampaniyası ilə əlaqələndirir. Bununla belə, ABŞ-ın yeni rəhbərliyinin Cənubi Qafqaza marağını tez itirəcəyinə də əmindir.

"İndiyə kimi Vaşinqtondan münaqişənin nizamlanması ilə bağlı yeganə təşəbbüs 1999-cu ildə irəli sürülüb. Həmin vaxt Ki-Vestdə keçirilən görüşdə ABŞ-ın vasitəçisi Pol Qobl ərazilərin mübadiləsi planını təklif etdi: Dağlıq Qarabağ ətrafındakı yeddi bölgə Azərbaycana qaytarılır, Bakı isə Ermənistan-İran sərhədindəki Mehri dəhlizini alaraq Dağlıq Qarabağı və Laçın dəhlizini Ermənistana verir. Lakin İrəvan Mehri dəhlizinin Dağlıq Qarabağı dünya ilə əlaqələndirdiyini əsas gətirərək bu təklifdən imtina etdi. Həmin vaxt Dağlıq Qarabağın ermənilərdə qalması ilə razılaşmayan Azərbaycan tərəfi də planın reallaşmasına razılıq vermədi", – deyə Qasımov xatırladır.

O, ABŞ-ın 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hərəkətlərini tərəfləri barışdırmaq istəyi ilə deyil, "Qafqazın neft və qaz sektoruna sərmayə yatırmaq" arzusu ilə izah edir.

"Bundan sonra Qərb Cənubi Qafqazda neft və qaz boru kəmərlərinin tikintisinə böyük sərmayə qoydu. Azərbaycan nefti Avropadakı Rusiya enerji qaynaqlarına alternativ sayıldı və amerikalılar buna hər cür dəstək verdilər. Müharibə bu layihələrin həyata keçirilməsinin qarşısını ala bilərdi. Ancaq Qoblun planının iflasından sonra Vaşinqton sülhməramlı təşəbbüsünü tamamilə Rusiyaya ötürdü", – deyə Qasımov xatırladır.

Vaşinqton seçkidən sonra Qafqazı unudacaq

ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Pavel Koşkin də Amerikanın sülhməramlı vasitəçiliyini seçkiöncəsi vəziyyətlə əlaqələndirir.

"Tramp üçün bəzi ştatlarda çoxluq təşkil edən erməni diasporunun səsini almaq vacibdir. Bu səbəbdən də münaqişənin həllinə kömək etmək üçün vədlər verir. Ancaq seçkidən sonra Vaşinqton yenidən Qafqazı unudacaq", – deyə ekspert bildirir.

Koşkinin fikirncə, amerikalıların Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesindən uzun müddət kənar qalması okeanın o biri tayından konfliktin idarəolunan münaqişə təsiri bağışlaması ilə əlaqədardır: "ABŞ-da Dağlıq Qarabağ problemi Ukrayna və ya Gürcüstandakı vəziyyətdən fərqli olaraq, qarışıq məsələ kimi qəbul olunmur. Çünki digər dondurulmuş münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində hər zaman Moskva ilə konsensusa getmək imkanı var".

Ağ Evin yeni rəhbəri kim olursa-olsun, Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün əhəmiyyət kəsb etməyəcək. Ancaq vacib məqam odur ki, Qarabağ münaqişəsi Vaşinqtonun Moskvanın fikirlərinə güvəndiyi çox az sayda məsələlərdən biridir.

89
Teqlər:
ABŞ, ATӘT-in Minsk Qrupu, Atəşkəsin pozulması, dinc sakinlər, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan - İlham Əliyev
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"
İlham Əliyev: "Azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar"
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

118
(Yenilənib 02:00 27.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

118
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti 37 dollara düşüb

0
(Yenilənib 12:38 30.10.2020)
Dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,67 dollar geriləyərək 36,98 dollar, "Light" markalı neftin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 35,62 dollar olub.

Qeyd edək ki, dünya bazarlarında tədarüklə bağlı yaranan narahatlıqlar neftin qiymətinin aşağı düşməsinə təsir göstərir.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0