Saakaşvili tərəfdarları ilə polislər arasında qarşıdurma

ABŞ-ın "edam kötüyünə" çıxardığı prezidentin bircə yolu qalıb

413
(Yenilənib 17:32 15.12.2017)
Azər RƏŞİDOĞLU
Yaranmış vəziyyətdən uduşla çıxa biləcək yeganə qüvvə Rusiyadır

BAKI, 15 dekabr — Sputnik. Mixail Saakaşvili Ukrayna siyasətində yenidən önə çıxır. Gürcüstanın eks-prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru olan Saakaşvili öz ətrafında şou yarada bilir.

Qısamüddətli həbsi onun reytinqinin artmasına səbəb oldu. Hazırda Saakaşvilinin manevr imkanları genişdir. Onun ətrafında toplaşanlar yalnız "şokolad kralı" olan prezident Poroşenkonun əleyhdarları deyil, eyni zamanda hazırkı idarəçilikdən narazı olanlardır.

Belə ki, Ukrayna siyasətində postsovet dövrü elitasının, ənənəvi siyasi qüvvələrin fiaskosu müşahidə edilir. SSRİ-nin dağılması və Ukraynanın müstəqilliyinin əldə olunması prosesində önə çıxmış fiqurlar artıq hamını təngə gətiriblər və Saakaşvili məhz buna "oynayır".

İnsanlar eyni simaları görməkdən artıq beziblər və onları idarə edən Poroşenko klanının nazı ilə də oynamaq istəmirlər. İstər Pyotr Poroşenko, istərsə də Yuliya Timoşenko siyasətlə maraqlanan təbəqənin favoriti ola bilmir və Saakaşvili bundan məharətlə istifadə edir.

Hazırda Ukraynada yeni siyasi qüvvənin meydana çıxmasının bir sosial sifariş olduğunu söyləyə bilərik. Saakaşvili Ukrayna siyasətindəki boşluğun fərqindədir və bu boşluğu doldurmaq üçün hərəkətə keçib. Lakin istər ənənəvi siyasi qüvvələrin, istərsə də oliqarxların simasında Saakaşvilini sıradan çıxara biləcək rəqiblər də mövcuddur.

Digər tərəfdən, Ukrayna cəmiyyəti "narıncı inqilab"lardan boğaza yığılıb, ölkəni silkələyən "dəli Mişa"nın provokasiyalarına uymaq istəmir. Mişa insanlarda belə bir təsəvvür formalaşdıra bilib ki, onun arxasında ABŞ dayanır. Lakin bu, kifayət etmir, onun ölkə daxilində güclü oliqarxiya dəstəyinə ehtiyacı var. Oliqarxlar isə "cığal Mişa" ilə sona qədər oynamaq istəmirlər.

Onun istənilən anda oyun qaydalarını pozmayacağı ehtimalı olduqca azdır. Saakaşvili hər an istənilən müttəfiqini qurban verə bilər, bu, onun üçün adi haldır. Çünki ifrat praqmatikdir və onun üçün müttəfiq anlayışı şərtidir. Elə bu səbəbdən də Mişa ilə uzunmüddətli əməkdaşlıq edən qüvvə demək olar ki, yoxdur. Onun bütün müttəfiqləri son nəticədə düşməninə çevrilib.

Ukraynada cərəyan edən proseslərin yekun hədəfi prezident Poroşenkonun istefasına nail olmaqdır. Mixail Saakaşvilinin arxasında Poroşenkonun gələcək prezident seçkisindəki əsas rəqibi Yuliya Timoşenko və oliqarx İqor Kolomoyski dayanır. Kolomoyski və Saakaşvili mətbuatda bir-birlərini ən ağır sözlərlə təhqir edirdilər, lakin maraqlar onları yenidən müttəfiqə çevirir.

Bəzi siyasi araşdırmaçılar hesab edirlər ki, Saakaşvilinin Poroşenkoya qarşı radikal çıxışları Ukraynanı növbəti inqilab dalğasına sürükləyə bilər. Ukrayna millətçiləri isə o düşüncədədirlər ki, yeni inqilab Rusiyanın xeyrinə ola bilər. Saakaşvilinin son addımları ilə Kremlə xidmət etdiyini söyləyən Ukrayna millətçiləri onun əsas rəqibləridirlər.

Hazırda prezident Poroşenko dilemma qarşısındadır: ya Rusiya ilə yaxınlaşaraq yeni inqilabın qarşısını almalı, ya da mitinqləri amansız formada dağıtmalı və bununla da Ukrayna demokratlarının nifrətini qazanmalıdır.

Ümumilikdə, situasiya Poroşenkoya yaxşı gələcək vəd etmir. O, Vaşinqtondan gözlədiyi dəstəyi ala bilmir. Vaşinqton neytral mövqedən çıxış edir və Poroşenkonu qurban verə biləcəyi mesajını verir.

ABŞ-ın Ukraynada və MDB məkanında yenidən "narıncı inqilablar" etmək gücü yoxdur. Saakaşvili, sadəcə bir təzyiq elementidir və onun Ukrayna prezidenti olmaq şansı olduqca azdır. Yaranmış vəziyyətdən uduşla çıxa biləcək yeganə qüvvə məhz Rusiyadır. ABŞ-ın qurban verdiyi və "edam kötüyünə" çıxardığı "şokolad kralı"nın Kremlə barışıq əli uzatmaqdan başqa yolu qalmır. Əgər, Kreml Poroşenkonun uzatdığı əli sıxarsa, o zaman Saakaşvili oyundan kənar vəziyyətdə qala bilər…

413
Teqlər:
Mişa, Ukrayna siyasəti, Mixail Saakaşvili, Gürcüstan, Pyotr Poroşenko, Ukrayna, Rusiya, oliqarx, ABŞ, prezident
Əlaqədar
Mixail Saakaşvili sərbəst buraxıldı
Saakaşvili məhkəmə qarşısına çıxarıldı
Tbilisi Saakaşvilinin ekstradisiyası tələbində israrlıdır
Mixail Saakaşviliyə geri çəkilmək üçün hədə-qorxu gəliblər
Saakaşvili tərəfdarları ilə polislər arasında əlbəyaxa dava düşdü
Saakaşvili saxlanıldı, Təhlükəsizlik Xidməti bunun səbəbini açıqladı
Saakaşvili intihar etmək istəyir - VİDEO