Serj Sarkisyan və Donald Tusk

Avropa İttifaqı ilə ikitərəfli saziş Ermənistanı blokadadan çıxaracaq?

517
(Yenilənib 18:14 28.11.2017)
Hər bir halda Aİ üçün Azərbaycan Ermənistandan daha vacib tərəfdaşdır

BAKI, 28 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Brüsseldə Avropa İttifaqının V Şərq Tərəfdaşlığı Sammiti keçirilib. 6 postsovet respublikası (Ermənistan, Belarus, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan) və Avropa İttifaqı arasında "Şərq Tərəfdaşlığı" Sammitinin nəticələri son günlərin əsas müzakirə predmetidir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun Brüsseldə görüşü olub
© Official website of President of Azerbaijan Republic

Diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, sammitdə Avrasiya İttifaqına üzv olan Ermənistan rəsmi Brüssellə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çərçivə sazişinə imza atdı. Ermənistanın Brüsseldə saziş imzalamasından bəhs edən bəzi ekspertlər, işğalçı ölkənin bununla önə keçə biləcəyini, üstəlik blokadadan xilas olacağını düşünürlər. Ancaq əks arqumentlər söyləyib rəsmi Bakının Brüsseldə ərazi bütövlüyü ilə bağlı hədəflərinə çatdığını vurğulayanlar da var.

İstənilən halda Brüsel sammiti ciddi müzakirələrə səbəb olub. Vurğulayaq ki, rəsmi Bakı ilə Brüssel arasında sazişin mətni hələ hazırlıq mərhələsindədir və gələn ilin ortalarına qədər imzalanması planlaşdırılır. Sammitdə prezident İlham Əliyevin çıxışı da göstərdi ki, rəsmi Bakı Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiyanın gücləndirməsinə çalışır.

İrəvanın Aİ ilə saziş imzalamasına baxmayaraq, araşdırmaçılar əmindirlər ki, Avropa İttifaqı üçün Azərbaycan Ermənistandan daha vacib tərəfdaşdır. Brüsel sammitində Aİ və rəsmi Bakı arasında Trans-Avropa Nəqliyyat Şəbəkəsinə dair sənəd imzalanması da deyilənlərə bir sübutdur.

Onu da vurğulamaq lazım gəlir ki, sammitin birgə bəyannaməsində Avropa İttifaqı bütün tərəfdaşlarının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini açıqladı. Bundan başqa sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə etdilər və sammit iştirakçılarını regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırdılar.

Qeyd edək ki, Aİ ilə bağlanan müqavilə, 2022-ci ilə qədər İrəvana 116 milyon avro əvəzsiz yardımı, həmçinin nəqliyyat, siyasət, energetika, ekologiya ticarət və investisiya sahəsində əməkdaşlığı nəzərdə tutur. İrəvanda sadəlövhcəsinə inanırlar ki, Avropa İttifaqı ilə ikitərəfli saziş Ermənistanı blokadadan çıxara bilər. Ermənistanın blokadadan çıxması üçün yeganə çıxış yolu bu ölkənin işğala son qoyması və Azərbaycanla, Türkiyə ilə münasibətlərini bərpa edərək regional layihələrə bu və ya digər şəkildə qatılmasıdır.

Bununla yanaşı, Azərbaycanın da Avropa İttifaqı ilə danışıqları intensivləşdirməsi və ikitərəfli sazişin tez bir zamanda imzalanması zərurəti yaranıb. Qərbdə də anlayırlar ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərini Rusiyanın razılığı ilə inkişaf etdirir. İrəvanın Brüseldə imzaladığı saziş ermənilərə Avrasiya İttifaqının tərkibində ola-ola Avropadan maliyyə yardımı almağa və qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmağa imkan verəcək.

"Şərq Tərəfdaşlığı" proqramı Avropa İttifaqının yeni layihələrindən biridir. Proqram 2008-ci ilin mayında İttifaqın üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. "Şərq Tərəfdaşlığı" proqramının əsası 2009-cu ildə Praqada qoyulub. Proqram Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ilə münasibətlərin gücləndirilməsi üçün yeni təşəbbüsdür.

"Şərq Tərəfdaşlığı"nın əsas hədəfi 6 postsovet respublikasını Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.

Əslində, Azərbaycanın və "Şərq Tərəfdaşlığı" proqramımına qoşulmuş digər ölkələrin, Baltikyanı üç keçmiş sovet respublikası kimi Avropa İttifaqına üzv olmamasının və ya bu 6 dövlətin hamısı ilə assosiativ üzvlüyə dair sazişin imzalanmamasının əsas səbəbi deyilməyəcək dərəcədə aydındır. Bu proqramın hədəflərinin 6 dövlətdə də həyata keçməsi mümkündür və əlbəttə, məsələ Baltikyanı ölkələrdən — Latviya, Litva və Estoniyadan heç də çətin reallaşmaz.

Beləliklə, "Şərq Tərəfdaşlığı" sammiti Azərbaycan üçün bir daha bu amillərin vacibliyini təsdiqlədi – Bakı Avropaya inteqrasiyadan imtina edilməyib, əksinə bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlıdır, ölkənin ərazi bütövlüyünün təmin olunması Bakının başlıca problemidir, Avropanın enerji təhlükəsizliyinin qorunmasında aparıcı rollardan birini məhz Bakı oynamaqda davam edəcək.

Brüsel sammitini Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində atılan əhəmiyyətli diplomatik addım da saymaq olar. Bakı Avropaya inteqrasiyada maarqlıdır. Lakin Qarabağ probleminin mövcudluğu bölgə üçün vacib olan layihələrin realizə olunmasına maneçilik törədir və bu məsələdə bir müqəssir mövcuddur – Ermənistan…

517
Teqlər:
postsovet respublikası, Şərq Tərəfdaşlığı Sammiti, Belarus, Gürcüstan, Brüssel, Avropa İttifaqı, Moldova, Ermənistan, Ukrayna, Azərbaycan
Əlaqədar
Vəlizadə: “Azərbaycan gələn ilin əvvəllərində Avropa İttifaqı ilə saziş bağlayacaq”
Məmmədov: “Azərbaycan Avropa İttifaqı ilə strateji saziş imzalamağa hazırdır”
"Azərbaycanın Avropa İttifaqı ilə ticari əməkdaşlığı yüksək səviyyədədir"
"Kataloniya Avropa İttifaqını ağıllandırdı"
Avropa İttifaqından müsəlman ölkələrinə zərbə
Avropa İttifaqından Türkiyəyə daha bir zərbə
ABŞ hərbçiləri, arxiv şəkli

İraqda müharibəyə başlamaq Amerikanı itirmək: bu necə baş verdi

22
Hazırda Amerika cəmiyyətində, bütün idarəetmə sistemində ideoloji parçalanmanın olması ilə bağlı hələ də cavabı verilməmiş bir sual mövcuddur: İraq avantürası olmasaydı, bu fəlakət olacaqdımı?

BAKI, 13 avqust — Sputnik, Dmitri Kosırev. ABŞ-ın hazırkı milli fəlakəti, ilk növbədə, uğursuz İraq avantürası nəticəsində yaranıb: hazırda bu, açıq aydındır. Amerikada bu barədə yenicə nəşr olunmuş kitab 2003-cü ilin martında İraqa müdaxilənin başlanması qərarının necə və kim tərəfindən qəbul edildiyini ətraflı təhlil edir. Amma bu kitab təkcə buna görə yaxşı deyil. Kitab həm də məsələnin yalnız o zamankı hakim komandanın — Corc Buş və digərlərinin qeyri-adekvatlığı ilə bağlı olmamasına dair müzakirələrə səbəb olub. Daha dərin suallar var: məsələn, "qeyri-adekvatlıq haradan doğur?"

Söhbət Robert Dreyperin "Müharibəyə Başlamaq. Buş Administrasiyası Amerikanı İraqa Necə Cəlb Etdi" (To Start a War: How the Bush Administration Took America Into Iraq) adlı işi haqqında gedir. Müəllif Buş ailəsi ilə dostluq əlaqələri saxlayırdı – kitabı yazmağa başlayana qədər. Sonradan eks-prezident onunla danışmaqdan imtina edib. Lakin digərləri imtina etməyiblər. Dreyper o dövrün yüzlərlə rəsmisi ilə müsahibə aparıb: bu, mətni oxunaqlı etməsə də, kifayət qədər faydalı edir.

Gəlin məsələyə müasir dövrün insanının gözü ilə baxaq. İraqdakı müharibə Amerikanı və dünyanı nəyə gətirib çıxardı?

1. Ən aydın nəticə: dünyada yeganə fövqəldövlətin olması, onun dünyanı idarə etməsi barədə 90-cı illərin illüziyasına son qoyuldu. Çünki bu fövqəldövlət hamıya göstərdi ki, o, zəif rəqiblə müharibəni qazana bilir, amma belə qələbə həm də qalibi məhv edir.

2. Məlum oldu ki, həm yaxın müttəfiqlərin (Almaniya və Fransa), həm də xoşməramlı tərəfdaşların (Rusiya) belə bir vəziyyətdə öz nöqteyi-nəzəri ola bilər və onlar lazım gələrsə Amerikanı göz ardı edə bilərlər.

3. Elə alındı ki, Amerika İraqı işğal edərək bütün maliyyə gücü və qüdrəti ilə bu ölkəni xoşbəxt və çiçəklənən edə bilmədi. Deməli, ABŞ-ın (və Qərbin) siyasi və dəyərlər sistemi ixracata yaramır ki, bu da dünyanın onlarla müxtəlif ölkəsini düzgün fikirlərə və hərəkətlərə təhrik edir. Yəni, məlum oldu ki, Amerikasız yaşamaq nəinki mümkündür, hətta lazımdır.

4. Hazırda Amerika cəmiyyətində, bütün idarəetmə sistemində ideoloji parçalanmanın olması ilə bağlı hələ də cavabı verilməmiş bir sual mövcuddur: İraq avantürası olmasaydı, bu fəlakət olacaqdımı? İstənilən halda İraq buna mühüm töhfəsini verdi.

Dreyperin kitabı bizə, ilk növbədə, tamamilə təsadüfi görünən bir süjeti göstərir: Amerika kəşfiyyatının deqradasiyasını. Sən demə, 90-cı illərin sonunda Mərkəzi Kəşfiyyat İdarəsinin Bill Klinton administrasiyası ilə problemləri yaranıb. Məsələ hətta MKİ-nin bir neçə hissəyə bölünməsi perspektivinə qədər gedib çıxıb. Ancaq 2001-ci il sentyabrın 11-də terror aktı baş verdi və MKİ-nin o zamankı rəhbəri Corc Tenetdə idarənin təsirinin dirçəltməklə bağlı ümidlər yarandı.

Yeri gəlmişkən, 90-cı illərdə MKİ-nin uğursuzluqlarının öz səbəbləri var idi. Lakin bundan sonra gülməli bir vəziyyət yarandı – məhz Yaxın Şərqdə (bütün İraq süjetinin nəticələrindən məlum olduğu kim) ağıllı və bacarıqlı mütəxəssislərin çatışmazlığı yarandı. Bu məqamda Tenetə sübut edilməyəni – İraq lideri Səddam Hüseynin 11 sentyabr terror aktını törətmiş "Əl-Qaidə" ilə əlbir olduğunu və ABŞ-a qarşı kütləvi qırğın silahı hazırladığını sübut etmək lazım gəldi.

Bəs belə hallarda pis kəşfiyyat necə davranır? Saxtakarlıq edir və ona inanmağı xahiş edir. Yeri gəlmişkən, 2003-cü illə müqayisədə vəziyyət o qədər də dəyişməyib. "Amerika seçkilərinə Rusiyanın müdaxiləsi" hekayəsi də açıq-aşkar yararsız tezis üzərində qurulub. Ümumiyyətlə, ağıllı kəşfiyyat dövlətə pulunu saxlamağa kömək edir, axmaq kəşfiyyat isə onun üçün böyük problemlər yaradır.

Əgər şəxsən Corc Buş və onun əsas vəzifələrə təyin etdiyi adamlar MKİ-dən bu saxta məlumatı tələb etməsəydilər, heç İraq fəlakəti olmazdı. Bəli, Tenet öz idarəsini "Səddam ABŞ üçün təhlükədir" ideyasını "ictimaiyyətə satan" bir agentliyə çevirdi. Lakin o dövrün bütün əsas personajları — Müdafiə nazirinin müavini Pol Vulfovits və onun rəisi Donald Ramsfeld, Vitse-prezident Dik Çeyni və hamıdan əvvəl prezidentin özü onu tam olaraq buna təhrik edirdilər.

Niyə bunu etdilər? Çünki qlobalizmin, yəni bütün dünyada heç nə ilə məhdudlaşmayan Amerika liderliyinin ideoloqları idilər. Onlar hələ əvvəlki vəzifələrində, 90-cı illərin sonunda Konqresdə "İraqın Azad Edilməsi Aktı"nın qəbul edilməsinə nail olublar, komissiyalar yaradıblar ki MKİ-ni İraqdan (eləcə də İran və Şimali Koreyadan) gələn "təhlükələri" görməməkdə günahlandırsınlar. Terrorçular Nyu-Yorku vuranda isə ölkə idarə olunmayan bir təşvişə düşdü. Adı çəkilən şəxslər bu vəziyyətdən sadəcə faydalanmaya bilməzdilər.

Buşa gəldikdə isə, kitaba əsasən, Səddam onun üçün sadə bir bədheybət deyildi: onu ümumiyyətlə hakimiyyətdə saxlamaq olmazdı – elə digər "düzgün olmayan" xarici liderləri də. Nəhayət ki Amerika üçün özünü yeganə fövqəldövlət kimi göstərməyin vaxtı gəlib çatmışdı.

Nəticə: Dreyperin sözlərinə görə, administrasiyada İraq müharibəsini başlayıb-başlamamaq barədə heç bir müzakirə aparılmadı. Söhbət yalnız nə zaman və necə başlamaqdan gedirdi.

Yəni hakimiyyətə hansısa hazır ideyaları olan adamlar gəlir və onların tabeliyində olanlar isə sırf əvvəlcədən təyin edilmiş bu ideyalara uyğun gələn faktları tapılmalıdırlar (yeri gəlmişkən, bu gün ABŞ-da eyni vəziyyət baş verir, əsasən Çinlə münasibətdə.)

İdeyalar əvvəlcədən təyin ediləndə və faktlar onlara uyğun gəlməli olanda bu, fövqəldövlətin hakim sinfinin deqradasiyası və cahilliyi adlanır. Bu, həm də ümumilikdə onun təhsilli sinifinin deqradasiyasıdır.

Prezidentləri, baş nazirləri və ya kralları dəyişmək mümkündür, lakin bütün bir milləti dəyişmək çox çətindir. Bu fikir Dreyperin kitabına verilmiş rəylərdə də səslənir: "cəmiyyətimiz anti-intellektualdır"; "tarixi, sosiologiyanı, mədəniyyəti öyrətdiyi görünüşünü yaradan məktəblər" pul toplayır və təhsil illüziyasını yaradır...

ABŞ-da və ona müttəfiq ölkələrdə təhsilin deqradasiyası ilə bağlı 90-cı illərdə ciddi danışmağa başlayıblar. Görünür "İraq" və digər problemlərin kökü də elə buradadır.

22
5G K9 robotu, arxiv şəkli

Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...

893
(Yenilənib 11:19 13.08.2020)
Bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır.

Rusiyada robotlar üçün gəlir vergisinin tətbiq edilməsi ideyası gündəmə gəlib. Rusiyanın Mütərəqqi Təhsil İnstitutu belə bir təkliflə Maliyyə Nazirliyinə müraciət edib. Analitiklərin fikrincə, süni intellektin inkişafı yaxın 15-20 ildə 20 milyon rusiyalını işsiz qoya bilər. Vergidən gələn məbləği satıcı, kassir, analitik, mühafizəçi peşələrində çalışan insanların başqa yöndə təhsil almasına yönəltmək mümkün olacaq.

“Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə...

Süni intellektin, robotların, “ağıllı əşyaların”, androidlərin tədricən insanı bir sıra sahələrdən sıxışdırıb çıxaracağı barədə yüzlərlə bədii və sənədli film çəkilib. 1984-cü ildə ekranlara çıxan, milyonların sevimlisinə çevrilən “Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə, müasir dövrün prizmasından bir o qədər də primitiv təsir bağışlayır. Bu gün artıq robotlaşdırılmış və avtomatlaşdırılmış zavodlar, internet və onun yaratdığı informasiya mühiti, evi tam idarə edən avadanlıq və yüzlərlə texnoloji yenilik reallaşıb.

Robotlar insanı, sözün əsl mənasında, sıxışdırıblar. Həyatını daha rahat və komfortlu görməyə can atan insan onu hər yerdə əvəzləyə biləcək texnologiya yaradıb, bu barədə hər gün bəh-bəhlə danışır da. Analitiklər robotların bəşəriyyətin gələcəyinə nə cür təsir edəcəyi ətrafında dayanmadan mübahisə edirlər. Tərəqqinin qarşısını almaq mümkünsüzdür, hər gün yeni texnologiya yaradılır və hər yeni texnologiya dünənin köhnəlmiş avadanlığını əvəzləyir. Hər yeni nəsil robotları daha mükəmməl və funksional fəaliyyət göstərir.

Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi?

Robotların insanı tam sıradan çıxarması, Yer üzündə milyardlarla insanı işsiz qoymağı mümkündürmü? Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi? Adətən yeni avadanlıq, texnologiya istehsal edən şirkətlər, bu sahədə çalışan insanlar tarixə istinad etməyi sevirlər. Antik dövrdə gəmi qulların vasitəsilə hərəkət edirdi, bir müddət sonra taqətdən düşənlərin yerini digərləri tuturdular. Tədricən yelkənli gəmilər meydana gəldi, onları buxarla işləyən gəmilər əvəzlədi. Hazırda atom enerjisi ilə hərəkət edən gəmilər yaradılıb. Okeanda üzən kiçik bir şəhərcikdir sanki.

Avtomobil, dəmir yolu, aviasiya nəqliyyatı inkişaf etdikcə bir çox peşələr sıradan çıxdı. Orada-burada nadir hallarda faytonlara rast gələ bilərik, o da elə-belə gözəllik üçündür. Robototexnikanın sürətli inkişafı bir tərəfdən bəşəriyyətə nə qədər xeyir versə də, bir o qədər də özü ilə problem gətirməkdədir. Bəzən problemin kökünü hələ də anlamırıq. Vaxtilə hər yeni yaranan texnologiya əsasən insanı ağır fiziki zəhmətdən azad edib. Əgər bir neçə əsr öncə dünya əhalisinin 90 faizi kənd təsərrüfatında çalışırdısa, hazırda bu göstərici 3-5 faizə enib. Yəni əvvəllər bu qədər insanın gördüyü işi hazırda müxtəlif növ texnikanın köməyi ilə reallaşdırırıq. Məhsulu da bazara çatdırmaq problem deyil, hər cür sürətli nəqliyyat növü icad olunub.

Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Ağır, fiziki əməkdən azad olan insan gücünü elmin, ədəbiyyatın, incəsənətin inkişafına yönəldib. Minlərlə böyük şəhər və meqapolisdə dünya əhalisinin böyük hissəsinin toplanmasına şərait yaradılıb. Amma robotlar bəşəriyyət üçün daha təhlükəlidir, çünki artıq insan həm fiziki əməkdən azad olub, həm də düşünmək funksiyasını süni intellektin idarə etdiyi sistemlərə ötürməklə məşğuldur. Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Sənaye miqyasında robotlar olduqca geniş istifadə edilir, zavod və fabriklərin bir çoxunda avtomatlaşdırılmış xətlər fəaliyyət göstərir. Hərdən reklamda da tez-tez “insan əli dəymədən istehsal edilib” ifadəsini eşidirik. Qida və alkoqol sənayesində, avtomobil, mobil telefon, smartfon, kompüter istehsalında çoxdan robotlar insanı əvəzləyib. Hətta son dövrlərdə sənaye müəssisələrini ABŞ-a qaytarmaq ideyasını dəstəkləyən Tramp administrasiyası ölkədə tam robotlaşdırılmış zavodların quraşdırılması üçün münbit şərait yaradıb, Çinin “Huawei” şirkətini ABŞ bazarından uzaqlaşdırmaqla İsveçin “Ericsson” şirkətinə ölkə daxilində tam robotlaşdırılmış müəssissə tikməyə imkan verib. Texas ştatında 2020-ci ildə fəaliyyətə başlayan bu “ağıllı fabrik” artıq 5G stansiyaları buraxır. 

Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır

Geyim istehsalı adətən dünyanın bir çox yerində milyonlarla insanı işlə təmin edirdi. Hazırda robotlar bu sahəni də tədricən ələ alırlar. Almaniyanın “Adidas” şirkəti dünyaca məşhur idman geyimi və ayaqqabılarını artıq Avropada robotların köməyi ilə istehsal etməyə başlayıb. ABŞ-da tam avtomatlaşıdırılmış geyim fabrikləri də fəaliyyət göstərir.

Robotlar insanı supermarket kassasında, avtomobil sükanı arxasında, təyyarənin idarə edilməsində, hərbi döyüş zonalarında əvəzləməkdədir. Özü də insanın yol verə biləcəyi səhvlərin heç birini etməz, etsə də, cəmi bir dəfə. Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır, gün-gündən mükəmməlləşirlər. Amma problem daha dərindir, çünki robotlar insanın məhz düşünmək imkanını əlindən alırlar. Bu, bəşəriyyət üçün sözün əsl mənasında təhlükədir. Belə olan halda insanın deqradasiyası, onun həm fiziki imkanlarının, həm də intellektual potensialının aşağı enməsi qaçılmazdır. Biliyi bir nəsildən digərinə ötürmək də zamanla əhəmiyyətsiz olacaq, süni intellektin qurduğu dünyada, onun yaratdığı sistemdə yaşamalı olacağıq. Heç bir fəaliyyət üçün səbəb olmayacaq.

Bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır?

Həkimlər, hüquqşünaslar, jurnalistlər, tərcüməçilər, ümumiyyətlə, ofis işçilərinin əksəriyyəti işsiz qalacaq. Cərrahlıq edən robotlar, hüququ mükəmməl mənimsəyən, hər gün mətbuat üçün yüzlərlə xəbər yazan proqramlar yaradılıb. İnsana müəyyən dərəcədə özünü yaradıcılıqda ifadə etmək mümkün olacaq. Amma bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır? Bəs qalan insanlar nə işlə məşğul olacaqlar?

Elə bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır. Geyim hazırlamağın, smartfon və ya kompüter istehsal etməyin də mənası qalmayacaq. Bunu ala bilən insan yoxdursa, düzəltməyə dəyərmi? Bəşəriyyət artıq bu gün texnologiyanın yarada biləcəyi fəsadları aradan qaldırmaq yollarını araşdırmalıdır. Təşəbbüsü robotlara verməklə qazandığımızı tam itirə də bilərik.

893
Məmur, arxiv şəkli

Mədəniyyət Nazirliyində yeni təyinat - Rüfət Həsənov direktor oldu

0
(Yenilənib 15:13 14.08.2020)
Bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

 

BAKI, 14 avqust — Sputnik. Həsənov Rüfət Rauf oğlu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan bildirir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Qeyd edək ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.

Sənət fəaliyyətinə ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən "Vice Media" şirkətində montaj rejissoru olaraq başlayan rejissor Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva" Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.

R.Həsənov 2013-2017-ci illərdə Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

0
Əlaqədar
Anar Kərimov nazirliyin üç işçisini vəzifədən azad etdi
Qarabağın adıyla halal pul qazanmaq olar - gərək başı da, ürəyi də işlədəsən
Mədəniyyət nazirinə yeni müşavir təyin edildi
Coğrafiya müəlliminin pencəyinin sorağı Türkiyədən gəldi