Şimali Kipr, arxiv şəkli

Onlar üçün canımız yanır, amma əlimiz-qolumuz elə bağlanıb ki...

418
(Yenilənib 19:36 17.11.2017)
Azər RƏŞİDOĞLU
Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanıma məsələsi təkbaşına həll edilə bilməz

BAKI, 17 noyabr — Sputnik. Dünən Bakıda, Şimali Kipr Türk Respublikası (ŞKTR) yaranmasının 34 illiyinə həsr edilmiş tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Şimali Kipr Bakı təmsilçisi Ufuk Turganer Şimali Kipr yaranma tarixindən söz açıb.

O bildirib ki, bu gün (16 noyabr) həm də Şimali Kiprin Bakı təmsilçiliyinin yaranmasından 20 il ötür: "Şimali Kipr Türk Respublikası 1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılan və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlətdir. Bu dövlət 1974-cü ildə yunan millətçilərinin qətliamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində, türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılıb. Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi 1997-ci ildə açılıb və o vaxtdan fəaliyyətimiz davam edir".

Vurğulayaq ki, Azərbaycan və Şimali Kipr arasında münasibətin müsbət olmasına baxmayaraq, Bakının ŞKTR-i bir dövlət kimi tanımaması siyasi dairələrdə çox müzakirə edilir. Bakı belə bir addım atmağa haqlı olaraq tələsmir. Belə ki, Azərbaycanın ərazisinin 20%-dən çoxunun Ermənistan tərəfindən işğal olunması bu istiqamətdə əsas problem olaraq qalır.

Unutmaq olmaz ki, BMT-nin qəbul etdiyi bir çox qərarlarda "Qarabağın Ermənistan, Kiprin isə Türkiyə işğalı altında olduğu" vurğulanır. Azərbaycan Şimali Kipr Türk Respublikasını tanıyarsa, Qarabağ məsələsində bu amil Bakının əleyhinə işləyə bilər.

Buna baxmayaraq, Azərbaycanın Şimali Kipr Türk Respublikası ilə diplomatik münasibətləri də mövcuddur. ŞKTR-də Azərbaycanın, Bakıda isə ŞKTR-in təmsilçiliyi mövcuddur. Bakıda keçirilən müxtəlif beynəlxalq toplantılara ŞKTR nümayəndələri də qatılırlar.

Lakin Azərbaycanın Şimali Kipr Türk Respublikasını tanıma məsələsi təkbaşına həll edilə bilməz. Bu problem beynəlxalq hüquqa uyğun öz həllini tapmalıdır.

Onu da vurğulayaq ki, Şimali Kipr Türk Respublikası (Cümhuriyyəti) rəsmi adı ilə təkcə Türkiyə tərəfindən tanınıb. İlk dövrdə Pakistan və Banqladeş də ŞKTR-i tanısa da, sonradan beynəlxalq təzyiqlər altında geriyə addım atıblar.

Rəsmi olaraq müstəqilliyini tanımasalar da, dünyanın bir çox dövləti ŞKTR ilə münasibətlər qurub. Hal-hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa İttifaqının dəstək ofisi fəaliyyət göstərir.

Beynəlxalq səviyyədə tanınmadığına görə Şimali Kipr mütəmadi olaraq Türkiyədən yardımlar alır. Milli valyutası türk lirəsi olan bu dövlətin bütün idxal və ixrac əməliyyatları məhz Türkiyə üzərindən həyata keçirilir.

Onu da vurğulayaq ki, Azərbaycana müxtəlif məsələlərdə ən çox dəstək verən dövlət Türkiyədir. Eyni zamanda, Şimali Kipr məsələsi Türkiyə üçün çox həssasdır. Və bu məsələdə Azərbaycan beynəlxalq hüququn, beynəlxalq təşkilatların mövqeyini nəzərə almağa məcburdur.

Görünən odur ki, beynəlxalq aləm də Kipr probleminin həllində o dərəcədə maraqlı deyil. Hər hansı bir çıxış yolu da görünmür. Unutmaq olmaz ki, 2004-cü ildə yunan Kipri təktərəfli olaraq Avropa İttifaqına qəbul edildi və bununla da böyük xətaya yol verildi.

Aİ bir qayda olaraq öz sıralarına hər hansı bir dövləti alarkən ondan problemlərini həll etməsini, qarşısına qoyduğu şərtləri yerinə yetirməsini tələb edir. Amma göründüyü kimi, yunan Kiprinin qarşısında hansısa bir tələb qoyulmadı. Yunan Kipri guya hər şeyin yolunda olduğu qənaəti ilə tez-tələsik Avropa İttifaqına qəbul edildi.

Türk Kiprinə gəldikdə isə, Aİ ŞKTR-də keçirilən referendumda fəal iştirak edib, türkləri "Annan planı"nın lehinə səs verməyə səslədi. Şimali Kipri inandırdılar ki, bu addımı atsa, sanksiyalar aradan qalxacaq.

Ən əsası isə ŞKTR-ə söz verilmişdi ki, Şimali Kipr Türk Respublikası da Avropa İttifaqına üzv qəbul ediləcək, lakin bu, baş vermədi. Qərb növbəti dəfə türkləri və müsəlmanları qurban verdi…

418
Teqlər:
ŞKTR, Şimali Kipr Türk Respublikası, münasibət, yunan, Avropa İttifaqı, Ermənistan, Bakı, Türkiyə, Azərbaycan, türk, Qarabağ
Əlaqədar
Kipr danışıqları yenə nəticəsiz qaldı
Kiprlə bağlı tarixi anlaşma
Kipr müzakirələri yanvarın 18-də davam edəcək
Kiprdə tarixi görüş keçirilib
Kipr probleminin həllində sona az qalıb?