AŞPA

"AŞPA-nın Azərbaycana qarşı qətnəmalərinin 3 səbəbi var"

873
(Yenilənib 18:00 12.10.2017)
Millət vəkili: "Azərbaycan müstəqil siyasət yerinə yetirir və bunu həzm etmək istəmirlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı qətnamələrin qəbulu, demək olar ki, yarımboş qalmış bir salonda keçirildi. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev Sputnik Azərbaycan-a açıqlamasında, Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib.

Sahib Alıyev
© Courtesy of Sahib Alıyev
Sahib Alıyev

"Normal məntiqə görə, AŞPA Azərbaycan ilə Ermənistan prezidentlərinin Dağlıq Qarabağ danışıqları öncəsi Ermənistandakı vəziyyətə, Ermənistanın yeritdiyi işğalçılıq siyasətinə diqqət yetirməli idi. Çünki Avropa Şurası özü 2005-ci ildə Ermənistanı işğalçı kimi qiymətləndirib və Ermənistanın işğal etdiyi torpaqlarda etnik təmizləmə siyasəti apardığını təsdiqləyib. Bu da yüz minlərlə insanın haqqının pozulması deməkdir" — deputat bildirib.

"Diqqət məhz buna yönəldilməli idi. Amma yüz minlərlə insanın haqqının pozulması bir qıraqda qalır. İşğal altında olan bir torpaqlarda gedib öz doğmalarının məzarını ziyarət edərkən bir nəfəri öldürülən, ikisi isə zorla aparılıb həbsxanaya salınan Azərbaycandan olan Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin məsələsi qıraqda qalır" — o, əlavə edib.

Alıyevin sözlərinə görə, Azərbaycana bir nəfərlə bağlı Avropa Məhkəməsinin qərarlarını yerinə yetirilməməsinə dair və buna bənzər bir çox hallarda, arxasında heç bir əsası olmayan iradlar bildirilir: "Avropa Məhkəməsinin, Avropa Şurasının özünün də işğal altında olduğunu təsdiqlədiyi Laçından olan Çıraqov və digərləri ilə bağlı qərarı var və bu qərarı Ermənistan yerinə yetirmir. Niyə bununla bağlı Ermənistana heç bir irad bildirilmir? Avropa Məhkəməsinin 10 mindən çox qərarı yerinə yetirilməmiş qalır. Bunu ən çox yerinə yetirməyənlər sırasında qabaqcıl demokratik ölkələr kimi təqdim olunan Böyük Britaniya, Fransa, İspaniya və s. ölkələr var. Niyə bunlara heç bir irad bildirilmir".

Onun qənaətincə, bu, bir daha təsdiq edir ki, bu cür təzyiqlərin göstərilməsində bir məqsəd var: "Necə ki, 1990-cı illərin əvvəllərində Azərbaycan işğala məruz qala-qala ölkəmizi təcavüzkar kimi qələmə verən islamafob qüvvələr var idi. O qüvvələr indi də Azərbaycandan irticaçı obrazı formalaşdırmaq, əli minlərlə insanın qanına batan, terrorçu, separatçı Ermənistandakı və Dağlıq Qarabağdakı hərbi xuntanı demokratik bir obraz kimi göstərmək istəyirlər".

Millət vəkili bildirib ki, Azərbaycana qarşı bu cür təzyiqlərin 3 səbəbi var: "Səbəblərdən biri budur ki, Azərbaycan müstəqil siyasət yerinə yetirir və bunu həzm etmək istəmirlər. İkinci səbəbi budur ki, onlar müsəlman ölkəsinin inkişafını və İslam haqqında deyilənlərin doğru olmadığını öz örnəyi ilə göstərməsini həzm etmirlər. Üçüncü səbəb isə Dağlıq Qarabağ məsələsində haqlı və güclü tərəf olan Azərbaycanı demokratiyadan uzaq, irticaçı bir ölkə kimi təqdim etməklə erməni separatizminə haqq qazandırmaqdır".

Politoloq Araz Əlizadə
© Photo : APA
Politoloq Araz Əlizadə

"Məqsəd budur. Heç də təsadüfi deyil ki, məhz bu qətnamə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü qabağı, yəni, Ermənistan tərəfin torpaqları işğal altında saxlamağa əlində heç bir arqumentinin və gücünün olmadığı bir vaxtda qəbul edilib" — S. Alıyev vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Araz Əlizadə də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, Azərbaycana qarşı qərəzli mövqe var: "Bu da ondan irəli gəlir ki, Azərbaycan müstəqil xarici siyasət yeridir, heç kəsin "çətiri altına" girmir. Nə Rusiyanın, nə Türkiyənin, nə ABŞ-ın, nə Avropa İttifaqının və s. Bu isə onların xoşuna gəlmir".

Depın fikrincə, Azərbaycan bu gün dünyada tək-tük ölkələrdəndir ki, özünə böyük qardaş axtarmır: "Azərbaycan bərabərhüquqlu dost axtarır. Bu isə dünyada özünü güclü sayan dövlətlərin xoşuna gəlmir".

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamələri qəbul edilib.

873
Teqlər:
Araz Əlizadə, Sputnik Azərbaycan, millət vəkili, deputat, Sahib Alıyev, Dağlıq Qarabağ, prezident, Ermənistan, qətnamə, Azərbaycan, AŞPA, Avropa Şurası Parlament Assambleyası
Əlaqədar
Əhmədoğlu: “Müəyyən qüvvələr Azərbaycanın AŞPA-dan çıxmasına çalışır”
Azərbaycan Prezidentinin köməkçisi: "AŞPA nəyə lazımdır?"
AŞPA həmməruzəçilərinin Azərbaycana növbəti səfərinin tarixi məlum olub
Əli Həsənov: "Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir"
"Azərbaycansız AŞPA özü də yaşaya bilməz"
EpiVacCorona peyvəndi

Bu yazını oxumadan əsla COVID-19-a qarşı peyvənd etdirməyin!

49
(Yenilənib 23:09 22.01.2021)
Vaksinasiya nəticəsində daşıyıcı-zülal hər üç peptidi də insanın B-limfositinə çatdırır. Peptidlər onu aktivləşdirir və qoruyucu antikorlar - immunoqlobulinlər ifraz olunmağa başlayır.

BAKI, 22 yanvar — Sputnik, Tatyana Piçugina. "EpiVacCorona" peyvəndi 100 faizlik immunoloji effektivliyə malikdir – preparatı işləyib-hazırlayan "Vektor" Novosibirsk Mərkəzinin alimləri belə düşünürlər. Bu, COVID-19-un törədicisi olan SARS-CoV-2 zülalının parçacıqlarından ibarət sintetik preparatdır. Peyvənd hazırda üç mindən çox könüllü üzərində sınaqdan keçirilir. Bildirilir ki, vaksinin əlavə təsirləri çox az olduğundan, ahıl yaşlı insanlara da vurula bilər. "EpiVacCorona" ilə vaksinasiya olunmaq istəyənlər bu preparat haqqında nələri bilməlidir? Bu barədə daha ətraflı RİA Novosti-nin materialında.

"EpiVacCorona" nədən ibarətdir?

Daşıyıcı-zülala birləşdirilmiş "tikanlı" SARS-CoV-2 koronavirus zülalının üç qısa parçacığından. Onları peptid adlandırırlar ki, peyvəndin adındakı "peptid" sözü də buradan qaynaqlanır. Daşıyıcı-zülal özündə koronavirusun RNT-sini əhatə edən nükleokapsid zülalının parçacıqlarını birləşdirir. İmmunitet reaksiyasını artıran köməkçi maddə rolunu isə alüminium-hidroksid oynayır. Peyvəndin tərkibində başqa köməkçi birləşmələr və su da var. Bütün komponentlər sintetikdir.

Peyvəndin tərkibində hansı peptidlər var?

"Vektor" Dövlət Tədqiqat Mərkəzindən RİA Novosti-yə bildirildiyi kimi, peyvənd peptidləri əsasən, B hüceyrəli epitoplardan ibarətdir, daşıyıcı zülal isə T-helper epitoplarının mənbəyi kimi çıxış edir. Bunun nə demək olduğunu izah edək: SARS-CoV-2 – nukleokapsid qişasına "bükülmüş" RNT molekuludur. Bütün bunlar "tikanlı" zülallarla xaricdən tac kimi bəzədilmiş lipid kisəsinin içindədir. Koronavirus adı da buradan götürülüb. Bu tacşəkilli zülallar virus parçacıqlarının insanın hüceyrəsinə yapışmasına və onun içinə keçməsinə kömək edir. Çoxsaylı araşdırmalar məhz bu "tikan-tac"ın orqanizmdə ən böyük immun reaksiyasına səbəb olduğunu üzə çıxarıb. Elmi terminologiyada "taclı" zülallar – antigen adlanır.

Bu zülalın molekulu çox böyükdür, onlarda epitop adlı xüsusi sahələr mövcuddur. Epitoplar immunitet sisteminin hüceyrələri tərəfindən tanınır və infeksiya ilə mübarizə mexanizmini aktivləşdirir.

"B-epitopları və T-epitopları mövcuddur. Birincilərə antigen determinantları deyilir. Bunlar antigen molekulunun antitellərə yapışan hissələridir. Ancaq əvvəlcə bu sahələr B-limfositlərin reseptorlarına birləşir və antitel ifraz edə bilən plazma hüceyrələrinə çevrilmə prosesi başlayır", – deyə V.N.Orexoviç adına Biotibbi Kimya Elmi Tədqiqat İnstitutunun peptid mühəndisliyi laboratoriyasının rəhbəri Yekaterina Kolesanova izah edir.

Peyvənd necə işləyir?

Vaksinasiya nəticəsində daşıyıcı-zülal hər üç peptidi də insanın B-limfositinə çatdırır. Peptidlər onu aktivləşdirir və qoruyucu antikorlar - immunoqlobulinlər ifraz olunmağa başlayır. Hər bir B epitopu bənzərsiz unikal immunoqlobulinin sintezinə cavabdehdir. Əvvəlcə M (IgM) sinfi anticisimləri, sonra isə IgG anticisimləri əmələ gəlir, ancaq onlar qanda uzun müddət qalaraq orqanizmdə immunitetin olduğunu təsdiqləyir.

"Vektor"un mütəxəssisləri peyvənddən sonra yaranan anticismin koronavirusun tikanlı (taclı) zülalına xas olduğunu bildirirlər.

Vaksinasiya olunmuş könüllülərdən alınan qan zərdabları virusu təsirsiz hala gətirir. Bu isə o deməkdir ki, anticisimlər yalnız "koronavirusu" tanımaqla qalmır, həm də onu məhv edir.

"EpiVacCorona"nın tərkibində koronavirus və ya başqa bir virus varmı?

Peyvəndin tərkibində heç bir virus və ya onun hissəciyi yoxdur. Bu peyvənd tərkibində adenoviruslar olan "Sputnik-V"-dən fərqlənir. "Rospotrebnadzor"un saytında pəyvəndin tərkibi barədə geniş məlumat öz əksini tapıb. Bundan başqa, preparatın təlimat vərəqi də internetdə yerləşdirilib.

"EpiVacCorona"nın tərkibində koronovirus zülalına identik zülal parçacıqları olan peptidlər var. Onları süni şəkildə sintez edib daşıyıcı zülala birləşdiriblər", – Y. Kolesanova belə deyir.

Peptid peyvəndi necə yaradılır?

Peptidlərin kimyəvi sintezi yolu ilə.

"Əgər peptid qısadırsa (8-9 parçacıqdan çox deyilsə), bu sintezi məhlulda aparmaq da mümkündür. Ancaq bu, heç də ucuz başa gələn proses deyil. Nisbətən uzun peptidlər isə bərkfazalı metodla sintez olunur. Bu üsuldan əvvəllər yalnız eksperimental metod kimi istifadə edilirdi. Ancaq indi asanlıqla avtomatlaşdırıldığı üçün istehsal prosesində geniş istifadə olunur. Səkkiz amin turşulu zülal parçasından ibarət peptidləri iki saata bu yolla sintez etmək mümkündür", – deyə Y. Kolesanova peyvəndin istehsal prosesinə aydınlıq gətirir.

Sintetik peptidlər daşıyıcı-zülalla birləşdirilir. Bu dayanıqlı molekullar əldə etmək üçündür. Peptid nə qədər qısa olsa, molekullar bir o qədər tez parçalanır.

Bununla belə, mütəxəssis peptidlərin daşıyıcı-zülalla necə birləşdirildiyini açıqlamır. Çünki bu, şirkət sirridir.

Vaksinasiya necə aparılır?

Peyvənd suspenziya formasında olur və şpris yolu ilə qol əzələsinə vurulur.

Peptid preparatları sürətli immunitet reaksiyası vermir, buna görə də EpiVacCorona iki dəfəyə, 21 günük fasilə ilə, bərabər dozalarda tətbiq olunur.

Hansı əlavə təsirləri var?

I-II mərhələ sınaqlarında iştirak etmiş könüllülər, inyeksiya yerində yüngül ağrının olduğunu və bunun tez də keçdiyini bildiriblər. Başqa xoşagəlməz hal qeydə alınmayıb. Qeydiyyatdan sonrakı testlərdə iştirakçılar (III mərhələ) tərəfindən yaradılan qeyri-rəsmi #EpiVacCorona Telegram kanalında isə preparatın az da olsa əlavə təsirə malik olduğu bildirilib: narahatlıq, inyeksiya yerində gün ərzində müşahidə olunan qızartı, qolda güclü ağrı. Heç kimdə yüksək temperatur, əzginlik müşahidə olunmayıb və ya belə hallar baş versə də, onların peyvəndlə əlaqəsini təsdiqləmək mümkün deyil.

"EpiVacCorona"nın effektivliyi nə qədərdir?

"Preparatın həm immunoloji, həm də profilaktik effekti var. Birincisi, spesifik antitellərin ifrazıdır. Klinik tədqiqatların I-II mərhələlərinin nəticələrinə görə, bütün könüllülərdə spesifik antitellər əmələ gəlib. Profilaktik effektivlik isə peyvənd olunanların xəstəlikdən qorunmasından ibarətdir. Qeydiyyatdan sonrakı klinik tədqiqatlar çərçivəsində araşdırmalar davam edir, bu barədə fevral ayında məlumat veriləcək", - "Rospotrebnadzor"un mətbuat xidmətində məsələni belə şərh ediblər.

"Vektor" Dövlət Elmi Mərkəzindən bildirilib ki, II mərhələnin klinik tədqiqatları hələ başa çatmayıb.

Hazırda plasebo qrupları ilə randomizasiya tədqiqatları aparılır. İnsanları təsadüfi şəkildə qruplara bölürlər. Onlardan bəzilərinə peyvənd, digərlərinə isə adi su məhlulu vurulur. Ancaq bundan nə könüllülərin, nə də həkimlərin xəbəri olub. Üç min iştirakçıdan 2897 nəfəri peyvənd olunub və onlardan dörddən birinə plasebo vurulub. Tədqiqat axırıncı könüllünün peyvənd olunduğu gündən 180 gün sonra tamamlanacaq.

Eyni zamanda, 60 yaşdan yuxarı 150 könüllü üzərində aparılan sınaqlar davam edir. Bu qrupla bağlı ilkin nəticələr də fevral ayında elan olunacaq.

Peyvəndi özümüz yoxlaya bilərikmi?

Bunun üçün peyvəndin ilk dozası tətbiq edildikdən 35-42 gün sonra koronavirus IgG sinfi anticisimləri üçün qan testi vermək lazımdır. Ancaq nəzərə alın ki, bütün test sistemləri EpiVacCorona tərəfindən ifraz olunan anticisimləri "görə" bilmir.

"Rospotrebnadzor"un verdiyi məlumata görə, bunun üçün yalnız "Vektor" Dövlət Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış SARS-CoV-2-IgG-Vector test sistemi işə yarayır.

"Məhdud qruplarda aparılmış müşahidələrin nəticələri göstərir ki, Qamaleya mərkəzinin test sistemi "EpiVacCorona" peptid peyvəndi ilə vaksinasiya olunanların əksəriyyətində müsbət nəticə göstərir. İstehsalçının verdiyi məlumata görə, bu test sistemi xəstədə qoruyucu anticisimlərin olub-olmadığını təyin etməyə imkan verir", - deyə "Vektor"dan bildirilib.

Bundan başqa, peyvəndi işləyib-hazırlayanların sözlərinə görə, "Sanyou Biopharmaceuticals" tərəfindən istehsal olunan rekombinant S1 zülalı "EpiVacCorona" peyvəndinə qarşı antikorları açıq-aydın görə bilir.

Başqa hansı ölkələrdə koronavirus əleyhinə peptid peyvəndi işlənib-hazırlanır?

Peptid peyvəndlər dünyada hələ təcrübə mərhələsindədir. Bu preparatların işlənib-hazırlanması və təsdiqlənməsi çox zəhmətli olduğundan, vaksinlər üzərində iş digərlərinə nisbətən daha ləng gedir. Rusiyada isə bu problemin öhdəsindən təkbaşına gəlmək üçün kifayət qədər resurs və ixtisaslı kadr var.

ÜST-ün 19 yanvar tarixli siyahısında "EpiVacCorona"dan başqa daha iki peptid peyvəndi öz əksini tapıb. Hazırda həmin preparatlar insanlar üzərində sınaqdan keçirilir.

Tübingen Universitetində (Almaniya) yaradılan multipeptid "kokteyli" P-pVAC-SARS-CoV-2 müxtəlif koronavirus zülalının altı peptidindən və xüsusi XS15 lipopeptidindən ibarətdir. Hazırda preparatın I mərhələ üzrə sınaqları davam edir.

Tayvanın UB-612 preparatı üzrə isə II-III mərhələlərdə sınaqlar aparılır.

49
Teqlər:
Sputnik-V peyvəndi, peyvənd, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Fake news

Azərbaycan Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq

25
(Yenilənib 22:45 22.01.2021)
Ekspertlər iki ölkə arasında yaradılması planlaşdırılan Birgə Media Platformasının görəcəyi işlərdən danışırlar.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılır. Media Platformanın yaradılması ilə bağlı saziş ötən ilin sentyabrında imzalansa da, onun formalaşdırılmasına dair işlərə bu ildən start verilib. Belə ki, Milli Məclisin yaz sessiyasında Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi gözlənilir. Memorandumun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında Birgə Media Platformasına ümidlər böyükdür. Xüsusi ilə bu platformanın Azərbaycanın mediasının inkişafına təkan verəcəyi, Türkiyə təcrübəsinin Azərbaycan mediasında tətbiqi gözlənilir.

Sputnik Azərbaycan Parlament Jurnalistləri Birliyinin (PJB) sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı, "Küresel Gazeteciler Konseyi"nin sədri Mehmet Ali Dimlə həmsöhbət olub, onların Birgə Media Platformasından gözləntiləri ilə maraqlanıb.

PJB sədri qeyd edib ki, bu günə qədər Türkiyə-Azərbaycan münasibətləri bütün sahələrdə qardaşlıq səviyyəsində olub:

“Bura siyasi, iqtisadi, mədəni və s. sahələr daxildir. Lakin media sahəsində bunu demək çətindir. Belə ki, bu günə qədər Türkiyədən Azərbaycana səfər edən media qurumlarının nümayəndələri nəinki dünya, heç Türkiyə miqyasında tanınmayan jurnalistlər olub. Son bir ilə qədər Azərbaycanın məsələləri Türkiyə mediasında doğru-düzgün işıqlandırılmayıb”.

Elşad Eyvazlı vurğulayır ki, Türkiyə mediası dedikdə biz daha çox İstanbul mediasını nəzərə almalıyıq: “İstanbul mediası Türkiyənin səsidir, Türkiyənin Avropaya, dünyaya çıxan səsidir. Biz bu günə qədər Azərbaycan Türkiyə media münasibətlərindən danışarkən qeyd etmişik ki, əlaqələrimiz genişdir, qarşılıqlı səfərlər təşkil olunub. Lakin bu əməkdaşlıq məişət səviyyəsindən yuxarı qalxmayıb. Bunu ən azı biz Azərbaycanın problemlərinin Türkiyə mediasında necə işıqlandırılmasından görmüşük. Adlarını çəkməyim, lakin dəfələrlə olub ki, İstanbul mediasında, müəyyən qəzetlərdə Azərbaycan əleyhinə mənasız yazılar gedib. Sonradan başa düşüblər ki, bu ancaq onların məlumatsızlığından irəli gəlib”.

Sədr qeyd edir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ideya müəllifliyi, rəhbərliyi ilə Türkiyə-Azərbaycan Birgə Media Platforması qurulur.

Elşad Eyvazlı vurğulayır ki, Türkiyə-Azərbaycan Birgə Media Platformasında əsas iş jurnalistlərin üzərinə düşür: “Görünən odur ki, hər iki ölkədə - həm Azərbaycan, həm də Türkiyədə olan jurnalistlər bu prosesə çoxdan hazırdırlar. Sadəcə onları doğru istiqamətləndirmək lazımdır. Düşünürəm ki, Platforma bu işi görəcək, hər iki ölkəndən olan jurnalistləri istiqamətləndirəcək”.

PJB rəhbəri Azərbaycan-Türkiyə Birgə Media Platformasından üç qazancımız olacaq:

“Birincisi, Azərbaycanın məsələləri Türkiyə mediasında, dolayısı yolla dünya mediasında işıqlandırılacaq. İkincisi, Azərbaycan və türkiyəli jurnalistlər arasında təcrübə mübadiləsi olacaq. Üçüncüsü isə, ölkələr arasında akademik mübadilələr olacağını gözləyirəm. Türkiyənin aparıcı, nüfuzlu universitetlərində jurnalistika fakültələri var. Belə ki, jurnalistika sahəsində təhsil alan azərbaycanlı tələbələrin Türkiyədə təcrübə keçməsi təşkil oluna bilər. Bu üç istiqamətdə işlər davam edərsə, jurnalistika sahəsində iki ölkə arasında münasibətlər inkişaf edərsə, bu, Türkiyə və Azərbaycanın digər sahələrdə olan münasibətlərinə də təsirsiz ötüşməyəcək".

"Küresel Gazeteciler Konseyi"nin sədri Mehmet Ali Dim isə bu platformanın jurnalistika sahəsində ölkələr arasında əməkdaşlığa töhfə, yeni nəfəs verəcəyini bildirib: “Bu layihə təhsil, qarşılıqlı iş dəstəyi, xəbərlərin mübadiləsi baxımından bizə media pəncərəsindən yeni bir baxış bucağı təqdim edəcək”.

O, həmçinin qeyd edib ki, Birgə Media Platforması beynəlxalq arenada dezinformasiyalarla ortaq mübarizə və dünya birliyinin doğru-dürüst şəkildə məlumatlandırılmasına töhfə verəcək: “Biz buna dair nümunəni Qarabağ müharibəsi zamanı gördük. Belə ki, hər iki ölkənin mediası bir, bərabər çıxış edərək Qarabağ barədə həqiqətlərin, müharibənin gedişatı, Ermənistan tərəfinin dinc əhaliyə, azərbaycanlılara qarşı törətdiyi zorakılıqların dünya mediasına, beynəlxalq arenaya çıxarılması, yayılması məsələsində çox effektiv oldu.

"Küresel Gazeteciler Konseyi" kanalı ilə biz bu platformanın sayəsində Azərbaycana xeyli sayda dünyanın aparıcı KİV-ində fəaliyyət göstərən jurnalistləri gətirdik. Bu jurnalistlər Azərbaycanın işğaldan azad olunan torpaqlarında oldular və orada gördükləri həqiqətləri öz ölkələrinin vətəndaşlarına çatdırdılar”.

Mehmet Ali Dimin fikrincə, gələcəkdə Türkiyə-Azərbaycan Birgə Media Platformasına digər türk dövlətləri də cəlb oluna bilər.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0