ABŞ və Türkiyə bayraqları

Evin "Ərdoğan hiddəti" püskürdü: Bu silah indiyədək istifadə olunmamışdı

1964
(Yenilənib 12:03 11.10.2017)
Bu qalmaqal səfirliyin bir əməkdaşına qarşı irəli sürülən casus ittihamı ilə əlaqəli deyil

BAKI, 10 oktyabr — Sputnik. Türkiyə və ABŞ bir-birilərinə qarşı viza qadağası tətbiq edib. Öncə ondan başlayaq ki, bu iki dövlət bir-birinə müttəfiq kimi yanaşır. Lakin "viza qalmaqalı" iki ölkənin qarşılıqlı münasibətlərində ciddi gərginlik yaradır.

Qaydalara əsasən, hər bir ölkə diplomatik missiyasında işləyən şəxslər barədə, yerləşdiyi dövlətin XİN-nə məlumat verilməlidir. Əks halda sonradan problemlər yaranır.

ABŞ-la müttəfiqləri arasında oxşar hadisələr əvvəllər də baş verib. ABŞ-ın 2013-cü ildə müttəfiq dövlətlərin liderlərinin telefon danışıqlarını dinləməsi hadisəsi unudulmayıb. Vaşinqton viza silahından isə indiyədək müttəfiqlərinə qarşı istifadə etməyib.

Türkiyə ilə ABŞ arasında yaranan diplomatik böhranın, səfirliyin bir əməkdaşına qarşı irəli sürülən casus ittihamı ilə əlaqədar olmadığını ehtimal etmək mümkündür. Bunlar ABŞ-ın uzun müddətdən bəri topladığı, yumşaq ifadə etsək, Ərdoğana hiddətinin nəticəsidir.

Ankara ABŞ-a sığınan Fətullah Gülən və onun tərəfdarlarının təhvil verilməsini tələb edir. Türkiyə Vaşinqtondan Suriyada fəaliyyət göstərən terrorçu PKK-nın qolları olan YPG və PYD-yə silah verməməsinin istəyir. Ankara, həmçinin Türkiyə də daxil olmaqla, bölgə dövlətlərinin ərazi bütövlüyünə hörmət olunmasını tələb edir.

ABŞ — Türkiyə diplomatik böhranının təsadüf etdiyi vaxt da maraq doğurur. İraqın şimalında "müstəqilliklə bağlı referendum" keçirilir. Türkiyə və İran bölgədə elan ediləcək müstəqilliyə qarşı birgə fəaliyyət planı hazırlayır. Ankara və Tehran rəsmiləri İraqla Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını, bölgədə yeni dövlətin yaranmasına imkan verməyəcəklərini bildirir.

Göründüyü kimi, ABŞ müttəfiqlərinə münasibətdə onları növlərə bölür. Məsələn, müttəfiqləri Almaniya ilə Türkiyəyə münasibət eyni deyil.

Xatırladaq ki, ABŞ-ın diplomatik təmsilçiliyi ilə bağlı ən böyük qalmaqal 1979-cu il noyabrın 4-də İranda yaşanıb. İranlı tələbələr Tehranda ABŞ səfirliyinə hücum edərək 66 amerikalı da daxil olmaqla, 99 nəfəri girov götürmüşdülər. Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb edirdilər.

ABŞ isə onu ölkədən uzaqlaşdırmaqla İranda hakimiyyətə yeni gələn qüvvələri sakitləşdirmək niyyətində idi. Nəticədə səfirlik əməkdaşları 444 gün girov saxlanılmışdı. Bu diplomatik qalmaqal ucbatından 1980-ci il aprelin 7-də ABŞ-ın o vaxtkı prezidenti Cimmi Karter İranla əlaqələri kəsmişdi. İndiyədək bu əlaqələr bərpa olunmayıb.

Bu arada, Ankaranın Vaşinqtona təzyiq metodu da mövcuddur. Belə ki, Türkiyə tərəfi NATO-nun İncirlik aviabazasını qapada biləcəyini gündəmə gətirir. Bununla da Ankara ABŞ-la münasibətlərində yaranmış problemlərin ciddiliyini prezident Donald Trampın diqqətinə çatdırmaq niyyəti güdür. ABŞ və NATO-nun Yaxın Şərqdəki əməliyyatları, ümumilikdə bölgədəki maraqları baxımından İncirlik bazasının strateji əhəmiyyəti böyükdür.

NATO-ya üzvlüyün və Avropa Birliyinə namizəd ölkə statusunun istər müdafiə sektoru, istərsə də siyasi-iqtisadi sahədə Türkiyəyə gətirdiyi ciddi dividendlər var. Qərbdən bütün incikliyinə rəğmən, Türkiyə hökuməti də bunu başa düşür.

Rəsmi Ankara Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük, İncirlik bazasının bağlanması tipli məsələləri aktuallaşdırmaqla, sadəcə olaraq, öz tərəfdaşlarına xəbərdarlıq edir, onlara "sizə möhtac deyilik, maraqlarımızı diqqətə almasanız, alternativ axtarmaq zoruna qala bilərik" mesajını göndərir. Türkiyə "İncirlik kartı"ndan bir təzyiq vasitəsi kimi istifadə edir.

Onu da unutmaq olmaz ki, Türkiyənin iqtisadiyyatı daha çox Qərbə inteqrasiya olunub. Türkiyə Qərbdən aldığı iqtisadi üstünlüklərdən imtina edə bilməz. Bundan başqa, Türkiyənin regiondakı nüfuzu da onun NATO üzvlüyünə bağlıdır. Əgər regionda Ankara ilə hesablaşırlarsa, bu, daha çox Türkiyənin Alyansın cənub cinahının əsas həlqəsi olması ilə bağlıdır. Ankara bu amili nəzərə almağa məcburdur…

1964
Teqlər:
Ərdoğan, Tehran, Suriya, Ankara, Vaşinqton, viza, ABŞ, Türkiyə
Mövzu:
ABŞ-Türkiyə gərginliyi (15)
Əlaqədar
Türkiyə-ABŞ böhranı: buzlar əriyir?
ABŞ-ın Türkiyəyə qarşı radikal qərar verməsinin səbəbi ortaya çıxdı
ABŞ və Türkiyə bir-birilərinə qarşı sərt qərarlar qəbul edib
Sadıxov: “ABŞ-ın sanksiya siyasəti ölkələrin strateji kursunu dəyişməyəcək”
S-70 Ovçu pilotsuz uçuş aparatının maketi, arxiv şəkli

Rusiyanın pilotsuz "ovçu"su ABŞ NATO-nu niyə bu qədər narahat edir

16
(Yenilənib 20:23 12.08.2020)
Avrasiya qitəsində Rusiyanın Aerokosmik Qüvvələri sırf müdafiə xarakterli məsələləri həll edir və onun zərbə aviasiyasının imkanlarını Rusiya sərhədlərinin perimetri boyunca yerləşdirilmiş hava hücumundan müdafiə sistemləri və vasitələri əhəmiyyətli dərəcədə tamamlayır.

BAKI, 12 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. ABŞ-ın ağır pilotsuz uçuş aparatları əsasən "üçüncü dünya" ölkələrində qiyamçılara qarşı mübarizə üçün nəzərdə tutulub. Rusiyanın hazırladığı "5-ci nəsil qırıcı təyyarə qatili" isə süni intellektlə təchiz edilib və Su-57 ilə qarşılıqlı fəaliyyət qabiliyyətinə malikdir.

Rusiyanın Qərb "tərəfdaşları" onun yüksək texnologiyalı silahlar sahəsindəki uğurlarından o qədər narahatdırlar ki, hətta nüfuzlu maliyyə-iqtisadiyyat jurnalı "Forbes" avqustun 7-də əsas mövzusundan uzaqlaşıb və Rusiyanın S-70 "Oxotnik" (Ovçu) ağır pilotsuz uçan aparatının ABŞ-ın analoji pilotsuz uçan aparatları ilə müqayisəsinə başlayıb.

Amerika nəşri qeyd edir ki, ABŞ-ın MQ-9 "Reaper" dronundan fərqli olaraq, Rusiyanın kəşfiyyat-zərbə dronu hava hücumundan müdafiə vasitələri olmayan üsyançılarla mübarizə üçün deyil, tammiqyaslı hərbi münaqişələr üçün nəzərdə tutulub. "Oxotnik" kəşfiyyat vasitələrini və 6 tondan çox bomba və ya "yer-hava" və "hava-hava" raketlərini 5000 kilometr məsafəyə daşıya bilir. "Oxotnik" uçuş məsafəsi və silahlanma müxtəlifliyi baxımından misilsiz imkanlara malikdir. Bu dron zahirən "Northrop Grumman" şirkətinin X-47B layihəsinə oxşayır, lakin o, başqa yolla gedir. "Oxotnik" pilotsuz uçan aparatının layihələndirmə işinin əhəmiyyətli dərəcədə sürətləndirilməsi planları açıqlanıb. Onun kütləvi tədarükü isə 2024-cü ildə başlayacaq.

ABŞ-ın oxşar layihəsi yerində sayır. Amerikanın ağır X-47B dronunun ilk uçuşu 2011-ci ildə baş tutub (həmin vaxt "Suxoy" korporasiyasında "Oxotnik"in yaradılması hələ başlayırdı). Pentaqon UCLASS – perspektivli pilotsuz uçan aparatların hərbi dəniz qüvvələri üçün adaptasiyası – proqramını 2013-cü ildə işə salıb ki, 2020–ci ilədək bu döyüş maşınının operativ hazırlığına nail olsun (dörd iştirakçı şirkət hərəsi 15 milyon dollar alıb). Hələ 2015-ci ildə hərbi dəniz qüvvələrinin mütəxəssisləri göyərtə dronuna ehtiyac olduğuna (onun effektivliyinə) şübhə edirdilər. Sonra isə işlər pis getdi. UCLASS proqramı çərçivəsində X-47B pilotsuz təyyarəsinin statusu zərbə dronundan kəşfiyyat dronuna, sonra isə sadəcə uçan yanacaqdolduran təyyarəyə qədər düşdü.

ABŞ hərbi hava qüvvələri hazırda XQ-28 "Valkyrie" dronunu "sadiq bələdçi" (loyal wingman) kimi sınaqdan keçirir. "Valkyrie" nisbətən kiçik zərbə dronudur və cəmi 450 kq faydalı yükü (bir-iki bomba və ya raket) qaldıra bilir və stels (radarlardan gizlənmək) keyfiyyətlərinə malik deyil. "Forbes" məcbur olaraq qeyd edir ki, dron sahəsində işə ilk başlamasına baxmayaraq, "ABŞ finişə Rusiyadan sonra çata bilər". Yüksək texnologiyalı silahlar sahəsində bu, artıq bir tendensiyadır.

İntellektli döyüşçü

ABŞ-ın "The Drive" nəşri də Rusiyanın ağır pilotsuz uçan aparatına bir sıra məqalələr həsr edib: "Oxotnik" qırıcıya bənzəyir və kifayət qədər təsirli görünür – onun ölçüləri silahları onun içərisində yerləşdirməyə, dizaynı isə səsdən yüksək sürətlə uçmağa, eləcə də ən son qırıcı Su-57 ilə birlikdə "sadiq bələdçi" kimi uçmağa imkan verir.

Ona olan maraq təbiidir. Ağır kəşfiyyat-zərbə dronunu yaratmağa qadir olan ölkələrin sayı çox azdır. Pilotsuz zərbə təyyarələrinin 5-ci nəsil döyüş təyyarələri ilə inteqrasiya texnologiyasını isə hələ ki, heç kəs mənimsəməyib. Yəqin ki, Rusiya birinci olacaq.

"Oxotnik"in dəqiq xüsusiyyətləri, döyüş məqsədi, təchizatı və silahlanması hələ uzun müddət gizli qalacaq. Məlumdur ki, dron "uçan qanad" sxemi üzrə, kompozit materiallardan istifadə etməklə yaradılıb ki, bu da aparatı düşmən radarları üçün görünməz edir. Bu dron idarə olunan dartma vektorlu reaktiv mühərriklə təchiz olunub və saatda 1000 kilometr sürət yığa bilir. O, 5-6 ton döyüş yükünü daşımağa qadirdir. Uçuş kütləsi 20 tona qədərdir. "Oxotnik"in sınaq uçuşları ikinci ildir ki, davam edir.

Bundan başqa, "Oxotnik"ə və onun bir sıra "kiçik qardaşlar"ına süni intellekt aşılayırlar. Ehtimal etmək olar ki, Su-57 ağır qırıcıları ilə qruplarda (birinci mərhələdə Rusiya Müdafiə Nazirliyi 76 dron sifariş edib) "ağıllı" pilotsuz uçan "ovçu"ların hərbi imkanları daha da artacaq. Çünki Su-57 400 kilometrədək məsafədə hava və yerüstü hədəfləri aşkar etmək, 62 obyekti müşayiət etmək və hədəfləri zərbə dronlarına ötürmək iqtidarındadır. Su-57-nin beşinci nəsil Amerika qırıcıları üzərində aşkar üstünlüyü (əla pilotaj keyfiyyətləri, göyərtədə 10 tonluq arsenal (hipersəs silahları da daxil olmaqla), unikal radarı və hədəflərin aşkar edilməsi üçün optik-elektron sistem) pilotun və "Oxotnik" tipli döyüş robotlarının effektiv qarşılıqlı əlaqəsi üçün böyük imkanlar açır.

NATO-ya “sevgilərlə” - “İskəndər”ə matros köynəyi geyindirirlər>>

Ağır kəşfiyyat-zərbə dronu Rusiyanın Aerokosmik Qüvvələrinə və Donanmasına xidmət edə bilər. "Oxotnik" və modifikasiya edilmiş Su-57 təyyarəsi perspektivli aviadaşıyıcı gəmilərdə yerləşdirilə və oradan döyüş tapşırıqlarını yerinə yetirə bilər. Güman edirəm ki, perspektivdə Rusiyanın ağır pilotsuz təyyarəsi səmada bir çox işi görəcək – yüksək texnologiyalı "ov" aparacaq. Və bunu məcazi mənada demirəm.

Uçurlar. Birinci atəşə qədər

ABŞ hərbi hava qüvvələri avqustun 7-də F-22 "Raptor" və F-35A "Joint Strike Fighter" stels qırıcılarının, B-2A "Spirit" görünməz bombardmançının, RQ-170 "Sentinel" stels dronunun, eləcə də "görünən" F-15E "Strike Eagle" qırıcılarının və EA-18G "Growler ВМС" radioelektron mübarizə təyyarəsinin iştirakı ilə Nevada ştatında keçirilmiş üç günlük təlimlərin başa çatdığını elan edib. 1,4 milyon dollar dəyərində olan bu tədbir ABŞ-ın yüksək texnologiyalı rəqibə qarşı təcavüzə ciddi hazırlığı kimi görünür. ABŞ-ın nə Şimali, nə də Cənubi Amerikada belə bir texnologiyalı rəqibi var.

Manevrlər zamanı təyyarələr şərti düşmənin hava hücumundan müdafiə zonalarına nüfuz etməyi, radioelektron mübarizə, müdafiə vasitələrinin və sistemlərinin dağıdılmasını məşq ediblər. Nəyə hazırlaşdıqlarını tapmaq çətin deyil. Ötən ilin sentyabrında ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı Cefri Harriqan bildirib ki, Pentaqonun əlində Kalininqrad vilayətinin çoxqatlı hava hücumundan müdafiə sisteminin qırılması planı var. Oktyabrda isə Polşa və ABŞ-ın Kalininqrad vilayətini ələ keçirmək planı dərc edilib.

Pentaqon Rusiyanı elə öz sərhədlərində fəal və tələsik şəkildə "məhdudlaşdırır". Amerikalılar Baltik və Qara dənizlərin üzərində öz kəşfiyyat təyyarələrini sadəcə atəş altına atırlar. Bu, açıq və məsuliyyətsiz təxribatdır və konseptual münaqişənin silahlı müstəviyə transformasiyasına yönəlib.

Ekronaplan Lun, arxiv şəkli
© Photo : Press Service of the Southern Military District

Bununla yanaşı, 2020-ci ildə Rusiya sərhədləri yaxınlığında ABŞ-ın kəşfiyyat təyyarələrinin sayının artması faciəvi nəticələrə gətirib çıxara bilər. Amerikanın "The National Interest" jurnalının ekspertləri açıq şəkildə bildirirlər ki, insidentlərin günahı tamamilə Vaşinqtonun boynundadır, çünki NATO qoşunları Rusiya sərhədlərini əhatə edir, əksinə yox. Rusiya reaksiya verməyə – quruda, dənizdə, havada zərbə və müdafiə vasitələrini gücləndirməyə məcburdur. Buna görə də "Oxotnik" ağır zərbə dronunun üfüqdə görünməsi qanunauyğundur.

"Global Firepower" nəşrinin məlumatına görə, Birləşmiş Ştatların 2000 ədəd zərbə təyyarəsi var. Pentaqonun ümumilikdə 5000-dən çox uçuş aparatı var. Bu rəqəmə hələ NATO üzrə müttəfiqlərin döyüş aviasiyası daxil deyil. Müqayisə üçün deyək ki, Rusiya Müdafiə Nazirliyi 870 qırıcı, bombardmançı və hücumçu təyyarəsinə və cəmi 4000-ə yaxın uçuş aparatına malikdir. Yəqin ki, Meksika və ya Kuba ərazisindən Vaşinqtonun "qarşısını almaq" üçün Rusiya təyyarələrinin sayı kifayət etmir. Və yaxud Moskva belə bir məqsəd qoymayıb.

Avrasiya qitəsində Rusiyanın Aerokosmik Qüvvələri sırf müdafiə xarakterli məsələləri həll edir və onun qırıcı (zərbə) aviasiyanın imkanlarını Rusiya sərhədlərinin perimetri boyunca yerləşdirilmiş hava hücumundan müdafiə sistemləri və vasitələri əhəmiyyətli dərəcədə tamamlayır. Hava hücumundan müdafiənin dəf edilməsi planları və ABŞ Hərbi Hava Qüvvələrinin Nevadadakı müvafiq məşqləri taktiki cəhətdən faydasızdır və "reallıqdan uzaqlaşan" amerikalı hərbçilər üçün ölümcül təhlükədir.

Pilotsuz "Oxotnik" gələcəyə sıçrayışdır və Rusiyanın havada hökmranlığa nail olmaq üçün yüzlərlə perspektivli alətindən yalnız biridir. Rusiyanın yüksək texnologiyalı müdafiə imkanları artan təhdidlərə və Qərb "tərəfdaşlarının" ən pis gözləntilərinə cavab verir, Pentaqon və NATO silahlı qüvvələrinin kəmiyyət üstünlüyünü sanki yox edir.

16
Əlaqədar
Rusiya silahı: 155 km/saat sürət yığa bilən zirehli "Strela" avtomobili
Rusiya donanması Be-200 aldı: amfibiya-təyyarələr Azovda və Xəzərdə olacaqlar
Termonüvə “Tülpan”ı – dünyanın ən güclü minomyotu
F-35-in modernləşdirilməsi itirilmiş reputasiyanın nəticəsi kimi
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"

22
(Yenilənib 19:44 12.08.2020)
Vaksin artıq könüllülərdə sınaqdan keçirilib. Özü də ilk könüllülər Qamaleya İnstitutunun bütün əməkdaşları olublar. Bundan sonra vaksin könüllü hərbçilərin üzərində sınaqdan keçirilib. Heç bir ağırlaşma olmayıb, hamıda güclü immunitet yaranıb.

BAKI, 12 avqust — Sputnik, Sergey Tsarenko. Biz həkimlər monoklonal anticisimlərdən, steroidlərdən, antiviral preparatlardan istifadə edərək koronavirus xəstələrinin müalicəsində uğur əldə etmişik. İndi daha az xəstə ölür, amma hələ də ağır infeksiya formaları halında onları ağciyərlərin süni ventilyasiyasına keçirməyə məcbur oluruq. Hər on nəfərdən altısı-səkkizi xəstəxanadaxili infeksiyalardan ölür. Belə xəstələri yeni antibiotiklər xilas edə bilərdi. Amma onların yaradılması üçün illər lazımdır.

Başqa bir yol da var: insanları koronavirus infeksiyasından qorumaq. Bu yol hər bir cəhətdən yaxşıdır – həm insan sağlamdır, həm də ətrafdakıları yoluxdurmayacaq. Axı xəstəliyə dözümlü insanlar çox olduqca, cəmiyyətdə immun təbəqəsi daha qalın olduqca, epidemiyanın sonu daha tez olacaq.

Hələ ki xəstəliyə qarşı müqavimət yalnız insanın xəstələnməsi halında formalaşır. Amma daha təhlükəsiz bir seçim var — immunizasiya. Üstəlik, Qamaleya İnstitutunun mütəxəssisləri tərəfindən yaradılmış effektiv və təhlükəsiz vaksin mövcuddur. Mikrobiologiya sahəsində bu institut avtomobil sənayesində "Mercedes" kimi eyni səviyyədə olan bir brenddir.

Akademiklər Ginsburq və Loqunovu uzun illərdir ki, tanıyıram. Onlarla və onların əməkdaşları ilə biz davamlı bakteriyalarla mübarizə üçün yeni yollar hazırlayırıq. Bundan əlavə, institutun alimləri Ebola və MERS-ə qarşı vaksinləri uğurla yaradıblar. Özü də təkcə yaratmayıblar, həm də onların yaradılmasının təhlükəsiz və səmərəli yolunu – vektor yolunu işləyib hazırlayblar. İnsan üçün zərərsiz olan adenovirusa – daşıyıcı raket kimi orbital stansiyanı – yəni koronavirusun bir parçasını bağlayırlar və onu insan orqanizminə yeridirlər. Bundan sonra insanda həm "raket daşıyıcısına" həm də "orbital stansiyaya" immunitet formalaşır. Müvəffəqiyyəti möhkəmləndirmək üçün üç həftə sonra eyni "orbital stansiya"nı başqa bir "raket daşıyıcısında" – digər adenovirusda – bədənə daxil edirlər. Və yenə immunitet formalaşır. Nəticədə, hər iki adenovirusa zəif immunitet yaranır (bədənin ona ehtiyacı yoxdur), koronavirusa qarşı isə davamlı və etibarlı immun müdafiə formalaşır.

Bu, dahiyanə hər şey kimi sadədir. Bizim alimlərimizdən başqa heç kim bunu belə incəliklərə qədər düşünməyib. Dünyada daha bir neçə vektorlu vaksin yaradılır, amma bu vaksinin iki "daşıyıcı raketi" var!

Vaksin artıq könüllülərdə sınaqdan keçirilib. Özü də ilk könüllülər Qamaleya İnstitutunun bütün əməkdaşları olublar. Onlar sanki yeni körpünün yaradıcılarıdır – körpünün altında durublar və ilk qatar onun üzərindən gedib. Bundan sonra vaksin könüllü hərbçilərin üzərində sınaqdan keçirilib. Heç bir ağırlaşma olmayıb, hamıda güclü immunitet yaranıb.

Təəccüblü deyil ki, mediada dərhal tənqid dalğası yayıldı: oğurlanmış texnologiyalar haqqında uydurmadan, immunitetin formalaşması dövründə koronavirusa təsadüfən yoluxma halında vəziyyətin pisləşməsi mümkünlüyü barədə yalançı elmi düşüncələrə qədər. Sonuncu qorxulu səslənir: infeksiyanın anticisimdən asılı olaraq güclənməsi (ADE). Qeyri-mütəxəssislər üçün qorxuludur. Virusoloqlar isə ADE effektinin yalnız Denge qızdırmasına aid olduğunu bilirlər və o da peyvənd ilə əlaqəli deyil.

Burada sual yaranır. Bəs mətbuatda bu kampaniyanı kim maliyyələşdirir? "Müstəqil ekspertlər" kimdən asılıdırlar? Polişinelin sirri: rusiyalı alimlərdən geri qalan digər vaksin istehsalçıları, həmçinin yalnız xəstəliyin yüngül formalarında effektiv olan və böyük miqdarda yan təsirlər verən antiviral preparatların istehsalçıları.

Biz həkimlərə bunun şahidi olmaq utancvericidir. Biz koronavirus infeksiyalı xəstələrin daha bizə gəlməməsini və nəhayət ki epidemiyaya görə əlimizin çatmadığı digər xəstəliklərlə məşğul olmağı gözləyirik.

22
Əlaqədar
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
İnsanları ölümcül xəstəlikdən "Sputnik" xilas edəcək
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
Vaksin burdaymış! Bizi koronavirusdan barama qurdu xilas edə bilər
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

"Rusiya bunu çox istəyir" - Tramp

0
(Yenilənib 23:29 12.08.2020)
Avqustun 16-18-də Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək

BAKI, 12 avqust — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiyanın ABŞ-la "nüvə silahları üzrə pakt" imzalamağı "çox istədiyinə" əmin olduğunu bildirib.

"Biz hazırda Rusiya ilə nüvə silahları üzrə paktın üzərində işləyirik və onlar bunu istəyirlər, çox istəyirlər. Mən hesab etmirəm ki, onlar gözləyəcəklər. Hazırda bu dünyanın ən böyük problemidir və biz Rusiya ilə hazırda işləyirik", - deyə Tramp ABŞ jurnalisti Hyu Hyuittə müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Rusiya ilə nüvə sazişi imzalamağa şad olardı.

Qeyd edək ki, 16-18 avqust tarixlərində Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək.

0
Əlaqədar
Dünya müharibəsinin gedişini birdəfəlik dəyişəcək addım - Rusiya bunu da etdi
Rusiya hansı halda nüvə zərbəsi endirə bilər? Baş Qərargah açıqlayıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
Təcavüzkarı cəzalandırmaq üçün Rusiyanın zəmanəti: "Skif" raketi