Ərdoğan və Obama

"Türkiyə ABŞ-a adekvat cavab verməklə düzgün addım atdı, əks halda..."

654
(Yenilənib 20:15 09.10.2017)
"Türkiyə bu addımı atmasaydı, beynəlxalq nüfuzunu itirərdi, ona qarşı edilən həmlələrdən çəkindiyini göstərərdi"

BAKI, 9 oktyabr — Sputnik. "ABŞ ilə Türkiyə arasında problem həll olunacaq. Çünki ABŞ və Türkiyə bir-birinə yaxın ölkələrdir və beynəlxalq birlikdə əməkdaşlıq sahələri çoxdur".

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, ABŞ ilə Türkiyənin qarşılıqlı olaraq vizaları dayandırması ilə bağlı məsələni Sputnik Azərbaycan-a şərh edərkən deyib. "ABŞ-ın qardaşımız və dostumuz olan Türkiyəyə qarşı niyə belə addım atmağı aydın deyil" — o bildirib.

Deputat hesab edir ki, Türkiyə tamamilə düzgün olaraq öz suverenliyini qoruyan addım adıb: "Bunu etməsəydi, beynəlxalq nüfuzunu itirərdi, ona qarşı edilən həmlələrdən çəkindiyini göstərərdi. Türkiyə düzgün addım atdı. Belədə isə bunun yaxın vaxtlarda həll ediləcəyini düşünürəm. Çünki nə Amerika Türkiyəsiz, nə də Türkiyə Amerikasız bu gün beynəlxalq aləmdə rahat addımlaya bilər".

"ABŞ-ın viza qərarı, Türkiyənin Suriyanın İdlib şəhərində əməliyyat keçirməməsi üçün təzyiq vasitəsi hesab edilə bilərmi" sualına millət vəkili belə cavab verib: "Düşünmürəm ki, ABŞ-ın addımı bununla bağlı olsun. Burada əməliyyat aparan təkcə Türkiyə deyil, Suriya probleminin həllinə ABŞ-da dəfələrlə dəvət edildi və bu gün 3 nüfuzlu ölkə — Türkiyə, Rusiya və İran Suriya probleminin həllinə öz töhfəsini verir".

"Göründüyü kimi, məhz bu ölkələr İŞİD-in artıq axırına çıxır. Təhlükəsizlik zonası yaradıb orada yenidən böhran yaranmasına mane olacaqlar və s. Eyni zamanda, belə zonaların yaranması Suriyadan başqa ölkələrə qaçqın axınının güclənməsinin qarşısını alacaq. İndi bu, müvəqqəti addımdır. Müəyyən dövrdən sonra qarant dövlətlər yenidən toplaşaraq Suriya hakimiyyətinin bütün bölgələr üzrə tam suverenliyini təmin edən bir formata gələcək" — A. Mirzəzadə bildirib.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə Sputnik Azərbaycan-a açıqlamasında, bir neçə vaxtdır ABŞ ilə Türkiyə arasında "soyuq küləklərin" əsdiyini deyib: "Az qala, böhranqabağı şərait yetişmişdi. İndi böhranqabağı şərait, deyəsən ciddi böhrana çevrilməkdədir. Viza böhranı münasibətlərin daha geniş sferasına keçə bilər. Ümumiyyətlə, söhbət ikitərəfli münasibətlərdə ticarət və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsindən gedir. Bu sahədə ciddi böhran yarana bilər. Üstəlik, Amerika NATO-nun aparıcı dövləti kimi, NATO-da hökm verən bir ölkə kimi NATO-Türkiyə münasibətlərinə də xeyli mənfi təsir göstərə bilər".

Onun sözlərinə görə, son vaxtlar Türkiyənin Rusiya ilə münasibətlərinin daha da inkişaf etməsi, xüsusilə, Rusiya-Türkiyə-İran münasibətlərinin möhkəmlənməsi və onun Suriya və Yaxın Şərqdəki digər proseslərə nüfuz edən bir kriteriyaya çevrilməsi ABŞ-ı ciddi əsəbləşdirib: "Bu məsələlər ikili münasibətlərə təsir göstərməkdə davam edir. Nəzərə alaq ki, Türkiyə Yaxın Şərqdə Rusiya və İran ilə birlikdə hərəkət edir. Deməli, bu münasibətlər qabaqda daha da gərginləşəcək".

Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında qeyri-miqrant viza xidmətlərinin dayandırıldığını açıqlayıb. "Son zamanlarda yaşanan hadisələr ABŞ hökumətini, Türkiyə Respublikası hökumətinin ABŞ missiyasının təsis və personalının təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur edib" — deyə ABŞ-ın Ankaradakı səfirliyindən yazılı açıqlama verilib.

Açıqlamada, qiymətləndirmə prosesində səfirliklərə və konsulluqlara ziyarətçilərin sayını minimuma endirmək üçün Türkiyədəki bütün ABŞ diplomatik nümayəndəliklərində qeyri-miqrant viza xidmətlərinin dayandırıldığı bildirilib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı qeyd olunub.

Türkiyə də, ABŞ hökumətinin bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırmaq qərarına cavab verib. Bununla bağlı bəyanat Türkiyənin Vaşinqtondakı səfirliyinin "Twitter" səhifəsində yerləşdirilib. Açıqlamada deyilir ki, son zamanlarda yaşanan olaylar Türkiyə hökumətini, ABŞ hökumətinin Türkiyə missiyasının təsis və personalının təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməyə məcbur edib.

Qeyd olunur ki, Birləşmiş Ştatlardakı Türkiyə səfirliyinə və konsulluğuna gələn ziyarətçi sayının azaldılması üçün ABŞ-da olan bütün missiyalarda ABŞ vətəndaşları üçün vizaların verilməsi proseduru dayandırılıb.

654
Teqlər:
Qabil Hüseynli, İran, Rusiya, Suriya, NATO, Aydın Mirzəzadə, ölkə, Türkiyə, ABŞ
Mövzu:
ABŞ-Türkiyə gərginliyi (15)
Əlaqədar
Türkiyə-ABŞ böhranı: buzlar əriyir?
ABŞ-ın Türkiyəyə qarşı radikal qərar verməsinin səbəbi ortaya çıxdı
ABŞ və Türkiyə bir-birilərinə qarşı sərt qərarlar qəbul edib
Sadıxov: “ABŞ-ın sanksiya siyasəti ölkələrin strateji kursunu dəyişməyəcək”
Azərbaycanlı ABŞ üçün 178 min dollar dəyərində "Tank" yaratdı
Kronştadt sualtı qayığı

Rusiya yeni sualtı raket daşıyıcıları inşa edir

8
(Yenilənib 21:05 25.02.2021)
Əsas üstünlükləri -  yüksək avtomatlaşdırma sistemi, az səsli olması, mobilliyi, manevr qabiliyyətidir ki, bu da "Lada"lardan diversiya və kəşfiyyat əməliyyatlarında səmərəli istifadə etməyə imkan verir.

BAKI, 25 fevral — Sputnik, Nikolay Protopopov. Perspektivli silah sistemləri, səssizlik və yüksək gizlilik – hərbi dəniz donanması "677" layihəsinin  ilk "Lada" dizel-elektrikli sualtı qayıq seriyasını 2022-ci ildə təhvil alacaq. Bu qayıqların işlənib-hazırlanmasına 20 il vaxt gedib. Onlar yüksək dəqiqlikli silahlar daşımağa qadirdir və keçdikləri yolu izləmək son dərəcə çətindir. Layihənin xüsusiyyətləri haqqında - RİA Novosti-nin materialında.

“Çətin uşaq”

"Kronştadt" və "Velikiye Luki" sualtı gəmilərinin 2021-ci ildə dənizçilərə təhvil verilməsi planlaşdırılırdı, ancaq "Admiralteyskie verfi” gəmiqayırma müəssisəsinin baş direktoru Aleksandr Buzakovun sözlərinə görə, tərəflər arasındakı problemlər üzündən həmin tarixi bir qədər irəli çəkməli olublar. Ötən ilin sentyabr ayında Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Raxmanov bildirmişdi ki, avadanlıq tədarükçülərindən biri qrafikdən kənara çıxdığına görə, iki gəmi seriyası üzrə işi vaxtında başa çatdırmaq mümkün olmayıb.

Gecikmələr layihənin əvvəlindən bu günə kimi qeydə alınır. İşə 1990-cı illərin sonlarında start verilib - əsas “Sankt-Peterburq” gəmisi həmin vaxt inşa olunub. Gəmi 2004-cü ildə suya buraxılıb və 2006-cı ildə Hərbi Dəniz Donanmasına göndərilməli idi. Bununla belə, Şimal Donanması sualtı qayığı yalnız 2010-cu ildə sınaq istismarına qəbul etdi.

“877” layihəsinin dizel mühərrikli “Paltus”larını “Lada”larla əvəzləməyə hazırlaşırdılar. Yeni sualtı qayıqların ölçüləri daha kiçikdir və hidrolokatorlar üçün bir o qədər də nəzərəaçarpan deyil. Bundan başqa, “Lada” Rusiyanın havadan asılı olmayan (anaerobik) elektrik stansiyasına malik ilk sualtı qayığıdır.

Bəlkə də, gecikmələr yeni dizayn həllərinin çoxluğu və onların tətbiq edilməsinin çətinliyi səbəbindən baş verirdi. Beləliklə, əsas gəminin sınaqları zamanı hidroakustik komplekslə bağlı ciddi problemlər aşkarlandı və elektrik mühərrikinin qeyri-kafi gücü suyun altında lazımı sürəti yığmağa imkan vermədi.

Təhlükəli “körpələr”

Burevestnik raketi, arxiv şəkli
© Photo : Ministry of Defence of the Russian Federation

Mütəxəssislərin fikrincə, “Lada”lar ən müasir və perspektivli yerli qeyri-nüvə sualtı qayıqlarıdır. Ölçüləri böyük olmasa da, çoxfunksiyalıdır. Sualtı və suüstü gəmilərə müqavimət göstərə, sahil hədəflərinə zərbə endirə, mina maneələri qura, sahilləri desant qoşunlarından qoruya, alt bölmələri və ya xüsusi yükləri daşıya bilir.

Əsas üstünlükləri - yüksək avtomatlaşdırma sistemi, az səsli olması, mobilliyi, manevr qabiliyyətidir ki, bu da qayıqlardan diversiya və kəşfiyyat əməliyyatlarında səmərəli istifadə etməyə imkan verir. Güclü hidroakustik sistemlə və üç həssas antenlə (biri burun hissədə, ikisi yanlarda) təchiz olunub. Sürəti 20 dəniz milinə çatır. Dərinliyi 350 metrə qədərdir, heyət üzvlərinin sayı isə cəmi 30 nəfərdir.

Silahlanmaya gəlincə, standart təchizatda "Lada" göyərtəsində 533 mm çaplı 18 torpeda və təxminən 20 mina daşıyır. Torpeda aparatları saatda 300 kilometrə qədər sürətə malik "Şkval" yüksək sürətli sualtı torpeda əleyhinə raketlərin atəş zərbəsinə uyğunlaşdırılıb. Və əlbəttə ki, digər müasir Rusiya gəmiləri kimi “Lada” da “Kalibr” qanadlı raketləri ilə təchiz olunub.

İlk iki sualtı qayıq seriyası havadan asılı olmayan enerji qurğusuz inşa edilir. Buzakovun sözlərinə görə, hələ indiyə kimi Rusiyada belə bir gəmi yaradılmayıb. Ancaq digər gəmilər enerji qurğusu ilə təchiz olunacaq.

Gözəgörünməz mühafizə dəstəsi

"Lada" əvvəlki layihələr əsasında yaradılmış, amma tamamilə yeni sualtı qayıq sinfidir”, - deyə Ümumrusiya Donanmasına Dəstək Hərəkatının sədri, birinci dərəcəli kapitan Mixail Nenaşev RİA Novosti-yə müsahibəsində bildirib.

“Son 15-20 ildə “Lada”da təxminən 150 eksperimental konstruksiya işlərindən istifadə olunub. Bu, heç bir layihədə qeydə alınmayıb. “Lada” sualtı qayıqları, mahiyyət etibarı ilə böyük sualtı laboratoriyalar hesab oluna bilər", - deyə o vurğulayır.

Ekspertin sözlərinə görə, əvvəlki layihələrlə müqayisədə "Lada" öz göyərtəsinə daha çox torpeda götürə bilir. Bənzərsiz taktiki-texniki xüsusiyyətləri bütün taktiki-strateji istiqamətlərdə problemləri həll etməyə imkan verir. Bundan başqa, gəminin konstruksiyası raket sistemlərinin yerləşdirilməsinə də uyğundur.

“Bu dizel-elektrikli sualtı qayıqların səsi dənizin səsinə bənzəyir və yeni hidroakustika digər gəmilərə nisbətən daha çox yeri əhatə edir. Bu isə çox vacibdir, “Lada”lar Arktikada yerləşdiriləcəklər. Digər bir müsbət cəhət də kiçik ölçüləri sayəsində bu sualtı qayıqlardan həm dayaz sularda, həm də dərinliklərdə istifadə oluna bilməsidir. “Lada” kimi sualtı qayıqlarla ərazini potensial düşməndən uğurlu şəkildə müdafiə etmək mümkündür”, - deyə Nenaşev bildirir.

Rusiyanın dizellə işləyən sualtı qayıqları uzun müddət öz sinfinin ən yaxşıları kimi tanınıb. “636.3” layihəsinin altı dizel-elektrik sualtı qayığı Qara dəniz Donanmasında xidmət edir, daha altı ədəd qayıq isə yaxın illərdə Sakit okeana köçürüləcək. Səssizliyinə və gözəgörünməz olmalarına görə NATO-da onları "qara dəliklər" adlandırırlar.

Ancaq “Lada”lar daha səssizdir. "Sankt-Peterburq" əsas gəmisinin sınaqları göstərdi ki, 677-ci layihə məxfilik baxımından əvvəlki "dizel mühərrikli" seriyalarını geridə qoyur.

8
Teqlər:
Rusiya, sualtı qayıq, raket
 İskəndər raket kompleksi

Paşinyanın "İskəndər"lə bağlı açıqlamasında çatışmayan nədir

29
(Yenilənib 16:51 25.02.2021)
Məntiqə əsaslanaraq belə düşünmək olar ki, Paşinyan Qarabağ döyüşlərindən sonra nəticə çıxarıb, yeni planlar hazırlayır. Amma bu məqamda bir atalar məsələni yada salmaq, yəqin ki, yerinə düşər: daldan atılan daş topuğa dəyər.

BAKI, 25 fevral — Sputnik. 2020-ci il oktyabrın 4-dən başlayaraq Azərbaycanın əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan və deməli, insanların çox sıx məskunlaşdığı Gəncəyə 5 dəfə raket zərbəsi endirən, uşaqlar da daxil olmaqla, 27 dinc vətəndaşımızı öldürən, 125 mülki şəxsin yaralanmasına səbəb olan Ermənistan silahlı qüvvələrinin müharibə cinayətlərinə qol qoymuş baş komandanı Nikol Paşinyanın, deyəsən, ruslardan aldığı silahlarla tökdüyü qandan gözü doymayıb. Belə ki, Paşinyan bu günlərdə Rusiya istehsalı olan "İskəndər" qısaməsafəli ballistik raketlərinin kefiyyətindən şikayətlənib. Dolayısıyla, Qarabağ müharibəsi vaxtı bu silahlarla daha çox azərbaycanlının ölümünə səbəb ola bilmədiyinə görə təəssüf hissi keçirib. Paşinyanın bu bəyanatına Rusiyadan dərhal sərt reaksiya gəlib. Rusiya tərəfi Paşinyana məsləhət görüb ki, qəbahəti onların silahlarında yox, hərbi komandan kimi öz səriştəsizliyində axtarsın.

Hərbi şərhçi Aleksandr Xrolenko növbəti icmalında məsələni daha detallı şəkildə nəzərdən keçirib.

Yüksək texnologiyalı və dəqiqlikli silah sistemlərinin döyüş istifadəsi mütəxəssis-operatorların müvafiq hazırlığını, kəşfiyyat-zərbə əməliyyatlarının etribarlı şəkildə təşkil olunmasını, həmçinin verilmiş qərarlar üçün siyasi müdriklik və məsuliyyət tələb edir. Fərqli koordinat sistemində isə ən inkişaf etmiş raketlər belə işə yaramaya bilər.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 1in.am-a verdiyi müsahibəsində Dağlıq Qarabağdakı son hərbi əməliyyatların nəticələrini qiymətləndirərək, Rusiya silahlarının etibarlılığını və döyüş effektivliyini şübhə altına aldı. Onun sözlərinə görə, "İskəndər" əməliyyat-taktiki kompleksinin raketləri ya ümumiyyətlə, partlamayıb, ya da cəmi 10 fazilik nəticə göstərib. Paşinyan, həmçinin struktur və silahlarla bağlı mühüm ordu islahatları həyata keçirmək niyyətində olduğunu vurğulayıb.

Ermənistan Müdafiə Nazirliyi Paşinyanın "İskəndər"lə bağlı birmənalı açıqlamasını şərh etməkdən boyun qaçırıb. Bəlkə də Paşinyan kifayət qədər məlumatlandırılmayıb və ya müşavirlərindən biri onu səhv yönləndirib. Ancaq Rusiya raket sistemlərinin döyüş-texniki xüsusiyyətləri o qədər yüksəkdir ki, hər bir halda, məlumatsızlıqdan irəli gələn bu cür sözlərlə onların nüfuzuna xələl gətirmək olmaz.

Rusiyanın dünya silah bazarının üçdə birinə nəzarət etməsi heç də təsadüfi deyil. 2020-ci ildə RF-nin silah ixracatının həcmi 13 milyard dollar təşkil edib. Bu rəqəmlər və faktlar əksər müdafiə məhsullarının keyfiyyətinə dəlalət edir, əks halda, ayrı-ayrı ölkələr bu qədər pul töküb həmin silahları almazdı.

Qabiliyyətli əllərdə "İskəndər" Operativ Taktiki Raket Kompleski (OTRK) uğurla Qafqaz dağlarındakı və dənizdəki təlimlər zamanı hədəfləri məhv edir, döyüş şəraitində isə Suriyada və Afrikanın şimalındakı hədəflərə uğurlu zərbələr endirir. Onlarla ölkə bu cür silahlar əldə etmək istəyir və onlardan yalnız bir neçəsinin "İskəndər-E" ixrac modifikasiyasını almaq imkanı var. Bu baxımdan Ermənistanın bəxti gətirib, çünki uçuş vaxtı kvaziballistik manevr edə bilən, eyni zamanda düşmənin hava hücumundan müdafiə sistemi tərəfindən ələkeçməz olan, qət etdiyi məsafə və dəqiqliyinə görə müqayisə ediləcək başqa belə raket mövcud deyil.

Kvaziballistik müəmma

Nikol Paşinyan, arxiv şəkli
© Sputnik / Dmitriy Astahov

Rusiya yüksək texnologiya imkanlarını heç də bütün ölkələrlə paylaşmır. Bu amili nəzərə alsaq, Paşinyanın müsahibəsi açıq səmada qəfil çaxan şimşək kimi gözlənilməz effekt yaratdı. "İskəndər-M" kompleksi Rusiya ordusuna 2006-cı ildən qəbul edilmiş, öz sinfində bütün dünyada ən yaxşı zərbə raketidir, odur ki, "80-ci illərin silahı" şəklində dəyərləndirmə təhqiramiz səslənir.

Ermənistan Baş nazirinin Rusiya raket sistemi ilə bağlı açıq şəkildə ittihamedici açıqlaması bəzi nəticələr çıxarmağa imkan verir. Səriştəsizlik və ya dezinformasiya ən pis ssenari olmaya bilər, bu çox sadə təsir bağışlayır. Bəlkə də, Rusiya silahlarının ictimai nüfuzdan salınması, Ermənistan Ordusunun naməlum struktur və keyfiyyət islahatı proqramının bir hissəsi olan "strateji seçim məsələsidir". Amma bu zaman da ortaya bəzi suallar çıxır. Yerevan yaxın gələcəkdə hansı silahları əldə etmək niyyətindədir? Ordusunun müdafiə qabiliyyətini, hansı standartlar əsasında gücləndirəcək? Və ən əsası, hərbi inkişafın yeni mərhələsinin son hədəfi nədən ibarətdir?

Məntiqə əsaslanaraq belə düşünmək olar ki, Qarabağda payız döyüşlərindən sonra nəticə çıxarılıb, yeni planlar hazırlanır. Amma bu məqamda bir atalar məsələni yada salmaq, yəqin ki, yerinə düşər: Daldan atılan daş topuğa dəyər.

Paşinyanın müsahibəsindən belə çıxır ki, Müdafiə Nazirliyində və Baş qərargahda böyük analitik iş gedir, məqsəd isə "müharibə ilə bağlı bütün həqiqətləri görmək, öyrənmək və sübuta yetirməkdir". Bununla yanaşı, 1000-dən artıq cinayət işi qaldırılıb. Ancaq burada nəyə cəhd göstərildiyini anlamaq çətindir: həqiqətin üzə çıxarılmasınamı, yoxsa növbəti repressiyaların başlaması üşün "günahkarların müəyyənləşdirilməsinəmi"?

Ordu hər hansı bir dövlətin sabitliyi üçün əsas amildir, ancaq konkret fəaliyyət planı olmadan "mühüm islahatlar" barədə müzakirələr destruktiv təsir bağışlayır. Eynilə Rusiya silahlarının aşağı döyüş potensialına dair səthi mülahizələr, milli orduda aradan qaldırılması mümkün olmayan korrupsiyaya və hərbi-texniki əməkdaşlıqdakı problemlərə dair ehyamlar kimi...

Ələkeçməz və qarşısıalınmaz

İskəndər-M raket kompleksi 500 km-ə qədər məsafədə düşmənin kritik hədəflərini (hərbi bazalar, idarəetmə məntəqələri və rabitə qovşaqlarını, raket sistemlərini, aeroportlardakı təyyarə və helikopterləri) yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub (Ermənistan 300 km mənzilli "İskəndər-E" Operativ Taktiki Raket Kompleksinə sahibdir). Döyüş effektivliyi iki növ - ballistik və qanadlı raketlərin istifadəsi sayəsində artırılıb. Birinci ilk raketin atılma müddəti bir neçə dəqiqə, atışlar arasındakı fasilə isə bir dəqiqədir. Raketin uçuş sürəti 7200 km/s-dən çoxdur (yəni, uçuş 3-4 dəqiqə çəkir). Traektoriyanın başlanğıc və son sahələrində təxminən 4 ton çəkisi olan 9M723K1 raketi 2000 m/s-dən çox sürətlə hərəkətə keçir, kvaziballistik (hesablanmayan) qövs boyunca uçur və 30 g-ə qədər yüklənmə ilə manevrlər edir (bu cəhət mövcud hava hücumundan və raketdən müdafiə sistemləri ilə raketin ələ keçirilməsini qeyri-mümkün edir).

"İskəndər"in hər bir buraxılış qurğusu mobil və avtonomdur. İstənilən yerdə və vaxtda, hətta kəşfiyyat peyklərindən və ya aviasiyadan asılı olmayaraq fəaliyyət göstərə bilər. Proqram, ətalət-naviqasiya sistemi, GLONASS peyklərindən gələn siqnalları tutmaq üçün istifadə olunur. Raketləri uçuş vaxtı yönləndirmək mümkündür və düşmənin hərbi dəniz donanması gəmiləri də daxil olmaqla, hərəkətli hədəflərə hücum etməyə imkan verir. Son mərhələdə, misilsiz dəqiqliyi təmin edən ağıllı optik döyüş başlığı işə düşür. 9M728 və ya R-500 döyüş başlıqları hədəfdən 1 metrdən artıq yayınmır.

Yüksək dəqiqliyə malik "İskəndər" raketləri kiçik inikas səthinə, mürəkkəb uçuş trayektoriyalarına malikdir. Kompleksə iki növ raket daxildir: aeroballistik 9M723 (50 km-ə qədər yüksəkliklərdə kvaziballistik trayektoriyalar boyunca uçur), qanadlı 9M728 və ya R-500 (aşağı hündürlükdə hədəflər üçün nəzərdə tutulub).

"İskəndər-M" Operativ Taktiki Raket Kompleski dəqiqliyi, raketlərin uçuşa hazırlanmasının operativliyi və digər xüsusiyyətlərinə görə, ən yaxşı xarici əməliyyat-taktiki kompleksləri (LORA, Lance, ATACMS, "Pluton") belə üstələyir. Ən yaxın analoqu olan İsrailin LORA operativ-taktiki kompleksi məsafə və dəqiqlik baxımından "İskəndər"dən geri qalır. Üstəlik, LORA raketləri yalnız proqnozlaşdırılan ballistik trayektoriyalar üzrə hərəkət edir.

Amerikalılar daha geridədirlər - 2020-ci ildə "əntiq" ATACMS kompleksinin modernləşdirilməsindən imtina etdilər və yenicə M270 MLRS və HIMARS 300 km-ə qədər mənzilli çoxsaylı reaktiv sistemlər üçün yüksək dəqiqlikli zərbə raketi hazırlamağa başladılar.

Rusiya Federasiyasının nüfuzlu mütəxəssislərinin proqnozlarına görə, "İskəndər"in xarici analoqları 2025-ci ildən tez ortaya çıxmayacaq.

29
Teqlər:
Rusiya, Nikol Paşinyan, Ermənistan, "İskəndər-E"
Xocalıdan olan qızcığaz

Tariximizin qara günü - Xocalı soyqırımından 29 il ötür

0
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir

BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

0
Teqlər:
erməni terroru, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı