Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Həsən Ruhani ilə

Ankara-Tehran-Moskva: Zorən müttəfiqlər

312
(Yenilənib 10:02 11.10.2017)
Son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının əhəmiyyətli dərəcədə özünü büruzə verdiyini söyləmək olar

BAKI, 7 oktyabr — Sputnik. Bu həftə İrana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Həsən Ruhani ilə Yaxın Şərqdəki mövcud vəziyyəti, xüsusilə Kürdüstanın müstəqillik referendumunu müzakirə edib. Bəzi araşdırmaçılar regional güclər olan Türkiyə və İranın Kürdüstan məsələsindan dolayı yenidən yaxınlaşdığı fikrinə gəliblər. Keçmiş rəqiblərin müttəfiq olmaq ehtimalının Qərbi narahat etdiyi aydın sezilir. Türkiyə-İran yaxınlaşması Azərbaycana ciddi təsir göstərə bilərmi?

Vurğulayaq ki, Azərbaycan kiçik dövlət olduğundan, qlobal proseslər heç də Bakının əsas aparıcılığıyla cərəyan etmir. Söhbət supergüc olmağa iddia edən Rusiya, Türkiyə və İrandan gedir. Amma bu dövlətlərin geosiyasi maraqlarına baxdıqca maraqlar üst-üstə düşməyib. Ən azı onların regionda hegemon olmaq iddiaları maraqlarını toqquşdurur. Bu halda analitiklərin söylədikləri uzunmüddətli perspektiv siyasi spekulyasiyadan başqa bir şey deyil. Lakin qısamüddətli perspektivdə alyansların yaranması istisna deyil. Türkiyənin indiki durumunu nəzərə aldıqda, Ankaranın ənənəvi müttəfiqləri olan Vaşinqton və Brüssellə münasibətləri kəskinləşəcəyini ehtimal edə bilərik. Belə olan halda Türkiyə, İran və Rusiya arasında qısamüddətli yaxınlaşmalar ola bilər. 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, arxiv şəkli
© AFP 2020 / OZAN KOSE

Türkiyənin xarici siyasət problemləri sırasında Suriya böhranı mövcuddur. Ankara və Moskvanın Dəməşqə baxışları tamamilə ziddiyyət təşkil edir. Ankara Cənubi Qafqaz bölgəsində əsas oyunçu olmaq istəyir, Rusiya və İran isə Türkiyəni regionun lider dövləti saymırlar. Ümumiyyətlə, Rusiyanın Türkiyəylə münasibətlərinin normallaşmasından böyük gözləntisi yoxdur. Moskva iqtisadi münasibətlərin normallaşmasına, öz bazarlarını Ankaranın üzünə açmağa tələsmir. Nəhayət, iqtisadiyyatda Moskva ilə Ankaranın bir çox maraqları uyğun gəlmir. Rusiya regionun enerji lideri olmaq iddiasında qalır.

Türkiyə-İran münasibətlərində də müəyyən anlaşılmaz məqamlar mövcuddur. Bir çox hallarda tərəflər bir-birinə münasibətdə kəskin bəyanatlar verir. Lakin hər iki dövlət fərqindədir ki, dövlətlər arasında münasibətlər nə qədər mürəkkəb olarsa, hər iki tərəf bundan itirmiş olur. Suriya böhranı ilə bağlı məsələdə rəsmi Ankaranın Bəşər Əsəd rejiminə qarşı kəskin mövqeyi ilə rəsmi Tehranın tutduğu mövqe tamamilə fərqli idi. Ərdoğan Bəşər Əsədin hakimiyyətdən getməsini dəstəkləyirdisə, İran tam əks mövqedən çıxış edirdi. Lakin son zamanlar tərəflərin mövqeyində yumşalma özünü göstərir. Xüsusilə də, enerji, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin diqqətdə saxlanacağı gözlənilir. 

Bütövlükdə son vaxtlar bölgədə Türkiyə-Rusiya-İran geosiyasi üçbucağının əhəmiyyətli dərəcədə özünü büruzə verdiyini söyləmək olar. Doğrudur, söhbət daha çox Suriya böhranının həlli məsələsində üçlü formatda əməkdaşlıqdan gedir. Ancaq o da bir gerçəklikdir ki, bir böhranlı məsələdə özünü doğruldan əməkdaşlıq formatı digər regional problemlərlə bağlı da uğurlu şəkildə sınaqdan keçə bilər. Hərçənd, Ankara, Moskva və Tehranın bölgədəki maraqlarının tam üst-üstə düşdüyünü söyləmək də düzgün olmazdı. Bu da təbiidir. Ankara – Tehran yaxınlaşma prosesi haqqında siyasi iradə nümayiş etdirir və qarşılıqlı səfərlər başlayır. Lakin bütün cəhdlərə baxmayaraq, Türkiyə ilə İran arasında strateji müttəfiqlik məsələsi baş tutmaya bilər. Türkiyə belə bir addım atmaqla həm NATO ölkələri ilə, həm də Avropa Birliyi ilə münasibətlərini zədələyə bilər. Bu addım indiyə qədər Türkiyəni dəstəkləyən və onu lazım olan anlarda ciddi problemlərdən qorumuş ölkələrlə münasibətlərin gərginləşməsinə də səbəb ola bilər.

Azərbaycan-İran-Türkiyə əlaqələrinin inkişafı bölgədəki siyasi proseslərdə mühüm rol oynaya bilər. Azərbaycanın ərazi bütövlüyü təhlükə altında olarsa, Ermənistan Tehranın dəstəyinə bel bağlaya bilər. Bu baxımdan, ənənəvi siyasətdən imtina ilə aralıq müddətdə Azərbaycan-İran-Türkiyə əlaqələrinin güclənməsi də yeni geosiyasi oyunun başlanğıcı demək olardı. Bu mühüm rolu yuxarıda qeyd elədiyimiz Türkiyənin üzərində işlədiyi, "Asiya Birliyi" oynaya bilərdi.

Rusiya-İran-Türkiyə münasibətləri bölgədə Amerika siyasətinin yayılmasına zərbə endirə bilsə də, Dağlıq Qarabağ probleminin həllinə təsir göstərə biləcəyi də istisna edilmir. Lakin İran ABŞ-ın Türkiyədə Radar Sistemi qurulmasından narahatdır. Bu, İrana nəzarət üçün Amerikaya verilən əsas amillərdəndir. Yaxın Şərqdə Türkiyədə hakimiyyətdə olan mötədil islamçıların regionda davamlı münaqişələrin həlli səylərinə rəhbərlik edə biləcəyi ilə bağlı ümidlər var. Bu o deməkdir ki, Yaxın Şərqdə aparıcı ölkələr sünni Türkiyədən fərqli olaraq, şiə İranın siyasi dəstəyinə arxalanmır. İranın köməyinin yalnız vəziyyəti mürəkkəbləşdirə biləcəyini vurğulanır. Tehranın Ankaranın regionda nüfuzunun artmasına qısqanclıqla yanaşmasına baxmayaraq, İran Türkiyəyə ümumilikdə müsbət qüvvə kimi baxır. Digər tərəfdən, İran Rusiyadan sonra Türkiyəni təbii qazla təmin edən ikinci ölkədir. 

Türkiyə həm də NATO-nun və müəyyən mənada İsrailin İranın sərhədlərinə yaxınlaşmamasında bufer rolunu oynayır. Ankaranın müsəlman dünyasında nüfuzu Tehranın islam ölkələrindəki mövcudluğunu tamamilə kölgəyə salır. Lakin reallıq bu iki ölkəni əməkdaşlığa sövq edir. Ankara da NATO ilə münasibətlərində gərginlik yaşamaqdadır. ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti bəzi hallarda Türkiyə və Azərbaycanın maraqlarına tam cavab vermir, odur ki, Ankara və Bakı bu siyasətdə öz oyunlarını oynamağa cəhd göstərə bilərlər.

Qərb mətbuatında Yaxın Şərqdəki bir çox müsəlman ölkələrinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı Vaşinqtonun planları barədə yazıblar. "Böyük Orta Şərq" adlanan bu layihə Türkiyənin də maraqlarına zərbə vura bilər. Bu baxımdan, Ankara yeni müttəfiqlər axtarışındadır, aralıq müddətə Moskva və Tehranla əməkdaşlığa can atır…

312
Teqlər:
Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan, Dəməşq, Ankara, Moskva, İran, Yaxın Şərq, Rusiya, Türkiyə, Vaşinqton, Azərbaycan
Əlaqədar
İran prezidenti Trampı hədələdi: "Bunun hesabı ağır olacaq"
İran İsrailin bu tarixdə məhv ediləcəyini bəyan etdi
"Türkiyə və İran Suriyanı dərhal tərk etməlidir"
Türkiyədə qalmaqallı həbs: terror təşkilatının Azərbaycan təmsilçisi həbs edildi
Separatçıların lideri sərt danışdı: "Türkiyədə belə bir hadisə baş verərsə..."
ABŞ hərbçiləri Əfqənistanda

"Rusiyaya qalib gəlməyin yolunu tapmışıq": Pentaqon nəyə cəhd göstərir?

11
(Yenilənib 23:43 19.01.2021)
"Secure World Foundation"-ın kosmik təhlükəsizlik məsələləri üzrə eksperti Brayan Uiden xatırladır ki, uzun uçuşlarda nüvə enerjisi olmadan keçinmək mümkün deyil. Gələcəkdə yerdən kənar ilk koloniyalar üçün də reaktorlara ehtiyac olacaq.

 

BAKI, 19 yanvar — Sputnik, Andrey Kots. Amerikalılar nüvə enerjisinin hərbi istiqamətini inkişaf etdirmək qərarına gəliblər. Hələlik hakimiyyətdə olan ABŞ Prezidenti Donald Tramp hərbi qüvvələr və kosmik tədqiqatlar üçün kompakt nüvə reaktorlarının hazırlanması barədə fərman imzalayıb. Beləliklə, ABŞ son yarım əsrdə ilk dəfə olaraq atom enerjisindən təkcə Hərbi Dəniz Donanmasında istifadə etməyəcək. Bəs Vaşinqtonu bu addımı atmağa nə vadar edir: Sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Rezerv mənbə

ABŞ Silahlı Qüvvələrinin sualtı qayıqlar və təyyarə gəmiləri artıq nüvə reaktorları ilə təchiz edilib. Bunun sayəsində Amerika donanmasının ən nəhəng vımpelləri, demək olar ki, məhdudiyyətsiz dənizlərdə qala bilir.

Digər ölkələrin hərbi dəniz donanmaları da nüvə enerjisindən istifadə edir. Məsələn, Fransanın nüvə mühərrikli təyyarə gəmisi "Şarl de Qoll" və Rusiyaya məxsus ağır raket kreyseri "Pyotr Velikiy". Bununla belə, ABŞ-ın nüvə mühərrikli gəmiləri daha çoxdur. Amerikalılar bu yolda əldə etdikləri ilə kifayətlənmək fikrində deyillər.

Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi ölkədəki bir hərbi obyektdə kiçik nüvə reaktorlarını nümayiş etdirmək üçün plan hazırlayacaq və onu reallaşdıracaq, həmçinin aşağı güclü mobil reaktoru sınaqdan keçirəcək. Bu cür enerji mənbələri Günəş enerjisindən istifadənin qeyri-mümkün olduğu yerlərdə və müdafiə sahəsində dərin kosmik tədqiqatlar üçün əvəzolunmazdır", – deyə Ağ Evin mətbuat xidməti məlumat verib.

Kiçik nüvə reaktorunun nəyə lazım olduğu açıqlanmır. "Defensenews.com" portalının ekspertləri belə hesab edirlər ki, söhbət ordu bazalarının ehtiyat enerji təchizatından gedir. Əgər hərbi obyektdə elektrik olmasa, reaktor mühüm əhəmiyyətli cihazları enerji ilə təmin edəcək. Fərmana əsasən, ilk prototipin sınaqlarına altı ay ərzində başlanmalıdır. Mütəxəssislərin fikrincə, sınaqlar ABŞ-ın ən böyük poliqonlarından biri olan Nevadadakı hərbi meydançada sınaqdan keçiriləcək.

Kosmosun fəthi

"Secure World Foundation"-ın kosmik təhlükəsizlik məsələləri üzrə eksperti Brayan Uiden xatırladır ki, uzun uçuşlarda nüvə enerjisi olmadan keçinmək mümkün deyil. O cümlədən, Aya, Marsa və başqa planetlərə uçuşlarda da. Gələcəkdə Yerdən kənar ilk koloniyalar üçün də reaktorlara ehtiyac olacaq. Bəzi mütəxəssislər yeni texnologiyaların orbital silah platformalarında istifadə edilə biləcəyinə də inanır. Prinsipcə, bu ssenari kosmosun potensial döyüş meydanı olduğunu düşünən ABŞ Kosmik Qüvvələrinin kifayət qədər aqressiv doktrinasına uyğun gəlir.

"Məncə, bu amerikalılara, ilk növbədə, kosmik məqsədlər üçün lazımdır," - deyə "Orsenal Oteçestva" jurnalının baş redaktoru Viktor Muroxovski RİA Novosoti-yə müsahibəsində bildirib. "Atom reaktoru" söz birləşməsi müxtəlif mənalarda işlənə bilər. Birincisi, bu uranın parçalanması ilə müşayiət olunan zəncirvari reaksiyaya əsaslanan cihazdır. Rusiyada "Burevestnik" və "Poseydon" üçün artıq oxşar qurğular yaradılıb. İkincisi, peyklərdə, radio mayaklarında və hava stansiyalarında istifadə olunan izotopik nüvə enerji mənbələridir. Onlar daha az effektli olsalar da, güclü radiasiya yaymırlar", Mütəxəssis 1950-60-cı illərdə həm ABŞ-da, həm də SSRİ-də təyyarələr üçün kompakt nüvə reaktoru hazırlamağa cəhd göstərildiyini xatırladır. Bununla birlikdə, həmin layihələrdən imtina edildi - hətta ən böyük təyyarə belə heyətin bioloji müdafiə sistemini çəkib aparmağa qadir deyil. Bu səbədən də böyük təyyarələrdə reaktorların tətbiqi məhdudlaşdırılıb", - V.Muroxovski əlavə edib.

Muraxovskinin sözlərinə görə, indiyə kimi heç bir ölkə pilotlu təyyarələrdə, kiçik tonnajlı gəmilərdə və yerüstü nəqliyyat vasitələrində istifadə edilə bilən kompakt reaktor yaratmağa nail olmayıb.

Radiasiya problemi

Vaxtilə nüvə enerji qurğusu qitələrarası strateji bombardmançı təyyarələri olan "Convair B-36"-lar üçün də işlənib hazırlamışdı. "Convair B-36"-lar 1949-59-cu illərdə ABŞ Hərbi Hava Qüvvələrinin silahlandırmasına daxil edilmişdi.

NB-36H uçan laboratoriyasının burun hissəsinə 12 tonluq qoruyucu kapsul quraşdırılmışdı. Gücü 1 meqavat, diametri 1,2 metr və ağırlığı 16 ton olan sürətli neytron reaktoru bomba yuvasına yerləşdirilirdi. O, uçuş zamanı buraxılmalı və təyyarənin göyərtəsindəki hava girişlərindən daxil olan atmosfer havası ilə soyudulmalı idi. Eksperiment maşını 47 uçuş yerinə yetirdi, lakin nüvə mühərriki yalnız qısa müddət ərzində işə salındı.

Əslində, kifayət qədər cəlbedici ideya idi. Əlavə yanacaqdoldurma həyata keçirilmədən bir neçə sutka havada qala bilən belə uçan aparatdan strateji bombardmançı və ya kəşfiyyat təyyarəsi kimi istifadə oluna bilərdi. Lakin problemlər də az deyildi. Birincisi, hər bir atom təyyarəsi, əslində, ona sahib olan ölkənin öz ərazisinə də düşə biləcək "çirkli" bombadır. İkincisi, "eksperiment göyərtəsi" həm də havada özü ilə birgə radioaktiv maddələr daşıyırdı. Nəhayət, hər bir halda şəxsi heyət ciddi şüalanmaya məruz qalırdı.

ABŞ-da yerüstü texnikaya da nüvə reaktoru quraşdırmağa cəhd göstərilib. Bu 25 tonluq "Chrysler TV-8" tankı heç vaxt kütləvi şəkildə istehsal edilməyib - standart sistemlərin yalnız bir hissəsi ilə təchiz olunmuş tam ölçülü maket şəklində mövcud olub. Tank kiçik bir nüvə reaktorunun qızdırdığı buxar mühərriki ilə idarə edilməli idi. Bununla belə, tank çox mürəkkəb mexanizm hesab edildi, onun döyüş qabiliyyəti isə ənənəvi nəqliyyat vasitələrindən imtina etmək üçün yetərsiz sayıldı. Beləliklə, 1956-cı il aprelin 23-də layihə ləğv olundu.

11
Rusiya donanmasına məxsus sualtı qayıq, arxiv şəkli

Rusiyanın aqressiv siyasətə cavabı - Yeni sualtı qayıqlar haqqında bizə məlumdur?

8
"Xabarovsk" konsepsiyasının davamı olan "Ulyanovsk" sualtı qayığı ikiqat korpusa malikdir, uzunluğu təxminən 113 metr, tonnajı təxminən 10 min ton, istismar dərinliyi 500 metrə qədər, sualtı sürəti 30 dəniz milindən çoxdur.

BAKI, 19 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Xüsusi təyinatlı nüvə sualtı qayığının korpusunun inşası başa çatmaq üzrədir və tezliklə hidravlik sınaqlara başlanacaq. Rusiya Hərbi Dəniz Donanması bu qayığı 2027-ci ilə qədər əldə etməlidir.

"Ulyanovsk" sualtı qayığının (09853 layihəsi) əsası 2017-ci ildə Sevmaşda qoyulub. Bu qayıq "Xabarovsk" (09851 layihəsi) ilə eyni əsas ölçülərə malik olsa da, onun konstruksiyasında daha müasir sistem və mexanizmlərdən istifadə olunub. "Military Watch Magazine"-ə görə, qayıqlar "Borey" strateji raket sualtı kreyserlərinin ixtisar edilmiş struktur varisləridir. "Ulyanovsk", "Xabarovsk" və "Belgorod" (949A Layihəsinin təcrübəli daşıyıcısı) arasındakı əsas fərq ən yeni sualtı qayığın bənzərsiz "Poseydon" termonüvə torpedaları ilə birlikdə xidmət göstərəcəyidir. Rusiya yaxın gələcəkdə Rusiya Şimal Buzlu və Sakit okean donanmalarının döyüş tərkibində iki "Poseydon" daşıyıcısına sahib olmağı planlaşdırır.

"Poseydon" çoxməqsədli okean sistemi Rusiya Federasiyasının NATO-nun genişlənməsinə və Pentaqonun zərbə potensialının Şərqi Avropadakı təhlükəli konsentrasiyasına, Rusiyanın müdafiə potensialının qabaqcadan məhv edilməsi üçün istifadə edilə biləcək qlobal ABŞ raket hücumundan müdafiə sisteminin formalaşmasına asimmetrik cavabdır.

"Poseydon" – Rusiya Donanmasının ən gizli layihələrindən biridir. Buna baxmayaraq, layihənin əvvəllər dərc olunmuş təxmini xüsusiyyətləri (ekspert qiymətləndirmələri) nüvə hücumunun qarşısını alan bu bənzərsiz sistemin nəyə qadir olduğunu tam təsəvvür etməyə imkan verir.

"Xabarovsk" konsepsiyasının davamı olan "Ulyanovsk" sualtı qayığı ikiqat korpusa malikdir, uzunluğu təxminən 113 metr, tonnajı təxminən 10 min ton, istismar dərinliyi 500 metrə qədər, sualtı sürəti 30 dəniz milindən çoxdur. 120 sutka avtonom şəkildə fəaliyyət göstərə bilir. Qeyri-məhdud məsafə uzaqlığını tamamilə yeni nüvə enerji qurğusu təmin edir. Şəxsi heyəti 100 nəfərdən ibarətdir.

"Ulyanovsk" sualtı qayığının burun hissəsində 6 ədəd "Poseydon" termonüvə torpedasının yerləşdiriləcəyi ehtimal olunur. Bundan əlavə, sualtı qayıq "Kalibr-PL" qanadlı raketləri, "Zirkon" hipersəsli raketləri və "Paket-PL" özünümüdafiə sistemi (düşmənin torpedalarının hücumlarını dəf etmək üçün) ilə təchiz oluna bilər.

Çoxməqsədli okean sistemi təyyarə gəmisi zərbə qruplarını, böyük hərbi bazaları və sahil bölgəsindəki düşmən iqtisadiyyatının strateji obyektlərini məhv etmək üçün nəzərdə tutulub.

Putindən "matryoşkalar"

09851 və 09853 saylı nüvə "Qiyamət günü" torpedalarının sualtı daşıyıcıları gizli fəaliyyət göstərir və çox güclüdür, dörd ayadək (suyun üzünə çıxmadan) böyük dərinliklərdə döyüş tapşırıqlarını yerinə yetirə bilir. Dünya okeanının istənilən nöqtəsində fəaliyyət göstərməyə qadirdir.

"Poseydon" pilotsuz hava aparatlarının həssaslığı daha azdır, daha avtonomdur, döyüş istifadəsi vəziyyətində tamamilə qarşısıalınmazdır. Bütövlükdə çoxməqsədli okean sistemi, göyərtəsindəki sualtı qayıq və termonüvə qitələrarası torpedaları bir növ rus matryoşkalarını xatırladır. Özü də bu "matryoşka"ları kiminsə narahat etməməsi məsləhətdir. Məsələ burasındadır ki, "Poseydon" sistemi ciddi səbəb olmadan heç vaxt işə düşməyəcək.

Nüvə mühərrikli pilotsuz aparat "Poseydon"un (https://www.youtube.com/watch?v=T_7hWSv689Q&feature=emb_logo) uzunluğu 20 metr, diametri 1,8 m, çəkisi 100 tondur. Fəaliyyət məsafəsi praktik olaraq məhdudlaşdırılmayıb, istismar dərinliyi 1000 metr, sürəti 100 dəniz milinə (185 km/saat) bərabərdir ki, bütün bunlar da potensial düşmənin bütün müasir torpedaları üçün praktik olaraq əlçatmaz olan parametrlərdir.

Bundan başqa, termonüvə başlığına malik bu sualtı vasitə kompüter zəkasına sahibdir və daşıyıcıdan bir neçə min kilometr məsafədə müstəqil hərəkət edə bilir. Dərinliyi və sürəti vəziyyətə uyğun olaraq özü seçir. Üstəlik, maksimum sürət istənilən təhdiddən uzaqlaşmağa imkan verir. Hidroakustika vasitəsilə bu cür hədəfi izləmək isə demək olar ki, mümkün deyil.

"Poseydon" dəniz dibi relyefini rəhbər tutaraq 10 min km-ə qədər məsafədə hərəkət edə bilər. Təyinat nöqtəsində aylarla olduğu yerdə qalaraq döyüş istifadəsi üçün və ya bazaya qayıdışla bağlı siqnal gözləyə bilər.

"Poseydon"un döyüş başlığı tutumu tortil ekvivalentində 100 meqatondur. Üstəlik, kobalt bölməli döyüş başlığı ərazinin radioaktiv çirkləndirilməsini maksimum dərəcədə artırmaq üçün hazırlanıb.

Planlaşdırılan dörd daşıyıcı sualtı qayıq – Dünya okeanına yerləşdirilmiş 24 pilotsuz "Poseydon"dur və "Forbes"in qiymətləndirməsinə görə, hər hansı bir düşmənin sahil müdafiəsini "sıfıra endirmək", Hərbi Dəniz Qüvvələrinin təyyarə gəmisi zərbə qruplarını məhv etmək və "ABŞ-ın şərq və ya qərb sahillərinə zərbə vurmaq" qabiliyyətinə malikdir.

Rus inqilabı və Hərbi Dəniz Donanması strategiyası

Vaşinqton, kifayət qədər aqressiv xarici siyasətində Hərbi Dəniz Donanmasına gediş edir, nəhəng xarici baza şəbəkəsinə arxalanaraq planetə nəzarət etməyə çalışır. Buna asimmetrik reaksiya verən Rusiya dənizdə özünü təkcə strateji və çoxməqsədli sualtı qayıqlarla müdafiə etməyə hazırdır. Əslində, amerikalı mütəxəssislər "Poseydon"un ABŞ-ın raket əleyhinə sistemləri, kreyserlər, eskadra mina gəmiləri, sualtı qayıqlar və 2500 km-ə qədər mənzilli "Tomaqavk" qanadlı raketlərinin yaradılmasına cavab olduğunu dərk edirlər.

Amerika tərəfi rus "Poseydon"larının meydana çıxmasından ciddi şəkildə təşvişə düşüb və onları bir sual narahat edir: hərbi silahlı münaqişə baş verərsə, bu silahların istifadəsi beynəlxalq hüquq normalarına uyğun olacaqmı? Sual ritorik xarakter daşıyır.

Rus "Poseydonlar"ı ABŞ-ı əvvəllər iki okeanda da sahib olduğu təhlükəsizlikdən və cəzasızlıqdan məhrum edir. Yeganə alternativ – Vaşinqtonun "Qiyamət günü torpedaları" ilə mübarizə aparmaq üçün tamamilə yeni sistemlərin yaradılması məqsədilə böyük maliyyə xərcləri ayırması ola bilər. Amma ABŞ və Rusiya arasında hərbi sahədə nəzərəçarpan texnoloji boşluq bu sahədə də Vaşinqtona uğur vəd etmir.

Gələcəkdə nüvə torpedalarının daşıyıcısı kiçik səth gəmiləri də ola bilər. "Poseydon" sistemi silahlandırmanın məhdudlaşdırılması ilə bağlı müqavilələrə tabe deyil, böyük ixrac potensialına malikdir və beynəlxalq bazarda adi döyüş başlığı ilə də satıla bilər. Belə hesab edirik ki, Hindistan və Çin çox düşünmədən onları almağa qərar verəcək. Çinli mütəxəssislər artıq bəyan ediblər ki, oxşar texnologiyalar dərin dəniz tədqiqatları üçün idealdır. Həqiqətən də, "Poseydon"un korpus gücü 14 kilometr dərinliyə dalmağa imkan verir.

Hər bir halda, Rusiyanın nüvə elektrik stansiyasına malik strateji qitələrarası dərin dəniz gəmisinin gələcəyi parlaqdır. Moskva isə humanist "güc mövqeyindən" çıxış edərək həmişə ən nataraz tərəfdaşlarla belə bərabər və dinc danışıqlara hazırdır.

8

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17