Donald Trampın BMT-də çıxışı

Dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb

830
(Yenilənib 12:09 27.09.2017)
Bu masada hər kəs artıq yükdən qurtulmağı hədəfləyib

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 18-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahında "BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək" adlı yüksək səviyyəli tədbir keçirilib. Tədbirdə Azərbaycan prezidenti Ilham Əliyev də iştirak edib.

Yüksək səviyyəli tədbirdə ABŞ prezidenti Donald Tramp çıxış edib. BMT-də islahatlara ehtiyacın olduğunu deyən ABŞ prezidenti, qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.

BMT-nin Baş katibi Antonio Quterreş dünyada çoxlu sayda insanların münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib. "Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq" — deyə Quterreş vurğulayıb.

Xatıqladaq ki, Rusiya ABŞ-ın təklifi ilə reallaşan, BMT-də islahatlara dair tədbirində iştirak etməyib. Rusiya xarici işlər nazirinin müavini Qennadiy Qatilovun sözlərinə görə, rəsmi Moskva BMT-də islahatların lehinə olsa da, digər mövqedən çıxış edir: "İslahat hərtərəfli olmalıdır. İslahatla bağlı bütün qərarlar dövlətlərarası dialoq çərçivəsində quruma üzv ölkələr tərəfindən qəbul edilməlidir. Bugünkü tədbir ayrıca bir ölkənin təşəbbüsüdür".

Qeyd edək ki, ABŞ-ın BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 193 ölkədən 128-i imzalayıb. Bir qədər öncə ABŞ prezidenti Donald Tramp BMT-də "cəsarətli islahatlar"a çağıraraq, bunun təşkilatın sülh naminə daha effektiv qüvvəyə çevrilməsinə xidmət edəcəyini bildirib.

ABŞ lideri səkkiz ay bundan əvvəl hakimiyyətə gəldikdən sonra ilk dəfə olaraq BMT-ni ziyarət edərək təşkilatda islahatların aparılmasına dair iclasda iştirak edib. O deyib ki, 193 üzvü olan BMT-də mövcud bürokratiya təşkilatın öz işini lazımi şəkildə aparmasına mane olur.

"Biz BMT-nin bütün dünyada insanların etibarını yenidən qazanmasını istəyirik. Buna nail olmaq üçün BMT idarəçiliyin bütün səviyyələrində hesabatlılığı dəstəkləməli, informatorları müdafiə etməli və əsas diqqəti prosesin özünə deyil, nəticələrə yönəltməlidir" — Tramp bildirib.

BMT yığıncağı
© REUTERS / Lucas Jackson

ABŞ prezidenti BMT-ni bürokratiya və qeyri-mükəmməl idarəçiliyiə görə tənqid edərək, islahatların aparılmasına və bununla təşkilatın bütün dünyada sülhün təmin edilməsində daha güclü qüvvəyə çevrilməsinə çağırıb. ABŞ prezidenti Quterresin islahat səylərinə dəstək məqsədilə Birləşmiş Ştatların 10 maddədən ibarət deklarasiyasının imzalanması mərasiminə dəvət olunmuş 120-dən çox ölkənin liderləri və nümayəndələrinin qarşısında nitq söyləyib.

Beləliklə, BMT-də yeni islahat dalğası genişlənir. Əlbəttə ki, beynəlxalq münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsinə ehtiyac yaranıb. Ancaq burada bir vacib məqamı nəzərə almaq lazım gəlir. Məsələ ondan ibarətdir ki, müasir qlobal geosiyasətdə ziddiyyətlər çoxdur. Onlar dünyanın müxtəlif regionlarında yaşanır. Hətta bir sıra yerlərdə kəskin forma alıb.

Belə şəraitdə BMT-də hansı ümumi mexanizmlər hazırlamaq olar? Ekspertlər problemin bu aspektinə ayrıca diqqət yetirirlər. Onlar dünyada mövcud olan fikir ayrılıqlarını, qarşıdurmaları aradan qaldırmadan BMT kimi qurumların effektiv işləyəcəyinə inanmırlar.

Bununla yanaşı, etiraf etmək lazımdır ki, həmin problemlərin özünün həll edilməsi üçün beynəlxalq təşkilatlar səviyyəsində mexanizmlər lazımdır. Müəyyən mənada qapalı dairə yaranır ki, ondan çıxış yolu tapılması gərəkdir. Düşündürücüdür ki, məsələnin bu tərəfi haqqında böyük dövlətlər fikirləşmək istəmir. Bundan başqa, onlar yeni-yeni ziddiyyətlərə aparan siyasi xətti davam etdirirlər. Burada əsas məqam olaraq "ikili standart" siyasətini göstərmək olar.

Belə çıxır ki, BMT-də islahatlardan danışan böyük dövlətlər mühüm bir məqamı nəzərə almır. Onlar ədalətli olmalı və məsələlərə yalnız öz maraqları aspektindən yanaşmamalıdırlar. Deyək ki, Azərbaycanın işğal olunmuş ərazilərindən təcavüzkarın çəkilməsi üçün heç bir təsirli addım atılmır. BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi üçün iş görülmür. Azərbaycanın TŞ-yə üzv seçilməsi zamanı da müəyyən qərəzli fəaliyyət göstərilir.

Bu kimi məqamlar qaldıqca heç bir islahat effektiv ola bilməz. Beynəlxalq münasibətləri tənzimləmək üçün təkmil qaydalar tətbiq etmək çox çətin olar.

Bütün bunlara rəğmən, qlobal geosiyasət yeni beynəlxalq münasibətlər sistemi formalaşdırmağı tələb edir. Analitiklər dünyanın yeni geosiyasi nizamının yaranmaqda olduğunu vurğulayırlar. Lakin bu prosesi tənzimləyə biləcək səmərəli beynəlxalq təşkilat gözə dəymir.

Qlobal miqyasda isə problemlər getdikcə artır. Bəşəriyyətin bu "ağır yükün" altında əzilmə ehtimalı var. Əslində, BMT universal beynəlxalq qurumdur, dünyanın demək olar ki, bütün ölkələri onun üzvüdür. Bu baxımdan ikinci belə presedent yoxdur. Həm yaranma fəlsəfəsi, həm də miqyası baxımından BMT mühüm qurumdur.

"İslahatlar niyə lazımdır" sualına isə cavab olaraq siyasi analitiklər bildirirlər ki, "soyuq müharibə"nin bitməsindən sonra dünyada böhranlar ciddi şəkildə çoxalıb (Afrika, Yaxın Şərq, Asiya, post-sovet məkanında və s.). BMT bu yeni situasiyaya reaksiya verə bilmir, həm də ona görə ki, TŞ daxilində böyük fikir ayrılığı var.

Bundan əlavə, dünya miqyasında böyük oyunçuların hamısı TŞ-da olmağa iddialıdır. Rusiya təbii ki, istənilən islahatın əleyhinədir, çünki BMT TŞ Rusiyanın dünyada ən yüksək səviyyədə iştirak etdiyi institutdur. Ancaq BMT TŞ vasitəsi ilə Rusiya institusional şəkildə dünya siyasətində lider ölkələr sırasında yer almış olur. Bu düzənə hər hansı bir dəyişiklik Rusiyanın qlobal siyasətinə ziddir.

Türkiyə də BMT TŞ-nin islahatlara ehtiyacı olduğunu bəyan edir. Lakin BMT heç də hər hansı regional dövlətin istəkləri üzərində qurulmayıb. Bu qurumu yaradan fövqəldövlətlər məhz öz maraqlarını balanslı şəkildə saxlamaq üçün bu yola əl atıb.

İndi isə dünyanın yenidən bir də bölünməsi tələb olunur. Və bu tələb beynəlxalq münasibətlər tarixinin, məhsuldar qüvvələrin inkişaf tempi və yerdəyişməsi ilə bağlıdır.

Yaxın Şərqdə Qərblə Rusiya arasında yaşanan toqquşmanın ABŞ-ın maraqlarına tam cavab verəcək şəkildə nəticələnmədiyini ehtimal edə bilərik. Bu islahat tələbi, əslində ABŞ-ın Rusiya və Çinin "veto"sundan canını qurtarmaq istəyindən qaynaqlanır. Burada həm Almaniyanı, həm Yaponiyanı, həm də mövcud daimi üzvlərin maraqlarını da nəzərdən keçirmək lazım gəlir.

Almaniya ABŞ-dan qurtulmaqla bütün Avropanı ümumi konstitusiyada və vahid "avro" çətiri altında birləşdirməklə, həm də ABŞ-ın onunla daha "yumşaq" dildə danışmasını, onu ciddi qəbul etməsini qarşıya məqsəd qoyub. ABŞ-ın Yaxın Şərqdəki planlarına laqeydlik nümayiş etdirən almanlar, bunun qarşılığında ABŞ-dan Avropanın daxili işlərinə qarışmamağı və Almaniya ətrafında birləşmənin gedişatına təsir göstərməməyi tələb edirlər.

Bir sözlə, dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb və heç də hamı Vaşinqtonun dominantlığını qəbul etmək istəmir. Əslində, "BMT islahatları"na birmənalı olmayan münasibətin kökündə də bu amil dayanır…

830
Teqlər:
, tələb, ölkə, təklif, dünya, islahat, BMT, Rusiya, Türkiyə, ABŞ
Əlaqədar
BMT buddist zülmündən qaçan müsəlmanlara yardım əlini uzadacaq
BMT-dən həyəcan təbili: Arakanda insanlıq faciəsi yaşanır
Ərazilərimizin işğalı faktı BMT-də müzakirə olunacaq
Rusiyanın BMT-dəki yeni nümayəndəsinin adı açıqlandı
BMT Suriyadakı atşkəsi dəstəklədi
BMT-nin Baş katibi: "İsrail 1967-ci ildən əvvəlki sərhədləri daxilinə çəkilməlidir"
XİN başçısı BMT-yə üsyan etdi
Rusiya BMT TŞ-nin təcili toplantısını çağırdı
Mayk Pompeo və Ceyhun Bayramov, arxiv şəkli

"Asan məsələ": Amerikalıların Qarabağda müharibəni dayandırmaq cəhdləri

89
(Yenilənib 20:32 27.10.2020)
Dağlıq Qarabağ münaqişəsini həll etməyin çətin olmadığını deyən Tramp niyə Azərbaycanla Ermənistanı barışdıra bilmədi.

BAKI, 27 oktyabr — Sputnik, Qaliyə İbrahimova. Dağlıq Qarabağda hərbi əməliyyatlar artıq bir aydır ki, davam edir və indiyə kimi üç humanitar atəşkəs cəhdi baş tutmayıb. ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs rejimi uzun sürməyib. Amerikalılar bölgədə təhlükəsizliyi bərpa etməyə söz versələr də, onlara inanan azdır.

Amerikanın oyanışı

"ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı danışıqlarda vasitəçiliyi öz üzərinə götürüb. Bütün səylərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib", – ABŞ Dövlət Departamenti üçüncü humanitar atəşkəsin elan olunduğunu bu sözlərlə bəyan etdi.

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş əvvəlki iki razılaşmanın pozulduğunu nəzərə çatdıran Mayk Pompeo şəxsən bəyan etdi: "Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan (Azərbaycan və Ermənistan XİN-in rəbərləri – red.) atəşkəs rejiminə əməl olunacağına təminat verdilər".

Donald Tramp da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etdiyini nümayiş etdirdi. Nyu-Hempşirdə seçicilər qarşısında çıxış edən ABŞ Prezidenti Qafqazdakı münaqişə ilə "məşğul olacağına" söz verdi. "Niyə də olmasın? Məncə, nə edəcəyini bilən adam üçün bu asan məsələdir", – deyə Ağ Ev rəhbəri öz qeyri-adi üslubuna sadiq qalaraq bildirdi.

Amerikalıların Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturtmaq cəhdini Rusiya Prezidenti də dəstəklədi. "Ümid edirəm ki, Vaşinqton bizimlə həmrəylik göstərəcək və münaqişənin nizamlanmasına kömək edəcək", – deyə Vladimir Putin vurğuladı.

Razılaşmanın pozulması

Humanitar atəşkəs rejimi oktyabrın 26-da yerli vaxtla səhər saat 8-də qüvvəyə mindi. Ancaq üstündən heç yarım saat keçməmiş hər iki tərəf razılaşmanın pozulduğunu bəyan etdi.

Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrini Tərtər və Dağlıq Qarabağla həmsərhəd yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırdı. Ermənistan Müdafiə Nazirliyinin açıqlaması da özünü çox gözlətmədi.

Azərbaycan Prezidenti İlham Əliyev müvəqqəti atəşkəsə etiraz etməsə də beynəlxalq vasitəçiləri məsələyə neytral münasibət göstərməyə çağırdı. "Ermənilər atəşkəs istəyirlərsə, qoy bizim ərazilərimizi tərk etsinlər. Bu baş verməsə, sona qədər mübarizə aparacağıq", – deyə Azərbaycan lideri bəyan etdi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edən digər dövlətlərə də müraciət edərək, xüsusilə, Türkiyəyə Qafqazdakı nüfuzundan istifadə etməsini məsləhət gördü. "Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqlarımız oldu. Ankaranı münaqişənin sülh yolu ilə nizamlamasını dəstəkləməyə inandırmağa çalışırıq", – deyə Rusiya XİN-in rəhbəri bildirdi.

ATƏT-in Minsk qrupu tərəfləri barışdırmaq cəhdindən əl çəkmir. Oktyabrın 29-da həmsədrlər Cenevrədə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə görüşəcəklər. Ancaq RİA Novosti-yə müsahibə verən ekspertlər bu məsələyə şübhə ilə yanaşırlar.

Amerikanın təşəbbüsü

Qafqaz regionu üzrə mütəxəssisi Nurlan Qasımov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyinin lap əvvəldən uğursuzluğa məhkum olduğunu bildirir. Onun sözlərinə görə, hər iki tərəf müvəqqəti atəşkəsdən ehtiyat qüvvə yığmaq və münaqişə bölgəsindəki mövqelərini gücləndirmək üçün istifadə edir.

"Hazırda Laçın dəhlizi uğrunda döyüşlər gedir. Əgər Azərbaycan dəhlizi ələ keçirsə, Ermənistanla Dağlıq Qarabağ arasındakı birbaşa əlaqə kəsiləcək. Bu isə münaqişənin nizamlanması prosesini kökündən dəyişəcək", – deyə Qasımov bildirib.

Mütəxəssis Vaşinqtonun nizamlanma prosesindəki fəallığını Amerikadakı seçki kampaniyası ilə əlaqələndirir. Bununla belə, ABŞ-ın yeni rəhbərliyinin Cənubi Qafqaza marağını tez itirəcəyinə də əmindir.

"İndiyə kimi Vaşinqtondan münaqişənin nizamlanması ilə bağlı yeganə təşəbbüs 1999-cu ildə irəli sürülüb. Həmin vaxt Ki-Vestdə keçirilən görüşdə ABŞ-ın vasitəçisi Pol Qobl ərazilərin mübadiləsi planını təklif etdi: Dağlıq Qarabağ ətrafındakı yeddi bölgə Azərbaycana qaytarılır, Bakı isə Ermənistan-İran sərhədindəki Mehri dəhlizini alaraq Dağlıq Qarabağı və Laçın dəhlizini Ermənistana verir. Lakin İrəvan Mehri dəhlizinin Dağlıq Qarabağı dünya ilə əlaqələndirdiyini əsas gətirərək bu təklifdən imtina etdi. Həmin vaxt Dağlıq Qarabağın ermənilərdə qalması ilə razılaşmayan Azərbaycan tərəfi də planın reallaşmasına razılıq vermədi", – deyə Qasımov xatırladır.

O, ABŞ-ın 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hərəkətlərini tərəfləri barışdırmaq istəyi ilə deyil, "Qafqazın neft və qaz sektoruna sərmayə yatırmaq" arzusu ilə izah edir.

"Bundan sonra Qərb Cənubi Qafqazda neft və qaz boru kəmərlərinin tikintisinə böyük sərmayə qoydu. Azərbaycan nefti Avropadakı Rusiya enerji qaynaqlarına alternativ sayıldı və amerikalılar buna hər cür dəstək verdilər. Müharibə bu layihələrin həyata keçirilməsinin qarşısını ala bilərdi. Ancaq Qoblun planının iflasından sonra Vaşinqton sülhməramlı təşəbbüsünü tamamilə Rusiyaya ötürdü", – deyə Qasımov xatırladır.

Vaşinqton seçkidən sonra Qafqazı unudacaq

ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Pavel Koşkin də Amerikanın sülhməramlı vasitəçiliyini seçkiöncəsi vəziyyətlə əlaqələndirir.

"Tramp üçün bəzi ştatlarda çoxluq təşkil edən erməni diasporunun səsini almaq vacibdir. Bu səbəbdən də münaqişənin həllinə kömək etmək üçün vədlər verir. Ancaq seçkidən sonra Vaşinqton yenidən Qafqazı unudacaq", – deyə ekspert bildirir.

Koşkinin fikirncə, amerikalıların Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesindən uzun müddət kənar qalması okeanın o biri tayından konfliktin idarəolunan münaqişə təsiri bağışlaması ilə əlaqədardır: "ABŞ-da Dağlıq Qarabağ problemi Ukrayna və ya Gürcüstandakı vəziyyətdən fərqli olaraq, qarışıq məsələ kimi qəbul olunmur. Çünki digər dondurulmuş münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində hər zaman Moskva ilə konsensusa getmək imkanı var".

Ağ Evin yeni rəhbəri kim olursa-olsun, Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün əhəmiyyət kəsb etməyəcək. Ancaq vacib məqam odur ki, Qarabağ münaqişəsi Vaşinqtonun Moskvanın fikirlərinə güvəndiyi çox az sayda məsələlərdən biridir.

89
Teqlər:
ABŞ, ATӘT-in Minsk Qrupu, Atəşkəsin pozulması, dinc sakinlər, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan - İlham Əliyev
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"
İlham Əliyev: "Azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar"
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

118
(Yenilənib 02:00 27.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

118

Onlayn təhsil platformaları VPN-siz işləyəcək - Nazir

0
(Yenilənib 11:33 30.10.2020)
Nazir onu da qeyd edib ki, internetin keyfiyyəti ilə yanaşı istifadəçilərin İKT biliyinin olmaması ilə bağlı da problemi var

BAKI, 30 oktyabr — Sputnik. Son bir ayda olan Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə söyləyib. O, bildirib ki, mülki obyektlərin hədəfə alınması Azərbaycanın terrorist bir dövlətlə mübarizə apardığının nümunəsidir: "Ermənistanın cəbhədən çox kənarda yerləşən yaşayış massivlərini hədəfə alması nəticəsində 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb".

Nazir qeyd edib ki, bu vəziyyətlə yanaşı koronavirusun yayılması da sürətlənib: "Məlumdur ki, biz dərslərin əyani təhsilə keçirilməsini mərhələli şəkildə həyata keçirdik. Okyabr ayının əvvəlində pandemiya ilə bağlı vəziyyət yaxşı olduğundan 2000-dən artıq məktəbdə 5 gün əyani təhsilə keçidi təmin etdik. Amma ölkəmizdəki hərbi vəziyyət, koronavirusa yoluxma sayı, eləcə də internetin məhdudlaşdırılması nəticəsində 19 oktyabrdan bütün təhsil müəssisələrində tətil elan edildi. Məqsəd bu iki həftədə vəziyyəti düzgün qiymətləndirmək və hazırlıq işlərini apararaq ən optimal qərarların verilməsindən ibarət idi. Bu iki həftədə hazırlıq işləri aparılıb. Bu günə olan ən optimal qərar noyabrın 2-dən dərslərin distant keçirilməsidir. Bu qərarın icrası təbii ki, müəyyən çətinliklər yaradacaq. Amma artıq onlayn təhsillə bağlı təcrübə var. Həm şagridlər, həm validyenlər həmçinin də müəllimlər vəziyyətin mürəkkəbliyini nəzərə alaraq təhsili onlayn həyata keçirdəcək. Bu gün mövcud olan çətinliklərə baxmayaraq onlayn təhsil təhsildən geri qalmamaq üçün ən optimal variantdır. Ölkədə onlayn platformaların işinin bərpası istiqamətində iş görülüb. Həmin platfomaların işləməsi üçün testlər aparılıb. Son vaxtlar internetin sürətinin azaldığı bir dövrdə insanların ”VPN” kimi müxtəlif proqramlardan istifadə  etdiklərini görürük. Nəzərinizə çatdırım ki, qarşıdakı günlərdə onlayn təhsil zamanı VPN-siz qoşulmaq mümkün olacaq. VPN proqramından istifadə şagirdələrin onlayn təhsilə qoşulmasına mane ola bilər.Ona görə də, istər şagirdlərdən, istərsə valideynlrədən bunu nəzərə almağı xahiş edirik”.".

Nazir onu da qeyd edib ki, internetin keyfiyyəti ilə yanaşı istifadəçilərin İKT biliyinin olmaması ilə bağlı da problemi var: "Bizim gördüyümüz məsələ ondan ibarətdir, bir çox istifadəçilərdə brauzerin köhnə versiyasına görə müvafiq platforma. Biz 10-15 faiz istifadəçidəbu tip problemləri görürük. Çalışırıq ki maarifləndirmə işini sürətləndirək. Nəzərə almalıyıq ki, biz bir amildən asılı deyilik. Bir neçə amil var".

0