Şimali Koreyanın rəhbəri Kim Çen In Pxenyanda yeni yaşayış kompleksinin açılışında

"Koreya xalqı bu axmaq adamdan canını qurtarmasa..."

343
(Yenilənib 10:43 01.09.2017)
"Silah sifarişləri məhz Pentaqonun masası üzərinə qoyulacaq, qazanan ABŞ olacaq"

BAKI, 31 avqust — Sputnik. "Pxenyanın Koreya yarımadasındakı hədələri daha çox Amerikanın işinə yarayacaq. Çünki gərginlik bölgədə yeni silahlanmanın təməlini qoyacaq və Vaşinqton silahlarını satmaq üçün yeni bazar əldə edəcək".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında, Bakı Slavyan Universitetinin professoru, siyasi şərhçi Oqtay Sadıxzadə, Şimali Koreyanın son raket sınağını dəyərləndirərkən deyib: "Bu, Şimali Koreyanın indiyə qədər sınaqdan keçirdiyi ən müasir raketdir. 2700 km məsafə qət edib. Orta mənzilli raket ailəsinə aiddir. Bu sınaqdan sonra həm Cənubi Koreya, həm də Yaponiya müasir silahlar, müdafiə sistemləri almaq üçün sifarişlər edəcək. Düşünürəm ki, sifarişlər məhz Pentaqonun masası üzərinə qoyulacaq. Qazanan ABŞ olacaq".

Politoloq yarımadadakı silahlanmanı təbii qarşıladığını bildirib: "Şimali Koreyanın bu çılğın, həddən artıq isterikaya meylli rəsmi mövqeyinin fonunda həm Cənubi Koreya, həm də Yaponiyanın silahlanması təbii qarşılanmalıdır. Beləliklə, aparıcı dünya dövlətləri regionun silahlanmasında maraqlı olacaq ki, həmin ölkələr özləri-özlərini müdafiə edə bilsin. Qıraqdan başqa bir dövlətin gəlib Şimali Koreya ilə savaşacağını ehtimal etmirəm".

Mövzunu Sputnik Azərbaycan-a keçmiş dövlət müşaviri Qabil Hüseynli də dəyərləndirib. O, Koreya yarımadasında müharibə ehtimalının ən son və ən çətin variant olduğunu bildirib: "Müharibə ssenarisi ancaq bütün imkanlar tükənəndən sonra mümkündür. Şimali Koreyada elə bir siyasi hakimiyyət, elə bir rəhbər mövcuddur ki, onunla kompromisə gəlmək, məsələləri diplomatik yollarla həll etmək real görünmür. Çünki bu adam manyak xarakterli adamdır. Münasibətlərin gərginləşməsindən sanki ləzzət alır".

"Zənnimcə, bu problemin sülh yolu ilə həlli Pxenyanda siyasi rəhbərliyin dəyişməsi ilə mümkündür. Koreya xalqının özü də bu axmaq prezidentdən canını qurtarsa, xoşbəxt olar. Əks halda, vəziyyət gərginləşməkdə davam edəcək. Şimali Koreyanın nə ABŞ-ın Quam adalarını vurmağa, nə də bu dövlətlə ciddi müharibəyə gücü çatar" — Hüseynli vurğulayıb.

Politoloq hesab edir ki, hazırda əsas məsələ, Kim Çen İnin hakimiyyətdən uzaqlaşdırılmasıdır: "Ancaq bir şey var ki, hərbi generalitetin böyük hissəsi onun tərəfindədir. Bu da onun devrilməsini qəlizləşdirir. Nə olur olsun, Koreya yarımadasındakı problem həllini tapmalıdır. Çünki artıq ox yaydan çıxıb".

Keçmiş müşavirin sözlərinə görə, problemin həllində Rusiya və Çinin də rolu böyükdür: "Bu ölkələr Pxenyana yardımı kəsməlidir. Xüsusilə, son ballistik raketlərin mühərriklərinin Rusiyadan göndərilməsi haqqında məlumatlar var. Bu yardımlar mütləq durdurulmalıdır".

343
Teqlər:
Koreya yarımadası, Şimali Koreya, Pxenyan, Amerika, Vaşinqton, silah
Əlaqədar
Şimali Koreya 3 ballistik raket atıb, heç bir hədəfə çatmayıb
Politoloq: “Şimali Koreya Amerika ilə dil tapmağa çalışacaq”
Rusiyadan ABŞ-la Şimali Koreyaya "səviyyə" açıqlaması
Koreya böhranı: Məsələdən qan iyi gəlsə də...
Şimali Koreya ABŞ-ı vuracağı tarixi açıqladı
"Minlərlə amerikalı öz torpaqlarında yox, Koreyada öləcək"
Rusiyadan "Koreyada sülh" jesti: sıra ABŞ-da