S-400

Vaşinqtondan izahı mümkünsüz hərbi-siyasi kombinasiya

2482
(Yenilənib 20:07 02.08.2017)
Nə özü satır, nə başqasından almağa razılıq verir: O zaman nə etməli?

BAKI, 2 avqust — Sputnik. Birləşmiş Ştatların Müdafiə Nazirliyi (Pentaqon), Türkiyənin Rusiyadan "S-400" raketləri almaq istəməsinə rəsmən etirazını bildirib. Sputnik Azərbaycan bu barədə "Washington Times"-a istinadən xəbər verir.

Nazirliyin spikeri Cef Deyvis, NATO havadan müdafiə sistemləri ilə Türkiyənin Rusiyadan almaq istədiyi "S-400"-lər arasında uyğunsuzluq olduğunu, bu səbəblə narahat olduqlarını bildirib. Deyvis, həmçinin Türkiyənin bu addımının inteqrasiya prosesinə zərər verəcəyini deyib.

Xatırladaq ki, Türkiyə ABŞ-dan "Patriot" havadan müdafiə sistemi almaq üçün, dəfələrlə bu ölkənin rəhbərliyinə müraciət etsə də, Pentaqon Ankaranın bu istəyini geri çevirib. Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən politoloq Arzu Nağıyevin sözlərinə görə, Amerikanın "Patriot"-ları nə üçün Türkiyəyə vermədiyini anlamaq olar.

"Çünki ABŞ-ın planında Suriyanın şimalında böyük kürd dövləti yaratmaq var. Ankara isə sərt şəkildə bu planın qarşısındadır. Və çalışır ki, Suriyanın şimalında bufer zona yaratsın. Bunun üçün də türklərə ya "Patriot", ya da "S-400" tipli RƏM sistemi lazımdır" — Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq qanunvericiliyə əsasən, hər bir ölkə özünümüdafiə üçün istədiyi müdafiə sistemini ala bilər: "Pentaqonun narahat olmasının heç bir qanuni əsası yoxdur. Ankara bu mövzuda sona qədər haqlıdır".

Politoloq əlavə edib ki, Türkiyə NATO üzvü olduğu üçün, Amerika bu ölkəyə hansı silahların verilməsi məsələsini özü ayırd eləmək istəyir: "Bütün alınan silahlar NATO çərçivəsində razılaşdırılmalıdır. Eyni zamanda, Suriyada nə qədər ki, bu proseslər səngiməyib, ABŞ istəmir ki, Rusiya ilə Türkiyə arasında hansısa iri silah ticarəti anlaşması imzalansın. Amerika Türkiyəyə açıq-aşkar deyir ki, "əgər sən NATO üzvüsənsə, mənim verdiyim silahlar səni qane etməlidir". Ancaq bu, Ankaranı qane etmir".

"Çünki Türkiyə özünün gələcək təhlükəsizliyini zəmanət altına almaq üçün daha müasir silahlara sahib olmalıdır. Türk tərəfi raket əleyhinə müdafiə sistemi olan "Patriot"-ları dəfələrlə ABŞ-dan almaq istədi, ancaq Vaşinqton hər dəfə bir bəhanə ilə Ankaranı geri çevirdi. Ona görə də Türkiyə məcbur qalıb, Rusiyadan "S-400" raketlərini almağa yönəldi" — Nağıyev qeyd edib.

Politoloq Fikrət Sadıxova görə isə, Pentaqonun narahat olmağa heç bir haqqı yoxdur: "Silahı kommersiya əsaslarında hər bir dövlət başqa bir dövlətdən ala bilər. Burada hansısa problem olmamalıdır. Buna heç kəs nə etiraz edə bilər, nə də münasibət bildirə bilər".

"Türkiyə Rusiyaya üz tutmazdan əvvəl raket əleyhinə müdafiə sistemini ABŞ-dan almaq istəmişdi. Ancaq Vaşinqton "Patriot"-ları Türkiyəyə satmaqdan boyun qaçırdı. Ankara da məcbur olub Rusiyaya yönəldi" — siyasi şərhçi vurğulayıb.

F. Sadıxov bildirib ki, axır zamanlar geosiyasi qarşıdurmalar çox gərginləşib: "Yaxın Şərqdə baş verən hadisələr Türkiyəyə öz təsirini göstərir. Üstəlik, daxildə də kürd problemi mövcuddur. Və bu vəziyyət Ankaranı ölkənin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün ciddi addımlar atmağa vadar edir. Vaşinqton Rusiya-Türkiyə yaxınlaşmasından çox narahatdır. Ancaq bu narahatçılıq türklərin başqa yerdən silah almasına əngəl törədə bilməz".

2482
Teqlər:
"S-400" raketləri, havadan müdafiə sistemləri, Arzu Nağıyev, Sputnik Azərbaycan, Fikrət Sadıxov, Pentaqon, NATO, Müdafiə Nazirliyi, Suriya, Rusiya, Türkiyə, Birləşmiş Ştatlar, ABŞ, politoloq
Əlaqədar
Rusiya-Türkiyə arasında Qərbi narahat edən tarixi saziş imzalandı
Rusiya səfirinə Türkiyədə xüsusi icazə verildi
Türkiyədə Rusiya vətəndaşlarına qarşı əməliyyat: həbs olunanlar var
BMT Türkiyə, Rusiya, ABŞ və İrana təcili çağırış etdi
Türkiyə, Rusiya və ABŞ ordu başçıları arasında kritik görüş