Tehran

Tramp bu namizədi İran prezidenti görmək istəyir

667
(Yenilənib 18:01 19.05.2017)
Seçkiyə bir gün qalmış ABŞ-ın Suriyaya hücum etməsi Rəisinin mövqeyini daha da gücləndirdi

BAKI, 19 may — Sputnik. İranda keçirilən prezident seçkiləri bölgə üçün son dərəcə önəmlidir. Proqnozlara görə, indiki prezident Ruhaninin şansı daha çoxdur. Ruhaninin yenidən seçiləcəyi təqdirdə ölkənin xarici siyasətində ciddi dəyişiklik yaratmayacağı ehtimal olunur.

Ancaq Rəisinin sərt inqilab xətti tərəfdarı olması və təmsil etdiyi dairələrin mövqeyi, eləcə də hazırda Yaxın Şərqdə təzyiqin sürətlə artması yeni prezidentin gəlişinin ölkənin xarici siyasətinə təsir edəcəyinə işarədir. Araşdırmaçılar hesab edirlər ki, ABŞ üçün Ruhani kimi rəqib lazım deyil.

Ən azı ona görə ki, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında 100 milyard dollarlıq silah satışı ilə bağlı daha bir anlaşma imzalanıb. Bütün bu silah bazarlığının əsas səbəbkarı şiə İran təhlükəsidir. Bu mənada indi ABŞ-a İranda mülayim deyil, sərt xətt tərəfdarlarının iqtidar olması daha uyğundur.

Bir detalı da vurğulamaq lazım gəlir ki, İran seçkilərində etnik kartdan yararlanmaq cəhdləri də ciddi səmərə verə bilməz. Etnik amil ikinci dərəcəlidir. İranda birinci dərəcəli məsələ namizədin sosial-iqtisadi platforması, şəxsi keyfiyyətləri, onun arxasında duran dairələrin çəkisidir. Hər şey səsvermədən asılı olacaq. İranda seçkinin nəticələrini həqiqətən səsvermənin nəticələri müəyyənləşdirir.

Onu da nəzərə alaq ki, İran Birləşmiş Ştatların barışmaz ideya düşməni hesab edilir. O zaman İran inqilabının banisi ayətullah Xomeyni də qatı anti-Qərb mövqedə olub, İRİ-nin indiki dini lideri Xameneyi də Qərbin həyat tərzinə qarşı barışmaz mövqedə dayanır.

Lakin bu şəxslər, məhz Vaşinqton və Qərb dəyərləri sayəsində İranda hakimiyyətə gələ bildilər. İranın sonuncu şahı Pəhləviyə qarşı 1979-cu il ildə baş qaldıran nümayişlər zamanı ABŞ prezidenti Cimmi Karter yumşaq mövqe nümayiş etdirdi. Aksiyalara qarşı zor tətbiqini pisləyən Kartet, o zamankı rəhbərlikdən insan haqlarına hörmətlə yanaşmağı, iranlı dissidentlərə qarşı Qərb standartlarına uyğun hərəkət etməyi tələb etmişdi.

Ronald Reyqan administrasiyası da İran — İraq müharibəsində Tehran rejimini müdafiə edib. O zaman Vaşinqtonda böyük bir qalmaqal yaranmış və tarixə "irangeyt" adı ilə düşəcək bir insident baş vermişdi. İran Səddam Hüseyn rejiminin devrilməsinin əsas dəstəkçisi oldu və bununla da Vaşinqtona yardım etmiş oldu.

İran özünü islam dünyasının lideri kimi aparmağa çalışır. Lakin Tehrana qarşı düşmən mövqedə olan "Əl-Qaidə" terror qruplaşmasının ortaya çıxması və Fələstinin HƏMAS qruplaşmasının Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizəyə qoşulması İranın mövqeyini xeyli zəiflətmiş oldu.

İranla bağlı başqa bir paradoks İsraillə münasibətlərdir. İsrail İranın əsas düşmənlərindən biri elan edildi. Lakin İran İraqla müharibədə silahı məhz İsraildən alırdı.

Daha maraqlı mövqe isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bəlli olduğu kimi, şiə azərbaycanlılar bu müharibə nəticəsində öz torpaqlarının böyük bir qismindən məhrum olublar. Lakin bu, Tehranın Ermənistanla sıx əməkdaşlıq etməsinə mane olmur.

Bu seçkilərdə bütün namizədlər "İran paradokslarının" qeyd olunan bütün hallarına malikdirlər. Hətta ali dini lider Xameneyi hazırkı prezident Həsən Ruhanini həddən artıq qərbyönümlü siyasət yürütməkdə ittiham etsə belə, hamı gözəl bilir ki, amplituda dəyişikliyi elə də böyük olmayacaq.

Seçkilərdən sonra İranda dəyişikliklər dövrünün başlaması istisna deyil. Lakin bütün bu dəyişikliklər ABŞ prezidenti Donald Trampın, İranda sözün əsl mənasında dəyişikliklər istəyib-istəməməsindən asılı olacaq. Görünən budur ki, Tramp sələfi Səudiyyə Ərəbistanı ilə şiə İran arasında qanlı savaş ssenarisi hazırlayır.

Bu baxımdan, mötədil siyasətçi olan Ruhaninin yenidən prezident seçilməsi heç də Vaşinqtonun maraqlarına cavab vermir. Elə bu baxımdan, digər namizəd Rəisinin mövqeyini gücləndirmək lazım gəlirdi və seçkiyə bir gün qalmış ABŞ-ın Suriyaya hücum etməsi Rəisinin mövqeyini daha da gücləndirdi. Vaşinqona bölgə ağalığı üçün şiə-sünni savaşı lazımdır və odur ki, Ağ ev Rəisinin prezident seçilməsi üçün əlindən gələni edəcək…

667
Teqlər:
Rəisi, qərargah, İran, Səudiyyə Ərəbistanı, Həsən Ruhani, Birləşmiş Ştatlar, ABŞ, prezident seçkiləri
Əlaqədar
BMT Türkiyə, Rusiya, ABŞ və İrana təcili çağırış etdi
Politoloq: “ABŞ İrana həmlə etmək yox, dilə tutmaq istəyir”
İrandan ABŞ-a "cavab atəşi"
ABŞ-da sensasion qətnamə: İrana qarşı müharibə icazəsi
İran Astana danışıqlarında ABŞ-ın iştirakına qarşı çıxıb
ABŞ gəmisi İran donanmasına atəş açıb
"ABŞ imkan verməz ki, Rusiya-Türkiyə-İran üçlüyü onun planını pozsun"
S-400 zenit-raket sistemi, arxiv şəkli

Rusiyanın S-400 sistemləri dörd ölkəni "ələ keçirdi": bəs sonra?

41
(Yenilənib 16:50 16.01.2021)
Əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək

BAKI, 16 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinin dinc yolla ekspansiyası Avrasiyanın yeni ölkələrini əhatə edir. Çin, Türkiyə, Hindistandan sonra Belarus Respublikası da hərbi hava və hava hücumundan müdafiə qüvvələrini "Triumf"larla yenidən silahlandırmağa hazırlaşır.

İraq, Qətər və Mərakeş (Afrika qitəsinin şimal-qərb hissəsi) də S-400 sistemlərini əldə etmək mərhələsindədir. S-400 zenit raket kompleksinin (ZRK) dünyada uğurlu inkişafının əsasında yaxın analoqlarının olmaması, misilsiz döyüş xüsusiyyətləri dayanır.

Yanvarın 14-də Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-mayor İqor Qolub ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "beşinci nəsil" F-22 və F35 döyüş təyyarələrinin döyüş qabiliyyətləri nəzərə alınmaqla xüsusi olaraq hazırlanmış hava hücumundan müdafiə bölmələrini ən son S-400 "Triumf" sistemləri ilə yenidən silahlandıracaqlarını elan etdi. NATO Avropaya yüzlərlə F-35 yerləşdirməyi planlaşdırır.

Bundan başqa, qoşunlar "Pantsir-S" ZRK-nın təkmilləşdirilməsi məqsədilə müqavilə öncəsi iş aparır. MI-35 çoxməqsədli hücum helikopterləri və Rusiya istehsalı olan SU-30SM qırıcılarının ikinci partiyası üçün müqavilələr imzalanıb.

Belarus qoşunları 2021-ci ildə yeni "Protivnik-Q" və "Vostok" radarlarını da qəbul edəcək. Bundan əvvəl Rusiya Federasiyasında istehsal olunan yeni "Sopka-2" üç koordinatlı marşrut əsaslı S zolaqlı radiolokasiya sistemi ölkənin hava məkanını qorumaq üçün (Baranoviçi rayonu ərazisində) döyüş tapşırığı alıb. Qərbin sanksiyaları və iqtisadi çətinliklər Rusiyanı Belarus ordusu üçün yeganə silah tədarükçüsünə çevirir.

Beləliklə, Belarus respublikasının səması istənilən təcavüzkar üçün aşılmaz qalaya dönür.

Nikbin dinamika

Rusiya ilə aktiv hərbi-texniki əməkdaşlıq yeddi MDB ölkəsi də daxil olmaqla, dünyanın əlli dövlətinin təhlükəsizliyini və suverenliyini gücləndirir. Xarici mütəxəssislər Rusiya Federasiyasında istehsal olunan döyüş təyyarələrini və hava hücumundan müdafiə sistemlərini ən təsirli müdafiə vasitəsi hesab edirlər.

Çin S-400 "Triumf" ZRK-nın ilk xarici müştərisi olub. S-400 hava hücumundan müdafiə sistemlərinin iki alay dəstinin tədarükü üzrə Rusiya-Çin müqaviləsi 2014-cü ilin noyabrında imzalanmışdı.

Bir dəstin tərkibinə - mobil komanda məntəqəsi, iki diviziya buraxılış qurğusu, radiolokasiya stansiyaları və iki növ 120-dən çox yeni zenit idarəolunan raketi daxildir.

"Triumf"dan ilk uğurlu atəş Çin mütəxəssisləri tərəfindən 2018-ci ilin dekabrında həyata keçirildi və təxminən 250 km məsafədə 3000 m/s sürətlə uçan ballistik hədəfi məhv etdi.

Çin S-400 sistemlərinin ikinci alay dəstini 2019-cu ilin dekabrında aldı. Rusiya "Triumf"larının Çində əsas üstünlükləri - 400 km-ə qədər hərəkət məsafəsinə sahib olması (dünyada heç bir "yer-hava" raket sistemi buna qadir deyil), düşmənin Radio Müşahidə və Nişan Alma təyyarələrini məhv etmək xüsusiyyəti (döyüş əməliyyatları zamanı hədəf təyinatlarını aradan qaldırmaq üçün) və uzaq məsafədən kəşfiyyat apara bilməsidir. S-400 sistemləri Çin Xalq Respublikası ətrafındakı periferik və mübahisəli sahələri etibarlı şəkildə idarə etməyə imkan verir.

Türkiyə isə Rusiya ilə 2017-ci ildə S-400 "Triumf" hava müdafiə sisteminin alınması barədə razılığa gəlib, müqavilənin dəyəri 2,5 milyard dollardır. Bu, ABŞ-Türkiyə münasibətlərində ciddi böhrana səbəb olub. Türkiyəni sanksiyalarla, eləcə də F-35 qırıcılarının istehsalı proqramından xaric etməklə hədələyən Vaşinqton Ankaradan tələb etdi ki, Rusiya ilə müqavilədən geri çəkilsin və Amerikanın "Patriot" komplekslərini alsın. Ankara ABŞ-ın ultimatum tələblərini yerinə yetirmədi və 2019-cu ilin yayında S-400 zenit-raket komplekslərinin dörd diviziyasını (birinci dəst) aldı.

Türkiyə ikinci dəsti də əldə etmək və beləliklə, ölkədəki mühüm obyektlərin qorunması üçün ən etibarlı və müasir hava hücumundan müdafiə sistemi yaratmaq niyyətindədir. Sınaqlar zamanı Ankara yaxınlığında yerləşdirilən S-400 sistemi 600 kilometr uzaqlıqdakı RLS-in əhatə dairəsinin sərhədində F-16 Fighting Falcon qırıcısını aşkarladı. Yəni, döyüş xəbərdarlığı rejimində hava hədəflərinin aşkarlanması və məhv edilməsi avtomatik rejimdə həyata keçirildikdə F-16 Fighting Falcon qırıcıları Ankaradan 400 kilometr məsafədə "Triumf" tərəfindən məhv edilə bilər.

Türkiyə ilə S-400 zenit raket sistemlərinin ikinci dəstinin (alayının) tədarükü ilə bağlı prinsipial razılıq 2020-ci ilin iyun ayında əldə edilib.

Hindistan isə 2018-ci ilin oktyabr ayında Rusiya ilə beş S-400 alay dəstinin çatdırılması üzrə 5,43 milyard dollarlıq bir müqavilə imzalayıb. Dehli ABŞ-ın çoxsaylı təzyiqlərinə baxmayaraq bu məsələdə qərarlıdır. "The Times of India" qəzetinin yazdığına görə, Rusiya "Triumf"ları Hindistanın qərb, şimal və şərq bölgələrində (Çin və Pakistanın təhdid spektri nəzərə alınaraq) yerləşdiriləcək və ölkənin hava hücumundan müdafiə sistemində inqilab edəcək. S-400 zenit-raket kompleksinin istismarı və döyüş istifadəsini öyrənmək məqsədi ilə 100 hindistanlı mütəxəssisdən ibarət ilk qrup 2021-ci il yanvar ayının sonunadək Rusiyaya gələcək. Hindistanda "Triumf"ların ilk alay dəstinin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin beş alay dəstinin hamısını 2025-ci ilə qədər bu ölkəyə çatdırmaq niyyətindədir.

"Triumf" perspektivləri

Hazırda Mərakeş, Qətər və İraqla "Triumf"ların alınması ilə bağlı danışıqlar aparılır. Bundan əvvəl isə Əlcəzair, Vyetnam, Misir, Səudiyyə Ərəbistanı və ümumilikdə 12-dən çox ölkə Rusiyanın S-400 zenit-raket kompleksini almaqda maraqlı olduğunu bildirmişdi.

Xarici tələbat ixracat təklifini üstələyir (Rusiya Aerokosmik Qüvvələri yenidən silahlanmanın prioriteti olaraq qalır). Halbuki ABŞ-ın Düşmənlərinə Qarşı Mübarizə Qanununa (Prezident Donald Tramp tərəfindən 2017-ci ilin avqust ayında imzalanan) uyğun olaraq, bu dövlətlərə qarşı sanksiyalar tətbiq oluna bilər. Lakin dünyanın ən yaxşı uzaq mənzilli hava müdafiə sistemi olan S-400-ə gedən yolun qarşısını sanskiyalarla almaq mümkün deyil.

"Triumf" sistemləri dünyanı dəyişir. Məsələn, əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək. Odur ki, Vaşinqtonun öz dünyagörüşü konsepsiyasını düzəltməsi və İranla "danışıq üslubu"nu bir daha gözdən keçirməsi qaçılmazdır. Çünki bu artıq İraqda baş verir.

ABŞ-ın İraqdakı səfirliyi və hərbi bazaları sistematik olaraq raket hücumlarına məruz qalır. Amerika zenit raket kompleksləri raket hücumlarının dəf edilməsinin öhdəsindən gələ bilmir. Bağdadın "yaşıl bölgəsində" partlayan mərmiləri ABŞ-ı diplomatik heyətin böyük hissəsini təxliyə etməyə və iraqlılardan Rusiyadan aldıqları "Pantsir-S" hava hücumundan müdafiə raket kompleksini kirayəyə götürməyə məcbur edib.

Gəlin yenidən S-400 zenit raket komplekslərinə qayıdaq. "Triumf"ların vacib üstünlükləri RLS-in hərtərəfli görmə qabiliyyəti və dörd növ raketdən istifadənin çevikliyidir (çoxsəviyyəli hava hücumundan müdafiənin formalaşması).

Müxtəlif tip raketlərin istifadəsi hipersəsli hədəfləri, döyüş təyyarələrini, pilotsuz təyyarələri, qanadlı, taktiki və ballistik raketləri mövcud olan bütün yüksəkliklərdə (5 m-dən 30 km-ə qədər) və məsafələrdə (2km-dən - 400 km-ya qədər) effektiv şəkildə məhv etməyə imkan verir.

"Triumf"un bir batareyası 72-yə qədər idarə olunan raketə sahib ola bilər və onlardan eyni vaxtda 4800 m/s-yə qədər sürətlə uçan 36 hədəfə atəş açmağa qadirdir. S-400 kompleksi müxtəlif növ hava hücum sistemlərini (S-300, "Pantsir"-S1, "Tor"-M1) özündə birləşdirə və hər cür radielektron müqavimət şəraitində fərqli mənzillərdəki hava müdafiə sistemlərini idarə edə bilər.

Yeri gəlmişkən, 2021-ci ildə rus qoşunları 200 km yüksəkliklərdə müharibəyə hazır olan inqilabi S-500 kompleksini əldə edəcək. Deməli, Rusiyanın hərbi-texniki sahədəki tərəfdaşlarının bu yeni  sistemi əldə etmək üçün növbəyə düzülmə vaxtı da gəlib çatıb.

41
Teqlər:
Rusiya, S-400 zenit-raket kompleksi
Rüşvət

Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə, əlavə problemlər yarana bilər - Ekspert rəyi

35
(Yenilənib 09:43 16.01.2021)
Əliməmməd Nuriyev: "Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq"

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Azərxalça" ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradovdan sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamları ilə həbs edilib. Baş Prokurorluğun mətbuata verdiyi açıqlamada hər iki şəxsin səlahiyyət hədlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində ölkədə korrupsiyaya qarşı mübarizənin hazırkı vəziyyətini şərh edib.

- Əliməmməd müəllim, il təzə başlayıb və artıq iki vəzifəli şəxs korrupsiya ittihamları ilə həbs olunublar. Dövlət şirkətlərində və onun nəzarətində olan digər strukturlarda korrupsiyaya şərait yaradan hansı amillərdir?

- Artıq korrupsiya ittihamları ilə həbslərin sayını itirmişəm. Bu məsələnin bir neçə tərəfi var ki, əvvəlcə onlara aydınlıq gətirilməlidir. Dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır. Dövlət şirkətlərində aşkar edilən korrupsiya hallarının müxtəlif səbəbləri var. Korrupsiyaya şərait yaradan hallardan biri neopotizmin mövcudluğudur. Eyni zamanda, dövlət satınalmaları ilə bağlı proseslərin ciddi təftişinə ehtiyac duyulur. Belə satınalma prosesləri bir çox hallarda qanunpozuntuları ilə həyata keçirilir. Açıq tenderlərin keçirilməsinə imkan verilmir. Çox vaxt satınalmalarda həmin şəxslərin yaxın qohumlarına məxsus şirkətlər qalib olurlar.

- Həbs edilən şəxslər haqqında səsləndirilən ittihamlarda göstərilir ki, onlar bir neçə il ərzində rəhbərlik etdikləri strukturları korrupsiya mexanizmi ilə idarə ediblər. Korrupsiya hallarının baş verə bilməməsi üçün hansı tədbirlər görülməlidir?

- Əlbəttə, İqtisadiyyat Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər görülür. Amma ümumilikdə bu proses ictimai nəzarət tələb edir. Dövlət şirkətlərinin idarəetmə sisteminə ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri cəlb olunurlar ki, bu da şəffaflığa mane olan səbəblərdən biridir. Mən hesab edirəm ki, media nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri həmin idarə heyətlərinin müşahidə şuralarına cəlb edilməlidirlər. Hesabatlılığın və müstəqil monitorinq nəzarət sisteminin olmaması korrupsiyaya şərait yaradır. Bununla belə, korrupsiya ilə mübarizədə mühüm siyasi iradənin ortada olmasını görürük.

- Ümumiyyətlə, korrupsiya ilə mübarizə necə təşkil edilməldir?

- Vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyası təqdim edilmir. Bununla bağlı məsələlər tamam sükunət halındadır. Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq. Maliyyə və əmlak amnistiyaları ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Bu qərarın verilməsi maliyyə sektoruna əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər. Dövlətimiz Vətən müharibəsindəki qələbədən sonra böyük quruculuq işlərinə başlayıb. Həmin işlərin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Ona görə də korrupsiya ilə mübarizəni ardıcıl davam etdirməsək, bu əlavə problemlərə gətirib çıxara bilər.

35

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0