Putin və Ərdoğan

Rusiya Türkiyə münasibətləri: açıq dostluq, gizli rəqabət

613
Azər RƏŞİDOĞLU
Rəqabətin sivil formaları tapılmalıdır ki, siyasətdə xüsusi gərginliyə gətirib çıxarmasın

BAKI, 5 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri həftənin ən önəmli siyasi hadisəsi oldu. Bir çox iqtisadi əngəllər aradan qalxdı və bu, Ankara – Moskva münasibətlərində yeni mərhələnin başlanğıcı anlamına gəlir.

Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın görüşü, 3 may 2017-ci il
© Sputnik / Aleksey Nikolsky

Ümumiyyətlə, son 100 ilə baxsaq, Türkiyə Rusiya ilə qarşıdurmadan uzaq durmağa çəkinib. Türkiyə qlobal layihələrə cəlb olunub və bunların gerçəkləşməsi Ankaranın maraqlarına cavab verir. Enerji daşıyıcılarına malik olmadığından Türkiyə tranzit ölkə kimi aparıcı rol ala bilər. Bu baxımdan Cənubi Qafqazda hərbi münaqişənin başlaması Ankaranın maraqlarını zərbə altına qoyur.

Digər səbəb aparıcı olmasa da, təsir rolunu oynayır — Ankaranın gündəliyində daimi yer tutan "erməni məsələsi". Yəni Dağlıq Qarabağ məsələsindəki hər hansı bir inkişaf "erməni məsələsi"nin yumşalmasına gətirib çıxara bilər.

Rusiya — Türkiyə münasibətlərinə təsir edən daimi və keçici faktorlar mövcuddur. Ankara və Moskva müxtəlif sahələrdə bir-biriləri ilə həm əməkdaşlıq edir, həm də rəqabət aparır. Ərdoğanın Putinlə son görüşü ikitərəfli münasibətlərin inkişafına pozitiv təkan verməlidir.

Lakin münasibətlərin inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi bir təsir göstərə bilməz. Rusiya-Türkiyə münasibətlərinin çox müsbət olduğu dövrlərdə də Qarabağ münaqişəsinə təsirsiz ötüşdü. İki dövlətin bu qədər yaxınlaşması çoxlarında böyük gözləntilər yaratmışdı. Amma həmin dövrdə də Rusiya-Türkiyə münasibətlərinin pozitiv inkişafının, əməkdaşlığın genişləndirilməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi bir təsiri olmurdu. Münaqişənin həlli, təəssüflər olsun ki, Türkiyə-Rusiya münasibətlərinin rəqabət hissəsinə aiddir.

Digər tərəfdən, Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında olan münasibətlər qopma səviyyəsinə gəlib çıxa bilmir. Hər iki tərəf bir-birindən asılıdır. Hər iki tərəf öz problemlərini həll etmək üçün bir-biri ilə əməkdaşlıq etməyə məhkumdur. Əgər söhbət konkret dövrdən gedirsə, Suriya qaçqınları problemi var və birbaşa ona aid olan iqtisadi problemlər həm Türkiyəyə, həm də AB-ə ciddi təsir göstərir.

Bu istiqamətdə əməkdaşlıq olmalıdır. Eyni zamanda, iqtisadi sahədə ən azı enerji daşıyıcılarının nəqlində qarşılıqlı asılılıq var. Yəni ki, qlobal iqtisadi, geosiyasi problemlər var. Bu problemlərin həllində tərəflər bir-birindən asılıdır. Ona görə də gərginlik temperaturunun artıb-azalması bu münasibətlərin qırılmasına gətirib çıxarmayacaq. Tərəflər uzun perspektivdə bir-biri ilə əməkdaşlıq etməyə məhkumdur.

Türkiyə — Rusiya münasibətlərinə dönüncə, hər iki tərəf uzunmüddətli perspektivdə bir-biriləri ilə əməkdaşlığa məhkumdur. Türkiyə Rusiya üçün ilk növbədə enerji daşıyıcılarının istehlakçısıdır. Digər tərəfdən, enerji daşıyıcılarının Avropa bazarlarına çıxarılması üçün tranzit ölkədir. Rusiya isə Türkiyə üçün geniş istehlak malları üçün bazardır.

Yaxın gələcəkdə bu asılılıqda ciddi bir dəyişiklik olacağını düşünmürəm. Yəni bu asılılıq iqtisadi müstəvidə Rusiya-Türkiyə əməkdaşlığının və münasibətlərinin normallaşmasını şərtləndirən ən böyük amildir. Turizm və digər sahələrdə Türkiyəyə tətbiq edilən sanksiyalar enerji daşıyıcıları sahəsində ciddi problem yaratmadı. Çünki bu bazardan Rusiya da imtina edə bilmir.

Lakin məsələnin ikinci tərəfini də nəzərə almaq lazımdır ki, Rusiya ilə Türkiyənin uzunmüddətli perspektivdə strateji tərəfdaşlara, yaxud da müttəfiqlərə çevrilməsi gözləntiləri var idi. Gerçəkliyi əks etdirməyən böyük gözləntilər gərginliyə gətirib çıxardı.

Bu gərginliyin kökü ondadır ki, xüsusilə də Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya ilə Türkiyənin maraq dairələri üst-üstə düşməyə başlayıb. Həmin maraq dairələrində onlar birbaşa rəqabətə başlayıblar. Bu, normal rəqabətdir. Sadəcə olaraq bu rəqabətin müəyyən sivil formaları tapılmalıdır ki, siyasətdə xüsusi gərginliyə gətirib çıxarmasın.

Rusiya Cənubi Qafqazı da sözsüz ki, özünün maraq dairəsinə daxil olan region sayır. Türkiyə isə SSRİ dağıldıqdan sonra bu regionda öz maraqlarını gerçəkləşdirmək istəyir. Və Rusiyada bu fəallaşmaya bir qədər qısqanclıqla yanaşırlar. Biz eyni şeyləri Yaxın Şərqdə də görürük.

Ərdoğan siyasətinin əsas vektorlarından biri də Osmanlı coğrafiyasında Türkiyənin nüfuzunun bərpası məsələsi idi. SSRİ uzun müddət Yaxın Şərqdə ən fəal oyunçulardan biri idi. Rusiya da həmin ənənəni davam etdirmək istəyir. Burada isə Türkiyə ilə maraqlar toqquşur.

Əslində bir sıra analitiklər hesab edirdilər ki, yeni Türkiyə və yeni Rusiya bu maraqları uzlaşdıra biləcək və hətta birləşərək yeni bir güc mərkəzi yarada biləcəklər. Bu güc mərkəzi Avropaya, Amerikaya qarşı ola bilər. Ən azından regional səviyyədə Avropanın və Amerikanın müdaxiləsinin qarşısını almaq səviyyəsində ola bilər. Lakin bu ideyanı həyata keçirmək o qədər də asan deyil…

613
Teqlər:
münasibət, , Dağlıq Qarabağ, Avropa İttifaqı, Ankara, Moskva, Amerika, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, əməkdaşlıq, prezident
Əlaqədar
Ekspert: “Rusiya Türkiyədən çox şey gözləməli deyil”
BMT Türkiyə, Rusiya, ABŞ və İrana təcili çağırış etdi
“Rusiya və Türkiyə arasında vacib sənədlər imzalana bilər”
Türkiyə, Rusiya və ABŞ ordu başçıları arasında kritik görüş
Rusiya təyyarəsi səhvən türk əsgərlərini bombaladı
Rusiya ilə Türkiyə arasındakı tarixi saziş təsdiqləndi
Rusiya, Türkiyə və İran razılaşdı
Türkiyə-Rusiya birgə serialı çəkilə bilər