Prezident Administrasiyası, arxiv şəkli

Prezident Administrasiyası ləğv edilir?

5798
(Yenilənib 16:30 26.04.2017)
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Dövlət qulluğu haqqında" Qanuna son dəyişiklikləri Sputnik Azərbaycan-a şərh edib

BAKI, 26 aprel — Sputnik. "Prezident Administrasiyası bir dövlət orqanı kimi konstitusiyada nəzərdə tutulub. Konstitusiyanın 109-cu maddəsinin 13-cü bəndinə əsasən dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Mövcudluğu Konstitusiya ilə nəzərdə tutulmuş bir orqanın adının cari qanunvericilikdə çəkilməməsi həmin orqanın ləğvi mənasını vermir".

Əliməmməd Nuriyev
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev

Dövlət qulluğu haqqında" Qanuna son dəyişiklikləri Sputnik Azərbaycan-a şərh edərkən, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev belə deyib. O bildirib ki, Prezident Administrasiyasının ləğvi üçün Konstitusiyanın mətnində dəyişiklik etmək, 109-cu maddənin 13-cü bəndini çıxarmaq tələb olunur: "Bu isə yalnız referendum yolu ilə mümkündür. Məlum olduğu kimi ötən il keçirilmiş referendumda bu məsələ qoyulmayıb".

"Bu baxımdan "Dövlət qulluğu haqqında" Qanunda Prezident Administrasiyasının adının çəkilib-cəkilməməsinin heç bir hüquqi mənası yoxdur. Dövlət orqanlarının həmin qanunda verilən təsnifatı yalnız qanunun tətbiqi, daha doğrusu dövlət qulluqçularının kateqoriyalarının müəyyən edilməsi məqsədi daşıyır" — hüquqşünas bildirib.

Onun sözlərinə görə, Qanunun qüvvədə olan 8-ci maddəsində ali kateqoriyalı dövlət orqanları sırasında konkret ad çəkilmədən "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar" nəzərdə tutulur: "Prezidentin 8 may 2012-ci il tarixli fərmanına əsasən, "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanlar" dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti, "Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqan" dedikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur".

Ə. Nuriyev qeyd edib ki, hazırda formalaşmış qanunvericilik texnikasına görə, Prezidentə tabe olan dövlət orqanlarının adları bir qayda olaraq cari qanunlarda çəkilmir: "Hüquqi baxımdan Konstitusiya ilə nəzərdə tutulan orqanların adlarının ayrı-ayrı qanunlarda çəkilməsi heç bir problem yaratmasa da, təcrübədə bu, Prezidentin səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilir. Bu baxımdan "Dövlət qulluğu haqqında" Qanunda Prezident Administrasiyasının adının çəkilib-cəkilməməsinin, yəni qüvvədə olan mətndən "Administrasiya rəhbərinin vəzifəsi" sözlərinin çıxarılmasının həmin orqanın mövcudluğu üçün heç bir hüquqi mənası yoxdur. Əslində bu dəyişiklik qanunvericiliyi mövcud vəziyyətə uyğunlaşdırmağa yönəldilib".

"Bu dəyişiklikdən sonra həmin maddənin yenilənmiş mətnində olan "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi" ifadəsi həm Administrasiya rəhbərinin vəzifəsini, həm də Prezidentin İşlər İdarəsi və Xüsusi Tibb Xidmətinin rəhbərlərinin vəzifələrini ehtiva edir" — deyə ekspert bildirib.

Nuriyev əlavə edib ki, "Dövlət qulluğu haqqında" Qanunun 11-ci maddəsinin hazırda qüvvədə olan (dəyişiklikdən əvvəlki) mətnində Prezident Administrasiyasının adı 4 bənddə 11.1.1.1; 1.1.2.1; 11.1.3.1; 11.1.4.1-ci maddələrdə çəkilir: "Onların ilk 3 maddəsində Prezidentin İşlər İdarəsi və Xüsusi Tibb Xidməti "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar" kimi nəzərdə tutulur. Bu dəyişiklikdən sonra həmin 3 maddənin mətnində "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan" və "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar" ifadələri qalacaq ki, bu da həmin maddənin növbəti qüsuru kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, bu texniki bir məsələdir və növbəti dəyişikliklər zamanı, əlbəttə ki, nəzərə alınacaq".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev AZƏRTAC-a açıqlamasında sözügedən dəyişiklikləri belə şərh edib: "Təəssüf ki, Azərbaycan Respublikasının Konstitusiyasını oxuyan jurnalistlərin sayı kifayət qədər azdır. Bilmək lazımdır ki, qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub".

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan dəyişikliklərin mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən bir sıra qurumlar dövlət qulluqçuları təsnifatına salınsın. Misal üçün, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təmin edilməsində yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyası deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti də iştirak edir" — Əliyev bildirib.

"Ona görə də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərdə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən qurumlar cəm halda göstərilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının adı qanunda öz əksini tapa bilər, çünki bu ad Konstitusiyada təsbit olunub. Lakin adını çəkdiyim digər iki qurumun — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin adları qanuna salına bilməz. Ona görə ki, bu hal olsaydı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri məhdudlaşmış olardı" — şöbə müdiri vurğulayıb.

Ş. Əliyev qeyd edib ki, Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti qanunları poza bilməz və adını çəkdiyim qurumların mövcudluğu qanunda öz əksini tapsaydı, gələcəkdə zərurət olduqda Prezident onları yenidən təşkil edə və ya adlarını dəyişdirə bilməzdi.

5798
Teqlər:
"Dövlət qulluğu haqqında" Qanun, Şahin Əliyev, "Konstitusiya" Araşdırmalar Fondu, Prezident Administrasiyası, Əliməmməd Nuriyev, maddə, Konstitusiya, ləğv
Əlaqədar
Bu şirkətlərdən Prezident Administrasiyasına şikayət olundu
Prezident Administrasiyasında ixtisarlar başlayır
Prezident Administrasiyası: "Venesiya Komissiyası bizi fakt qarşısında qoyub"