Rusiya prezidenti Vladimir Putin

"Rusiya həlledici qarşıdurmadan geri çəkilməyəcək"

2539
(Yenilənib 10:41 14.04.2017)
Vladimir Putini "rəngli inqilablara imkan verməyəcəyik" deməyə nə vadar etdi?

BAKI, 13 apr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin keçmiş sovet ölkələrində, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərdə "rəngli inqilab"lara yol verilməyəcəyi ilə bağlı səsləndirdiyi bəyanat regionda geniş əks-səda doğurub. "Biz dünyanın müxtəlif regionlarında həyata keçirilən və həmin regionlara ciddi qeyri-sabitlik gətirən müxtəlif nəzəriyyələri bilirik. Əlbəttə, biz bunun baş verməsinə imkan verə bilmərik. Rusiya bununla bağlı əlindən gələn hər şeyi edəcək və KTMT-dəki tərəfdaşlarımıza da bu baxımdan dəstək verməyə çalışacağıq" — deyə Putin bildirib. 

Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
© Photo : RFE/RL
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

Kreml rəhbərinin açıqlamasını Sputnik Azərbaycan-a şərh edən politoloq, Azad Demokratlar Partiyasının (AZDP) sədri Sülhəddin Əkbər hazırda dünyada yeni düzən qurulduğunu deyib: "Rusiya və müttəfiqləri isə Qərbin qurmağa çalışdığı bu düzənə qarşı çıxır. Bundan öncə mətbuata dəfələrlə şərh etdiyim fikri yenidən söyləmək məcburiyyətindəyəm. Dünyada yeni düzən, yeni nizam qurulur. Bu proses Rusiya və onun müttəfiqlərinin müqaviməti səbəbindən çox ağrılı keçir".

S. Əkbər hesab edir ki, həm qlobal, həm də regional səviyyədə geosiyasi qarşıdurma həlledici mərhələyə daxil olub: "Geopolitik qarşıdurma həlledici mərhələyə daxil olduğu üçün də, dünyada hərbi-siyasi vəziyyət gərginləşib. Artıq biz bunu qonşu regionlarda görürük. Həm Şimali Afrikada, həm Yaxın Şərqdə, həm də post-sovet məkanında. Keçmiş sovet məkanı olan Ukrayna göz qabağındadır".

"Vladimir Putinin açıqlamasından görünür ki, Rusiya həlledici mərhələyə qədəm qoyan geosiyasi qarşıdurmadan geri çəkilmək niyyətində deyil. Belə olan halda, prezident Putin anlayır ki, toqquşmalar qaçılmazdır. İndiki şəraitdə bu qarşıdurmalarda yumşaq gücdən daha çox istifadə edilir. "Narıncı inqilab"lar da yumşaq gücün tətbiqinin bir formasıdır" — ekspert qeyd edib.

Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən "Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab etmir ki, Qərb bloku hazırki ağır geosiyasi vəziyyətdə, Rusiyanın qonşularında "rəngli inqilab" gerçəkləşdirmək niyyətində olsun: "KTMT-yə Rusiyadan başqa Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Bu ölkələrdən yalnız Qırğızıstanda vaxtilə "rəngli inqilab" oldu. Ancaq hakimiyyətə gələn qüvvə Rusiya ilə əməkdaşlığa üstünlük verdi və Avrasiya İqtisadi Birliyinə üzv oldu".

Elxan Şahinoğlu, politoloq
© Sputnik / Murad Orujov
Elxan Şahinoğlu, politoloq

"Digərlərinə gəlincə, mən o ölkələrin heç birində "rəngli inqilab" gözləmirəm. Hakimiyyət dəyişikliyi nə zamansa baş verə bilər. Lakin bunun inqilabi yolla olacağını düşünmürəm" — Şahinoğlu bildirib.

O, Rusiyanın proseslərə müdaxilə etmək gücündə olduğunu diqqətə çatdırıb: "Rusiyanın Ermənistan üzərində nəzarəti böyükdür. Orada belə bir hadisənin baş verməsinə imkan verməz. O cümlədən, Qazaxıstan və Belarusda da hakimiyyətlərin inqilabi yolla devrilməsinə Moskva göz yummayacaq. Çünki bu dövlətlər Rusiyanın strateji müttəfiqləri sayılır. Kremldə yaxşı bilirlər ki, əgər inqilablar olsa, hakimiyyətə gələn yeni qüvvələr birbaşa Qərblə əməkdaşlıq edəcək. Ona görə də, Vladimir Putin açıq mesaj göndərir ki, məhz KTMT üzvü olan ölkələrdə bu cür inqilablara yol verməyəcək".

"Digər tərəfdən, düşünmürəm ki, hazırki ağır geosiyasi vəziyyətdə Qərbin, xüsusilə Amerikanın belə planı olsun. Bu mərhələdə, "rəngli inqilab"lar artıq geridə qalıb. "Ərəb baharı" da geridə qalıb. Halbuki "ərəb baharı"na inam çox idi. Ancaq bu "bahar" ərəb ölkələrinə böyük fəlakət gətirdi. İndiki ABŞ administrasiyasının dünya ölkələrində inqilabi yollara baş vuracağını düşünmürəm. Hərçənd ki, prezident Donald Tramp özü bu mövzuda açıqlama vermişdi" — politoloq əlavə edib.

2539
Teqlər:
geosiyasi qarşıdurma, müttəfiq, "rəngli inqilab", KTMT, Sputnik Azərbaycan, Sülhəddin Əkbər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Elxan Şahinoğlu, Vladimir Putin, Qərb, Rusiya, ABŞ, politoloq, prezident
Əlaqədar
ABŞ-dan Rusiyaya ultimatum
Rusiyadan vacib Türkiyə açıqlaması
Ekspert: “Rusiya Türkiyədən çox şey gözləməli deyil”
ABŞ-ın son addımı Rusiyanın qəzəbinə səbəb oldu
Rusiya BMT TŞ-nin təcili toplantısını çağırdı
"Azərbaycanla Rusiyanın arasını vurmağa çalışırlar"
BMT Türkiyə, Rusiya, ABŞ və İrana təcili çağırış etdi

Politoloq: “Bu razılaşma Vətən müharibəsindəki qələbədən sonra ən böyük uğur sayıla bilər”

39
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, gərək SSRİ dağıldıqdan sonra yatağın birgə istismarı ilə bağlı razılığa gəlinəydi
Elxan Şahinoğlu: “Azərbaycan-Türkmənistan arasındakı anlaşmazlıqlar keçmişdə qaldı”

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu memorandum Vətən müharibəsindəki qələbədən sonra bu il ərzində qazandığımız ən böyük uğur sayıla bilər:

“İki ölkə arasında 25 ildir mübahisə davam edirdi. SSRİ dönəmində bu yataq Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdi. Gərək SSRİ dağıldıqdan sonra yatağın birgə istismarı ilə bağlı razılığa gəlinəydi. Bu memorandum yeni uğurları gətirə bilər. Gəlinən razılıqlar hər kəsin faydasınadır. Memorandumun imzalanması ilə Azərbaycan-Türkmənistan arasındakı anlaşmazlıqlar keçmişdə qaldı”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

39
Məktəbli

Sönük təhsil ya niyə bir uşağın videosu digər uşağa dərslikdən daha maraqlıdır?

28
(Yenilənib 23:18 25.01.2021)
Koronavirus pandemiyası artıq bir ilə yaxındır uşaqları məktəbdən uzaq salıb. Bir neçə il öncə hər addımda rastlaşdığımız planşet və telefonun ziyanından bəhs edən videolar da nədənsə yoxa çıxıb.

Koronavirus pandemiyası artıq bir ilə yaxındır uşaqları məktəbdən uzaq salıb. Bir neçə il öncə hər addımda rastlaşdığımız planşet və telefonun ziyanından bəhs edən videolar da nədənsə yoxa çıxıb. Televiziya ekranından hər gün “evdə qal, özünü qoru” çağırışları səbəbindən hətta virtual dünyadan uzaq olan hər bir məktəbli artıq onlayn həyat yaşamağa məhkum olub. 

Dərsin biri bir vaxt başlayır, digəri başqa vaxt

Evdə bir neçə uşağı olan ailələrdə vəziyyət olduqca maraqlıdır. Uşağın biri səhər növbəsində məşğul olur, digəri günorta. Dərsin biri bir vaxt başlayır, digəri başqa vaxt. Hansı otağa girsən, əlində planşet və ya telefon tutmuş övladına rast gəlirsən. Təhsil Nazirliyindən qəribə göstərişlər də gəlir: nə bilim, məktəbliyə ağ köynək, qalstuk geyindirib planşetin qarşısında əyləşdirmək lazımdır. Məktəbli də əlini əlinin üzərinə qoyub ekrana baxmalıdır.

30 ildir müstəqillik əldə etmişik, dünyanın ən aparıcı təhsil sistemləri ilə tanış olmuşuq, amma sovetdən qalma qaydalardan hələ də bərk-bərk yapışırıq. Bir az rahatlığı var uşağın, onu da əlindən almaq istəyirik. Ciddi məsələlər isə qalır kənarda.

Uşağın təhsilə marağının azalması elə mənasız dərsliyə, yararsız testə bağlıdır. Məktəbliyə təsviri-incəsənət testində verilən suallara nəzər yetirsək, mənzərənin nə yerdə olduğunu anlaya bilərik. Sual: “Hansı söz latın dilində tərcümədə rəng deməkdir”. 3 cavab: a. Color b. Kolorit c. Fon. Uşaq Azərbaycan dilində oxuyur “color”, deyirsən “kolor”, deyir, axı “color” yazılıb, nə olan bir şeydir? İbtidai sinif şagirdi nə bilir latın dili nədir? Latın dilini yalnız Tibb Universiteti və filologiya fakültələrində keçirlər. Lotereya oynayır elə bil. Ağlına gələn bir cavabı verməlidir.

Ya da, belə bir sual: Cümləni tamamla – “Toxuculuq sənətində ipliyin hörülən düyünü..., bu ilməni saxlayan əsas iplər isə …, adlanır”. Özü də cavaba görə düz 15 bal verilir. Bəli, təsviri incəsənət kitabında bu barədə məlumat var, düyün ilmədir, əsas iplər isə əriş. Bunları heç bir halda uşaq yadda saxlaya bilməyəcək. Adi söz yığınıdır, gərək biliyi möhkəmləndirən əyani vəsait olsun, uşaq xalçanı gözü ilə görsün, ya da xalça toxumağı əks etdirən animasiya filminə baxsın, beş-on dəfə təkrarlasın. Xalça muzeyində olsun, əlini ilməyə və ərişə toxundursun. Yoxsa bu bilik qazanmaq yox, vaxt ötürməkdən başqa bir şey deyil.

Müəllim ya ciy-ciy ciyildəyir, ya “ç” əvəzinə “ts” deyir

Valideyn evdə karantində oturduqca, hər gün ibtidai sinif müəlliminin qüsurlu nitqinə qulaq asmağa məcbur olur. Bu nitq öz-özünə düzələn iş deyil axı, bunu işə götürəndə bir baxan olmayıb yəqin. Müəllim ya ciy-ciy ciyildəyir, ya “ç” əvəzinə “ts” deyir, ya da nəsə başqa qüsura yol verir. İbtidai sinif dərsliklərində isə o qədər problem var, sözlə deyiləsi deyil. 3-cü sinif şagirdi heç Salur Qazan sözünü əməlli-başlı deyə bilmir, Qaraca çobanın kimliyini də anlamır. Oxuyur, amma anlamır. “Dədə Qorqud” dastanı kiçik uşaq beyni üçün anlaşılmaz bir məfhuma çevrilir. Dastana həm də gərək vizual baxasan, film hələ uşağa çətin gəlir, ayrı-ayrı səhnələrin isə animasiya variantı ya yoxdur, ya da anlaşıqlı deyil. Ümumiyyətlə, fərli vizual görüntünün olmamasından əziyyət çəkirik.

Animasiya yoxdur, müasir filmlər çəkilmir. Əslində, Azərbaycanda Mədəniyyət Nazirliyinin xətti ilə həm “Dədə Qorqud”, həm “Koroğlu” dastanlarının yeni versiyaları çoxdan çəkilməli idi. Animasiyası da, bədii və hətta sənədli filmləri də olmalı idi. Uşaqlar üçün adaptasiya olunmuş animasiya filmləri həm gözəl nitqi olan aktyorların ifasında səsləndirilməli idi. Bu günün uşağı çox böyük imkana malikdir. "Disney" filmlərinə HD formatda baxırsa, artıq ağ-qara Azərbaycan filmlərinə baxmaqda maraqlı deyil, o filmlər bir qədər primitiv görünür müasir uşağa. Dünya kinosu və animasiyasında maraqlı süjetlər dəfələrlə çəkilib. Şekspirin “Hamlet” əsərinin onlarla versiyası var. Amma biz Qaraca Çobanı uşağa izah edə bilmirik.

Eləcə də Süleyman Sani Axundovun “Qaraca qız” əsərinin məğzini də ibtidai sinif şagirdinə izah etmək asan məsələ deyil. Hadisələr ötən əsrin əvvəlində baş verib, bu günün uşağı bunlardan xeyli uzaqdır. 1966-cı ildə çəkilmiş film də bir qədər köhnəlib. Klassik ədəbiyyata yeni baxış bucağından baxmağın vaxtı çatıb.

Azərbaycan interneti məlumat baxımından olduqca kasaddır

Hazırda dünya kinosunda hətta klassik süjetləri müasir interpretasiyada təqdim etmək ənənəsi yer alıb. Məsələn, detektiv janrının banilərindən biri olan ingilis yazıçısı Artur Konan Doylun “Şerlok Holmsun macəraları” əsəri dəfələrlə ekranlaşdırılıb. Kraliça Viktoriyanın dövründə yaşamış Şerlok Holms və doktor Vatsonun macəralarını elə Böyük Britaniyada yenidən çəkiblər. “Şerlok” serialında detektiv ustadı yeni texnologiyalardan məharətlə istifadə edir, elə bil anadan olandan smartfonla yatıb-durub. Çox maraqlı və cəlbedici bir serialdır, tam müasir formatda, amma klassik süjet xətti gözlənilməklə çəkilib. Klassik ədəbiyyata maraq yaratmağın yollarından biri də əsərlərə yanaşmada yenilik tətbiq etməkdən keçir.

Azərbaycan interneti məlumat baxımından olduqca kasaddır. Uşaqların informasiya tələbatını ödəməkdə acizdir bir növ. Dərsliklərdə verilən materiallar çox vaxt isə nə ibtidai sinif şagirdinin dünyagörüşünə uyğundur, nə də söz bazasına. Müasir uşaq dərsi hərtərəfli qavramaq istəyir, bunun üçün isə imkan yoxdur. Klassik filmlər yenilənmir, animasiya filmləri çəkilmir, Qaraca qız, Salur Qazan, Koroğlu, Dədə Qorqud və digər personajların kimliyini bildirən videolar, infoqrafikalar və ya videoinfoqrafikalar da yoxdur. Kimdir Salur Qazan? Şagird adı axtarışda yazmaqla görüntülü məlumata çıxış əldə edə bilərdi. Uşaqlar heç axtarış sistemində heç nəsə yazmaq belə istəmirlər. Süni intellektə səs atmaqla nəticə gözləyirlər.

Məktəbli bu internet “ulduz”larının davranışını təkrarlamaqdan həzz alır

Bu günün məktəblisi Azərbaycan kanallarına baxmır, maraqlı deyil. “Youtube”-un Azərbaycan seqmentində kontent axtarsa da, tapa bilmir, tapsa da, ona maraqlı deyil. İnternetdə Rusiya və Ukraynadan olan Katya, Maksim, Vlad, Kamil və Aminka, Nastya, Diana, Roma, Amelka Karamelka kimi yutuberlərlə yanaşı adını bilmədiyimiz onlarla Çin və Koreya blogerlər var. Nə qədər desən, atlanıb düşsünlər, danışsınlar, saç-başını rəngləsinlər, ev-eşiyi dağıtsınlar. Bir müddət sonra baxırsan, uşaqlar evdə salamat bir nəsə qoymayıblar: əşyaları kəsib doğrayıb, sonra da rəngləyiblər. Kimsə də özünü bu avara qızlara bənzətmək üçün hətta öz saçını belə kəsə bilər. Evin divarını da, üz-gözü də rəngləmək adi məsələdir. Məktəbli həmin bu internet “ulduz”larının davranışını təkrarlamaqdan həzz alır. Qaraca çoban isə orta əsrlərdən gələn bir qəhrəmandır, film özü də bir az köhnəlib, uşağa maraqlı deyil.

"TikTok", "Instagram", "Youtube" kimi platformalarda bizim blogerlərin səsi gəlmir. Gəlsə də, elə “Amelka Karamelka” kimi mənasız bir kanaldan heç də yaxşı deyil. Məktəbliyə nə bir dərslik, nə də bir fərli kontent təklif edə bilmirik. Bir alternativi yoxdur. Bu boyda sivilizasiya qurmuşuq, amma uşaqlara digər uşaqların qurduğu səhnələr daha maraqlıdır. Nə qədər mənasız olsa da, baxacaqlar. “Çelenc”, “otkusi, lizni ili niçeqo”, “sirenoqolovıye” kimi ifadələr onların dilindədir.

Ya özümüz nəsə yaratmalıyıq, ya da əcnəbi blogerlər bizim uşaqlardan özlərinə bənzər “dəli yığıncağı” yaradacaqlar. Özü də burada həm Mədəniyyət Nazirliyi, həm Təhsil Nazirliyi birgə çalışmalıdır. Mədəniyyət Nazirliyi köhnəlmiş kontenti yeniləməli, yeni formatda bədii və animasiya filmləri çəkməli, Təhsil Nazirliyi isə nitqi qüsurlu müəllimlər üçün natiqliq kursları təşkil etməklə təsdiqlədiyi dərsliklərə yenidən nəzər salmalıdır. Yoxsa, uşaqlar əldən gedəcək. Valideynlər də hərdənbir övladları ilə söhbət etsələr, ən azı xarici dildə filmə baxan uşaqları doğma Azərbaycan dilini unutmazlar.

28
Tərəzi, kökəlmək, köklük

Diabetə qalib gəlməyin çox asan yolu

0
(Yenilənib 00:44 27.01.2021)
Diabetə on iki həftə ərzində qalib gəlmək mümkündür. Amerikalı alimlərin araşdırmasına görə, minimal karbohidratlı pəhriz həm sağaldır, həm də arıqladır

BAKI, 27 dekabr - Sputnik. On iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.

Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər. 

Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur. 

Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.

* Minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir. 

Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.

0