Kipr üzrə danışıqların aparıldığı bina – BMT-nin Jenevadakı mənzil-qərargahı

Yarım əsrlik münaqişənin həllində yeni dönəm

393
(Yenilənib 12:24 12.01.2017)
Gündəmə gələn yeni varianta əsasən, türklər yaşayan ərazilərə geniş muxtariyyət veriləcək. Dövlət isə vahid mərkəzdən idarə olunacaq.

BAKI, 12 yan — Sputnik. BMT-nin İsveçrədəki Cenevrə Ofisində Kipr probleminin həlli ilə bağlı danışıqların növbəti mərhələsi başlayıb. BMT-nin nəzarəti altında davam etdirilən müzakirələrdə türk və yunan kiprlərinin liderləri Mustafa Akıncı və Nikos Anastasiadis iştirak edir. Tərəflər torpaq məsələsi ilə bağlı artıq öz xəritələrini BMT-nin Kipr üzrə xüsusi nümayəndəsi Espen Barfa təqdim ediblər. Sözügedən xəritənin BMT-nin xüsusi kassasında saxlanılacağı açıqlanıb.

Siyasi şərhçi Güngör Gökdağ
© Photo : Güngör Gökdağ şəxsi arxivindən
Siyasi şərhçi Güngör Gökdağ

Sputnik-in diplomatik qaynaqlara istinadən yaydığı məlumata görə, Şimali Kiprin lideri Mustafa Akıncı və Kipr prezidenti Nikos Anastasiadisin təqdim etdiyi xəritəni, yalnız 5 adam görə biləcək. BMT-nin Cenevrə ofisində başlayan müzakirələrdə mühüm məsələlər masaya yatırılıb.

Mövzunu Sputnik-ə şərh edən türkiyəli politoloq Güngör Gökdağ, Cenevrədəki müzakirələrdən yekun nəticə gözləmədiyini deyib: "Mən Cenevrədəki görüşdən müsbət nəticə çıxacağını gözləmirəm. Çünki bundan əvvəl də Türkiyənin lehinə olan hansısa müsbət nəticəni görmədik. Bu vəziyyət nə Rauf Denktaş zamanında, nə də sonrakı liderlərin hakimiyyəti dövründə dəyişdi. Türkiyə Avropa İttifaqının tələb elədiyi demokratik standartların hamısını yerinə yetirməsinə rəğmən, Kipr məsələsində İttifaq heç vaxt Ankaranın yanında durmadı. Demokratikləşmə, insan haqları və azadlıqlar mövzusunda Türkiyə üzərinə düşən hər şeyi etdi, lakin qarşılığını ala bilmədi".

"Halbuki bu gün çox rahat deyə bilərik ki, Türkiyə bölgəsində və dünyada ən demokratik ölkələrdən biridir. Öz bölgəsində isə bu sahədə lider ölkədir. Təbii ki, buna Avropa İttifaqının töhfəsi çox böyükdür. Bunu dana bilmərik. Ancaq Kipr məsələsi hər iki tərəf üçün də çox həssasdır. Bu məsələ Türkiyənin milli təhlükəsizliyi üçün olduqca önəmlidir. Qarşı tərəfdə isə Avropa İttifaqının ərköyün uşağı olan yunanlar var. Onlar nə etsələr də, Avropa həmişə onlara dəstək verir. Avropa öz mədəniyyətini yunanlardan aldığı üçün hər zaman Yunanıstanın arxasında duracaq" — Gökdağ bildirib.

Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Kipr məsələsinin həllində bir neçə vacib məqam var. "Artıq Cənubi Kipr tərəfi də problemin həlli ilə bağlı Türkiyənin mövqeyinə yaxınlaşmaq üzrədir. Çünki artıq vahid Kiprdən söhbət gedə bilməz" — o, Sputnik-ə açıqlamasında deyib.

Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orujov
Politoloq İlqar Vəlizadə

Politoloqun sözlərinə görə, Kofi Annan planına yunanlar müsbət yanaşmadılar, çünki orada konfederasiyadan bəhs olunurdu: "Yəni iki ayrı icma, iki ayrı quruluş bir dövlət yaradacaqdı. Buna türk tərəfi razı olsa da, yunanlar razı olmadılar. İndi isə Federasiya modeli gündəmə gəlib. Bu nə deməkdir? Bu o deməkdir ki, türklər yaşayan ərazilərə geniş muxtariyyət veriləcək. Dövlət isə vahid mərkəzdən idarə olunacaq. Həmçinin, dövlət idarəçiliyində türklər də təmsil olunacaqlar. Artıq yunanlar bu plana nisbətən yumşaq yanaşırlar".

Bununla belə İ. Vəlizadə bəzi vacib məsələlərin həllini gözlədiyini bildirib: "Birinci əsas məsələ türklər və yunanlar üçün hansı ölçüdə torpaqların ayrılacağıdır. Bu, masadakı əsas müzakirə predmetidir. İkinci məsələ paytaxt Lefkoşanın taleyidir. Əgər federativ quruluş qəbul edilsə, bu şəhərin statusu necə olacaq? Çünki həm yunanlar, həm də türklər Lefkoşanı özləri üçün paytaxt hesab edirlər".

"Üçüncü ciddi məsələ, türk əhalisinin sayı məsələsidir. Yunan tərəfi istəyir ki, 1974-cü il müharibəsindən sonra Türkiyədən adaya gələnlər geri qayıtsınlar. Və əhali sayı ona görə hesablansın. Bu sadalananlar həll olunacaq, ya yox? Danışıqların yekununda bunu öyrənmiş olacağıq" — siyasi şərhçi qeyd edib.

393
Teqlər:
Güngör Gökdağ, Cenevrə, yunan, İlqar Vəlizadə, lider, Kipr, BMT, politoloq, müzakirə, türk
Əlaqədar
Kiprdə tarixi görüş keçirilib
Kipr probleminin həllində sona az qalıb?
Sergey Lavrov Kiprdə Türkiyədən danışdı
Kiprin müsəlman və xristian din adamları sülh istəyirlər
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

113
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

113
Yerevan mənzərəsi, arxiv şəkli

Ermənistanda demoqrafik çöküş: Müharibədən sonra daha da azalacaqlar

402
(Yenilənib 21:39 20.10.2020)
Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Əhalinin artım tempi isə azalmaqdadır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr - Sputnik. 1990-cı ildən etibarən Ermənistanda demoqrafik çöküş davam edir. Hazırda ölkə əhalisi rəsmi rəqəmlərə görə, 2 milyon 964 min 633-dür. Hansı ki, 1990-cı ildə bu rəqəm 3 milyon 538 min 171 olub. 1950-1990-cı illərdə ölkədə demoqrafik vəziyyət qismən yüksələn xətlə davam etsə də, 1990-cı ildən sonra doğumların aşağı olması ilə əhali sayında azalmalar qeydə alınıb. 2004-cü ildən etibarən əhalinin sayı 3 milyondan da aşağı düşüb.

Bu gedişlə Ermənistanı nə gözləyir?

Politoloq İlqar Vəlizadənin Sputnik Azərbaycan-a dediyinə görə, Ermənistanın rəsmi statistikası və ekspertlər də qeyd edir ki, son illərdə bu ölkədə demoqrafik balans kəskin pisləşib:

"Bəzi regionlarda, xüsusi ilə də Ermənistanın Luri regionunda ötən il tarixdə ilk dəfə olaraq depopulyasiya qeydə alınıb. Yəni, əhali sayı kəskin şəkildə azalıb. Ölkədə sosial-iqtisadi vəziyyət də mürəkkəbləşir və bütün bunların fonunda ölkədən böyük köç davam edir. İllik olaraq 35-40 min insan Ermənistanı tərk edir. Bəzi illərdə isə bu rəqəm daha da yüksək olur. Bu şəxslər Ermənistanı daimi əsaslarla tərk edənlərdir. Real olaraq Ermənistanda yaşayanlar isə 2 milyon və hətta bundan bir qədər də azdır".

"Bu şəxslər daimi olaraq xaricdə qalırlar. Sadəcə olaraq erməni vətəndaşlığını da saxlayırlar. Yəni, bu şəxslərin sayı bu gün rəsmi olaraq Ermənistan əhalisinin sayına daxil edilir", - deyə politoloq bildirib.

Dənizkənarı bulvar
© Sputnik / Murad Orujov

İ.Vəlizadə deyir ki, hərbi hissədə qeydiyyatda dayanan şəxslərin də real sayı azdır: "Səfərbərlik qəflətən elan olundu. Bu səbəbdən ölkənin kənarında olan şəxsləri hərbiyə cəlb etmək elə də asan deyil. Düşünmürəm ki, xaricdən könüllü olaraq gəlmək istəyənlərin sayı çox olsun".

Ekspertin sözlərinə görə, getdikcə əhalisinin sayı azalmaqda olan Ermənistanı bununla daha böyük faciə gözləyir:

"Müharibə üçün uyğun yaşda olan, reproduktiv hesab edilən insanların cəbhədə ölmə ehtimalı nəzərə alınsa, deyə bilərik ki, qarşıdakı illərdə Ermənistanın artım tempi daha da aşağı düşəcək. Təcrübə göstərir ki, 80-cı illərdə Ermənistanda əhali artımı ilə 90-cı illərdə qeydə alınan artımı müqayisə etdikdə, rəqəmlər 90-larda 40 faiz azalıb. Bilavasitə olaraq Qarabağ münaqişəsi də bu rəqəmlərə təsir göstərib. Bu isə o deməkdir ki, Qarabağ münaqişəsinin yenidən alovlanması növbəti onilliklərdə əhali sayının 2010-cu illə müqayisədə kəskin şəkildə azalacağını gözləyə bilərik".

Ermənistanda əhalinin illik artım sürətinə nəzər salaq: 1958-ci ildə illik olaraq bu rəqəm 3.72 faiz olubsa, sonrakı illərdə rəqəmlərdə enmə qeydə alınıb. Belə ki, 1966-cı ildə bu rəqəm 2.93, 1983-cü ildə 1.41 faiz olub. 1987-ci ildən isə əhali artımında daha kəskin azalmalar qeydə alınıb. Belə ki, 1987-ci ildən bu rəqəmlər 1.76-dan daha da aşağı enərək 1993-cü ildə 2.32 faizə çatıb. 1994-cü ildən əhali artımında cüzi dinamika qeydə alınsa da, 2014-cü ildən yenidən azalmalar olub. Belə ki, 2014-cü ildən bu yana 2020-ci il ən az əhali artımı olan il kimi qeydə alınıb. Cari ildə əhali artımı 0.19 faiz olub.

Beləliklə, Ermənistan bütün dünya əhalisinin 0.4 faizini təşkil edib. Bununla da Ermənistan əhali sayına görə dünya ölkələri sırasında 137-ci yerdə qərarlaşıb. 1975-ci ildə isə Ermənistan bu siyahıda 118-ci yerdə idi. Gələcək illərdə əhalinin sayı ilə bağlı proqnozlar isə heç də bu ölkə üçün ürəkaçan deyil. Qarşıdakı onilliklərdə Ermənistanda əhali sayının daha da azalacağı, 2050-ci ildə 2 milyon 816 min 112 olacağı proqnozlaşdırılır.

2020-ci ildə Ermənistanda kişilər arasında gözlənilən ömür yaşı 71.8, qadınlar arasında isə 78.9 olub.

Qeyd edək ki, bu rəqəmlər https://www.worldometers.info-da yerləşdirilib və mənbə olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar göstərilib.

Dünya Bankının məlumatına görə, Ermənistanda bəzi sahələrdə qadınların aktivliyi kişilərlə müqayisədə daha yüksəkdir. Məsələn, ötən il kənd təsərrüfatında çalışanların 32.8 faizini qadınlar, 26.9 faizini isə kişilər təşkil edib. Xidmət sahələrində çalışanların 58.2 faizini qadınlar, 48.9 faizini isə kişilər təşkil edib.

Bu ölkədə qadınların sayı kişilərlə müqayisədə daha yüksəkdir. Belə ki, 2015-ci ilə aid olan rəqəmlərə görə, Ermənistanda qadınların sayı 1 566 461, kişilərin sayı isə 1 391 270 olub.

2018-ci ildə Ermənistanda 0-14 yaşlılar əhalinin 20.63 faizini, 15-64 yaşlılar 68.11 faizini, 65 yaş və daha yuxarı olanlar isə ümumi əhalinin 11.25 faizini təşkil edib. 2012-ci ildə isə Ermənistanda 15-64 yaşlı əhali ümumi əhalinin 69.68 faizini təşkil edib. Doğulanlar arasında kişilərin sayı isə 75 min 160 olub. Həmin ildə qadınlar arasında təbii artım 40 min 29, doöulanların sayı isə 66 min 19 olub.

Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Belə ki, 2007-ci ildə gənclər arasında işsizlik 11.62 faiz təşkil edibsə, həmin ildən sonra bu rəqəm durmadan artıb. Gənclər arasında işsizlik həddi 2009-cu ildən 39.87 faizi keçib. Hazırda gənclər arasında işsizlik 35.49 faiz olub.

Ümumilikdə, öncəki illərlə müqayisədə Ermənistanda ölüm statistikası da artıb.

Azərbaycana gəldikdə isə rəqəmlərdə sadəcə olaraq onu qeyd etmək olar ki, 2019-cu ildə ölkəmizdə təbii artım 85 min 263 olub. Doğumların sayı isə 141 min 179 olub. Beləliklə qeyd olunan ildə əhalinin hər min nəfərinə düşən təbii artım 8.7, hər min nəfərə düşən doğum sayı isə 14.3 olub. 2019-cu ildə doğulan kişilər arasında təbii artım 45 min 234 olub.

Azərbaycan əhalisinin 2,4 milyon nəfərini və ya 24,5 faizini gənclər təşkil edir. Bu isə elə Ermənistanın demək olar ki, bütün yaş kateqoriyaları üzrə əhalisinin sayına bərabərdir. 2018-ci ildə ölkədə nikaha daxil olanların 77,0 faizini gənclər təşkil etməsi də müsbət tendensiyalardan biridir.

402

Bank soyğunçusu 18 nəfəri girov götürdü, yarım milyon istəyir

0
Beş yüz min dollar pul tələb edən soyğunçunun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. O, indi də helikopter istəyir

BAKI, 21 oktyabr — Sputnik. Gürcüstandakı banklardan birini soymağa çalışan şəxs 18 nəfəri girov götürüb. Sputnik Gürcüstan-ın verdiyi məlumata görə, soyğunçu 500 min dollar pul, maşın və helikopter tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı yazılı məlumatda bildirilir ki, Zuqdidi şəhərində bir banka girən silahlı şəxs orada işləyən insanları girov götürüb. Soyğunçunun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Bildirilir ki, onun əlində qumbara var və tələblərinin 18:00-dək yerinə yetirilməsini istəyir.

Açıqlamada o da bildirilir ki, hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi göndərilib və girov götürülən şəxslərin xilas olunması üçün əməliyyat keçirilir.

0