İŞID döyüşçüsü, arxiv şəkli

Qafqazda dolaşan "xilafət kabusu"

924
Zombiləşmiş quldur dəstəsi sanki hakimiyyətləri qəsb edə-edə gedir və bütün dünyanı qorxu imperiyasında birləşdirir

BAKI, 10 yan — Sputnik. İŞİD MDB məkanına gələ bilərmi, buna zəmin varmı? Bu sual son zamanlar ən çox araşdırılan mövzulardandır. Xatırladaq ki, ötən yüzilin 90-cı illərində Şimali Qafqazda Misir, Səudiyyə Ərəbistanı, Suriya, Mərakeş, İordaniya, Əlcəzair, Oman, Sudan, Pakistan və digər dövlətlərdən gəlmiş missionerlər özlərinə geniş şəbəkə qura bildilər. SSRİ-nin 70 il apardığı ateizm təbliğatı nəticəsində dinə yaranmış maraq bir boşluq yaratmışdı. Bundan isə hamıdan çox radikallar istifadə etməyə və boşluğu doldurmağa başladılar.

İŞİD-in edamı
© AP Photo / AP Photo

Qeyri-ənənəvi dini cərəyanların Şimali Qafqaza gəlişi elə o vaxtdan başladı. Rusiyaya qarşı savaşda mötədil qüvvələri radikal dinçilərin əvəz etməsi və ancaq "cihada çağırış" şüarlarının səsləndirilməsi prosesləri tam başqa istiqamətə yönəldə bildi.

Çeçenistanın o zamankı rəhbəri Mövladi Uduqov Qafqazda ilk dəfə "kafirlərə qarşı cihad", "onların başları kəsilməlidir" təbliğatını gündəmə gətirdi. Çeçenistan telekanalları o zaman rus əsgərinin başının kəsilməsini, zinaya görə gənc kişi və qadının daşqalaq edilməsini yayımlamağa başladı. Gənc rus oğlanın başının kəsilməsini, onun bağırtılarını o zaman dünya telekanalları da gen-bol işıqlandırdı. Baş verən hadisə həmin dövr üçün o dərəcədə tükürpədici idi ki, milyonlarla insan islamı tamamilə başqa rakursda görməyə başladı.

İslamı belə rəzil bir simada təqdim etmək istəyənlər elə o zamandan xilafət qurulması barədə danışmağa başladılar. Bu çağırışlar insanlarda qıcıq yaradırdı. Başı kəsilən gəncin bağırtılarını çox adam unutmamışdı.

1999-cu ildə Çeçenistan-Dağıstan İslam Dövləti, Qafqaz İslam Cəbhəsi, Dağıstan İslam Ordusu və digər daha böyük hərbi birliklər yaradıldı. M. Uduqov bu hərbi birliklərin əlaqələndiricisi rolunda çıxış edirdi. 2007-ci ildə isə "Qafqaz Xilafəti Hərəkatı" yaradıldı. O zamandan başlayaraq xilafət ideyasını digər bölgələrdə, o cümlədən Azərbaycanda yaymaq təşəbbüsü göstərildi. Həmin qruplara rəğbəti olan vətəndaşlarımızın bir hissəsi bu gün Suriyada, İraqda terrorçu qrupların tərkibində savaşır.

İŞİD və digər təkfirçi qruplarda cəmləşən Azərbaycan vətəndaşları, əslində gələcəkdə ölkəmizdəki təxribatlarda istifadə olunmaq üçün hazırlanırlar. Bu təfkirçi və radikal qrupların ən başlıca məqsədi öz sıralarını artırmaqdan ibarətdir. Bu baxımdan, təkfirçi dini qrupların nəzarətə götürülməsi vacibdir. Bu gün İŞİD sıralarında qafqazlılar da savaşırlar. Azərbaycanlılarla yanaşı, çeçenlər, inquşlar da bu terrorçu təşkilatlarda toplaşıblar. Onlar özlərini Qafqaz xilafətinin əsgərləri hesab edirlər.

Ona da diqqət yetirək ki, xilafət quracağını elan edən İŞİD-in komandirləri sırasında da azərbaycanlıların olduğu iddia olunur. İŞİD tərkibində olan soydaşlarımız açıq şəkildə bəyan edirlər ki, Azərbaycan tezliklə qurulacaq xilafətin daxilində olacaq.

İŞİD-in hədəfləri və əməlləri qorxunc bir mənzərə yaradır. Başkəsən, ağılsız, qaraguruh, zombiləşmiş bir quldur dəstəsi, sanki hakimiyyətləri qəsb edə-edə gedir və bütün dünyanı qorxu imperiyasında — "xilafətdə" birləşdirir. Absurd və qeyri-real ideya olmasına baxmayaraq, bir qrup psixi pozuntusu olan quldurun əməlləri İslam dininə aid edilir və dinə qarşı böyük bir nifrət hissi oyadılır.

Bunlar təsadüfi deyil. Baş verənlər bəlkə də elə bu məqsədə xidmət edir. Qərb dünyasında, elə Şərqin özündə də İslama nifrət hissi oyatmaq üçün İŞİD-in fəaliyyətini izləmək kifayət edir. Bir qrup cinayətkarın, rəzilin əməlləri İslam dininə şamil olunur.

Bir terror təşkilatı insanların din barəsindəki təsəvvürlərini darmadağın etməyə müvəffəq oldu. Özü də bütün bunlar o zaman baş verdi ki, İslam ideyaları dünyada özünə dayaq tapmaqda idi. Yaxın Şərqdə, Türkiyədə, Cənubi Qafqazda islamçılar siyasi qüvvəyə çevrilmək üzrə idilər. Proseslərin təhlili onu deməyə əsas verirdi ki, bölgədə islamçıların nüfuzu arta bilərdi. Bu isə o anlama gəlirdi ki, istənilən seçkilərdə islamçıların qələbəsi real görünür.

İslam dinini gözdən salmaq üçün İŞİD kimi terrorçu təşkilata ehtiyac var idi. İŞİD-in iyrənclik və vəhşiliklərini müşahidə edən insanların böyük əksəriyyəti nə xilafət adına iddia edən bu quldurları, nə də ki mötədil islamçıları qəbul edə bilmirlər. "İslam" sözü artıq böyük bir toplumda vahimə hissləri yaradır.

Qərb xüsusi xidmət orqanları radikal İslam qruplarını qıcıqlandıraraq, onları müxtəlif qanlı aksiyalara təhrik edirlər. Bununla da həm beynəlxalq ictimaiyyətə, həm də yerli əhaliyə qərbpərəst rejimlərin vacibliyi aşılanır. Təkfirçi qrupların böyük əksəriyyəti bir alət rolunu oynayır. Ancaq tarix göstərir ki, dindən siyasi məqsədlər üçün istifadə edənlər sonda özləri qurbana çevrilirlər.

Bu gün baş kəsib, insanları qətlə yetirən, eyforiya vəziyyətində olan İŞİD və onların Azərbaycandakı pərəstişkarları anlamalıdırlar ki, ciddi qüvvələrin planında adi alətdən başqa bir nəsnə deyillər. Plan başa çatdıqdan və istifadədən sonra onlar atılacaqlar. Təkfirçi təşkilatların əksəriyyətinin taleyi acınacaqlı olub. Vaxtilə ABŞ-ın SSRİ-yə qarşı Əfqanıstanda yerləşdirdiyi Taliban öz missiyasını icra etdikdən sonra elə Vaşinqton tərəfindən də "unuduldu".

Yuxarıda söz açdığımız çeçenistanlı təkfirçilərin də "karyerası" uzunmüddətli olmadı. M. Uduqov, Şamil Basayev istifadə müddətləri bitdikdən sonra tərk edildilər. Livanda əl-Fəth təşkilatının və bu qurumun liderlərinin taleyi də eyni dərəcədə məyusedici oldu.

Heç şübhəsiz ki, İŞİD-çilər də istifadə edildikdən sonra qurban veriləcəklər. İŞİD və digərləri tarixin arxivinə gömüləcək. Lakin bu məsələdə ən narahatedici məqam odur ki, Azərbaycan vətəndaşları bu çirkin oyunun girovuna və qurbanına çevrilirlər…

924
Teqlər:
başkəsən, kafir, Mövladi Uduqov, Şimali Qafqaz, MDB, Rusiya, cəbhə, terror, İŞİD
Əlaqədar
Lənkəranskinin qətlində İŞİD izi
Rusiya və Türkiyə İŞİD hədəflərini birlikdə bombalayır
İŞİD Türkiyədə partlayış törətmək istəyib
İŞİD 2 türk əsgərini diri-diri yandırdı
İŞİD Palmiranı son iki gündə ikinci dəfə ələ keçirib
Palmira şəhəri İŞİD-dən alınıb
İŞİD-çilər prezident sarayını partlatmaq istədilər
İŞİD Palmiranı geri qaytarır
Türk qırıcıları 18 İŞİD terrorçusunu məhv etdi
Bakının mərkəzində insanlar, arxiv şəkli

Bu dildə danışmaq qadağandır...

726
Madam ki, ölkə əhalisi çoxalır, madam ki, hələ də nəyəsə ümidləri var, yaxud adətlər və dəyərlər gərəyi bu mühitə yeni insanlar gətirməyə özlərini məcbur bilirlər, barı bu uşaqların gələcəyini düşünsünlər.

Evin yanında 7-8 uşaq yığışıb oyun oynayırlar. Mən isə pəncərədən səssizcə onları izləməkdəyəm. Uşaqların oyununda biri müəllim olur, biri şagird, biri valideyn, biri sürücü, biri polis və s. Müəllim şagirddən valideynə şikayət edir, valideyn uşağını cəzalandırır, sürücü yol hərəkəti qaydalarını pozur və polis onu cərimələyir, bu minvalla uşaqların xəyali dünyalarındakı həyat öz axarındadır. Amma uşaqların oynadığı bu maraqlı oyunun bir vacib şərti var: Azərbaycan dilində danışmaq qadağandır.

Uşaqlar yalnız Türkiyə türkcəsi ilə danışırlar. Əgər aralarından biri səhvən Azərbaycan dilində danışarsa digərləri ona xəbərdarlıq edir, bir daha təkrarlanarsa onu oyundan kənarlaşdırır, türkcə danışa bilməyənləri isə öz aralarına qəbul etmirlər. Hətta, uşaqlardan biri oyundakı xəyali anasına üzünü tutub: “Anne, stəkanı bana verebilir misin?” deyə soruşdu. Ana obrazını canlandıran uşaq isə zəhmli bir valideyn ədası ilə dayanıb olduqca sərt cavab verdi: “Önce konuşmanı bil, onun ismi stəkan değil, bardaktır”.

Bağçada, məktəbdə rus və ingilis dilində təhsil alıb Azərbaycan dilini bilməyən uşaqları nisbətən anlamaq olar. Əslində, bunun özü də yerli xalqın və dövlət dilinin məhvi üçün mümkün təhlükədir. Amma valideynlərin daha xoşbəxt gələcək üçün uşaqlarına başqa dillərdə təhsil vermələri indiki vəziyyətdə çarəsizlikdən doğulur və anlaşılır. Bəs Azərbaycan bölməsində təhsil aldığı halda öz ətrafında Azərbaycan dilinin danışılmasını qadağan edən bu uşaqlar niyə türkcə danışmağı daha üstün tuturlar? Bu məqamda birbaşa günahkar ölkə mədəniyyətinin biabırçı vəziyyətidir.        

Lerik rayonunda, ucqar dağların başında, ətrafında yalnız talış dili və Azərbaycan dili danışıldığı halda bu uşaqlar türkcəni bu qədər səlis, öz ana dilindən daha təmiz formada necə danışa bilirlər? Onlar talış dilini, ümumiyyətlə, bilmirlər. Orta məktəb olmasa, Azərbaycan dilini də bilməyəcəklər. Daha dəqiq desək, dağlıq rayonda təhsil prosesi tam təmin olunmadığı üçün elə Azərbaycan dilini də yarım-yapalaq bilirlər. Məsələn, heç bir oyun oynamadıqları halda öz böyüklərinin suallarına türkcə cavab verirlər: “Burası mənim odam”, “Mən burda uyumak istiyorum”, “Sabah-sabah alça yemek olmaz”.

La Casa de Papel serialından kadr
© Photo : Netflix / Atresmedia / Vancouver Media / 2017

Bütün bunların səbəbi uşaqların istər telekanallardan, istərsə də internet üzərindən yalnız türkcə cizgi filmləri izləməsidir. İstər öyrədici uşaq proqramlarına, istər cizgi filmlərinə, istər film və seriallara türkcə baxırlar. Çünki Azərbaycan dilində yeni və maraqlı cizgi filmləri yoxdur. Müasir uşağın arzu və istəkləri ilə uyğunlaşan maraqlı və yerli uşaq proqramları olduqca məhduddur.

Mən öz uşaqlığımda cizgi filmlərini heç sevməmişəm. Daha çox nağıllar və uşaq ədəbiyyatı oxumağa üstünlük vermişəm. Bütün həyatım boyunca izlədiyim yeganə cizgi filmi “Şahzadə Şəhrizad” idi ki, onun da musiqisi çox xoşuma gəlirdi deyə rastıma çıxan bölümlərini izləyirdim. İnternetdən həmin cizgi filminin azərbaycanca dublajını tapıb uşaqlara izlətdirmək istədim, amma tapılmadı. Fransızca, türkcə, ingiliscə var idi, amma Azərbaycan dilində yox idi. Səhv etmirəmsə bir vaxtlar Azərbaycan Televiziyasında yayımlanırdı və “Şahzadə Şəhrizad”la birgə başqa maraqlı cizgi filmləri də AzTv-nin efirində yer alırdı. Düzdür, bu cizgi filmləri artıq kifayət qədər köhnəlib və yetişməkdə olan nəslin zövqünü oxşamır. Lakin yoxdan daha yaxşıdır və heç olmasa internetə yerləşdirilməsi onları indiki uşaqlar üçün əlçatan edər.

Zeynəb Xanlarova, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Madam ki, ölkə əhalisi çoxalır, madam ki, hələ də nəyəsə ümidləri var, yaxud adətlər və dəyərlər gərəyi bu mühitə yeni insanlar gətirməyə özlərini məcbur bilirlər, barı bu uşaqların gələcəyini düşünsünlər. Onlar öz dillərini bilməli, özlərini, öz ətraflarını anlamalı, tanımalı, sonra başqa dillər öyrənməli, dünyanı gəzməli və görməli, daha sonra da bütün bilik və bacarıqlarını öz mühitlərinin inkişafı üçün xərcləməlidirlər ki, dünyanın dolanbac küçələrində sürünə-sürünə yaşamasınlar.

Bizim bəxtimiz də gətirmədi, səriştəmiz də olmadı, bizdən əvvəlkilər bizim üçün heç nə etmədilər və buna zəmin də yaratmadılar deyə, biz özümüz heç nə edə bilmədik. İndi bu uşaqların öz dillərini bilib öz mühitlərini anlamaları üçün onlara adicə cizgi filmi də verilmir. Barı hər bir valideyn öz uşağını Azərbaycanın keyfiyyətli uşaq ədəbiyyatı ilə, yaxud keyfiyyətli tərcümə edilmiş dünya uşaq ədəbiyyatı ilə təmin etməli, onları bu kitabları oxumağa sövq etməli, özləri öz uşaqları ilə öz dillərində sərbəst ünsiyyət qurmalı, internetdə yer alan azərbaycanca dublaj edilmiş cizgi filmlərini seçib izlətməli və digər mümkün variantlardan istifadə etməlidir ki, gələcəyin mümkün səfalətindən xilas ola bilsinlər. İndi pərən-pərən olan, didərgin düşən, sürünən, səfil-sərgərdan qalan milyonlarla insan hələ də heç kəsə görk olmayıbmı?

726
Patriot zenit-raket kompleksi, arxiv şəkli

Amerikanın "Patriot" komplekslərinin yeni uğursuzluğu

11
(Yenilənib 15:24 30.06.2020)
İyunun 23-də Səudiyyə Ərəbistanı ərazisindəki obyektlərə hücum edən "Ənsar Allah" hərəkatının bir neçə pilotsuz uçan aparatı və raketi Ər-Riyaddakı hədəfləri vurub

BAKI, 30 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. ABŞ-da istehsal olunan "Patriot" zenit-raket kompleksləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı yəmənli husi üsyançılarının hava zərbəsindən müdafiə edə bilməyib və "dünənin silahı" reputasiyasını növbəti dəfə təsdiqləyib.

İyunun 23-də Səudiyyə Ərəbistanı ərazisindəki obyektlərə hücum edən "Ənsar Allah" ("Allahın Köməkçiləri", husilər) hərəkatından olan yəmənli qiyamçılar açıq şəkildə bunu bəyan ediblər və öz silahlarının ABŞ-ın "Patriot" kompleksindən üstünlüyünü nümayiş etdiriblər.

Bir neçə pilotsuz uçan aparat (PUA) və raketlər husilərin nəzarətində olan ərazidən buraxılıb, 700 km-dən çox məsafəni, üç hava hücumundan müdafiə rayonunu qət edib və Ər-Riyaddakı hədəfləri vurub. "Reuters" agentliyinin məlumatına görə, husilərin raketləri və pilotsuz aparatları ordu qərargahına, Müdafiə Nazirliyinə və aviasiya bazasına hədəflənib.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi hava hədəflərinin məhv edildiyini bəyan edib, amma hər halda ehtimal etmək olar ki, ayrı-ayrı pilotsuz təyyarələr (və ya raketlər) öz vəzifələrini yerinə yetiriblər. Şahidlər Səudiyyə paytaxtında iki partlayış səsinin eşidildiyini və sıx tüstü göründüyünü deyiblər (husilərin ötən il Abkayk və Xurays neftayırma zavodlarına hücumu daha dəhşətli olub və daha ağır nəticələrə səbəb olub).

Versiyalardan birinə görə, "Patriot" kompleksləri hücum edən PUA-ları öz təyyarələri kimi görüb və onları buraxıb. Ola bilsin ki, "Patriot" sisteminin identifikasiya sistemi radioelektron mübarizə vasitələri tərəfindən sındırılıb və ya "boğulub". Ən pis halda isə texnoloji cəhətdən mükəmməl olmayan "Patriot"lar sadəcə olaraq az kontrastlı hava hədəflərini görə bilməyiblər. İstənilən halda, Səudiyyə Ərəbistanının yəmənli husilər ilə münaqişəsi daha yüksək texnologiyalı və bütün region üçün təhlükəli xarakter alır. Eyni zamanda Amerika silahlarının (əlavə "Patriot" batareyaları daxil olmaqla) kəmiyyət baxımdan artımı heç bir şeyə təsir göstərmir.

"Patriot" artıq o "Patriot" deyil

Husilər Səudiyyə Ərəbistanında Müdafiə Nazirliyinə və Kral Salman adına Hərbi Hava Qüvvələrinin bazasına zərbələr endirdiklərini iddia edirlər. Koalisiyanın məlumatına görə, iyunun 23-ü səhər saatlarında krallığın qüvvələri yəmənli üsyançıların Riyad, Nəcran və Cizan şəhərlərinə buraxdığı dörd ballistik raketi və bir neçə pilotsuz kamikadze aparatını vurub. Zərbə vasitələrinin ümumi sayı məlum deyil və husilər hələ başa çatmamış "genişmiqyaslı əməliyyat" haqqında danışırlar. Anlaşılmazlıq davam edir.

S-400 zenit raket komplekslərinin Türkiyəyə tədarükü, arxiv şəkli
© Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFP

Müqayisə üçün deyək ki, ötən ilin payız əməliyyatında qiyamçılar 18 drondan və yeddi qanadlı raketdən istifadə ediblər. Husilərin nümayəndəsi "Kasef" və "Sammad-3" pilotsuz uçuş aparatlarının 1700 km məsafəni qət etmək bacarığını qeyd edib. Burada başa düşmək lazımdır ki, bu kamikadze dronu belə uçuş uzaqlığı ilə Səudiyyə Ərəbistanında istənilən istiqamətdən hədəfə hücum edə bilər (məsələn, Qətər tərəfdən Ər-Riyada girə bilər) və "Patriot" kompleksi faydasız olacaq, çünki məhdud sektorda (90 dərəcə) məkana nəzarət edir və eşelonların sayı bu kompleksin keyfiyyətinə təsir göstərmir. "Patriot" kompleksi təyyarələri, ballistik hədəfləri, orta mənzilli raketləri məhv etmək üçün nəzərdə tutulub. Nisbətən kiçik zərbə dronları və qanadlı raketlər onun profilinə uyğun hədəflər deyil.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo qeyd deyib: "Hətta dünyanın ən yaxşı sistemlərindən bəziləri heç də həmişə hədəfləri vurmur". Əgər "Patriot" ən yaxşısı deyilsə, onda yəmənli husilərin Səudiyyə Ərəbistandakı obyektlərə endirdiyi zərbələr qarşısıalınmazdır. Raket silahları və zərbə dronları dünyanın bütün ölkələrində sürətlə inkişaf edir. ABŞ-ın "Patriot" kompleksini müasirləşdirməsi isə yerində təpik döyməyə bənzəyir. PAC-2 və PAC-3 modifikasiyalarında texnoloji irəliləyiş müşahidə edilmir. PAC-3 layihəsində, heç olmasa, "sürətləndirilmiş" radar və yeni raket var, digər modifikasiyalar isə yalnız ayrı-ayrı qovşaqların və aqreqatların dəyişdirilməsini nəzərdə tutur. Pentaqon "Patriot" kompleksindən 2030-cu illərin əvvəllərinə qədər istifadə etməyi planlaşdırır və bəlkə də bu, gələcəyə lazımsız dərəcədə nikbin baxışdır.

Taktiki-texniki xarakteristikalara görə, "Patriot" saatda 2500 kilometr sürətlə, 100 kilometrədək məsafədə (ballistik - 25 kilometrədək) və 25 kilometrədək (ballistik - 11 kilometrədək) yüksəklikdə uçan hava obyektlərini məhv etmək iqtidarındadır. Bu kompleks eyni zamanda 8 hədəfə atəş aça bilir. Kompleksin reaksiya müddəti 15 saniyədir (bu çox yavaşdır - bu müddət ərzində hədəf 10 km uça bilər). "Patriot" kompleksinin radarı 90 dərəcə baxış bucağına malikdir və hava hədəflərinin ehtimal olunan istiqamətinə yönəlir. Bu təvazökar xüsusiyyətlər heç də uğurlu olmayan döyüş təcrübəsi ilə tamamlanır. Belə ki, amerikalılar İraqın 1991-ci ilin əvvəlində buraxdığı 91 ədəd "Skad" R-17 (antikvar) raketlərindən yalnız 45-ni vura biliblər. Amerika kompleksinin əhəmiyyətli bir çatışmazlığı hədəfi ələ keçirmə məsafəsinin və hündürlüyünün kiçik olmasıdır. Bu sistemin Rusiya istehsalı olan müasir analoqları ilə, məsələn, S-350 "Vityaz" ilə müqayisəsi düzgün deyil. Belə ki, texnologiya sahəsində fərq fantastikdir (radarın baxış bucağına, reaksiya sürətinə, vurulan hədəflərin sayına, yüksəklik və vurma diapazonuna görə).

Eyni zamanda, beynəlxalq bazarda bir "Patriot" kompleksinin qiyməti təxminən 1 milyard dollar təşkil edir. Yalnız 2017-ci ildə ABŞ Səudiyyə Ərəbistanına 110 milyard dollar dəyərində silah-sursat satıb. Yəqin ki, bu pulların böyük bir hissəsi boşuna xərclənib. Təsadüfi deyil ki, Yaponiya "Aegis Ashore" sistemini Amerikadan almaqdan və öz ərazisində yerləşdirməkdən imtina edib.

Yerli istehsal?

Yəmənli üsyançıların iranpərəstliyini və ya onlara silahı İranın verdiyini bir daha vurğulamaq reallığı sadələşdirmək olardı. Texnoloji cəhətdən husilər kifayət qədər müstəqildirlər, inamla dənizdə döyüş əməliyyatları aparırlar. Husilər Səudiyyə Ərəbistanı və Ərəb koalisiyası ilə müharibə üçün nəzərdə tutulmuş öz istehsalı olan yeni pilotsuz təyyarələrin və raketlərin sərgisini də təşkil ediblər. Qeyd edək ki, bu hava hücumu vasitələri yüzlərlə kilometrlər uçmaq və hədəfi (bina, zavod) dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

Yəməndəki silahlı münaqişə ölkənin şimal və cənub bölgələri arasında dinlərarası, siyasi və regional ziddiyyətlərə əsaslanır və bu münaqişənin hərbi yolla həlli mümkün deyil. Sünnilər (sələfilər) və şiələr (husilər) arasında toqquşmalar uzaq keçmişə gedib çıxır. Hərbi əməliyyatların mexanikası belədir: bir tərəfdən İranın dəstəklədiyi şiə husilər, digər tərəfdən isə Səudiyyə Ərəbistanının dəstəklədiyi sünnilər. Yəmənin şimalında neft yataqları var, cənubda isə karbohidrogenlərin tranziti üçün vacib olan Ədən limanı yerləşir və Riyadın bu "axınlara" nəzarət etmək istəyi məntiqli görünür.

Xatırladaq ki, husi üsyançılar 2015-ci ildə hazırkı prezidentin ölkədən qaçmasından sonra hakimiyyəti və paytaxt Sənanı ələ keçiriblər. Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin, Küveytin, Qətərin, İordaniyanın, Misirin, Pakistanın, Mərakeşin və Sudanın dəstəyi, ABŞ-ın razılığı ilə və BMT-nin icazəsi olmadan Yəməndəki "xuntaya" qarşı hərbi əməliyyatlara başlayıb. Koalisiya qaçmış hökumətin tərəfindədir. BMT konstruktiv rol oynamır, yalnız bəzən tərəfləri sülhə çağırır. ABŞ regional dispetçer roluna iddia edir. Yəməndə vətəndaş müharibəsi altı ildir, davam edir və Ərəb koalisiyasının müdaxiləsi yalnız hərbi əməliyyatların şiddətlənməsinə gətirib çıxarıb.

11
Əlaqədar
Türkiyə ikinci S-400 alayını alacaq. "Patriot" və "Eurosam" sual altındadır
Ərdoğan ABŞ-a qarşı ultimatum irəli sürdü
F-35-in yeni problemləri: ABŞ təyyarəsinin dərdi nədir
Rusiya Suriyada hərbi bazalarını genişləndirir. Məqsəd?
"KamAZ" təkəri üstündə yeriyən “müharibə tanrısı”
Əməkdar artist Tofiq Hüseynov

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

22
(Yenilənib 20:37 05.07.2020)
Aktyor bir saat əvvəl evində dünyasını dəyişib. Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

BAKI, 5 iyul – Sputnik. Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

Qeyd edilir ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib.

Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.

Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.

Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb", - deyə o bildirib.

22