Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bass

Rusiyanı ittiham edən amerikalı səfirin vəzifədə qalacağı şübhə altındadır

218
Elman Nəsirli: "Con Bassın Rusiyanı Avropada yeganə aqressor kimi təqdim etməsini Amerikanın rəsmi mövqeyi kimi qəbul etmək lazım deyil"

BAKI, 26 dek — Sputnik. Ötən həftə Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bass Türkiyənin NTV kanalına özəl müsahibə verib. O, rus səfir Andrey Karlova edilən sui-qəsdin arxasında ABŞ-ın əli olması barədə yayılan xəbərləri axmaq şayiə adlandırıb.

"İttihamları rədd edirik, hücumu qınayırıq. Bu qətli Amerikanın elədiyinə dair ortada ciddi dəlil yoxdur. Yəni yayılan məlumat axmaq şayiədən başqa bir şey deyil", — Bass qeyd edib.

Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə də toxunan amerikalı səfir qeyd edib ki, bununla bağlı hüquqi prosedur davam edir: "Amerika ilə Türkiyənin hüquq sistemlərində bir çox fərqlilik var. Bu barədə uzun danışmaq istəmirəm. Sadəcə olaraq onu demək istərdim ki, Amerika dövləti hər hansı məsələ barədə nə qədər az danışsa, bilin ki, həmin mövzunu o qədər ciddi qəbul edir".

Aparıcının "yeni prezident Tramp Fətullah Güləni Türkiyəyə qaytarmaqda istəkli görünür. Bu barədə sizin düşüncəniz nədir?" sualını səfir belə cavablandırıb: "Bir sonrakı administrasiya haqda danışa bilmərəm. ABŞ Türkiyənin güclü olmasını istəyir. Türkiyənin bölünməsi, xaos içində olması bizim mənfəətimizə uyğun deyil. Yeni rəhbərlik zamanında da Türkiyəyə olan yanaşmanın dəyişməyəcəyinə əminəm".

Millət vəkili Elman Nəsirov
© Sputnik / Murad Orujov
Millət vəkili Elman Nəsirov

Con Bass, son vaxtlar Türkiyə ilə Rusiya arasında olan yaxınlaşmadan da bəhs edib: "Bu iki dövlətin yaxşı və konstruktiv əlaqə qurmasını anlayırıq və dəstəkləyirik. Bu vəziyyəti A və B arasında seçim kimi görənlər müasir zamanı yaxşı oxuya bilmirlər. Ancaq bir şeyi də unutmamaq lazımdır. Rusiya başqa ölkələrin torpaqlarını hərbi yolla işğal edən son zamanlardakı yeganə Avropa ölkəsidir. Türkiyəyə məsləhət görərdik ki, Rusiya ilə münasibət quranda bu xüsuslara diqqət yetirsin".

Amerikalı səfirin açıqlamalarını Sputnik-ə dəyərləndirən millət vəkili Elman Nəsirov, Bassın dediklərini ABŞ-ın rəsmi mövqeyi kimi qəbul etmir. Yəni: "Hələ ki, Amerika Birləşmiş Ştatlarında köhnə, yəni Barak Obama administrasiya iş başındadır. Yanvarın 20-dən etibarən isə Donald Tramp administrasiyası fəaliyyətə başlayacaq. Hansı ki, Tramp artıq dövlət katibinin kim olacağını da elan edib. Və elan olunan dövlət katibi Rusiya ilə münasibətlərdə loyal dayanan bir şəxsdir. Bu nöqteyi-nəzərdən ABŞ-ın Türkiyədəki səfiri Con Bassın Rusiya əleyhinə kəskin fikir söyləməsini, Rusiyanı Avropada yeganə aqressor kimi təqdim etməsini Amerikanın rəsmi mövqeyi kimi görməmək lazımdır".

Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orucov
Politoloq İlqar Vəlizadə

Elman Nəsirov, həmçinin bildirib ki, ABŞ-da hökumətlər dəyişən zaman, ən çox dəyişiklik edilən sahənin başında məhz səfirliklər durur: "Həmin səfirin yeni administrasiya dövründə vəzifədə qalıb-qalmayacağı da bəlli deyil. Çünki biz bilirik ki, ABŞ-da hökumətlər dəyişən zaman ən çox dəyişiklik edilən sahənin başında, məhz səfirliklər durur. Nəzərə alsaq ki, Birləşmiş Ştatların yeni elan edilən dövlət katibi Vladimir Putindən mükafat almış birisidir, belə olan halda istisna deyil ki, Türkiyədəki səfir dəyişilə bilər".

Sputnik-ə danışan politoloq İlqar Vəlizadə isə hesab edir ki, Con Bassın səsləndirdiyi tezis mövcud administrasiyaya yaxın tezisdir: "Bilirik ki, Barak Obama administrasiyasının Ağ Evdə qalmasına bir neçə həftə qalıb. Daha maraqlı olardı ki, bununla bağlı yeni administrasiyada təmsil olunan bir nümayəndə danışsın. Çünki Con Bassın bu vəzifədə qalıb-qalmayacağı bilinmir".

"Ona görə də, səfirin dediyi ilə bağlı tələsik nəticə çıxarmaq məqsədəuyğun deyil. Yeni ABŞ administrasiyası Rusiya-Amerika yenilənmiş dialoquna start verməyib. Yalnız bu dialoq başlayandan sonra biz ABŞ-ın Rusiya ilə bağlı konkret niyyətindən danışa bilərik", — siyasi şərhçi vurğulayıb.

218
Teqlər:
Con Bass, Fətullah Gülən, ittiham, Donald Tramp, Elman Nəsirov, İlqar Vəlizadə, Amerika, Rusiya, Türkiyə, ABŞ
Əlaqədar
"Rusiya - ABŞ münasibətlərinin yaxşılaşması bütün dünyanın marağındadır"
Rusiya ABŞ-la nüvə sazişini dayandırıb
Nüvə yarışmasında kim daha güclüdür: ABŞ, yoxsa Rusiya?
Rusiya və ABŞ Suriya ilə bağlı razılığa gəldi
ABŞ-da Rusiya xofu: Moskva seçkilərə müdaxilə edəcək
ABŞ-da prezident seçkilərində Rusiya izi