Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kritik Moskva zirvəsi və ya daha bir ümid...

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidMoskva Kremli
Moskva Kremli - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi müşahidəçilər Rusiya-Türkiyə-İran üçtərəfli toplantısını bölgə üçün əhəmiyyətli hesab edirlər

BAKI, 16 dek — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, dekabrın 27-də Moskvada Türkiyə, Rusiya, İran üçlüyü çərçivəsində toplantı keçiriləcəyini söyləyib. "Suriya daxilində atəşkəsin təmin edilməsi və siyasi həllin tapılması istiqamətində müzakirələrin başlaması üçün səy göstəririk. Qarşıdakı müddətdə bu səylərimiz davam edəcək. Bununla bağlı olaraq, bu ayın sonunda — 27 dekabrda Moskvada Türkiyə-Rusiya-İran toplantısını reallaşdıracağıq".

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

Sözügedən toplantı barədə fikirlərini Sputnik-lə bölüşən politoloq Fikrət Sadıxovun fikrincə, hər üç ölkədə çox yaxşı dərk edirlər ki, Suriyada alovlanan böyük müharibə mütləq bu dövlətlərin maraqlarına zərbə vuracaq: "İş orasındadır ki, hər üç dövlət Suriyada baş verən hadisələrin aktiv oyunçularıdır. Rusiya ilə İranın mövqeləri üst-üstə düşür. Türkiyə də öz məqsədləri üçün orada əməliyyatlar aparır. Özü ilə sərhəddəki terrorçu kürd qruplarını və İŞİD-i o zonadan təmizləməyə çalışır".

"Bu ölkələrin niyyətləri, hadisələrə taktiki baxışları fərqli olsa da, Moskvadakı zirvədə müəyyən razılıq əldə oluna bilər. Çünki bunlar əgər terrora qarşı vuruşurlarsa, deməli kompromis tapmağa çalışacaqlar. Baxmayaraq ki, üç dövlətin strateji məqsədləri müxtəlifdir, ancaq onlar arasında hansısa razılıq əldə oluna bilər", — siyasi şərhçi bildirib.

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, bu üç dövlət Bəşər Əsədə görə bir-biri ilə düşmən olmağı arzu etmir. "Hələb şəhəri ətrafında çox kritik vəziyyət yaranıb. Düzdür, deyilənə görə, Bəşər Əsədə bağlı ordu, Rusiyanın da köməyi ilə Hələbə nəzarəti tam bərpa edib. Ancaq hələ də atəş səsləri eşidilir. İnsanlar arasında tələfat var ki, bu da sivil dövlətləri çox ciddi surətdə narahat edir", — o, Sputnik-ə açıqlamasında bildirib.

Siyasi təhlilçinin fikrincə, Türkiyə bu prosesdən olduqca narahatdır: "Çünki, Rusiya ilə yeni barışıq əldə olunmuşdu ki, Hələb məsələsində yenə də fikir ayrılığı yaranıb. Çünki qətliamlar davam edir və oradan qaçan insanlar Türkiyəyə sığınırlar. Ona görə də Rusiya ilə dialoqun intensivləşməsinə ehtiyac var. Təsadüfi deyil ki, dünən Ərdoğanla Putin arasında telefon danışığı olub".

"Bəşər Əsədə Rusiya ilə yanaşı İran da dəstək verir. Mən düşünürəm ki, üçlü zirvə tam yerinə düşdü. Məncə, faydalı da ola bilər. Türkiyə Rusiya və İranla qonşu dövlətdir və istəyər ki, bu ölkələrlə normal münasibətləri qursun. Ankara heç vaxt razı olmaz ki, Bəşər Əsədə görə bu iki dövlətlə münasibətini gərginləşdirsin. Eləcə də, İran və Rusiya Bəşər Əsədə dəstəyə görə Türkiyəni itirmək istəməz. Ona görə belə bir dialoqun olması vacibdir", — Şahinoğlu vurğulayıb.

Bununla belə, o, Rusiyadakı zirvədən yekun nəticə çıxacağını gözləmir: "Suriyanın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılması yaxşı haldır. Ancaq mən düşünmürəm ki, Moskvadakı üçlü zirvədən Suriyaya dair yekun qərar verilsin".

Politoloq rəsmi Ankaranın bölgədəki rolu barədə isə bunu deyib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov etiraf etdi ki, Suriya məsələsində Rusiya Türkiyə ilə daha yaxşı anlaşır, nəinki Amerika ilə. Bu, özü Türkiyənin bölgədəki məsələlərdə pozitiv rolu olduğunu göstərir".

Xəbər lenti
0