Cəmiyyət

Cəmiyyət apatiyaya sürüklənir

508
Azər RƏŞİDOĞLU
Eyni taktiki gedişlər, yekcins etiraz aksiyaları təşəbbüsü, bir-birinin ünvanına yönələn atmacalar, yalnız imitasiyaya xidmət edir

BAKI, 7 dek — Sputnik. Postneft dövrü yeni siyasi münasibətlər sisteminin formalaşmasını tələb edir. Siyasətə baxış, taktiki gedişlər və strategiya dəyişməlidir. Azərbaycandakı siyasi proseslər yenidən durğunluq müstəvisinə keçid almaqdadır. Əslində, siyasi mübarizə qanunlara və idarəçiliyə münasibətdə özünü bəlli etməlidir.

Tərəflərin qanunverici təşəbbüslə çıxış etməsi, proses yarada biləcək ideyalar irəli sürməsi gözlənildiyi halda, cəmiyyət ölkənin gələcəyini deyil, Aygün Kazımova və Röya Ayxanın münasibətlərini qızğın müzakirə edir. Bu gün ölkədə siyasi fəallıq nəzərə çarpmır. Ən yaxşı halda müxalifət liderlərinin sosial şəbəkələrdə bir-birilərinə ünvanlanmış atmacaları azsaylı funksionerlərin çay süfrəsində 5 dəqiqəlik müzakirə predmetinə çevrilir. Sonrakı müzakirələr isə daha "maraqlı mövzulara", məsələn, "Qalatasaray"ın qələbəsinə və yaxud "Fənərbaxça"nın məğlubiyyətinə həsr olunur.

Bir sözlə, cəmiyyət yenidən apatiyaya sürüklənir. Ortada nə böyük ideyalar, nə də ictimai rəyi riqqətə gətirə biləcək etirazlar mövcuddur. Sanki, hamı imitasiya ilə məşğuldur. Siyasi tərəflər mübarizə görüntüsü yaradır. İmitasiyanın özü o dərəcədə süst həyata keçirilir ki, ictimai rəy "qapalı dairədən" səslənən pıçıltıları belə, eşidə bilmir.

Ölkədə siyasi fəallığın olmaması bədbinliyə qapılmağa əsas verir. Sanki, bütün baş verənlər taleyin ümidinə buraxılıb. Siyasi strateqlər plan qurmaq əvəzinə "harada qırıldı, qırıldı" tezisi ilə davranaraq, ölkənin demokratikləşdirilməsi istiqamətində demək olar ki, heç bir əməli addım atmırlar.

Proses yarada biləcək, sıradan bir hadisə sayılmayacaq addımlar atılmır. Bir neçə etiraz aksiyası və gənc fəalların həbsindən başqa ölkəni titrədə biləcək hər hansı bir gediş edilməyib. Yenə də müxalifət bölgələrin etiraza qalxacağını gözləyir. Bir sözlə, siyasi münasibətlər subyekti kimi hakimiyyət və xalq çıxış edir.

Müxalifət
© Sputnik / Murad Orujov

Müxalifət meydanda görünmür. Protest elektoratının toparlanması istiqamətində heç bir əməli addım atılmır. Nə seçkiləri hədəf alan modellər, nə də etiraz elektoratını birləşdirə biləcək variantlar müzakirəyə çıxarılır.

Müxalifət anlayır ki, etiraz aksiyalarının kütləviliyini təmin etmək də son dərəcə çətin olacaq. Deməli, müxalifət etiraz aksiyaları taktikasından imtina etmək üçün bütün variantlara gedəcək. Bu baxımdan, onsuz da sayları o qədər də çox olmayan fəalların taleyi tükdən asılı vəziyyətdədir. Vəziyyətin paradoksu ondan ibarətdir ki, bir yandan liderlərdən fəallıq və radikallıq tələb olunur, digər tərəfdən isə tərəfdarları hesablanmamış və dividend gətirməyəcək təhlükələrdən xilas etmək lazım gəlir.

Lakin bu, heç də o anlama gəlmir ki, müxalifət ona təqdim olunan gündəmə uyğun fəaliyyət göstərsin. Məsələn, artıq publikasını itirməkdə olan siyasət "tamaşa"ları əvvəlki effekti vermir. Cəmiyyət artıq buna alışıb. İctimai rəyi yönəldə bilməkdən ötrü, tamaşaçı olmağa ehtiyac yoxdur, tamaşanın ssenari müəllifinə çevrilmək zərurəti yaranıb.

Müxalifət təmsilçiləri nələrin baş verdiyini aydın şəkildə bilməli və çıxış yolları barədə reseptə malik olmalıdırlar. Adi gedişlərlə böyük dəyişikliyə nail olmaq imkansızdır. Eyni taktiki gedişlər, yekcins etiraz aksiyaları təşəbbüsü, bir-birinin ünvanına yönələn atmacalar, yalnız imitasiyaya xidmət edir. Hökm sürən "ölü sükuta" baxmayaraq, yaxın zamanlarda müxalifət daxilində aşırı "qara piar"ın başlayacağı ehtimal olunur…

508
Teqlər:
imitasiya, siyasi, lider, iqtidar, müxalifət, siyasət, cəmiyyət
Əlaqədar
Siyasilərin məzuniyyətə çıxdığı gün və jurnalistika...
Bütün cərəyanların fövqündə
Patriarxın payızını yaşayan liderlər
Yas mərasimləri də boykot edilirsə...
Yeni siyasi eskiz layihə