Türkiyə və İsrail bayraqları

Növbəti Türkiyə - İsrail münaqişəsi başlaya bilər

238
(Yenilənib 16:03 30.11.2016)
Liberman Qərb blokunu rəsmi Ankaraya qarşı sərt tədbirlərə çağırıb

BAKI, 30 noy — Sputnik. İsrailin müdafiə naziri Aviqdor Liberman, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri ilə görüşündə Türkiyəyə qarşı sərt ifadələr işlədib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.

Liberman avropalı nazirlərə, "Türkiyəyə qarşı daha sərt siyasət aparın" çağırışı edib: "Türkiyəyə qarşı daha sərt siyasət yürüdülməlidir. Ərdoğanla əlaqələri nə cür yoluna qoymaq lazım olduğunu Putinin timsalında görmək olar. Ərdoğana qarşı Rusiya prezidenti Vladimir Putin kimi davranmaq lazımdır".

"Rusiya ilə Türkiyə arasında təyyarə böhranından sonra Rusiya rəhbərliyi Ərdoğana qarşı necə davrandısa, siz də eyni üsulu tətbiq etməlisiniz", — deyə İsrailin müdafiə naziri əlavə edib.

"Haaretz" qəzetinin məlumatına görə, Aviqdor Libermanın Avropa İttifaqı XİN başçıları ilə görüşündə, İsrail kəşfiyyatının rəhbəri general Herzel Halevi də iştirak edib. Libermandan sonra söz alan israilli general bunları deyib: "Qarşıdakı 5-10 il ərzində Türkiyədə Atatürkün irsindən əsər-əlamət qalmayacaq. Çünki Ərdoğan ölkəni islamlaşdırmaqda davam edir. Qərb bloku buna bir çarə tapmalıdır".

Orxan Qafarlı
© Photo : Orxan Qafarlının şəxsi arxivindən
Orxan Qafarlı

Baş verənləri Sputnik-ə şərh edəb, Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlının fikrincə, Libermanın açıqlamaları, hazırda düzəlməkdə olan İsrail-Türkiyə münasibətlərini yenidən gərginləşdirə bilər: "Əslində Aviqdor Libermanın açıqlaması Türkiyə-İsrail əlaqələrinin hələ də gərgin olaraq qaldığını göstərir. Halbuki, münasibətlər yeni-yeni normallaşmağa başlayırdı. Hər iki ölkə qarşılıqlı səfirlər göndəriblər. Aralıq dənizindəki enerji ehtiyyatlarının Avropaya Türkiyə üzərindən nəqli ilə bağlı müzakirələr aparılır".

"Belə bir ərəfədə Aviqdor Libermanın təhrikedici bəyanat verməsini çox mənfi dəyərləndirirəm. İki ölkə arasındaki bəzi mövzularda hiss olunur ki, razılıq yoxdur. Hər halda, bir neçə gün əvvəl Türkiyə prezidentinin İsrail televiziyasına müsahibəsi zamanı dedikləri rəsmi Təl-Əvivin xoşuna gəlməyib", — politoloq bildirib.

O, Avropa İttifaqının İsrailin müdafiə nazirinin sözünə qulaq asıb-asmayacağını isə belə dəyərləndirib: "Avropanın xarici siyasəti, diplomatiyası sərt davranmaq məntiqi ilə işləmir. Avropada diplomatiyanın ən önəmli tərəfi müzakirələr aparmaqdır. Lakin təəssüf ki, Avropa özü apardığı müzakirələrə sadiq deyil. Yəni, söz verdikləri heç bir şeyi bu günə qədər yerinə yetirməyiblər. Buna suriyalı qaçqınlarla bağlı Türkiyə ilə əldə etdiyi razılığı missal göstərmək olar ki, Avropa İttifaqı öhdəliyini hələ də yerinə yetirməyib".

"Türkiyədəki milyonlarla qaçqın üçün 3+3 milyard avro qrant söz verilmişdi ki, guya, həmin pullar müharibədən qaçan miqrantlara verilməli idi. Ancaq nəticə göz qabağındadır. Məncə Aİ Türkiyəyə qarşı yetərli qədər ədalətsiz davranıb və bundan o tərəfə gedə bilməz", — Qafarlı qeyd edib.

Mövzuya politoloq Fikrət Sadıxov da münasibət bildirib. O, Sputnik-ə açıqlamasında deyib ki, Avropa onsuz da Türkiyəyə qarşı kifayət qədər sərt davranır: "Aviqdor Liberman "Ərdoğana qarşı sərt olun" deyəndə hansı sərtliyi nəzərdə tutur, deyə bilmərəm. Amma Avropa onsuz da Türkiyəyə qarşı çox sərt davranır".

Politoloq Fikrət Sadıxov
© Sputnik / Murad Orujov
Politoloq Fikrət Sadıxov

Siyasi şərhçi, Türkiyənin uzun illərdir ki, Avropa Birliyinə üzv ola bilmək üçün İttifaqla müzakirələr apardığını xatırladıb: "Müxtəlif addımlar atır və Avropanın irəli sürdüyü şərtləri yerinə yetirir. Kürd problemi ilə bağlı konstitusiyaya düzəlişlər edib, cəmiyyətdə hərbçilərin rolu ilə bağlı dəyişikliklər olunub. Yəni, rəsmi Ankara bunları edirdi və yenə də çalışır ki, tam sivil cəmiyyət qurulsun. Lakin Türkiyə bunun müqabilində ona qarşı Avropa Birliyindən müsbət addımlar görmədi. Nəinki görmədi, hətta tam əksinə İttifaqın sərt siyasəti ilə üzləşdi".

"Türkiyəyə qarşı ədalətsiz bəyanatlar, tənqidlər bir-birinin ardınca səslənməyə başladı. 15 iyul çevrilişə cəhd hadisələri ilə bağlı türk hökuməti məcburən özünü müdafiə addımları atır. Çünki həmin gecə yüzlərlə sivil insan həyatını itirib. Buna səbəb olanlara qarşı istintaq işləri aparılır. Bu, Avropanı narahat etməməlidir", — F. Sadıxov vurğulayıb.

238
Teqlər:
Orxan Qafarlı, "Haaretz" qəzeti, müdafiə naziri, Aviqdor Liberman, Fikrət Sadıxov, xarici işlər naziri, Avropa İttifaqı, İsrail, Türkiyə, politoloq
Əlaqədar
Türkiyə xüsusi xidməti terrorçulara necə "açıq verdi" - israilli kəşfiyyatçı danışır
İsrail hökuməti Türkiyə ilə razılaşmanı təsdiqlədi
Türkiyə - İsrail yaxınlaşmasının arxasındakı "gizli əl"
Türkiyə ilə İsrail arasında razılıq əldə olundu
Türkiyə ilə İsrail böyük anlaşmanın bir addımlığında
Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi
"Türkiyə - İsrail yaxınlaşması Azərbaycan üçün çox vacibdir"
 Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

15
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

15
ABŞ Dövlət Departamentinin binası, arxiv şəkli

Rusiya səfirliyi ABŞ-ın "təbliğat" ilə bağlı məruzəsini şərh edib

10
(Yenilənib 18:14 06.08.2020)
Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini" nəzərə almağı tövsiyə edib

BAKI, 6 avqust — Sputnik. ABŞ Dövlət Departamentinin "Rusiya təbliğatı" haqqında məruzəsi Moskvanın ABŞ-la əməkdaşlığın bərpası ilə bağlı təkliflərini "susdurmağa" yönəlib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

Bir qədər əvvəl Dövlət Departamenti yanında Qlobal Əməkdaşlıq Mərkəzi "Rusiya Dezinformasiyasının Sütunları" adlı məruzə dərc edib. Məruzədə "Rusiya təbliğatı" anlayışı sistemləşdirilir. Bu anlayışa əsasən dövlət maliyyələşməsi olan Rusiya mediası aid edilib. Dezinformasiyaya misal olaraq Sputnik, RİA Novosti, RT, Birinci Kanal, "Rossiya 24" və digərlərinin xəbər başlıqları göstərilir.

Rusiya səfirliyi "ABŞ-ı tənqid etməyə cürət edən" Rusiya və xarici mediaya "ciddi araşdırma predmeti ola biləcəklərini", onların ABŞ sosial şəbəkələrində resurslarının səbəbi açıqlanmadan bağlana biləcəyini nəzərə almağı tövsiyə edib.

Səfirlikdən bildiriblər ki, Dövlət Departamenti "alternativ informasiya mənbələrinin mövcudluğunu qətiyyən bəyənmir". Diplomatik missiya qeyd edib ki, onların nüfuzdan salınması üçün "ciddi resurslardan istifadə olunur".

"Vaşinqtona zidd istənilən səs Kreml və Rusiya xüsusi xidmət orqanlarına xidmət edən "dezinformasiya" elan edilir", - rusiyalı diplomatlar "Facebook"da dərc edilmiş şərhdə qeyd ediblər.

Səfirlik məruzədə yazılmış cəfəng fikirləri açıqlayıb. Belə ki, ABŞ Dövlət Departamenti "rəsmi hökumət kommunikasiyaları" hissəsinə Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskini və "Qovorit Moskva" özəl radiostansiyasını daxil edib.

"Əgər bu, amerikalı həmkarlarımızın bu qədər diqqətlə qurduqları bütün konstruksiyanın zirvəsidirsə, onda o, daha çox kartdan düzəlmiş evə oxşayır", - səfirlikdən bildiriblər.

ABŞ Dövlət Departamenti 2021-ci ildə "Rusiya tərəfindən dezinformasiyanın və təbliğatın qarşısının alınması" üçün 138 milyon dollar istəyib. Kreml və Rusiya Xarici İşlər Nazirliyi əvvəllər dəfələrlə Rusiyaya ünvanlanan dezinformasiya ittihamlarını təkzib ediblər.

ABŞ-da xarici yayım üzrə dövlət agentliyi mövcuddur ki, o da Rusiya Ədliyyə Nazirliyinin digər media ilə birlikdə xarici agentlər siyahısına daxil etdiyi "Amerikanın Səsi" və "Azadlıq/Azad Avropa" radiosunun ana strukturudur. 1994-cü ildən Yayım Məsələləri Üzrə İdarəetmə Şurası (BBG) adlanan təşkilat 2018-ci ildə ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) adlandırılıb. Onun çərçivəsində televiziya proqramları buraxılır, lakin demək olar ki, yalnız internet yayım üçün. Agentlik bütünlüklə ABŞ büdcəsindən maliyyələşdirilir. 2017-ci ildə onun xərcləri 748 milyon dollar təşkil edib.

10
Distant təhsil, arxiv şəkli

Distant təhsil - Gələcəyimizi təmin edən fürsət, yoxsa savadsızlığa aparan "Troya atı"

5
(Yenilənib 07:16 10.08.2020)
Təhsilin bu formasının qanunda öz əksini tapmasına baxmayaraq, ali məktəblərin maddi-texniki bazası bunun tətbiqinə imkan vermir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. "Şagirdlər biliklə doldurulacaq gəmi deyil. Onlar biliklərin effektiv şəkildə mənimsənilməsinə, müəllimlə, sinif yoldaşları ilə ünsiyyətə ehtiyac duyan canlı varlıqlardır. Kompüter ekranında bilik nə ötürülə bilər, nə də real olaraq qəbul edilə bilməz".

Sputnik Azərbaycan xəbər verir ki, italiyalı professor Nuçço Ordine belə hesab edir.

Professorun fikrincə, distant təhsil ənənəvi təhsilə ucuz alternativdir və biliyə olan susuzluğu söndürə bilməz.

© AR Ministry of Education.

"Mənə elə gəlir ki, distant təhsil pandemiyadan yararlanaraq təhsilimizin əsaslarını sındırmağa çalışan Troya atıdır" - deyə professor öz narahatlığını dilə gətirib.

Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayının 3-dən ənənəvi təhsil dayandırılıb. Bunun əvəzində virtual məktəb, teledərs layihələri təqdim edilib.

Ölkə ərazisində internet sürətinin problemli olması, ən əsası isə uşaqların uzaqdan qavrama qabiliyyətinin zəif olması teledərs və vitrual məktəb layihələrinə kölgə salır. Çünki orta məktəb şagirdlərinin belə təcrübəsi olmayıb. Eyni zamanda italiyalı professorun dediyi kimi onların müəllimlərlə və digər şagirdlərlə ünsiyyətə ehtiyacı var.

Distant təhsilin nə kimi zərərləri və faydaları var?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsafəli təhsil (distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır: "Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir. Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır".

K.Əsədov qeyd edir ki, məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Bu təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur.

Ekspertin fikrincə, distant təhsilin çatışmazlıqları öyrənənlər və öyrədənlər arasında birbaşa canlı ünsiyyətin olmaması, praktik məşğələlərdə çatışmazlığın hiss olunmasıdır.

Belə ki, distant tədrisi reallaşdıran tədris müəssisələrinin çoxunda axşam və ya istirahət günlərində əyani məşğələlər də keçirilir.

"Bu məşğələlər məcburi deyil, amma təhsilalanların praktik bacarıqlarının formalaşması üçün çox faydalıdır. Tədris müəssisələri sırasında istirahət günlərində öyrənənlərin qrup işini təşkil etmək üçün qısa (iki-üç günlük) "gəzən" məktəblərdən də istifadə olunur. İstənilən yeniliyin tətbiqi çox mürəkkəb bir prosesdir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, distant təhsilin təşkili ikiqat mürəkkəbdir.

"Müəllim və tələbələrin çoxu distant təhsil forması ilə işləməyə hazır deyil. Distant təhsil sisteminin qurulmasının baha başa gəlməsi, tədris kurslarının hazırlanması, texniki təminatın alınması xərclərinin yüksək olması çətinlik yaradır. Distant təhsil kurslarının hazırlanması böyük əmək, bilik, bacarıq tələb edir. 1 saatlıq interaktiv multimediyalı fəaliyyətin hazırlanması professionalların 1000 saatlıq işinə bərabərdir. Bu problemin həlli yollarından biri kimi axtarış sistemlərinin köməyi ilə mövcud olan audio və video fayllardan, distant kursların yavaş-yavaş mürəkkəbləşdirilməsi metodundan istifadə etmək olar", - deyə o vurğulayıb.

K.Əsədov hesab edir ki, öyrədici proqramların və kursların hazırlanması üçün müvafiq tədris vəsaitlərini hazırlaya bilən ixtisaslaşmış mütəxəssislərin azlığı problem yaradır. Təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyətinin kifayət etməməsi problemi bir çox ölkələrdə, eləcə də respublikamızda artıq aradan qaldırılıb: "Azerspace-1" peykinin fəaliyyəti ilə ölkəmizdə bu sahədə olan problemlərin (İnternetin qiyməti, sürəti və s.) istifadəçilərin xeyrinə dəyişməsi distant təhsil həyata keçirilməsində qarşıya çıxacaq bəzi maneələrin aradan qaldırılmasına çox böyük təkan verdi.

Tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan vermir".

Mütəxəssis deyir ki, təlim və imtahan telekonfranslarının təşkili üçün müxtəlif ölkələrin telefon xətlərinin keçiricilik qabiliyyəti kifayət etməyə bilər.

Tələbələr tərəfindən mənfi qarşılana biləcək daha bir cəhət distant təhsil sistemində müəllim və tələbə arasında canlı ünsiyyətin itməsidir.

Onun sözlərinə görə, təlim kursları kifayət qədər interaktiv olmur: "Distant təhsilin yekunlarına görə verilən diplom və ya sertifikat hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmur".

Digər təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, distant təhsil insanların alışmadığı, öyrəşmədiyi bir təhsil formasıdır. Bunun mənimsənilməsi üçün uzun illər və texnoloji infrasturuktur lazımdır. Bu səbəbədn də distant təhsil həm təhsil alanlar, həm də təhsil verənlər üçün adaptasiyası uzun çəkən bir prosesdir.

Ekspert hesab edir ki, distant təhsilin mənfi tərəflərindən biri də hamıya əlçatan olmamasıdır. Şagirdlər və müəllimlər olduqları əraziyə görə üstün və geridə ola bilərlər. Müəllim və şagirdlər şəhərdə, İKT-nin inkişaf etdiyi ərazilərdə yaşayırsa, distant təhsil daha əlyetən olur. Regionlarda yaşayanlar üçün isə distant təhsil daha çətindir.

"Distant təhsil cəmiyyətin sinifləri arasında fərqləri daha da dərinləşdirir. Yəni distant təhsil ictimai sinifləri arasında təhsil uçurumunu dərinləşdirir. Çünki maddi rifah səviyyəsi yuxarı olan sinfin uşaqları distant təhsilə daha açıq və daha rahatdırlar. İqtisadi səviyyəsi daha aşağı olan ailələrin uşaqları isə distant təhsilə hazır deyil. Sosial-iqtisadi səviyyəsinə görə mövcud siniflər arasında olan təhsil fərqi distant təhsildə özünü büruzə verməkdədir", - deyə eskpert bildirir.

Onun sözlərinə görə, distant təhsil öyrənilmiş-alışılmış təhsil növü olmadığına görə, bəzi müəllimlərin işə səhlənkar yanaşması, bir qisim müəllimlərin isə İKT-ni öyrənə bilməməsi keçən dövr ərazində özünü büruzə verdi.

"İcbari şərt olmadığı üçün rayonların ən yaxşı məktəblərində belə virtual məktəb platformalarından istifadə edən müəllimlərin sayı az oldu", - deyə qeyd edən Q.Məhərrəmov əlavə edib ki, bəzi valideynlərin laqeydliyi səbəbindən bir çox şagirdlər distant təhsilə ciddi yanaşmadı və ondan faydalana bilmədi.

Ekspert bildirir ki, distant təhsilin dezavantajlarından biri də qiymətləndirmənin obyektivliyinin sual altında olmasıdır: "Dərsin interaktivliyinin sual altında olması, dərslərdə sosiallaşmanın olmaması, müəllim və şagirdlərin bir-birini görməməsi, müəllimlərin kollegial davranışlarının, bir-birindən faydalanmaq davranışlarının olmaması distant təhsilin mənfi tərəfləridir".

Qeyd edək ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın formalarından biri də distant təhsildir. Amma təhsilin bu formasının qanunda öz əksini tapmasına baxmayaraq, ali məktəblərin maddi-texniki bazası bunun tətbiqinə imkan vermir.

Distant təhsilin tətbiqi üçün məktəblərin internetə çıxışı təmin edilməli, distant təhsil almaq üçün hər bir təhsil alanın evində müvafiq şərait olmalıdır. Bu isə, hələ ki, mümkün deyil…

5