Istanbul

"Cinləri siyasətə "qarışdıran" adamı ciddi qəbul etmirəm"

55
Ekspert: "Gülənin ən yaxın adamı olan Ankara meri indi özünü təmizə çıxarmaq üçün ən ağlasığmaz bəyanatlar verir"

BAKI, 30 okt — Sputnik. Xəbər verdiyimiz kimi, Ankara Böyük şəhər Bələdiyyə başqanı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın adamı Melih Gökçək canlı yayında Habertürk TV-yə ilginc açıqlamalar verib. Türkiyənin Gölcük bölgəsində baş verən zəlzələnin ABŞ və İsrail tərəfindən törədildiyini deyən paytaxt meri hökumətə xəbərdarlıq edib.

O, İstanbulda gözlənən zəlzələlərə görə də ABŞ və İsraildən şübhələndiyini dilə gətirib: "İnamla deyirəm ki, İstanbulda gələcəkdə zəlzələ gözlənilir və bununla bağlı bir sıra ölkələr hazırda iş aparırlar. Zəlzələ cihazları var, Tesla deyirlər, seysmik zonada toplanmış enerjinin gücləndirilməsi var, qazın toplanması var. Bunlarla yanaşı, sadaladıqlarımın qızışdırılması, hərəkətə gətirilməsi müzakirə mövzusudur. Bunun ən gözəl nümunəsi Gölcük zəlzələsidir".

Gökçək iddialarını əsaslandırarkən deyib: "Gölcükdəki məsələ belədir. ABŞ-da bir zəlzələ xətti var, bu xətt eynilə Türkiyədəkinə oxşayır. İsrail və ABŞ bu zəlzələ xəttində eksperiment aparmaq istəyirlər. Onlar o qədər bir-birinə bənzəyir ki, San Antoniodaki zəlzələ xəttini qızışdırıb sınaqdan keçirmək istəyirlər. Gölcükdəki də eynidirsə, yavaş-yavaş yoxlayacaqlar. Adını da qoyacaqlar ki, guya qazı alırlar. Amma bunu texniki cəhətdən bacarmadıqları üçün, o qızışdırma böyük bir zəlzələni əmələ gətirir. İstanbulda da zəlzələ olsa, onun sübutu bu eksperimentdir. Belə bir hadisə baş verən anda, onun özbaşına olduğunu iddia edə bilməzsiz".

Azər Rəşidoğlu, politoloq
© Sputnik / PAKİZƏ Q.
Azər Rəşidoğlu, politoloq

Ankara meri, ABŞ və İsrailin Türkiyəni bu yolla məhv etməyə hazırlaşdıqlarını iddia edib: "Türkiyədə çevriliş cəhdi baş tutmadı. Artıq Türkiyə çevrilişlə yox edilə bilməz. Yeni metodlar var. 14 avqustda zəlzələ olsaydı, FETÖ "mən demədimmi?" deyəcəkdi. Çəkici bir zindana vururlar, əgər zəlzələ olsa, "FETÖ-nün dediyi oldu" deyəcəklər. Odur ki, hökümətə xəbərdarlıq edirəm: Mərmərədə əcnəbilərin seysmik tədqiqat gəmiləri, xüsusilə ABŞ və İsrailin gəmiləri dolaşmasın!".

ABŞ və İsrailin Türkiyəni yox etməsinə dair merin iddiasını Sputnik-ə dəyərləndirən politoloq Azər Rəşidoğlu, Gökçəyin açıqlamasını qeyri-ciddi hesab edir. "Siyasətə və hərbi çevrilişə qarışan cinlərlə bağlı açıqlamasından sonra, Çökçəyin heç bir bəyanatını ciddi qəbul etmirəm", — siyasi şərhçi bildirib.

"Gülənin ən yaxın adamı olan Ankara meri indi özünü təmizə çıxarmaq üçün ən ağlasığmaz bəyanatlar verir", — A. Rəşidoğlu deyib.

Digər tərəfdən, onun fikrincə, ABŞ və İsrailin Türkiyədə sosial və siyasi kataklizmlər, etnik və dini qarşıdurma yaratmaq imkanları az deyil: "Yeni hərbi çevriliş cəhdi və ya sui-qəsdlər ola bilər. Bu, istisna deyil. Çökçəyin açıqlaması isə ciddi deyil. Zəlzələni öncədən bəlli edən cihaz olmadığı kimi, zəlzələ yaradan silah da mövcud deyil".

55
Teqlər:
Azər Rəşidoğlu, Melih Gökçək, İsrail, ABŞ, Türkiyə, İstanbul, Ankara
Əlaqədar
Türkiyədə dəhşətli terror: şəhidlər var
Obamanın nümayəndəsindən Türkiyə açıqlaması: "Bu, hər kəsə verdiyimiz bir mesajdır"
Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb
"Rusiya-Türkiyə barışığı bizim qələbəmizi təmin etdi"
Türkiyəyə sığınan suriyalı miqrantlar geri qaytarılır
S-400 zenit-raket sistemi, arxiv şəkli

Rusiyanın S-400 sistemləri dörd ölkəni "ələ keçirdi": bəs sonra?

38
(Yenilənib 16:50 16.01.2021)
Əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək

BAKI, 16 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya istehsalı olan S-400 zenit raket komplekslərinin dinc yolla ekspansiyası Avrasiyanın yeni ölkələrini əhatə edir. Çin, Türkiyə, Hindistandan sonra Belarus Respublikası da hərbi hava və hava hücumundan müdafiə qüvvələrini "Triumf"larla yenidən silahlandırmağa hazırlaşır.

İraq, Qətər və Mərakeş (Afrika qitəsinin şimal-qərb hissəsi) də S-400 sistemlərini əldə etmək mərhələsindədir. S-400 zenit raket kompleksinin (ZRK) dünyada uğurlu inkişafının əsasında yaxın analoqlarının olmaması, misilsiz döyüş xüsusiyyətləri dayanır.

Yanvarın 14-də Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-mayor İqor Qolub ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "beşinci nəsil" F-22 və F35 döyüş təyyarələrinin döyüş qabiliyyətləri nəzərə alınmaqla xüsusi olaraq hazırlanmış hava hücumundan müdafiə bölmələrini ən son S-400 "Triumf" sistemləri ilə yenidən silahlandıracaqlarını elan etdi. NATO Avropaya yüzlərlə F-35 yerləşdirməyi planlaşdırır.

Bundan başqa, qoşunlar "Pantsir-S" ZRK-nın təkmilləşdirilməsi məqsədilə müqavilə öncəsi iş aparır. MI-35 çoxməqsədli hücum helikopterləri və Rusiya istehsalı olan SU-30SM qırıcılarının ikinci partiyası üçün müqavilələr imzalanıb.

Belarus qoşunları 2021-ci ildə yeni "Protivnik-Q" və "Vostok" radarlarını da qəbul edəcək. Bundan əvvəl Rusiya Federasiyasında istehsal olunan yeni "Sopka-2" üç koordinatlı marşrut əsaslı S zolaqlı radiolokasiya sistemi ölkənin hava məkanını qorumaq üçün (Baranoviçi rayonu ərazisində) döyüş tapşırığı alıb. Qərbin sanksiyaları və iqtisadi çətinliklər Rusiyanı Belarus ordusu üçün yeganə silah tədarükçüsünə çevirir.

Beləliklə, Belarus respublikasının səması istənilən təcavüzkar üçün aşılmaz qalaya dönür.

Nikbin dinamika

Rusiya ilə aktiv hərbi-texniki əməkdaşlıq yeddi MDB ölkəsi də daxil olmaqla, dünyanın əlli dövlətinin təhlükəsizliyini və suverenliyini gücləndirir. Xarici mütəxəssislər Rusiya Federasiyasında istehsal olunan döyüş təyyarələrini və hava hücumundan müdafiə sistemlərini ən təsirli müdafiə vasitəsi hesab edirlər.

Çin S-400 "Triumf" ZRK-nın ilk xarici müştərisi olub. S-400 hava hücumundan müdafiə sistemlərinin iki alay dəstinin tədarükü üzrə Rusiya-Çin müqaviləsi 2014-cü ilin noyabrında imzalanmışdı.

Bir dəstin tərkibinə - mobil komanda məntəqəsi, iki diviziya buraxılış qurğusu, radiolokasiya stansiyaları və iki növ 120-dən çox yeni zenit idarəolunan raketi daxildir.

"Triumf"dan ilk uğurlu atəş Çin mütəxəssisləri tərəfindən 2018-ci ilin dekabrında həyata keçirildi və təxminən 250 km məsafədə 3000 m/s sürətlə uçan ballistik hədəfi məhv etdi.

Çin S-400 sistemlərinin ikinci alay dəstini 2019-cu ilin dekabrında aldı. Rusiya "Triumf"larının Çində əsas üstünlükləri - 400 km-ə qədər hərəkət məsafəsinə sahib olması (dünyada heç bir "yer-hava" raket sistemi buna qadir deyil), düşmənin Radio Müşahidə və Nişan Alma təyyarələrini məhv etmək xüsusiyyəti (döyüş əməliyyatları zamanı hədəf təyinatlarını aradan qaldırmaq üçün) və uzaq məsafədən kəşfiyyat apara bilməsidir. S-400 sistemləri Çin Xalq Respublikası ətrafındakı periferik və mübahisəli sahələri etibarlı şəkildə idarə etməyə imkan verir.

Türkiyə isə Rusiya ilə 2017-ci ildə S-400 "Triumf" hava müdafiə sisteminin alınması barədə razılığa gəlib, müqavilənin dəyəri 2,5 milyard dollardır. Bu, ABŞ-Türkiyə münasibətlərində ciddi böhrana səbəb olub. Türkiyəni sanksiyalarla, eləcə də F-35 qırıcılarının istehsalı proqramından xaric etməklə hədələyən Vaşinqton Ankaradan tələb etdi ki, Rusiya ilə müqavilədən geri çəkilsin və Amerikanın "Patriot" komplekslərini alsın. Ankara ABŞ-ın ultimatum tələblərini yerinə yetirmədi və 2019-cu ilin yayında S-400 zenit-raket komplekslərinin dörd diviziyasını (birinci dəst) aldı.

Türkiyə ikinci dəsti də əldə etmək və beləliklə, ölkədəki mühüm obyektlərin qorunması üçün ən etibarlı və müasir hava hücumundan müdafiə sistemi yaratmaq niyyətindədir. Sınaqlar zamanı Ankara yaxınlığında yerləşdirilən S-400 sistemi 600 kilometr uzaqlıqdakı RLS-in əhatə dairəsinin sərhədində F-16 Fighting Falcon qırıcısını aşkarladı. Yəni, döyüş xəbərdarlığı rejimində hava hədəflərinin aşkarlanması və məhv edilməsi avtomatik rejimdə həyata keçirildikdə F-16 Fighting Falcon qırıcıları Ankaradan 400 kilometr məsafədə "Triumf" tərəfindən məhv edilə bilər.

Türkiyə ilə S-400 zenit raket sistemlərinin ikinci dəstinin (alayının) tədarükü ilə bağlı prinsipial razılıq 2020-ci ilin iyun ayında əldə edilib.

Hindistan isə 2018-ci ilin oktyabr ayında Rusiya ilə beş S-400 alay dəstinin çatdırılması üzrə 5,43 milyard dollarlıq bir müqavilə imzalayıb. Dehli ABŞ-ın çoxsaylı təzyiqlərinə baxmayaraq bu məsələdə qərarlıdır. "The Times of India" qəzetinin yazdığına görə, Rusiya "Triumf"ları Hindistanın qərb, şimal və şərq bölgələrində (Çin və Pakistanın təhdid spektri nəzərə alınaraq) yerləşdiriləcək və ölkənin hava hücumundan müdafiə sistemində inqilab edəcək. S-400 zenit-raket kompleksinin istismarı və döyüş istifadəsini öyrənmək məqsədi ilə 100 hindistanlı mütəxəssisdən ibarət ilk qrup 2021-ci il yanvar ayının sonunadək Rusiyaya gələcək. Hindistanda "Triumf"ların ilk alay dəstinin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinin beş alay dəstinin hamısını 2025-ci ilə qədər bu ölkəyə çatdırmaq niyyətindədir.

"Triumf" perspektivləri

Hazırda Mərakeş, Qətər və İraqla "Triumf"ların alınması ilə bağlı danışıqlar aparılır. Bundan əvvəl isə Əlcəzair, Vyetnam, Misir, Səudiyyə Ərəbistanı və ümumilikdə 12-dən çox ölkə Rusiyanın S-400 zenit-raket kompleksini almaqda maraqlı olduğunu bildirmişdi.

Xarici tələbat ixracat təklifini üstələyir (Rusiya Aerokosmik Qüvvələri yenidən silahlanmanın prioriteti olaraq qalır). Halbuki ABŞ-ın Düşmənlərinə Qarşı Mübarizə Qanununa (Prezident Donald Tramp tərəfindən 2017-ci ilin avqust ayında imzalanan) uyğun olaraq, bu dövlətlərə qarşı sanksiyalar tətbiq oluna bilər. Lakin dünyanın ən yaxşı uzaq mənzilli hava müdafiə sistemi olan S-400-ə gedən yolun qarşısını sanskiyalarla almaq mümkün deyil.

"Triumf" sistemləri dünyanı dəyişir. Məsələn, əgər İran S-400 hava hücumundan müdafiə kompleksi əldə edərsə, ABŞ-ın Fars körfəzindəki təyyarə gəmiləri tamamilə yararsız oyuncaqlara çevriləcək. Odur ki, Vaşinqtonun öz dünyagörüşü konsepsiyasını düzəltməsi və İranla "danışıq üslubu"nu bir daha gözdən keçirməsi qaçılmazdır. Çünki bu artıq İraqda baş verir.

ABŞ-ın İraqdakı səfirliyi və hərbi bazaları sistematik olaraq raket hücumlarına məruz qalır. Amerika zenit raket kompleksləri raket hücumlarının dəf edilməsinin öhdəsindən gələ bilmir. Bağdadın "yaşıl bölgəsində" partlayan mərmiləri ABŞ-ı diplomatik heyətin böyük hissəsini təxliyə etməyə və iraqlılardan Rusiyadan aldıqları "Pantsir-S" hava hücumundan müdafiə raket kompleksini kirayəyə götürməyə məcbur edib.

Gəlin yenidən S-400 zenit raket komplekslərinə qayıdaq. "Triumf"ların vacib üstünlükləri RLS-in hərtərəfli görmə qabiliyyəti və dörd növ raketdən istifadənin çevikliyidir (çoxsəviyyəli hava hücumundan müdafiənin formalaşması).

Müxtəlif tip raketlərin istifadəsi hipersəsli hədəfləri, döyüş təyyarələrini, pilotsuz təyyarələri, qanadlı, taktiki və ballistik raketləri mövcud olan bütün yüksəkliklərdə (5 m-dən 30 km-ə qədər) və məsafələrdə (2km-dən - 400 km-ya qədər) effektiv şəkildə məhv etməyə imkan verir.

"Triumf"un bir batareyası 72-yə qədər idarə olunan raketə sahib ola bilər və onlardan eyni vaxtda 4800 m/s-yə qədər sürətlə uçan 36 hədəfə atəş açmağa qadirdir. S-400 kompleksi müxtəlif növ hava hücum sistemlərini (S-300, "Pantsir"-S1, "Tor"-M1) özündə birləşdirə və hər cür radielektron müqavimət şəraitində fərqli mənzillərdəki hava müdafiə sistemlərini idarə edə bilər.

Yeri gəlmişkən, 2021-ci ildə rus qoşunları 200 km yüksəkliklərdə müharibəyə hazır olan inqilabi S-500 kompleksini əldə edəcək. Deməli, Rusiyanın hərbi-texniki sahədəki tərəfdaşlarının bu yeni  sistemi əldə etmək üçün növbəyə düzülmə vaxtı da gəlib çatıb.

38
Teqlər:
Rusiya, S-400 zenit-raket kompleksi
Rüşvət

Korrupsiya ilə mübarizə ardıcıl davam etməsə, əlavə problemlər yarana bilər - Ekspert rəyi

34
(Yenilənib 09:43 16.01.2021)
Əliməmməd Nuriyev: "Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq"

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. "Azərxalça" ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradovdan sonra ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərli korrupsiya ittihamları ilə həbs edilib. Baş Prokurorluğun mətbuata verdiyi açıqlamada hər iki şəxsin səlahiyyət hədlərini aşaraq külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir. "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində ölkədə korrupsiyaya qarşı mübarizənin hazırkı vəziyyətini şərh edib.

- Əliməmməd müəllim, il təzə başlayıb və artıq iki vəzifəli şəxs korrupsiya ittihamları ilə həbs olunublar. Dövlət şirkətlərində və onun nəzarətində olan digər strukturlarda korrupsiyaya şərait yaradan hansı amillərdir?

- Artıq korrupsiya ittihamları ilə həbslərin sayını itirmişəm. Bu məsələnin bir neçə tərəfi var ki, əvvəlcə onlara aydınlıq gətirilməlidir. Dövlət şirkətlərində idarəetmə prosesi tamam dəyişməlidir. Dövlət şirkətlərində və onun digər strukturlarında bütün səlahiyyətlərin bir şəxsin əlində cəmlənməsi effektiv nəzarətə imkan vermir. Ümumiyyətlə, gələcək dövrlərdə dövlət şirkətlərinin sayının azaldılması haqqında düşünmək lazımdır. Dövlət şirkətlərində aşkar edilən korrupsiya hallarının müxtəlif səbəbləri var. Korrupsiyaya şərait yaradan hallardan biri neopotizmin mövcudluğudur. Eyni zamanda, dövlət satınalmaları ilə bağlı proseslərin ciddi təftişinə ehtiyac duyulur. Belə satınalma prosesləri bir çox hallarda qanunpozuntuları ilə həyata keçirilir. Açıq tenderlərin keçirilməsinə imkan verilmir. Çox vaxt satınalmalarda həmin şəxslərin yaxın qohumlarına məxsus şirkətlər qalib olurlar.

- Həbs edilən şəxslər haqqında səsləndirilən ittihamlarda göstərilir ki, onlar bir neçə il ərzində rəhbərlik etdikləri strukturları korrupsiya mexanizmi ilə idarə ediblər. Korrupsiya hallarının baş verə bilməməsi üçün hansı tədbirlər görülməlidir?

- Əlbəttə, İqtisadiyyat Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər görülür. Amma ümumilikdə bu proses ictimai nəzarət tələb edir. Dövlət şirkətlərinin idarəetmə sisteminə ayrı-ayrı qurumların rəhbər vəzifəli şəxsləri cəlb olunurlar ki, bu da şəffaflığa mane olan səbəblərdən biridir. Mən hesab edirəm ki, media nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri həmin idarə heyətlərinin müşahidə şuralarına cəlb edilməlidirlər. Hesabatlılığın və müstəqil monitorinq nəzarət sisteminin olmaması korrupsiyaya şərait yaradır. Bununla belə, korrupsiya ilə mübarizədə mühüm siyasi iradənin ortada olmasını görürük.

- Ümumiyyətlə, korrupsiya ilə mübarizə necə təşkil edilməldir?

- Vəzifəli şəxslər tərəfindən gəlir deklarasiyası təqdim edilmir. Bununla bağlı məsələlər tamam sükunət halındadır. Əgər gəlir deklarasiyaları təqdim olunsa, o zaman vəzifəli şəxslərin hansı yollarla varlanmasını izləmək mümkün olacaq. Maliyyə və əmlak amnistiyaları ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Bu qərarın verilməsi maliyyə sektoruna əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər. Dövlətimiz Vətən müharibəsindəki qələbədən sonra böyük quruculuq işlərinə başlayıb. Həmin işlərin həyata keçirilməsi üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Ona görə də korrupsiya ilə mübarizəni ardıcıl davam etdirməsək, bu əlavə problemlərə gətirib çıxara bilər.

34
Kürdəxanında çirkab sular

Kürdəxanıda çirkab suları dənizə axıdılır, nazirlik öz işini görür, nəticə isə yoxdur

4
(Yenilənib 20:12 17.01.2021)
Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində uzun illərdir ki, dənizə kanalizasiya suları axıdılır. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbədə kanalizasiya sistemi olmadığı üçün vətəndaşlar kanalizasiya sularının axıdılması üçün xüsusi qazılmış "şambo"lardan istifadə edir.

Adətən çirkab sular dənizə axıdılır. Bununla yanaşı Kürdəxanı və Pirşağı qəsəbələrində kanalizasiya sularının axıdılığı göllər də var. Bu problemin qarşısını almaq üçün qəsəbələrə kanalizasiya sistemi çəkilməlidir. Ötən il Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi üçün qərar verilsə də, görünən odur ki, qeyd olunan qəsəbələrdə hələ heç bir iş görülməyib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi planda olsa da, yəqin ki, bundan sonra məsələyə birbaşa məsul olan qurum "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə müvafiq işlər görəcək. Bakı qəsəbələrinə kanalizasiya sisteminin çəkilməsi məsələsi hələ bir müddət qalacaq. Çünki bu gün əsas prioritet məsələ işğaldan azad edilmiş torpaqların bərpasıdır.

Onun sözlərinə görə, Pirşağıda Cənubi Koreya şirkəti tərəfindən kanalizasiya sularının təmizlənməsi ilə bağlı stansiya tikilir. Stansiya istifadə verildikdən sonra Mehdiabad, Ceyranbatan və s. yaxın qəsəbələrin kanalizasiya boruları həmin stansiyaya qoşulacaq.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

F.Həsənov qeyd edib ki, kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılmalıdır: "Qonşu Türkiyədə kanalizasiya suları təmizləndikdən sonra dənizə axıdılır. Kanalizasiya suyu o qədər təmizlənir ki, Azərbaycanda olsa, içməli sudan fərqləndirmək mümkün olmaz. Bu qədər təmizlənməsinə baxmayaraq, həmin sular xüsusi borularla dənizin daxilində 5 kilometr məsafəyə buraxılır".

Professor bildirib ki, içməli suyun bir litrində 1 qram, Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var. Kanalizasiya suları təmizlənib dənizə axıdıldığı təqdirdə, dənizin suyunun tərkibinə təsir etmir. Təmizlənmədiyi halda isə kanalizasiya suyunun tərkibində olan zərərli maddələr dəniz suyuna qarışır. Belə olan təqdirdə həmin ərazilərin çimərlik kimi istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir.

© Sputnik / Irade JELIL
Xəzər dənizinin suyunun 1 litrində 13-15 qram duz var

"Çirkab sularının birbaşa təmizlənmədən dənizə axıdılması müxtəlif dəri, mədə-bağırsaq və s. xəstəliklərə səbəb olur. Vətəndaşlar sağlamlıqları üçün bu ərazilərdən çimərlik kimi istifadə etməməlidirlər", - deyə F.Həsənov bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2007-ci ildən bu günə qədər 17 ədəd su təmizləyici qurğu quraşdırıb.

Bu problemin qalmasının səbəbi isə müvafiq ərazilərdə kanalizasiya sisteminin olmamasıdır. Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb. Nəticələr barədə "Azərsu" ASC-yə məlumat verilib.

© Sputnik / Irade JELIL
Kürdəxanında çirkab sular

Ekoloq Telman Zeynalovun fikrincə, çirkab və kanalizasiya sularının dənizə axıdılması insan sağlamlığı ilə yanaşı, Xəzərin biomüxtəlifliyi üçün də təhlükəlidir. Onun sözlərinə görə, Kürdəxanı ərazisində dənizə çirkab sularının axıdılmasına nəzarət yerli icra orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyindədir. Belə ki, qurumlar həmin ərazilərdə mütəmadi olaraq monitorinqlər aparmalı, bu kimi vəziyyətləri açıqlamalı və müvafiq tədbirlər görməlidir.

Məsələ ilə bağlı "Azərsu" ASC ilə əlaqə saxlamaq mümkün olmadı. Ancaq qurumun rəsmisi Şöhrət Süleymanov yerli mətbuata açıqlamasında bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: "Abşeron yarımadası üzrə Master Plana uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır".

© Sputnik / Irade JELIL
Dənizə açılan axar 2000-ci ildə çəkilib və keçən dövr ərzində mütəmadi olaraq monitorinqlər aparılıb, analizlər götürülüb

Qeyd edək ki, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə Bilgəh, Mərdəkan, Novxanı, Buzovna, Sumqayıtın Xəzər sahili ərazilərində ETSN tərəfindən onlarla modul tipli lokal təmizləyici qurğu quraşdırılıb.

Xəzər sahili ərazilərdə quraşdırılan bu qurğular sayəsində bu ərazilərdə dənizə çirkab su axıdılmır.

4