Əli Həsənov və Mövlud Çavuşoğlu

Azərbaycan Prezidentinin köməkçisi Türkiyəyə hansı mesajları aparıb?

148
"Azərbaycan bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır" bəyanatı ekspertlərin diqqətini çəkib

BAKI, 25 okt — Sputnik. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir. Sputnik xəbər verir ki, Ə. Həsənov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay və Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşüb.

Millət vəkili Aydın Mirzəzadə
© Photo : REPORT
Millət vəkili Aydın Mirzəzadə

Hər üç görüşdə dövlətlərarası münasibətlərin geosiyasi baxımdan güclənməsindən, regionda baş verən proseslərdən danışılıb, xaricdən idarə olunan təhlükəli meyllərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb. Azərbaycanın və Türkiyənin sürətli inkişafı yüksək qiymətləndirilib.

Azərbaycanın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını deyən AKP-nin sədr müavini Yasin Aktay bildirib ki, rəsmi Ankara qardaş ölkədə həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirir və Azərbaycanda əldə olunan bütün uğurlara önəm verir. Öz növbəsində Əli Həsənov, Azərbaycanın bundan sonra da həmişə Türkiyənin yanında olmağa davam edəcəyini söyləyib.

Görüş zamanı Ə.Həsənovun işlətdiyi bir cümlə isə daha çox diqqət çəkib. "Azərbaycan bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır", — Əli Həsənov bildirib.

Türkiyənin qarşılaşdığı çətinliklər nələrdir? Və Azərbaycanın dəstəyi hansı ölçüdə ola bilər?

Mövzunu Sputnik-ə şərh edən Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadənin fikrincə, burada söhbət birbaşa köməkdən getmir: "Əli Həsənovun "Azərbaycan bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır" sözlərini düzgün oxumaq lazımdır. Burada söhbət birbaşa hansısa sahə üzrə köməkdən getmir. Söhbət dost və qardaş ölkənin öz istəyini ortaya qoymasından gedir. Bu, ilk növbədə mənəvi dəstək deməkdir. Digər tərəfdən, şübhəsiz ki, qarşılıqlı münasibətlərdə çoxlu sayda birgə fəaliyyətlər ola bilər. Bu isə dövlətlər arasında olan məsələdir".

Politoloq Yılmaz Altınsoy
© Photo : Yılmaz Altınsoyun şəxsi arxivindən
Politoloq Yılmaz Altınsoy

Millət vəkili qeyd edib ki, Azərbaycanın öz neft və qaz yatırımları ilə qardaş ölkənin iqtisadiyyatına daxil olması və onu canlandırması özü ciddi bir dəstəkdir: "SOCAR-ın nəzdindəki PETKİM-in Türkiyədəki fəaliyyətini misal çəkə bilərəm. Nə qədər iş yerləri açıldı, qardaş ölkənin nə qədər insanı işlə təmin olundu. Bilirsiniz, bu özü Azərbaycanın Türkiyə dövlətinə verdiyi çox ciddi töhfədir, xeyirdir".

A. Mirzəzadə sonda əlavə edib ki, sosial-iqtisadi sahə ilə yanaşı, rəsmi Bakı beynəlxalq aləmdə Türkiyənin siyasi kursunu dəstəkləyir və qardaş ölkənin qarşılaşdığı problemlərin dünya ictimaiyyətinə çatdırılmasında ciddi səy göstərir.

Türkiyəli jurnalist-yazar Yılmaz Altınsoy da Sputnik-ə açıqlamasında, Ə. Həsənovun Ankara səfərinin vacib əhəmiyyət daşıdığını bildirib: "Azərbaycanın Türkiyənin qarşılaşdığı çətinliklərə nə cür və hansı ölçüdə dəstək verməsi barədə konkret fikir yürütmək bizim işimiz deyil. Bu, dövlətlər arasında olan danışıqların qapalı tərəfidir. Ancaq bu əlaqələrin gözlə görünən tərəfləri göstərir ki, biz bir-birimizə sıx bağlı ölkələrik".

"Hətta deyərdim ki, dünyada buna bənzər qardaşlıq əlaqəsi olan dövlətlər yoxdur. Bəzi məsələlər var ki, siyasilər onu cəmiyyətə açıqlamırlar. Azərbaycan Prezidentinin köməkçisinin, detallarını tam açıqlamadan verdiyi bəyanatı da bu qəbildən hesab etmək olar".

Azərbaycanın terrorla mübarizəsini yüksək qiymətləndirən Altınsoyun fikrincə, rəsmi Bakı qardaş ölkənin PKK ilə mübarizəsinə mühüm töhfə verə bilər.

148
Teqlər:
Yılmaz Altınsoy, Aydın Mirzəzadə, Yasin Aktay, Mövlud Çavuşoğlu, Əli Həsənov, Türkiyə, Azərbaycan
Əlaqədar
Azərbaycan prezidenti türkiyəli həmkarı ilə görüşüb
Azərbaycan prezidenti Türkiyədə işgüzar səfərdədir
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Azərbaycan Prezidenti Türkiyədə baş verənlərlə bağlı göstəriş verdi
Azərbaycan XİN: Qardaş Türkiyə xalqı və dövlətinin yanındayıq

Ekspert: “Bu səbəblərə görə gənclərimiz Türkiyədə təhsilə üstünlük verir”

25
(Yenilənib 22:53 26.02.2021)
Təhsil eksperti İlqar Orucov deyir ki, gənclərimiz iqtisadiyyat, tibb, turizm və İT ixtisaslarında təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər
İlqar Orucov: “Distant təhsil alanların diplomlarının tanınması ilə bağlı qanuna bənd əlavə edilib”

Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyədə 23 min civarında azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Nazirin sözlərinə görə, azərbaycanlı tələbələrin təhsil aldığı xarici ölkələr arasında Türkiyə ilk yerdədir.

Bəs azərbaycanlı tələbələr nə üçün Türkiyədə oxumağa üstünlük verir?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan təhsil eksperti İlqar Orucov deyir ki, azərbaycanlı tələbələrin Türkiyədə təhsil almağa üstünlük verməsinin bir neçə səbəbi var:

“İlk olaraq qeyd edim ki, Türkiyə ilə qonşuluq, mədəni yaxınlıq təhsil üçün bu ölkəni seçmək üçün əsas səbəblərdir. Türkiyədə təhsilin səviyyəsi xeyli yüksəlib. Gənclərimiz iqtisadiyyat, tibb, turizm və İT ixtisaslarında təhsil almaq üçün Türkiyə universitetlərini seçirlər. Bildirmək istərdim ki, Türkiyə universitetlərinin diplomalarının ölkəmizdə tanınmasında hər hansı problem yoxdur. Sadəcə son illər distant təhsil diplomlarının tanınması məsələsində bəzi problemlər ortaya çıxıb. Distant təhsil alanların diplomlarının tanınması ilə bağlı qanuna bənd əlavə edilib. Ümid edirəm ki, həmin qanun qəbul edildikdən sonra tək Türkiyədə deyil, digər ölkələrdə təhsil alanların problemləri aradan qalxacaq”. 

İlqar Orucovungeniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

25
Nikol Paşinyan, arxiv şəkli

Paşinyanın istefa verməsi istisna edilmir: Tərəflər son savaşa hazırlaşırlar

90
(Yenilənib 17:15 26.02.2021)
Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək istəyir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 26 fevral - Sputnik. Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanat verib. Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzalayıb. Bunun ardınca Paşinyan da öz tərəfdarlarını Respublika meydanına toplayaraq hərbi çevriliş təhlükəsindən danışıb.

Sputnik Azərbaycan Ermənistanda baş verənlərlə bağlı politoloqlar Fikrət Sadıxov və İlqar Vəlizadənin fikirlərini öyrənib.

Politoloq Fikrət Sadıxov deyir ki, general ya çevriliş edir, ya da ümumiyyətlə siyasətə qarışmır: "Bunun üçüncü variantını başa düşmək mümkün deyil. Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək niyyətindədir".

Politoloq deyib ki, artıq Ermənistanda siyasi elitanın parçalanmasını görürük:

"Bu ölkədə mitinqlər, yürüşlər davam edir. Amma küçələrə çıxanların sayına baxdıqda görürük ki, hələ kütləvilik yoxdur. Hakimiyyətin qorxub istefa verməsi üçün bu məsələdə kütləvilik olmalıdır. Təbii ki, Paşinyan bundan istifadə edərək tərəfdarlarını toplayır, gurultulu ifadələrlə dolu çıxışlar edir və hələlik vəziyyətə nəzarət edə bilir. Ola bilsin ki, bu vəziyyət elə bu şəkildə davam edəcək. Amma etiraz aksiyaları genişlənsə və davamlı xarakter alarsa, Paşinyanın istefaya getməsi istisna edilmir".

Politoloq İlqar Vəlizadə bildirir ki, bu, Ermənistanda birinci çevrilişə cəhd deyil: "Bundan öncə də bir neçə dəfə çevrilişə cəhd edilib. Ermənistan müxalifət liderləri bundan əvvəl verdikləri açıqlamalarda dolayısı ilə çevrilişə hazırlıqlarla bağlı mesajlar verirdi. Müharibədən sonrakı vəziyyət göstərdi ki, Ermənistanın hərbi elitası arasında Paşinyana münasibətdə yekdil mövqe yoxdur. Paşinyana qarşı olan və müxalifətlə təmaslarını davam etdirən hərbi elita məqam gözləyirdi. Paşinyanın da açıqlamaları buna münbit şərait yaratdı".

Politoloqun fikrincə, indiki vəziyyət Paşinyan üçün üstünlüklər yaratdığı kimi risklər də formalaşdırır: "Bu çevrilişə cəhdlə o, özünə loyal olan şəxsləri tanımış oldu. Ona qarşı çıxan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Mövcud şərait qarşıdurmanın hərbi iğtişaşlara çevrilməsini istisna etmir. Paşinyana qarşı olan hərbi generalitet Qarabağdan qaytarılmış hərbi texnikanı silahlı iğtişaşlar üçün istifadə edə bilər. Bu gün Ermənistanda köhnə elitanın dayaqları zəifləyir və bu da onları getdikcə aqressivləşdirir. Tərəflər son savaşa hazırlaşırlar”.

90
Lada 2107 avtomobili, arxiv şəkli

Gəncəli "avtoşlar"ın ağlasığmaz hərəkətlərinin axırı yaxşı qurtarmadı

0
(Yenilənib 11:15 28.02.2021)
Şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.

BAKI, 28 fevral - Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini, Kamran Əliyev idarə etdiyi “İsuzu-Bogdan” şəhərdaxili marşurut avtobusunu qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq etmiş və video-çəkiliş edərək sosial şəbəkələrdə paylaşıb.

Onun barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K. Əliyev 1 il sürücülük hüququndan məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkələrdə paylaşan digər bir şəhər sakini barəsində də hüquqi tədbir görülüb. Belə ki, polis əməkdaşları tərəfindən şəhər sakini Novruz Məmmədovun özünə məxsus “VAZ 2107” markalı avtomobillə təhlükəli manevrlər etməsi, yol hərəti qaydalarını kobud surətdə pozaraq özü və digər hərəkət iştirakçılarına təhlükə yaratması aşkar edilib. N. Məmmədov barəsində də toplanmış material baxılması üçün məhkəməyə göndəlib. Məhkəmənin qərarı ilə o, 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

0