Mosul əməliyyatının başlaması ilə bölgədə yaşayan əhali köçməyə başlayıb

"Mosulda tarazlıq pozularsa, bölgəni məzhəb qarşıdurmaları bürüyər"

66
Toğrul İsmayıl: "Mosul, Kərkük və o bölgələr Türkiyə və Azərbaycanla sıx bağlıdır. O ərazilər ingilislərin qurduğu planlar nəticəsində türklərin əlindən alınıb"

BAKI, 24 okt — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Bursa şəhərindəki çıxışı zamanı Suriya və İraqın şimal torpaqlarının keçmişdə türk torpaqları olduğunu deyib. O bildirib ki, bu gün həm Mosulda, həm də Hələbdə yaşananlara rəsmi Ankaranın qeydsiz qalması mümkün deyil.

"Hələb kimi keçmişdə bizə aid olan torpaqlar, İslam mədəniyyətinin qədim şəhərləri bu gün dağıdılır, yerlə bir edilir. Eyni zamanda, İraqdakı Kərkük, Mosul şəhərləri də bizimdir. Mən bunları dediyim zaman bəziləri qəzəblənir. Yadınıza salım ki, qazi Mustafa Kamal özü də bu ərazilərin mənəvi sərhədlərimiz olduğunu söyləmişdi", — prezident deyib.

Ərdoğan 2003-cü ildə Amerikanın İraqa müdaxiləsi zamanı Türk ordusunun İraqa girməsinə əngəl yaradan əsas müxalif partiyalarını da tənqid edərək, onları düzgün strategiya izləməməkdə təqsirləndirib: "2003-cü ildən bu yana izlənilən səhv siyasət ucbatından bölgəmiz ölüm tarlalarına çevrilib. Özləri bir şey eləmədikləri kimi, bizə də maneə yaratdılar".

Sputnik xəbər verir ki, Türkiyə Prezidentinin "Kərkük, Hələb, Mosul bizimdir" bəyanatına, mərkəzi Livanda yerləşən "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah sərt reaksiya göstərib. "İraqlılar Mosul üçün döyüşdüyü bir zamanda, Türkiyə gəlib "Mosul türklərindir və Türkiyəyə geri verilməlidir" deyir. Hələb üçün də eyni sözlər sərf edilir. "Hələb bizimdir, Suriyanın deyil" deyirlər. Və bu çıxışlar hər gün səslənir", — Həsən Nəsrullah bildirib.

Toğrul İsmayıl, politoloq
© Photo : şəxsi facebook səhifəsindən
Toğrul İsmayıl, politoloq

Yaşanan gərgin olayları Sputnik-ə, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl şərh edib:

- Toğrul bəy, Yaxın Şərq regionunda məzhəb qarşıdurması riski son günlər daha da artıb. Və bu risk türkmən əslli soydaşlarımızın yaşadığı ərazilərdə daha güclüdür. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünənki çıxışı zamanı Mosul, Kərkük və Hələb şəhərlərinin Türkiyənin mənəvi sərhədləri içərisində olduğunu deyib. Və əlavə edib ki, o ərazilərə qeydsiz qala bilməzlər. Dövlət başçısının bu bəyanatını necə başa düşək?

— Hələ ki, regionda kəskin məzhəb qarşıdurması yoxdur, ancaq məsələ ona doğru gedə bilər. Ərdoğan öz çıxışında da deyib ki, "mən tarixi faktları söyləyirəm". Nəinki Anadolu türkləri, hətta azərbaycanlılar da çox gözəl bilirlər ki, Mosul, Kərkük və o bölgələr sadəcə Türkiyə ilə deyil, Azərbaycanla da bağlı olan bölgələrdir. O ərazilər ingilislərin qurduğu planlar nəticəsində türklərin əlindən alınıb. Orada hələ də etnik soydaşlarımız yaşayır. Doğrudur, son illər oralarda demoqrafik dəyişikliklər oldu, etnik xəritəni dəyişdirməyə çalışdılar. Hələ də çalışırlar. Ancaq istəklərinə tam çata bilmirlər. Soydaşlarımız orada var olduğu müddətcə, nə Türkiyə, nə də Azərbaycan onlara biganə qala bilər.

- "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah Ərdoğanın "Mosul, Hələb, Kərkük" bizimdir açıqlamasını sərt tənqid edib və onu fitnəkar adlandırıb. "Hizbullah" bu açıqlamadan niyə narahat olub?

— Ərdoğanın çıxışını tənqid edən "liderin" açıqlamasını oxudum. Birincisi o kimdir? Terror təşkilatının lideridir. Onun təmsilçisidir. Onların əsas niyyəti öz ideoloji, məzhəbi maraqlarını bölgədə yaymaqdır, gücləndirməkdir. "Hizbullah" üçün əsas məsələ regiona sülh, qardaşlıq gətirmək deyil. Nə də Yaxın Şərqdə davam edən insanlıq dramı zərrə qədər onları düşündürür. Onların hədəfi bəzi ölkələrin dəstəyi ilə öz ideoloji sistemlərini qurmaqdır. Ona görə də, Nəsrullahın Ərdoğana reaksiya verməsi normaldır. "Hizbullah"ın belə bir açıqlama verməsi, o təşkilatın gerçək niyyətini və məqsədini üzə çıxarır.

- Siz dediniz ki, "Hizbullah" bəzi dövlətlərin dəstəyi ilə bölgədə öz ideoloji sistemini qurmağa çalışır. Hansı dövlətlərdir onlar?

— Bu gün görünən odur ki, Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmağa çalışırlar. Və bu məzhəb qarşıdurmasında da, sanki Türkiyəni sünnilərin haqlarının müdafiəçisi kimi göstərməyə çalışırlar. Guya rəsmi Ankara, öz maraqlarını oradakı sünnilər vasitəsilə qorumaq istəyirmiş kimi bir görüntü var. Bu görüntünü qəsdən yaradırlar. Hadisələri diqqətlə izləyən hər kəs açıq-aydın görə bilər ki, regionda məzhəbçi siyasət izləməyən ölkələrin başında, məhz Türkiyə durur. Fərqli etnikdən, məzhəbdən, ideologiyadan olan müharibə qaçqınları, diqqət edirsinizsə, Türkiyəyə sığınır, İrana yox. İşin əsli başqadır. Qarşı tərəf orada şiəlik üzərindən oyun oynadığı üçün və Türkiyə tərəfsiz yanaşmağa çalışdığı üçün, sanki Ankara sünni cəbhəsini müdafiə edirmiş kimi görünür. Əslində Türkiyə Mosulda tarazlığın pozulmasının əleyhinədir. Çünki bu tarazlıq pozularsa, həqiqi mənada məzhəb qarşıdurması başlaya bilər. Orada yaşayan türkmənlər həm şiə, həm də sünnilərdən ibarətdir. Türkiyə, sadəcə sünni türkmənlər üçün çalışmır axı. Eyni zamanda şiə türkmənlərin vəziyyəti də Ankaranın maraq dairəsindədir.

- Bu gün Yaxın Şərqdə nə baş verir?

— Bölgədə cəbhələşmə yaranıb. Ancaq bu cəbhələşməni Türkiyə yaratmayıb. Rəsmi Ankaranın ortaq hərəkət etdiyi güclərə baxdığımız zaman Səudiyyə Ərəbistanı, Qətər kimi dövlətləri görürük. Ancaq bunu Türkiyənin, sadəcə sünni ölkələrlə yaxınlaşması kimi görməmək lazımdır. Bu vəziyyəti regionda şiəlik üzərinə ideoloji sistem qurmağa çalışan qarşı tərəf yaradıb. Ayrıca, Türkiyənin mövqeyi beynəlxalq aləmin mövqeyi ilə üst-üstə düşür. Və məzhəbçi, ideoloji anlayışdan çox-çox uzaqdır.

- Qarşı tərəf dedikdə İranı nəzərdə tutursunuz?

— Bəli, qarşı tərəfdə İran dövlətinin şiəlik üzərinə yürütdüyü siyasət dayanır. Həmçinin də İraqın şiə hakimiyyəti, Suriya rejimi. İşin gerçəyinə baxan zaman görürük ki, hər gücün öz marağı var. Lakin bir şeyi də unutmamaq lazımdır ki, Mosul əməliyyatında, sadəcə şiələr iştirak etmir. Orada kürd peşmərgə silahlıları var, həmçinin də Amerikanın liderliyində beynəlxalq koalisiya. Mən onların şiə olduqlarını düşünmürəm. Bir sözlə, qarmaqarışıq vəziyyətdir, oyun içində oyun var.

- Ərdoğan çıxışının sonunda ölkəsindəki müxalifəti də tənqid edərək deyib ki, "əgər 2003-cü ildə millət vəkilləri əngəl törətməsəydilər və türk ordusu da amerikan əsgərləri ilə birgə Səddam rejiminə müdaxilədə yer alsaydı, İraqda bugünkü vəziyyət yaranmazdı". Bu fikrə münasibətiniz nədir?

— O dövrdə Türkiyə Böyük Millət Məclisinin verdiyi bir qərar var. Və bunu hər kəs bilir. Məncə, bu cür yanaşmalar doğru deyil. Bu günkü hadisələrdən çıxış etmək lazımdır. Türk ordusu o zaman İraqa girsəydi, kim bilir, bəlkə çox daha ciddi problemlər yaşanacaqdı.

66
Teqlər:
Toğrul İsmayıl, Kərkük, Hələb, Mosul, İraq, Suriya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Mövzu:
Mosul şəhəri uğrunda mübarizə (15)
Əlaqədar
ABŞ Türkiyəni Mosul əməliyyatına cəlb etmək istəyir
"Mosul bizim mənəvi sərhədlərimiz daxilindədir"
Barak Obama: "Mosul əməliyyatı çətin olacaq"
Bir milyon insanın Mosuldan qaçacağı gözlənilir
Türkiyə ordusu Mosul əməliyyatına qoşuldu
"Türkiyə heç vaxt Mosula marağını gizlətməyib"
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

9
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

9
Yerevan mənzərəsi, arxiv şəkli

Ermənistanda demoqrafik çöküş: Müharibədən sonra daha da azalacaqlar

178
(Yenilənib 21:39 20.10.2020)
Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Əhalinin artım tempi isə azalmaqdadır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr - Sputnik. 1990-cı ildən etibarən Ermənistanda demoqrafik çöküş davam edir. Hazırda ölkə əhalisi rəsmi rəqəmlərə görə, 2 milyon 964 min 633-dür. Hansı ki, 1990-cı ildə bu rəqəm 3 milyon 538 min 171 olub. 1950-1990-cı illərdə ölkədə demoqrafik vəziyyət qismən yüksələn xətlə davam etsə də, 1990-cı ildən sonra doğumların aşağı olması ilə əhali sayında azalmalar qeydə alınıb. 2004-cü ildən etibarən əhalinin sayı 3 milyondan da aşağı düşüb.

Bu gedişlə Ermənistanı nə gözləyir?

Politoloq İlqar Vəlizadənin Sputnik Azərbaycan-a dediyinə görə, Ermənistanın rəsmi statistikası və ekspertlər də qeyd edir ki, son illərdə bu ölkədə demoqrafik balans kəskin pisləşib:

"Bəzi regionlarda, xüsusi ilə də Ermənistanın Luri regionunda ötən il tarixdə ilk dəfə olaraq depopulyasiya qeydə alınıb. Yəni, əhali sayı kəskin şəkildə azalıb. Ölkədə sosial-iqtisadi vəziyyət də mürəkkəbləşir və bütün bunların fonunda ölkədən böyük köç davam edir. İllik olaraq 35-40 min insan Ermənistanı tərk edir. Bəzi illərdə isə bu rəqəm daha da yüksək olur. Bu şəxslər Ermənistanı daimi əsaslarla tərk edənlərdir. Real olaraq Ermənistanda yaşayanlar isə 2 milyon və hətta bundan bir qədər də azdır".

"Bu şəxslər daimi olaraq xaricdə qalırlar. Sadəcə olaraq erməni vətəndaşlığını da saxlayırlar. Yəni, bu şəxslərin sayı bu gün rəsmi olaraq Ermənistan əhalisinin sayına daxil edilir", - deyə politoloq bildirib.

Dənizkənarı bulvar
© Sputnik / Murad Orujov

İ.Vəlizadə deyir ki, hərbi hissədə qeydiyyatda dayanan şəxslərin də real sayı azdır: "Səfərbərlik qəflətən elan olundu. Bu səbəbdən ölkənin kənarında olan şəxsləri hərbiyə cəlb etmək elə də asan deyil. Düşünmürəm ki, xaricdən könüllü olaraq gəlmək istəyənlərin sayı çox olsun".

Ekspertin sözlərinə görə, getdikcə əhalisinin sayı azalmaqda olan Ermənistanı bununla daha böyük faciə gözləyir:

"Müharibə üçün uyğun yaşda olan, reproduktiv hesab edilən insanların cəbhədə ölmə ehtimalı nəzərə alınsa, deyə bilərik ki, qarşıdakı illərdə Ermənistanın artım tempi daha da aşağı düşəcək. Təcrübə göstərir ki, 80-cı illərdə Ermənistanda əhali artımı ilə 90-cı illərdə qeydə alınan artımı müqayisə etdikdə, rəqəmlər 90-larda 40 faiz azalıb. Bilavasitə olaraq Qarabağ münaqişəsi də bu rəqəmlərə təsir göstərib. Bu isə o deməkdir ki, Qarabağ münaqişəsinin yenidən alovlanması növbəti onilliklərdə əhali sayının 2010-cu illə müqayisədə kəskin şəkildə azalacağını gözləyə bilərik".

Ermənistanda əhalinin illik artım sürətinə nəzər salaq: 1958-ci ildə illik olaraq bu rəqəm 3.72 faiz olubsa, sonrakı illərdə rəqəmlərdə enmə qeydə alınıb. Belə ki, 1966-cı ildə bu rəqəm 2.93, 1983-cü ildə 1.41 faiz olub. 1987-ci ildən isə əhali artımında daha kəskin azalmalar qeydə alınıb. Belə ki, 1987-ci ildən bu rəqəmlər 1.76-dan daha da aşağı enərək 1993-cü ildə 2.32 faizə çatıb. 1994-cü ildən əhali artımında cüzi dinamika qeydə alınsa da, 2014-cü ildən yenidən azalmalar olub. Belə ki, 2014-cü ildən bu yana 2020-ci il ən az əhali artımı olan il kimi qeydə alınıb. Cari ildə əhali artımı 0.19 faiz olub.

Beləliklə, Ermənistan bütün dünya əhalisinin 0.4 faizini təşkil edib. Bununla da Ermənistan əhali sayına görə dünya ölkələri sırasında 137-ci yerdə qərarlaşıb. 1975-ci ildə isə Ermənistan bu siyahıda 118-ci yerdə idi. Gələcək illərdə əhalinin sayı ilə bağlı proqnozlar isə heç də bu ölkə üçün ürəkaçan deyil. Qarşıdakı onilliklərdə Ermənistanda əhali sayının daha da azalacağı, 2050-ci ildə 2 milyon 816 min 112 olacağı proqnozlaşdırılır.

2020-ci ildə Ermənistanda kişilər arasında gözlənilən ömür yaşı 71.8, qadınlar arasında isə 78.9 olub.

Qeyd edək ki, bu rəqəmlər https://www.worldometers.info-da yerləşdirilib və mənbə olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar göstərilib.

Dünya Bankının məlumatına görə, Ermənistanda bəzi sahələrdə qadınların aktivliyi kişilərlə müqayisədə daha yüksəkdir. Məsələn, ötən il kənd təsərrüfatında çalışanların 32.8 faizini qadınlar, 26.9 faizini isə kişilər təşkil edib. Xidmət sahələrində çalışanların 58.2 faizini qadınlar, 48.9 faizini isə kişilər təşkil edib.

Bu ölkədə qadınların sayı kişilərlə müqayisədə daha yüksəkdir. Belə ki, 2015-ci ilə aid olan rəqəmlərə görə, Ermənistanda qadınların sayı 1 566 461, kişilərin sayı isə 1 391 270 olub.

2018-ci ildə Ermənistanda 0-14 yaşlılar əhalinin 20.63 faizini, 15-64 yaşlılar 68.11 faizini, 65 yaş və daha yuxarı olanlar isə ümumi əhalinin 11.25 faizini təşkil edib. 2012-ci ildə isə Ermənistanda 15-64 yaşlı əhali ümumi əhalinin 69.68 faizini təşkil edib. Doğulanlar arasında kişilərin sayı isə 75 min 160 olub. Həmin ildə qadınlar arasında təbii artım 40 min 29, doöulanların sayı isə 66 min 19 olub.

Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Belə ki, 2007-ci ildə gənclər arasında işsizlik 11.62 faiz təşkil edibsə, həmin ildən sonra bu rəqəm durmadan artıb. Gənclər arasında işsizlik həddi 2009-cu ildən 39.87 faizi keçib. Hazırda gənclər arasında işsizlik 35.49 faiz olub.

Ümumilikdə, öncəki illərlə müqayisədə Ermənistanda ölüm statistikası da artıb.

Azərbaycana gəldikdə isə rəqəmlərdə sadəcə olaraq onu qeyd etmək olar ki, 2019-cu ildə ölkəmizdə təbii artım 85 min 263 olub. Doğumların sayı isə 141 min 179 olub. Beləliklə qeyd olunan ildə əhalinin hər min nəfərinə düşən təbii artım 8.7, hər min nəfərə düşən doğum sayı isə 14.3 olub. 2019-cu ildə doğulan kişilər arasında təbii artım 45 min 234 olub.

Azərbaycan əhalisinin 2,4 milyon nəfərini və ya 24,5 faizini gənclər təşkil edir. Bu isə elə Ermənistanın demək olar ki, bütün yaş kateqoriyaları üzrə əhalisinin sayına bərabərdir. 2018-ci ildə ölkədə nikaha daxil olanların 77,0 faizini gənclər təşkil etməsi də müsbət tendensiyalardan biridir.

178
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0