Minsk qrupu həmsədrləri – Ceyms Uorlik, İqor Popov və Pyer Andrie (soldan sağa)

"Minsk qrupunun maliyyələşməsi dayandırılmalıdır"

46
(Yenilənib 15:29 20.10.2016)
Mübariz Əhmədoğlu: "Bu gün Ermənistanın daxilində və xaricində baş verən proseslərin hamısı dörd günlük aprel müharibəsinin nəticəsidir"

BAKI, 20 okt — Sputnik. ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ probleminin yaxın zamanlarda həlli perspektivlərini görmədiyini və siyasi liderlərin sülhə hazır olmadıqların demişdi. Bu bəyanatın ardından isə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur", — deyə bildirib.

Mübariz Əhmədoğlu, politoloq
© Sputnik / Irade JELIL
Mübariz Əhmədoğlu, politoloq

Aprel hadisələrinin diplomatik danışıqlara birbaşa təsir göstərməsi nikbinliyi isə, artıq öz yerini ənənəvi fikirlərin səsləndirilməsinə verir. Belə ki, danışıqlar yenidən müddətsiz formada davam edəcək. Bu və digər məsələlərlə bağlı Sputnik-in suallarını, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu cavablandırıb:

— Hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu nəsə təklif edə bilərmi və bu formatın belə davam etməsi lazımdırmı?

— Mən belə başa düşürəm ki, Minsk qrupu həm intellektual, həm mənəvi, həm də siyasi baxımdan artıq tükənib. Onlar nəsə təklif etmək gücündə deyil. Bütün ideyalar artıq ortadadır. ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinin qoyduqları ideyalara da laqeydlik nümayiş etdirir. Hətta elə vaxt olub ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ölkə prezidentlərinin imzalarına hörmətsizlik nümayiş etdirib. Onların obyektiv vasitəçi olma şansı var, amma bunun üçün çox vacib şərt ondan ibarətdir ki, ATƏT Minsk qrupunu maliyyələşdirməkdən imtina etməlidir. Yəni onlar hal-hazırda fəaliyyət göstərsə də, göstərməsə də, obyektiv və ya qərəzli olmalarından asılı olmayaraq, ATƏT-in büdcəsindən bir milyon dollardan artıq vəsaiti alırlar. ATƏT Minsk qrupunun maliyyələşdirilməsini dayandırsa, onun fəaliyyəti üçün Ermənistan və Azərbaycan öz büdcələrindən vəsait ayıracaq. Belə olan təqdirdə, hər iki tərəfi saxlayıb pul almaqdan ötrü ATƏT-in Minsk qrupu obyektiv olub hər iki tərəfə mövqeləri izah etməyə çalışacaq.

— Aprel hadisələrinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara təsir göstərəcəyi bildirilirdi. Siz bu təsiri necə qiymətləndirirsiniz?

— Məncə, aprel hadisələrinin əhəmiyyətini kiçiltmək lazım deyil. Ermənistanda indi əksər siyasətçi və ekspertlər aprel hadisələrini unutmağa, onu bir epizod kimi təsvir etməyə çalışırlar. Amma belə deyil — aprel hadisələri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq gündəliyə qaldırdı. Suriya və Ukrayna məsələləri müzakirə olunan hər yerdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunurdu. Sonra ABŞ Dağlıq Qarabağ münaqişəsində pauza götürməyə çalışdı ki, regionda baş verənləri təhlil edib bundan öz maraqlarına uyğun olaraq istifadə etsin. Aprel müharibəsi və hərbi əməliyyatlar Ermənistanın daxili və xarici siyasətinə təsir edə bilən ən böyük hadisələrdən hesab olunur. Bu günün özündə də Ermənistanın daxili və xaricində baş verənlər hamısı dörd günlük aprel müharibəsinin nəticəsidir.

— Son vaxtlar Rusiyanın Dağlıq Qarabağ ətrafında beş rayonun boşaldılmasını dəstəklədiyi haqda bəyanatlar səslənir. Belə olan halda niyə bu məsələ yubanır və Kreml Yerevana təzyiq göstərmir?

— Əslində, Rusiya və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantının tərəfdarıdır. Azərbaycanın nöqteyi-nəzərincə, mərhələli həll variantı iki mərhələyə bölünməli idi. Dağlıq Qarabağ ətrafındakı yeddi rayon Azərbaycana qaytarılır, ikinci mərhələdə isə Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Rusiya Prezidenti isə Sankt-Peterburqda mərhələli həll variantını üç mərhələyə bölməyi təklif etdi və Azərbaycan bunu qəbul etdi. Rusiya bu variantı ortalığa qoymasına baxmayaraq, Ermənistan bunu dəstəkləmədi. Ermənistanın sui-istifadə etdiyi ən əsas məsələ isə ondan ibarətdir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki ritorikası ilə praktiki fəaliyyəti bir-birinə ziddir. Ermənilər də buradan özləri üçün lazımi nəticə çıxarırlar.

46
Teqlər:
Mübariz Əhmədoğlu, Yuri Uşakov, aprel hadisələri, Con Kerri, Dağlıq Qarabağ, Rusiya, ABŞ
Əlaqədar
İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"
KTMT üzvləri Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
İlham Əliyev: bizə təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək
Qarabağ münaqişəsi həll oluna bilərdi, amma...
Uorlik: "ABŞ Dağlıq Qarabağda sülh prosesinə sadiqdir"
Qarabağ münaqişəsi ABŞ-ın dəstəyi ilə ədalətli həll oluna bilər
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

24
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

24
 Türkiyə ordusuna məxsus Bayraqdar PUA-sı, arxiv şəkli

Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi

184
(Yenilənib 11:09 29.11.2020)
Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 28 noyabr — Sputnik. Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

21-ci əsrdə hərbi əməliyyatlar "ucuz" və "qəzəbli başla alınan qərarlar" əsasında təşkil oluna bilməz. Qarabağda baş verən son hadisələr bunu bir daha təsdiqlədi. Hər nə qədər müharibənin gedişatına Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA-lar) mühüm töhfə versə də, Azərbaycanın qələbə qazanmasında bu dövlətin bütövlükdə hərbi təşkilat sistemi, o cümlədən, müdafiə sənayesi potensialı, silah ehtiyatları və logistik imkanları həlledici rol oynadı. Beləliklə, Qarabağ münaqişəsi Türkiyənin "Bayraktar TB2" dronlarının havada qazandığıı uğrurla yanaşı, erməni tərəfinin yerdəki müdafiəsinin zəif təşkilini də ortaya qoydu.

Dağlıq Qarabağda atəşkəsin əldə olunmasından sonra media məkanında müharibənin yekunları ilə bağlə bir sıra məqalələr yer aldı. Bu məqalələrdə əksini tapan fikirləri iki cümlə ilə ümumiləşdirmək mümkündür:

- Azərbaycan ona görə qalib gəldi ki, onun Türkiyə istehsalı olan PUA-ları var idi, Ermənistan isə belə texnikaya sahib deyildi.
- Rusiyanın ağır hava hücumundan müdafiə sistemləri müasir "dron döyüşlərində" qətiyyən işə yaramır.

Bu cür sadələşdirilmiş yanaşma mütəxəssislərin nisbətən mücərrəd hərbi-texniki bilikləri ilə yanaşı, erməni hərbi texnikasının və döyüş heyətinin məhv edildiyini göstərən kadrların çoxluğu ilə də izah olunur. Üstəlik, həm "Bayraktar", həm də Azərbaycan Ordusunun Qarabağdakı istifadə etdiyi digər PUA-lar tərəfindən lentə alınmış videolar düyüşlərin lap əvvəlindən etibarən düşmənə sarsıdıcı mənəvi zərbə vurmağı bacardı.

Ancaq hər bir halda, döyüş sahəsindəki canlı qüvvə və texnikanın məhv edilməsində reaktiv yaylım atəşi sislemləri (RYAS) və artilleriya hissələri daha mühüm rol oynayır və artilleriyanın döyüş gücü PUA-larla müqayisədə dəfələrlə çoxdur. Məsələn, Pentaqon uzun illərdən bəri Əfqanıstan səmalarına hakim olsa da, hələ də yerdəki Talibana qalib gələ bilmir.

Ermənistanın 60-ci illərdən qalma texnikası

Düzgün təşkil edilmiş hava hücumundan müdafiə sistemi qarşı tərəfin pilotsuz təyyarələrini zərərsizləşdirməyə qadirdir və radielektron kəşfiyyat vasitələri bir neçə saniyə ərzində hərbi sursatların döyüş nəzarət nöqtələrinin koordinatlarını əldə etməyə (atəşi susdurmaq üçün) imkan verir. Bununla belə, Qarabağda adda-budda yerləşdirilən erməni qoşunlarının vahid hava hücumundan müdafiə sistemlərinin etibarlı müdafiəni təşkil edə bilməməsi yalnız həmin sistemin "köhnəlmiş" xüsusiyyətləri ilə deyil, həm də təşkilati səviyyədə yol verilən nöqsanlarla izah olunmalıdır. Qeyd edək ki, Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdə "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi. Daha müasir komplekslər olan "Tor-M2KM" (qısa mənzilli) və "Buk-M2E" (orta mənzilli) isə yalnız İrəvanı və Metsamor atom elektrik stansiyasının müdafiəsinə cəlb olunmuşdu.

Ermənistan tərəfinin daha bir problemi – kamuflyaj vasitələrinə etinasızlıqla bağlı idi, ayrı-ayrı obyektlər, sanki "Gəl məni vur" deyə bağırırdılar. Qeyd edək ki, qərargah çadırının birbaşa vurulması bir neçə döyüş vahidini idarəolunmaz vəziyyətə düşməsinə gətirib çıxara bilər ki, bu da döyüş meydanında yüzlərlə, hətta minlərlə əsgərin itirilməsinə bərabərdir.

Digər tərəfdən, 1990-cı illərdə qazanılan qələbə Qarabağda erməni ordusunun məğlubedilməzliyi barədə mif yaratmışdı. Araz çayından Murovdağ silsiləsinə qədər 100 kilometrlik cəbhə xəttində ermənilərin ciddi mühəndis qurğularının olmamasını yalnız bununla izah etmək mümkündür. Açıq səngərlər, atəş nöqtələri, ayrı-ayrı blindajlar – keçən əsrin əvvələrindən qalma istehkam nümunələridir.

Erməni tərəfi uzunmüddətli atəş nöqtələrinə (dəmir betondan hazırlanmış) və yeraltı rabitə şəbəkəsinə də qətiyyən əhəmiyyət verməyib, halbuki bunun üçün kifayət qədər – təxminən 30 il vaxtı var idi. Özü də bu iş çox böyük vəsait tələb etmir. Bu məqamda Suriyada minimum texniki imkanlarla uzun tunellər tikildiyini yada salmaq olar. Elə isə sual olunur: baş nazir Nikol Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi? Yaxud müdafiə naziri David Tonayanın "Yeni müharibə vəziyyətində yeni ərazilər" konsepsiyası hansı hərbi gücə əsaslanırdı?

Dağlıq Qarabağda döyüşlərin yenidən qızışdığı 27 sentyabrda Ermənistanın hərbi potensialı Azərbaycan tərəfinin hərbi gücündən bir neçə dəfə aşağı idi.

Suriya və Liviya təcrübəsi

Rusya Hava Hücumundan Müdafiə sistemlərinin türk PUA-ları ilə müqayisə mövzusuna qayıtsaq, Suriya və Liviyanın hava məkanında "Tor-M2KM", "Buk-M2E" və "Sosna" Zenit Raket Komplekslərindən (ZRK) yüksək peşəkarlıqla istifadəsini yada salmaq lazımdır.

"Tor-M2KM" kompleksi atəş məsafəsi 15 km-ə qədər və tutub-saxlama hündürlüyü 10 km-ə qədər olan gizli hədəfləri (Elektron paramaqnit rezonansı 0,02 kvadrat metrə qədər olan) aşkar edib vurmaq qabiliyyətinə malik səkkiz raketlə təchiz edilib. Bu sistem eyni anda 48 hədəfi müəyyənləşdirə, 10 hədəfi izləyə və 4 hədəfi sıradan çıxara bilir.

"Buk-M2E" kompleksinin maksimum atəş məsafəsi 45 kilometrdir. Sistem 15 metrdən 25 kilometrə qədər hünüdürlükdəki hədəfi tutub-saxlaya bilir. 2,5 Maxa qədər sürətlə aerodinamik hədəfləri və 4 Maxa qədər sürətlə ballistik hədəfləri vurmağa qadirdir. Eyni anda 24 hədəfə (o cümlədən, Elektron Paramaqnit Rezonansı 0,05 kvadrat metrə qədər olan və çətinliklə seçilən obyektlərə) atəş aça bilir.

"Sosna" zenit-raket kompleksi qanadlı raketləri və pilotsuz təyyarələri 12 km-ə qədər məsafədə görür. Ttəminatlı məğlubiyyət zonası: mənzili – 1,3-10 km, hündürlüyü – 2 metrdən 5 km-ə qədərdir. Atəşin idarə olunması sistemi optik-elektronikdir və kompleks özünü hər hansı bir radiasiya ilə büruzə vermir. ZRK günün istənilən vaxtında, istənilən havada, heyət üzvlərinin iştirakı olmadan avtomatik rejimdə işləyə bilir.

Sülhməramlı əməliyyat çərçivəsində Rusiya radielektron müharibəsində ən yeni kompleks hesab olunan "Leer-3" sistemini Dağlıq Qarabağa göndərib. Bu sistemin əsas vəzifəsi 3G və 4G şəbəkələrinin GSM mobil siqnallarını kəsməkdir. Kompleks bir KaMaz avtomobili və 120 kilometr radiusa malik iki-üç "Orlan"-10 PUA-sından ibarətdir. Pilotsuz uçuş aparatı telefonları, planşetləri aşkarlaya, kəşfiyyat apara, məlumatı rəqəmsal xəritəyə qeyd edərək atəş açılması üçün artilleriya qruplarına ötürə bilir.

Qarabağ münaqişəsi həll edilmədi, yenidən donduruldu, bu isə o deməkdir ki, müasir kəşfiyyat və hava hücumundan müdafiə sistemləri əhəmiyyətini qətiyyən itirməyib.

184
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə