Putin, Ərdoğan və Əliyev

İşğal altındakı torpaqlarımızın geri qaytarılması reallaşır

287
Ekspertlərə görə, Rusiya-Türkiyə-Azərbaycan müttəfiqliyi regionda yeni situasiya yaradacaq

BAKI, 13 okt — Sputnik. "Bir çox siyasətçilər, ekspertlər öz yazılarında, açıqlamalarında Rusiya, Türkiyə və Azərbaycanın yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyinə işarə vururlar, bu haqda nikbin fikirlər söyləyirlər. Bu 3 dövlətin münasibətlərinin daha yüksək səviyyədə qurulması və "Üçlük" deyilən bir ittifaqın yaradılması Rusiya və Türkiyənin olduğu kimi, Azərbaycanın da maraqlarına tamamilə uyğundur".

Fəzail Ağamalı, millət vəkili
© Photo : TREND
Fəzail Ağamalı, millət vəkili

Bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Sputnik-ə açıqlamasında deyib. "Bu, regionda əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında, müxtəlif təhdidlərin aradan qalxmasında, iqtisadi və s. əlaqələrin yüksək templə inkişafında mühüm rol oynaya bilər", — o bildirib.

Millət vəkili Azərbaycanın müstəqil siyasət yeridən, heç bir ölkədən asılılığı olmayan dövlət olduğunu qeyd edib: "Azərbaycan kimsənin təsiri altında olmadığı müddətdə Qarabağ probleminin ədalətsiz həllinə imkan verməyəcək. Prezidentimizin siyasəti tamamilə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına, müstəqil siyasətimizin həyata keçirilməsinə hədəflənən bir siyasətdir. Bu baxımdan biz münasibətlərin bundan sonra da inkişafında maraqlı olmalıyıq. Çalışmalıyıq ki, Rusiya ilə münasibətlərimiz yaxşı olsun. Ki, Azərbaycan ordusu Ali Baş Komandanın tapşırığı ilə işğal olunmuş torpaqlarımızı azad etmək əmrini alanda, Rusiya ən azı 1 həftə — 10 gün müdaxilə etməsin".

Politoloq İlqar Vəlizadə də o qənaətdədir ki, sözügedən 3 ölkənin yaxınlaşması, münasibətlərinin sıxlaşması regionda mövcud olan bütün problemlərin, o cümlədən Qarabağ probleminin həllinə təsirsiz qalmayacaq. "Çünki, regionda müxtəlif irimiqyaslı layihələr həyata keçirilmək üzrədir. Bunların həyata keçirilməsi həm iqtisadi, həm siyasi mühitin formalaşmasından bilavasitə asılıdır", — o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin fikrincə, hazırda regiondakı vəziyyət Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatda hər hansı bir irimiqyaslı, davamlı layihələrin keçirilməsinə geniş imkanlar yaratmır: "Çünki, Qarabağ problemi regionda ticari və nəqliyyat əlaqələrini blokadada saxlayır. Nəticədə bir sıra layihələr təxirə salınır. Məsələn, "Akkuyu" Atom Elektrik Stansiyası layihəsi. Bu, irimiqyaslı layihədir. Stansiya üçün müəyyən hissələr, texniki komponentlər Türkiyəyə nəql olunmalıdır. Bu nəql prosesi çox mürəkkəb bir məsələdir. Təcrübə göstərir ki, bunları nəql etmək üçün təkcə gəmilərdən, təyyarələrdən istifadə etmək kifayət etmir. Bunlar maliyyə baxımından sərf etmir. Rusiya Türkiyəyə Gürcüstan vasitəsilə də çıxa bilər, amma Rusiya-Gürcüstan münasibətləri də ürəkaçan deyil, çətinliklər var. Konfliktin əngəl yaratmasına bu, bir nümunədir".

Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orucov
Politoloq İlqar Vəlizadə

"Belə vəziyyətdə Rusiya maraqlıdır ki, münaqişəni bu və ya digər şəkildə həll etsin. Heç olmazsa, qismən. Yəni, Ermənistan blokadadan çıxsın və Azərbaycana müəyyən rayonları qaytarsın. Amma Ermənistan bunu istəmir", — politoloq vurğulayıb.

O, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son açıqlamasında da toxunub: "Bu çıxış onu göstərir ki, tərəflər Dağlıq Qarabağ problemini konkret şəkildə müzakirə edirlər".

Qeyd edək ki, M. Çavuşoğlu AŞPA-da çıxışında, millət vəkili Qənirə Paşayevanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualına cavab olaraq deyib: "Bu gün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından, ən azından 5 rayondan çəkilməsi məsələsi gündəmdədir. Rusiya bununla bağlı öz mövqeyini bizimlə bölüşdü və biz də dəstəklədik. Əgər bu, baş tutarsa, Azərbaycanın qəbul etdiyi hər növ həll yolunu biz də dəstəkləyəcəyik".

287
Teqlər:
Fəzail Ağamalı, İlqar Vəlizadə, Dağlıq Qarabağ, Rusiya, Türkiyə, Azərbaycan
Əlaqədar
İlham Əliyev: bizə təzyiqlər göstərilir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək
Qarabağ münaqişəsi həll oluna bilərdi, amma...
Uorlik: "ABŞ Dağlıq Qarabağda sülh prosesinə sadiqdir"
Qarabağ münaqişəsi ABŞ-ın dəstəyi ilə ədalətli həll oluna bilər
"Müzakirə predmeti yeddi rayon yox, Dağlıq Qarabağ olmalıdır"
Xaker, arxiv şəkli

Olimpiada Navalnı skandalı

30
(Yenilənib 20:26 21.10.2020)
Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.

BAKI, 21 oktyabr — Sputnik, İrina Alksnis. ABŞ və Böyük Britaniyanın Cənubi Koreya və Yaponiyada keçirilən Olimpiya oyunlarına Rusiya tərəfindən kiberhücumun təşkil olunması ilə bağlı iddiaları bu ölkədə təəccüblə qarşılanıb.

Təəccübün səbəbi sadədir: Moskvanın guya sülhə və idmana qarşı həyata keçirdiyi növbəti absurd cinayətlə bağlı əsassız həqarət həm Rusiya əleyhinə təbliğat aparmaq, həm də Moskvanı "cəzalandırmaq" üçün tədbirlər görmək baxımından gülüncdür.

Bir yandan Qərb mediasının Rusiya əleyhinə gündəm yaratmaq üçün mövzusu tükənməyib. Onlar hələ Aleksey Navalnı ilə bağlı insident haqqında yazmaqdan yorulmayıblar. Bu məqamda, ələlxüsus söhbət xarici işlər və xüsusi xidmət orqanları kimi yüksək səviyyəli qurumlardan gedirsə, ortaya Rusiya ilə bağlı yeni mövzu atmağın yeri deyil. Digər tərəfdən, rus blogerlə bağlı hadisə də daxil olmaqla, əvvəlki təcrübə göstərir ki, hər bir halda Moskvaya qarşı həqiqətən ciddi və ağrılı tədbirlər görməyə arxalanmaq olmaz.

Bununla yanaşı, Vaşinqton və Londonun eyni vaxtda verdiyi bəyanatlar hər iki ölkənin ortaq hədəflərinin mövcudluğundan xəbər verir.

Bəs söhbət nədən gedir?

Bu suala cavabı, yəqin ki, irəli sürülən ittihamlara Tokio və Seulun reaksiyasında axtarmaq lazımdır. Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.

Böyük ehtimalla, hər iki ölkənin rəsmi şəxsləri və xüsusi xidmət orqanları, bir sözlə, Qərbin regiondakı əsas müttəfiqləri amerikan-ingilis əməliyyatı barədə əvvəlcədən məlumatlandırılmayıb və buna görə də mümkün olduğu qədər ehtiyatlı davranmağa çalışır. Məsələn, Yaponiyanın Olimpiya Komitəsi bəyan edib ki, qurum öz fəaliyyətində kiberhücumların təsirini hiss etməyib.

Odur ki, böyük ehtimalla, Rusiya əleyhinə növbəti kampaniyanın hədəfi heç də Rusiya deyil, bütün dünya, ilk növbədə isə Qərbin özüdür. Rusofob gündəm isə burada sadəcə bir vasitə kimi çıxış edir.

Aleksey Navalnı, arxiv şəkli
© AP Photo / Alexander Zemlianichenko, File

İnformasiya-təbliğat sahəsində dominant mövqeyə sahib olmaq ABŞ hegemoniyasının mühüm hissəsini təşkil edir. Böyük Britaniya isə ənənəvi olaraq ABŞ-a bu məsələdə havadarlıq nümayiş etdirir. Bu iki ölkənin siyasi və xüsusi xidmət sahələrindəki əməkdaşlığı isə artıq hamıya çoxdan məlumdur.

ABŞ-ın supergücünün tədricən deqradasiyaya uğraması və Birləşmiş Krallığın beynəlxalq aləmə pərdəarxası təsirinin açıq şəkildə zəifləməsi son illərdə adi hala çevrilib. Lakin bu proseslər əsasən iqtisadi, bürokratik və bəzi siyasi mexanizmlərə təsir göstərir.

Eyni zamanda, iki gücün üstünlüyünün bu günə qədər də danılmaz olduğu sahələr var. Amerika ordusunun NATO-dakı üstünlüyünə şübhə etmək mümkün olmadığı kimi, aydın məsələdir ki, Avropa qitəsindəki heç bir media orqanı İngiltərənin "Times" və ya ABŞ-ın CNN-i ilə rəqabət aparmaq iqtidarında deyil. "Twitter" və "Facebook" kimi ictimai fikri manipulyasiya etməyə imkan verən güclü sosial şəbəkələrə nəzarət mərkəzinin məhz okeanın o biri tayında yerləşdiyi də ayrı məsələdir.

Vaşinqtonun RT və ya Çin şirkəti "TikTok"a qarşı sərt siyasəti, ABŞ-ın bu cür strukturların əhəmiyyətini yaxşı başa düşdüyünü bir daha təsdiqləyir.

Bununla belə, geopolitik rəqiblərin özlərinin mediaya təsir resurslarına sahib olduğunu nəzərə alsaq, ABŞ bu vəziyyətə öyrəşib və sözügedən şirkətlərin öz ərazisindəki fəaliyyətini məhdudlaşdırmaqda çətinliklə qarşılaşmayacaq. Amerikan-ingilis xüsusi xidmət və təbliğat tandemi üçün Qərbin öz daxilində rəqiblərinin meydana gəlməsi isə daha həssas məsələdir. Və indi məhz bu baş verir – Navalnı məsələsi hər iki ölkə üçün son dərəcə xoşagəlməz və arzuolunmaz proseslərin getdiyini göstərir. Rusiyadan baxanda bəlkə də belə görünə bilər ki, blogerlə bağlı yaranan səs-küy artıq hamını boğaza yığıb, əslinə isə bu çox unikal hadisədir, çünki bütünlüklə Berlinin əməlidir.

Bəli, Almaniya standart rusofobiya gündəmindən yararlanır, amma onu öz "böyük tərəfdaş"larından mənimsəyərək oyuna müstəqil şəkildə qoşulur.

Navalnıya nəzarət almanların əlindədir və o, hər şeyi –  "Şimal axını 2" layihəsini müdafiə etməkdən tutmuş onu dəstəkləməyən amerikalıların ünvanına söylədiklərinə qədər –  Berlinin diktəsi ilə edir. Nəticədə alman mediası bir neçə gün ərzində dünya üçün əsas xəbər mənbəyinə çevrilib və ingilis dilli media almanlardan sitat gətirmək, onların yazdıqlarını tirajlamaq məcburiyyətində qalıb. Bu kontekstdə Olimpiya oyunlarına kiberhücum təşkil edən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin hakerləri ilə bağlı məsələ tamamilə başqa məna kəsb edir. Əslində, amerikalılar və ingilislər bu mövzunu ortaya atmaqla Navalnı məsələsini xəbər gündəmindən tamamilə kənarlaşdırmağa çalışırlar. Çünki onların fikrincə, bu rəqiblərinin layihəsidir. Bundan başqa, Vaşinqton və London üçün bir müddətlik almanların nəzarəti altına keçən qlobal media-siyasi məkan üzərindəki nəzarəti yenidən ələ almaq çox vacibdir. Bunun ən yaxşı yolu isə mediada Rusiya əleyhinə bir mövzunu başqa bir mövzu ilə əvəz etməkdir. Hərçənd, hər iki tərəf Rusiyaya qarşı dostyana ritorikadan istifadə etmir, ancaq onların arasındakı fikir ayrılığı mahiyyət etibarilə, Rusiyanın (və bir çox digər ölkələrin) xeyrinədir. Çünki bütün bunlar Qərbin daxilindəki münaqişə vəziyyətini gücləndirir və onun tənəzzülünü stimullaşdırır.

Almaniyanın qısa müddətlik də olsa, dünyadakı siyasi-informativ məkana nəzarəti ilk dəfə ələ keçirməsi faktını nadir istisna hallarından biri kimi qəbul etmək lazımdır. ABŞ və Böyük Britaniya isə artıq mediadakı dominant mövqeyi əldən verməyə hazır olsalar, yaxşıdır. Çünki indi bu sahədə onlara nəinki geopolitik rəqibləri, yaxın müttəfiqləri belə meydan oxumağa başlayıblar.

30
Şimali Dakotada qitələrarası ballistik raketlərin idarəetmə obyekti, arxiv şəkli

Co Bayden gəlsə, Strateji Hücum Silahları Haqqında Müqaviləni uzadacaqlar

154
(Yenilənib 23:19 20.10.2020)
Kremldən ABŞ-ın SHS-3 müqaviləsi ilə əlaqədar bəyanatını şərh edərkən bildiriblər ki, Moskva Vaşinqtonla strateji sabitliklə bağlı təmaslarını davam etdirir. Amerikaşünas Konstantin Bloxin Sputnik radiosunun efirindən bu məsələ barədə öz fikirlərini səsləndirib.

BAKI, 20 oktyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vaşinqton Vladimir Putinin SHS-3-ün (Strateji Hücum Silahları Haqqında Müqavilənin) daha bir il uzadılması təklifindən imtina etsə də, Moskva hər bir halda Amerika tərəfi ilə təmasların davam edəcəyinə ümid bağlayır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Ağ Ev Putinin mövcud müqavilənin yeni şərt irəli sürülmədən daha bir il uzadılması təklifini rədd edib.

"Biz ümid edirik ki, istənilən halda Amerika tərəfi ilə təmaslar davam edəcək. Ümumilikdə, əlbəttə ki, Prezidentin də qeyd etdiyi kimi, müqavilənin uzadılması bizə vaxt qazandıra bilərdi. Qazanacağımız bu əlavə 12 ay ərzində silahlanmaya nəzarət məsələsi ilə bağlı substantiv və ciddi danışıqlar aparmaq mümkün idi", – deyə Peskov bildirib.

O, bütün dünyanı qlobal sabitlik və təhlükəsizliyin bu "məhək daşı"ndan məhrum etməyin çox fəlakətli nəticələrə gətirib çıxaracağını da vurğulayıb.

"Buna görə də biz hər bir halda Amerika tərəfinin bu sənədin müddətini uzatmağa hazır olduğunu eşitmək istərdik ", – deyə Prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, hələlik bu sahədə gözlənilən inkişaf müşahidə olunmur, ancaq bu heç də o demək deyil ki, "təmasları tamamilə dayandırmaq lazımdır".

Rusiya Elmlər Akademiyası Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı, amerikaşünas, politoloq Konstantin Bloxin Sputnik radiosu-nun efirində bildirib ki, müqavilənin taleyi daha çox ABŞ-da bu yaxınlarda keçiriləcək prezident seçkisində kimin qalib gələcəyindən asılıdır.

"Əvvəla, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Çinə nifrət edir və SHS-3-ü birbaşa Çinlə əlaqələndirir. İkincisi, ənənəvi olaraq Respublikaçılar Partiyası silahlanma üzərində nəzarəti dağıtmaq istəyir. Xatırladıram ki, Corc Buş (oğul) administrasiyası dövründə amerikalılar Anti-Ballistik Raket Sistemi (ABM) Müqaviləsindən, Tramp özü isə Orta və Qısa Mənzilli Raketlər və Açıq Səma müqavilələrindən imtina edib. Odur ki, Tramp seçkilərdə qalib gəlsə, ABŞ-ın SHS-3-dən çəkilmə ehtimalı olduqca yüksəkdir", – deyə Konstantin Bloxin bildirib.

Əgər Demokrat Partiyasının namizədi Cozef Bayden qalib gələrsə, o halda ekspertin fikrincə, müqavilənin uzadılması ehtimalı var.

"Ənənəvi olaraq, Demokrat Partiyası ruslarla strateji sabitlik mövzusunda danışıqlar aparmağın tərəfdarıdır. Xatırladım ki, mövcud müqavilənin müddətini Medvedev administrasiyası ilə Obama administrasiyası uzatmışdı. Ancaq kim qalib gəlirsə-gəlsin, bir neçə ayda yeni bir müqavilə bağlamaq, demək olar ki, mümkün deyil. Buna görə də mövcud müqavilənin müddətini ən azı bir il uzatmaq lazımdır ki, həmin dövrdə yenisi qəbul olunsun", – deyə ekspert bildirib.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq.

154

Dövlət başçısı: "Azərbaycan İran dövlət sərhədi tam nəzarətə götürüldü"

0
(Yenilənib 18:56 22.10.2020)
Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

BAKI, 22 oktyabr - Sputnik. "Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi twitter səhifəsində bildirib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Səfərşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 22-də Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

0