Həcc ziyarəti

Müsəlman dünyası indiyədək bu problemlə üz-üzə qalmamışdı

1847
(Yenilənib 18:13 06.10.2016)
Yaxın illərdə Məkkə ziyarətçiləri qəbul edə bilməyəcək. Müsəlmanların sayının ildən-ilə artmasına baxmayaraq, müqəddəs məkanın insan tutumu sabitdir.

BAKI, 6 okt — Sputnik. "Səudiyyə Ərəbistanı hökumətinin, Ümrəyə ilk ziyarət istisna olmaqla, gələn müsəlmanlardan 540 dollar əlavə pul istəməsi hər halda ədalətli bir qərar deyil. Amma Səudiyyə Ərəbistanının əlində belə bir motiv ola bilər ki, ziyarət edənlərin sayı həddindən artıq çox olduğuna görə, buna bir məhdudlaşdırıcı addım kimi baxır".

Fazil Mustafa
© Photo : APA
Fazil Mustafa

Bunu millət vəkili Fazil Mustafa Sputnik-ə açıqlamasında deyib. "Çünki, heç bir ölkə turistlərin, yaxud ziyarətçilərin sayının azalmasında maraqlı deyil. Hər hansı bir şəkildə ölkəyə, hətta Ümrə ziyarəti üçün pul ödəməyən vətəndaş belə gəlsə, onlar ölkədə pul xərcləyəcək, alış-veriş edəcəklər. Bu da Səudiyyə Ərəbistanının büdcəsinə daxil olan vəsaitdir", — deputat bildirib.

O, ehtimal edir ki, belə bir addım atılmasının əsas motivi bilavasitə sıxlıq ilə bağlıdır: "Görünür, daha çox insanın ziyarət etməsini məhdudlaşdırmaq üçün düşünülüb. Ona görə də özlərinin maraqları baxımından dövlətin aldığı qərardır. Amma Məkkə, təkcə Səudiyyə Ərəbistanının mülkiyyətində olan bir yer deyil, dünya müsəlmanlarının ziyarət etdiyi əsas yerdir. Ona görə də bu məsələdə güzəştli yanaşma daha doğru olardı. Məncə, bu, ədalətli qərar sayılmaz".

İlahiyyatçı İsmayıl Əhməd də bu fikirdədir ki, Səudiyyə hökuməti sıxlığın qarşısını almaq üçün bu qərarı qəbul edib. Bununla belə, mütəxəssis Sputnik-ə açıqlamasında bu addımın çıxış yolu olmadığını qeyd edib: "Bu, izdihamın qarşısını almayacaq. Bilmək lazımdır ki, məsələn, 4 milyon nəfər Həcc ziyarətində iştirak edirsə, bunun neçə faizi təkrar gedənlərdir. Əgər doğrudan da ciddi rəqəm varsa, 10 faiz və ya daha çoxdursa, bu tədbiri məqsədəuyğun hesab edirəm".

"Sıxlığın azaldılması üçün ciddi tədbirlər görülməlidir. Çünki, bu gün Məkkənin özü 4 milyon insanı tutmaq iqtidarında deyil. Müsəlman ümmətinin sayı artdıqca, ora gedənlərin də sayı artacaq. İldən-ilə say çoxalmaq üzrədir. Say artsa da, həcm tutumu eyni qalır", — teoloq vurğulayıb.

Onun sözlərinə görə, müqəddəs yerlərin ərazisi nə qədərdirsə, 10 ildən sonra da eyni qalacaq: "Amma 10 ildən sonra 1 milyard yarım müsəlmanın sayı artıq 2 milyard olacaq. Ərazi eyni vəziyyətdə qaldıqca heç nə dəyişməyəcək. Hansı tədbirlərin görülməsinə isə, dünya səviyyəli müsəlman alimlər qərar verməlidirlər".

İsmayıl Əhməd, dini ekspert
© Photo : ŞƏXSİ ARXİV
İsmayıl Əhməd, dini ekspert

Qeyd edək ki, Türkiyənin "Həcc və Ümrə Səyahət Agentləri Dərnəyi"nin üzvü olan turizm sektorunda çalışanlar Səudiyyə Ərəbistanı hökumətinin, Ümrəyə ilk ziyarət istisna olmaqla, gələn müsəlmanlardan 540 dollar əlavə pul istəməsinə reaksiya verib. Dərnəyin rəhbəri Mehmet Uzuner bu yeniliyi tənqid edib. "1000 dollardan başlayan Ümrə ziyarətinin təşkili üçün bu əlavə ödənişin tələb edilməsi ziyarətçilərə sıxıntıya salacaq. Bu, həm bizə, həm də bütün İslam aləmində Kəbəni görmək eşqiylə yola çıxacaq insanlara mənfi təsir edir", — Uzuner qeyd edib.

Onun sözlərinə görə, hazırda Ümrə ziyarətinə getmək üçün müraciət edənlərin sayında ciddi azalma yaşanır: "Qərarın yenidən nəzərdən keçirilməsini və dəyişdirilməsini tələb edirik. Ümrə ziyarətinə daha əvvəl gedənlərdən hər hansı bir ödənişin alınmamasını istəyirik".

Misir və İordaniya hökumətlərinin də qərara ciddi reaksiya göstərdiklərini və vətəndaşlarının Ümrəyə getməməsi istiqamətində qərar qəbul etdiklərini söyləyən Uzuner, ciddi narahatlıq içində olduqlarını deyib: "Din İşləri Nazirliyi də bu işdən xəbərdardır. İnşallah, onlar da üzərinə düşən vəzifəni həyata keçirəcəklər".

1847
Teqlər:
İsmayıl Əhməd, Ümrə, zəvvar, ziyarət, Fazil Mustafa, Həcc, Səudiyyə Ərəbistanı
Əlaqədar
Səudiyyə Ərəbistanının qərarı müsəlman ölkələrini qəzəbləndirib
Azərbaycan müsəlman turistləri üçün ən yaxşı ölkələr sırasında
Həcc ziyarətindən 30 milyard dollar qazanacaqlar
Həcc ziyarətinin təhlükəsizliyi yəhudilərə həvalə olundu
İran vətəndaşlarının həccə getməsinə bir şərtlə icazə veriləcək
Donald Tramp, arxiv şəkli

Tramp səssiz-sədasız getməyəcək: ABŞ İrana zərbə vurmağa hazırlaşırmı

20
(Yenilənib 19:57 30.11.2020)
Amerikanın İrana qarşı planlarına dair təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, İsrail etiraf edib ki, mümkün qarşıdurmaya hazırlıqlı olmaq tapşırığı alıb.

BAKI, 30 noyabr — Sputnik, Qaliyə İbrahimova. Donald Tramp ABŞ seçicilər kollegiyasının Co Baydenin qələbəsini qəbul edəcəyi təqdirdə hakimiyyəti ona ötürəcəyini bildirib. Ancaq mediada gedən xəbərlərə əsasən, o, iqtidarı əldən verməzdən əvvəl İranla müharibə etməyə hazırdır. Yeni qalmaqalın səbəbi iki ölkə arasındaki nüvə razılaşmasının pozulmasından sonra İranda yenidən inkişaf etdirilməyə başlanan nüvə proqramıdır. Üstəlik, amerikalılar Tel-Əvivi də Tehrana təzyiq göstərməyə cəlb etmək niyyətindədirlər. RİA Novosti bunun Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcəyini araşdırıb.

Trampın qəzəbi

"Donald Tramp İrana zərbə vurmağı əmr edə bilər, bu səbəbdən də İsrail Müdafiə Ordusu ayıq-sayıq olmalıdır. İsrail hakimiyyəti üçün Co Baydenin andiçmə mərasimindən əvvəlki dövrdəki çətinlikləri başa düşmək çox vacibdir. Səlahiyyətləri başa çatmaq üzrə olan ABŞ lideri dəfələrlə Natanzdakı uran zənginləşdirmə zavodunun necə məhv ediləcəyi məsələsini gündəmə gətirmişdi", - deyə İsrail mənbələrinə istinadən Axios onlayn xəbər saytı yazır.

Saytın istinad etdiyi mənbənin fikrincə, Tramp BAEA (Beynəlxalq Atom Enerjisi Agentliyi) İranın nüvə proqramının inkişafı ilə bağlı növbəti hesabatını yayımladıqdan sonra Tehrana qabaqlayıcı zərbə endirmək qərarına gəlib.

Hesabatda bildirilir ki, İran İslam Respublikası Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərini yerinə yetirməkdən imtina etdikdən sonra ölkədə yüksək dərəcədə zənginləşdirilmiş (silah səviyyəsində) uran ehtiyatları artırılıb.

"Bunu öyrənən Donald Tramp bərk qəzəblənib, ancaq Mayk Pens və Mayk Pompeo onu dilə tutaraq sakitləşdiriblər", - deyə The New York Times qəzeti Amerikanın dövlət məmurlarına istinadən xəbər verir.

Amerikanın İrana qarşı planlarına dair təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, İsrail etiraf edib ki, mümkün qarşıdurmaya hazırlıqlı olmaq tapşırığı alıb.

"Cavab zərbəsi birbaşa İrana deyil, bu ölkənin Suriyadakı, Qəzzədəki və ya Livandakı qoşunlarına da endirilə bilər", - deyə mənbə Axios-a bildirib.

Siyasətçilərin mümkün müharibə barədə məlumatların etibarlılığını müzakirə etdikləri vaxt İranda fizik Möhsün Fəxrizadə öldürüldü. Qərb kəşfiyyat xidmətləri onu "İran bombasının atası" adlandırırdı. Belə hesab olunurdu ki, İranın nüvə proqramına məhz o rəhbərlik edir. Tehran dərhal qətldə İsraili günahlandırdı və intiqam alacağını bildirdi. Benyamin Netanyahu isə İranın iddialarını rədd etdi.

Müharibə öncəsi vəziyyət

Əvvəl baş verən hadisələr olmasaydı, İrana hücum təhlükəsi barədə məlumat sızması diqqətdən kənarda qalacaqdı. Məsələ burasındadır ki, bu yaxınlarda Amerika Birləşmiş Ştatları B-52H Stratofortress strateji bombardmançı təyyarələrini Yaxın Şərqə göndərib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) döyüş təyyarələrinin bölgəyə "təcavüzün qarşısını almaq və ABŞ müttəfiqlərini dəstəkləmək üçün" gəldiklərini bildirir.

ABŞ bu barədə məlumat verməsə də, qırıcıların keçən qış olduğu kimi bu dəfə də Hind okeanındakı ingilis adası Dieqo Qarsiyadakı bir hava bazasında olduğu ehtimal edilir.

Həmin vaxt İranla mümkün müharibə təhlükəsinə qarşı hərbi bazaya altı bombardmançı təyyarə yerləşdirilmişdi. Silahlı qarşıdurmanın səbəbi isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsi idi. Tehran qisas alacağına söz vermişdi.

Bölgədəki Amerika hədəflərinə ilboyu hücumlar edilsə də, birbaşa toqquşma baş vermədi. Üstəlik, amerikalılar hərbi qüvvələrini geri çəkməyə başladılar. Bu isə İranla həmsərhəd ölkələrdə narahatlığa səbəb oldu. Onlar ərazidəki ABŞ kontingentinin təhdidlərə qarşı bir növ bufer rolunu oynadığını və ən əsası, Tehranın əl-qolunu bağladığını bildirdilər.

Danışıqlar – gizli və aşkar

İranın Yaxın Şərqdə artan nüfuzu hamıdan çox İsraili narahat edir. ABŞ-la İran arasında keçən qış baş verən hadisədən sonra Tel-Əviv həyəcan təbili çalmağa başladı. İsrailin Baş naziri Benyamin Netanyahu iddia etdi ki, Tehran yalnız amerikalılardan deyil, yəhudilərdən də intiqam almağa hazırlaşır. Və xəbərdarlıq etdi: gözləmədən vəziyyətə uyğun addım atacaq.

Fars körfəzinin monarxiya dövlətləri İranın Yaxın Şərqə təsirinin qarşısını almağa çalışırlar. Səddam Hüseyn rejiminin İraqdakı süqutundan sonra İslam Respublikası regional lider rolunu öz üzərinə götürməyə cəhd edir ki, ərəblər də bundan narahatdırlar. Çünki ayətullahların şiə rejimi sünni ənənələri üçün qəbuledilməzdir. Odur ki, həmin dövlətlər İranın regionda nüfuzunun artmasının qarşısını almaq məqsədi ilə 2000-ci illərin ortalarında etibarən İsrail ilə qeyri-rəsmi danışıqlara başladılar.

Çözülməmiş Fələstin məsələsi onların açıq birləşməsinə mane olsa da, tərəflər Tehrana qarşı birgə addım atmağı qəbul etdilər.

Müşahidəçilərin fikrincə, bu əməkdaşlıq, məsələn, İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin hava məkanlarını İsrail aviasiyasına açmağa hazır olmalarından xəbər verirdi.

Donald Trampın prezidentliyi və İrana qarşı tutduğu mövqe ərəb-İsrail əlaqələrini gücləndirdi. 45-ci ABŞ prezidenti iqtidara gələrkən bəyan etmişdi ki, "əsrin müqaviləsi"nin köməyi ilə Yaxın Şərqin bütün problemlərini həll edəcək. Bu sənəd Fələstin məsələsinin "iki xalq üçün iki dövlət" prinsipi ilə həllini nəzərdə tuturdu - İsrail ilə yanaşı, Fələstin də dünya xəritəsində görünəcəkdi. Lakin bu təşəbbüsə ərəb dünyasından dəstək gəlmədi. Bununla belə, ərəb ölkələri həmin sənədin "Yaxın Şərqin yenidən qurulmasına" kömək etdiyini bildirdilər. Sentyabr ayında İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn amerikalıların vasitəçiliyi ilə rəsmi diplomatik əlaqələr qurdular. Eyni zamanda, bu dövlətlərdən heç biri qarşılıqlı münasibətlərin taktiki anti-İran xarakteri daşıdığını də gizlətmədi.

Yalnız özünü ərəb dünyasının lideri sayan Səudiyyə Ərəbistanı bəyan etdi ki, Fələstin problemi həll olunmamış Tel-Əvivlə hər hansı münasibətdən söhbət gedə bilməz. Ancaq çox keçmədən bu stereotip də dağıldı. Bu yaxınlarda Netanyahunun gizli şəkildə Səudiyyə Ərəbistanının Neom şəhərini ziyarət etdiyi və vəliəhd Məhəmməd bin Salmanla danışıqlar apardığı məlum oldu. Xəbər sensasiya yaratsa da, görüşün detalları ilə bağlı məlumat əldə etmək mümkün olmadı. Bununla belə, ərəb və yəhudi liderlərinin görüşündə əsas mövzunun İranın Yaxın Şərqə təsirinin artması olduğu ilə bağlı mülahizələr irəli sürüldü. Ər-Riyad əvvəlcə baş tutmuş dialoqu inkar etdi. Ancaq Tel-Əvivin məsələni şərh etməkdən imtina etməsi əksər ölkələr üçün sübut rolunu oynadı - görüş baş tutmuşdu. Danışıqların məhz ABŞ dövlət katibinin Yaxın Şərqə səfərindən sonra baş tutmasına da diqqət çəkildi. Mayk Pompeo bir daha bölgədəki dövlətləri barışdırmağa çalışaraq İran təhdidinin ciddiliyindən dəm vurdu.

"Özündən sonra alyans qoyub getmək"

"İsrail İranla birbaşa hərbi toqquşmaya girmək fikrində deyil, ancaq gizli bir qarşıdurma bütün cəbhələrdə baş verir. İslam Respublikası Suriyadakı İsrail sərhədinin perimetri boyunca hərbi varlığını gücləndirir. Daha bir qonşu ölkə, Livan isə əslində, İranın vassalıdır. Tehran Qəzzə zolağına ciddi təsir göstərir, Həması maliyyələşdirir. Əslində İran İsrailin bütün sərhədlərində mövcuddur", - deyə Knessetin keçmiş deputatı, İsrailin Herzliya Disiplinlərarası İnstitutunun eksperti Kseniya Svetlova qeyd edir. O, Netanyahunun Səudiyyə Ərəbistanına gizli səfərini ABŞ-da gözlənilən hakimiyyət dəyişikliyi kontekstində dəyərləndirir.

"ABŞ-da hakimiyyətə gələn yeni qüvvələr Yaxın Şərqlə münasibətləri korreksiya edir. Netanyahu ilə ibn Salman arasında Baydenin hakimiyyəti dövründə İrana münasibətdə əlaqələndirmənin necə davam etdiriləcəyinin müzakirə olunduğu istisna deyil. Hərçənd, demokrat-prezidentin bu cür təmaslara qarşı olacağını düşünmürəm. Barak Obamanın dövründən bəri amerikalılar bölgədən çəkilmə kursu götürüblər. Ancaq orada özlərindən sonra İran təhdidinə qarşı ən azı bir ərəb-İsrail ittifaqını qoyub getmək ABŞ-ın maraqlarına cavab verir", - deyə Svetlova bildirib.

Trampın səhvini etiraf etmək

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) analitiki Adlan Marqoyev İranın Ərəb-İsrail qarşılıqlı əlaqəsindən xəbərdar olduğuna əmindir. Ekspertin fikrincə, Tehranda ərəb ölkələri ilə "sionist rejim" arasında əlaqələrin qurulması "Fələstinə xəyanət" kimi qəbul edilir. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin İsrail ilə təmaslarını tənqid edən İran hakimiyyəti, bununla belə, qarşıdurmanı kəskinləşdirməkdə maraqlı deyil.

Marqoyevin fikrincə, Tehran ABŞ-da hakimiyyət dəyişikliyindən sonra İran əleyhinə çıxışların azalmasına ümid edir. "İran hakimiyyəti Baydeni Trampın səhvlərini etiraf etməyə və Birgə Hərtərəfli Fəaliyyət Planını dirçəltməyə çağırır. Demokratlar artıq bunu mütəxəssislər səviyyəsində müzakirə edirlər, amma praktikada bu iş bir o qədər də sadə deyil. Hərəkət istiqamətini müəyyənləşdirmək belə çox çətindir. Məsələn, İran sanksiyaların ləğv edilməsini tələb edir. Ancaq onda Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planınının şərtlərinə əməl edəcəyi təsdiqlənməlidir. Tehranın fikrincə, nüvə sazişi ona görə tam şəkildə həyata keçirilmədi ki, amerikalılar birinci bu razılaşmadan imtina etdilər. Bəs mexanizmin paralel işləməsi üçün Birgə Hərtərəfli Fəaliyyət Planına necə qayıtmaq olar? Bu sualın cavabı hələlik məlum deyil", - Marqoyev qeyd edir.

Trampın İran əleyhinə qərarlarını ləğv etməyin Bayden üçün asan olmayacağını deyən ekspert, bununla belə, vəziyyətin münaqişə səviyyəsinə qədər yüksəlmənin qarşısının alınacağına da əmindir.

20
Teqlər:
Donald Tramp, müharibə, Səudiyyə Ərəbistanı, Fələstin, İsrail, İran, ABŞ
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

26
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

26

Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid

0
(Yenilənib 14:09 01.12.2020)
Kapitan Fərid Dursunov sağ ikən vəsiyyət etmişdi ki, şəhid olsa məzarına Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin Qalatasaray futbol klubunun bayrağı da sancılsın. Dostları isə şəhidin bu arzusunu yerdə qoymayıblar. Daha ətraflı – videomuzda.

Qaxın Qorağan kəndindən olan kapitan Fərid Dursunov sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olub. O, sağ ikən Türkiyənin “Qalatasaray” futbol klubunu o qədər sevirmiş ki, şəhid olsa, dostlarına məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı, azarkeşi olduğu futbol klubunun bayrağının da sancılmasını vəsiyyət edib.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Dostları isə şəhidin ruhunu şad etmək üçün onun sözünü yerdə qoymayıblar. Bundan xəbər tutan Türkiyə klubunun rəsmiləri şəhidin bu qeyri-adi istəyinə reaksiya verib, şəhidin atası Fazil Dursunovla əlaqə saxlayıblar. Klub prezidentinin köməkçisi Yusuf Günay Dursunovlar ailəsinə baş sağlığı verib, klub rəsmilərinin mütləq şəhidimizin məzarını ziyarət edəcəklərini bildirib. Bundan başqa, o söz verib ki, klubun növbəti matçların birində, futbolçular sahəyə üzərində “Fərid” yazılmış forma ilə çıxacaq.

Maraqlısı odur ki, Fərid evin yeganə hərbçisi deyil. Onun iki kiçik qardaşı da bir vaxtlar Fəriddən ilhamlanaraq hərbçi olmaq istəyiblər. Hal-hazırda hər ikisi cəbhə bölgəsində xidmətlərini davam etdirir. Fəridin həyat yoldaşına son sözləri isə geridə buraxdığı iki oğlu ilə bağlı olub. O, yoldaşı Məryəm Dursunovadan onlara göz bəbəyi kimi baxmağı xahiş edib.

0