Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar Fırat Kalkanı adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib

Türkiyəyə qarşı ABŞ-İran gizli planı?

208
(Yenilənib 16:05 06.10.2016)
"Bu iki ölkə Ankaranın bölgədəki kürdlərə və sünnilərə hamilik etməsini xoşlamır və bölgədəki ağırlığını həzm edə bilmir"

BAKI, 6 okt- Sputnik. İraqda şiə milis dəstəsi kimi fəaliyyət göstərən "Haşdi Şabi" təşkilatının təmsilçisi Əl-Kilabi, İraqın şimalındakı türk əsgərlərinə qarşı vuruşacaqlarını bildirib. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, o, bu barədə İraqın "Rudaw" telekanalına açıqlama verib.

Əl-Kilabi Mosuldaki türk əsgərlərini "işğalçı" adlandırıb və onları mərkəzi İraq hökumətinin dəvət etmədiyini deyib: "İraqın şimalında olan Türkiyə qoşunu işğalçıdır və İraq hökuməti tərəfindən dəvət edilməyib. Əgər türklər orada qalmağa davam etsələr, İŞİD-lə döyüşdüyümüz kimi, onlara qarşı da savaşarıq".

Digər tərəfdən, İraq parlamentinin üzvü Əhməd əl-Cuburi, türk əsgərlərinin ölkədən çıxarılması üçün hökuməti təcili addımlar atmağa çağırıb. O, baş nazir əl-Abadini BMT Təhlükəsizlik Şurası və Ərəb Liqasını təcili toplamağa səsləyib.

Parlamentin kürd əsilli millət vəkili Arafat Kərim isə rəsmi Bağdadın Türkiyəyə qarşı siyasətini sərt tənqid edib: "Madam ki, doğru etdiyinizi düşünür və türk ordusunu işğalçı adlandırırsınız, o zaman ayrı-seçkilik etmədən, İraqın daxili işlərinə qarışan bütün ölkələri bu torpaqdan çıxarın".

Kərim sözlərinin davamında deyib: "Niyə digər ölkələrdən, məsələn Bağdada qədər gələn İrandan söz açılmır? Niyə sadəcə Türkiyədən bəhs edilir? Çünki niyyət təmiz deyil. Bir tərəfi pisləyərək, o biri tərəfi gözdən gələ bilməzsiniz".

Xatırladaq ki, İraqdakı Amerikan hərbi qüvvələrinin komandanı Con Dorrian da dünənki açıqlamasında türk ordusunun İraqdakı fəaliyyətini qanunsuz adlandırmışdı. Amerikalı hərbçi türk əsgərlərini rəsmi Bağdad hökumətinin çağırmadığını, bu səbəblə də rəsmi Ankaranın öz qüvvələrini İraqdan çıxarmalı olduğunu deyib.

Mövzunu Sputnik üçün şərh edən, türkiyəli jurnalist-yazar, politoloq Ömər Dinçər deyib ki, həm Qərb bloku, həm də İran Türkiyəni İraq və Suriyadakı proseslərdən uzaq tutmağa çalışır: "Son bir neçə ildir ki, Yaxın Şərqdə, xüsusilə də İraq və Suriyada çirkli oyunlar gedir. Bu oyunu Qərbin qurduğu aşkardır. Məqsəd dünya xəritəsində dəyişikliklər etmək və güc balansını yeniləməkdir. Məsum sivillərin həyatlarını itirdiyi bu çirkli planlara təəssüflər olsun ki, bəzi müsəlman ölkələr və təşkilatlar da sonradan daxil oldular. Bölgədə məzhəb və etnik anlayış üzərindən xəritələr cızılmağa başlanıb".

Türkiyəli politoloq Ömər Dinçər
© Photo : STR
Türkiyəli politoloq Ömər Dinçər

"Sanki ABŞ və İran bağlı qapılar arxasında razılığa gəlib. Vaşinqton İraq və Suriyanın şimalında böyük bir kürd dövləti yaratmaq qarşılığında İrana İraqın daxili işlərinə müdaxilə etməyə, hətta Bağdada qədər irəliləməyə imkan verib. Bir sözlə, sünni Türkiyə ilə sünni ərəb dövlətləri arasına şiə koridoru çəkilmək istənilir", — Dinçər bildirib.

Onun fikrincə, bu razılığın əsas gizli tərəfi isə, Türkiyəni bütün oyunlardan uzaq tutmaqdır: "Yəni rəsmi Ankaranı Yaxın Şərq masasından kənarlaşdıraraq, Suriya və İraqda istədiklərini etməyə çalışırlar. Türkiyə isə, olub-bitən hər şeyin fərqindədir və bu səbəblə də həm Suriyada, həm də İraqda öz hərbi varlığını ən geniş formada nümayiş etdirir və bu, belə də davam edəcək".

Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlı isə Sputnik-ə açıqlamasında deyib ki, İraqdakı amerikalı generalın açıqlamasını Ağ Evin mövqeyi kimi dəyərləndirmək düzgün deyil: "Bəli, amerikalı general türk əsgərlərini rəsmi Bağdadın çağırmadığını deyib və türk ordusunun geri çəkilməli olduğunu bildirib. Bu, onun şəxsi fikridir. Mən düşünmürəm ki, Vaşinqton bu bəyanatın arxasında dursun. Çünki, ilk növbədə Türkiyə NATO dövlətidir. Həm də, amerikan əsgərləri İraqda hansı fəaliyyəti yürüdürsə, türk əsgərləri də onu edir. Bölgəni terrorçulardan təmizləməyə çalışır".

Orxan Qafarlı
© Photo : Orxan Qafarlının şəxsi arxivindən
Orxan Qafarlı

 

"Böyük ehtimalla bu gün Ağ Evdən amerikalı generalın bəyanatı ilə bağlı rəsmi şərh veriləcək. Obama administrasiyası çalışacaq ki, general Con Dorrianın dediklərini bir az yumuşaltsın", — siyasi şərhçi vurğulayıb.

O. Qafarlı Bağdad və Tehran hökumətlərinin türk ordusunu nə üçün İraqda görmək istəməmələrini isə belə izah edib: "Həm İran, həm də İraq Türkiyənin bölgədəki kürdlər və sünnilərə hamilik etməsini xoşlamır. Hər iki ölkə rəsmi Ankaranın bölgədəki ağırlığını həzm edə bilmir. İraqın şimalındakı kürd muxtariyyətinin, yəni Barzani hökumətinin orada qalmasının əsas qarantı Türkiyədir. Türkiyə oradan əl çəksə, İraq və İran bəzi qruplarla, əsasən də şiə milis dəstələri ilə Bərzanini devirmək üçün əlindən gələni edəcək".

208
Teqlər:
"Haşdi Şabi", Arafat Kərim, Orxan Qafarlı, Ömər Dinçər, kürd, bölgə, İraq, İran, Yaxın Şərq, Türkiyə, ABŞ
Mövzu:
İraq-Türkiyə gərginliyi (9)
Əlaqədar
Türkiyə ilə İraq arasında siyasi qalmaqal yaşanır
Putinin Türkiyəyə gələcəyi gün dəqiqləşdi
Türkiyəli məşhur jurnalist İranı "topa tutdu"
Ərdoğan Türkiyənin Suriyaya dair planlarını açıqladı
Türkiyədə 7 PKK terrorçusu öldürülüb
Türkiyə ordusu daha 13 ay İraq və Suriyada qalacaq
Mİnskdə etirazlar, arxiv şəkli

Qərb Belarusa qarşı həqiqi qarşıdurmadan niyə çəkinir?

10
(Yenilənib 19:13 25.09.2020)
Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Aİ-nin özündə isə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib.

BAKI, 25 sentyabr — Sputnik, İrina Alksnis. Qərbin Belarus prezidentinin son inauqurasiyasına reaksiyası proqnozlaşdırılan kimi mənfi olub.

Əvvəlcə Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir, çünki "elan olunmuş nəticələr saxta olub və legitimliyi əks etdirməyib".

Bundan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin bəyanatı nəşr olunub ki, orada Aleksandr Lukaşenkonun mandatı "hər hansı demokratik legitimlikdən məhrum olunmuş" kimi qeyd olunub. Həmçinin bildirilib ki, andiçmə (sənəddə bu söz dırnaqlar içərisində yazılıb) mərasimi respublika əhalisinin "böyük hissəsinin iradəsinə ziddir", bu isə "çoxsaylı misli görünməmiş və dinc etirazlarda" ifadə olunur.

Borrelin bu bəyanatı, əlbəttə ki, istehza doğurur. Məsələn, əvvəlcədən əminliklə demək olar ki, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsi – necə olacağından asılı olmayaraq – amerikalıların, demək olar ki, yarısının iradəsinə zidd olacaq. Elə artıq neçə aydır ki, ABŞ-da da etirazların bolluğu müşahidə olunur. Odur ki, Borrelin təqdim etdiyi sənədi artıq indidən okeanın o tayındakı reallıqlara da aid etmək olar.

Öz növbəsində, "demokratik legitimlik" ifadəsi göstərir ki, Brüsselin fikrincə, legitimliyin digər növləri də var — və onlara əsasən, Aleksandr Lukaşenko tam legitimdir.

Belarusa qarşı sanksiyalar – həqiqətən də həssas sanksiyalar – tətbiq edilmir. Daha pisi: Aİ-nin özündə bu mövzu ətrafında yeni mübahisələr meydana gəlib, çünki Kipr eyni zamanda Türkiyəyə qarşı məhdudiyyətlərin qoyulmasını tələb edir və bu əsasda prosesi bloklayır.

Qərbin səfirləri Belarusdan geri çağırılmayıblar. Nəinki geri çağırılmayıblar: amerikalılar uzun illərin soyuqluğundan sonra respublika ilə diplomatik əlaqələri tam sürətlə bərpa edirlər. Bir neçə gün əvvəl ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi yeni səfirin namizədliyini təsdiq edib. Amma 2008-ci ildə Vaşinqtonun Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi ilə səfirlərin qarşılıqlı olaraq geri çağırılmasından sonra 12 il hər iki dövlətdə səfirliklərə müvəqqəti səlahiyyətli səfirlər rəhbərlik ediblər.

Bütün bunların fonunda hətta ən sərt ritorika belə zəifliyin təzahürü və baş verənlərə təsir edə bilməməyin etirafı kimi görünür – hərçənd bu, reallığa uyğundur. Burada, bəlkə də öz imkanlarının hüdudlarını dərk etməyə və qəbul etməyə başlamış Qərbə haqq qazandırmaq olar.

Şübhəsiz ki, Belarusdakı seçkilərə bu cür reaksiya çox ağrılı Venesuela dərsinin də nəticəsi olub. Əllidən çox ölkənin – əsasən Qərb ölkələrinin – Xuan Quaydonu Venesuelanın qanuni prezidenti kimi tanımasından bir il yarımdan çox vaxt keçir, lakin bu qərar reallığa heç bir təsir göstərmir – Nikolas Maduro indiyədək ölkənin rəhbəridir.

Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli
© BelTA Pool Photo via AP

Birləşmiş Ştatlar və Avropa bu kiçik Latın Amerikası ölkəsini görməzliyə vurmağı və xüsusi heç nə baş verməmiş kimi davranmağı özlərinə rəva bilsələr də, Avropanın mərkəzindəki dövlətə münasibətdə oxşar bir yanaşma, çətin ki, baş tutsun. Belarusun mühüm beynəlxalq proseslərə cəlb olunduğunu da nəzərə alsaq, qərarları və onların nəticələrini daha diqqətlə hesablayaraq hərəkət etmək lazım gəlir.

Minskə qarşı addımlarla bağlı Qərbin şövqünü açıq-aşkar söndürən daha bir vacib məqam isə ondan ibarətdir ki, orada baş verənlərə Polşanın müəyyən təsiri var. Varşava Belarus müxalifətinin liderlərini siyasi və media dəstəyi ilə təmin edir.

Polşa bu işə girişib, amma vəziyyətdə dönüş etmək üçün gücü çatmır. Bu arada Minsk də Polşaya cavab verməyə başlayıb – mətbuat xüsusilə Polşa mallarının Belarusa idxalı ilə bağlı problemlər barədə məlumat verir.

Qərb Minskə qarşı təyin olunmuş sərt ritorika yolunu davam etdirəcək, lakin həqiqi qarşıdurmadan çəkinməyə davam edəcək. Çünki onun açıq şəkildə uğursuzluğa məhkum olmuş daha bir geosiyasi prosesə qarışmaq istəyi yoxdur.

10
Teqlər:
Avropa ittifaqı, Avropa, Aleksandr Lukaşenko, qarşıdurma, Qərb, Belarus
Əlaqədar
Aleksandr Lukaşenkonun legitimliyini tanımırıq - Aİ-nin Ali Nümayəndəsi
Belarusda vəziyyət pisləşir – Aİ-nin Ali komissarı
Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir
Avropa Komissiyasında sanksiyalar üzrə səsvermə sistemi dəyişdirilə bilər
Müxalifət şir ürəyi yeyib: dörd milyard dollarlıq kredit istəyir
Aleksey Navalnı, arxiv şəkli

Tramp Navalnı məsələsinə qoşulmaq istəmir

8
(Yenilənib 16:40 25.09.2020)
Bir qrup amerikalı senator Aleksey Navalnı ilə bağlı insidentə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Sputnik radiosunun efirində politoloq Vladimir Mojeqov bu təşəbbüsü şərh edib.

BAKI, 25 sentyabr — Sputnik. ABŞ senatorlarından ibarət qrup Aleksey Navalnı ilə bağlı insidentə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib. Bu barədə respublikaçı senator Marko Rubionun saytında bildirilib.

Sənəd Rusiya rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Onun müəlliflərinin fikrincə, bu rəsmilərin "beynəlxalq hüququn açıq şəkildə pozulmasında", o cümlədən Navalnının "zəhərlənməsində" əli var.

Marko Rubio ilə yanaşı sənədi respublikaçı senator Mitt Romni, həmçinin demokratlardan Kris Kuns, Ben Kardin və Kris Van Hollen təsdiqləyib.

Qanun layihəsinin qəbul edilməsi üçün onu Senat və Nümayəndələr Palatası dəstəkləməli və ABŞ prezidenti imzalamalıdır.

Sputnik radiosunun xəbərinə görə, politoloq Vladimir Mojeqov senatorların bu təşəbbüsünü şərh edib.

"Bu, sırf ictimaiyyətə yönəlib. Nə hesabatı ola bilər? Bu, tamamilə qeyri-real işdir. Bütün bunlar seçkiqabağı isteriyanı qızışdıran ritorikadır. Bundan başqa Navalnı işi daha çox demokratların gündəmidir. Respublikaçılar bütün bunlara həvəssiz yanaşırlar. Mənə elə gəlir ki, bundan sonra da onu dəstəkləməyəcəklər. Hər halda, Tramp bundan ehtiyatlanır və uzaq durur. Dövlət katibi Mayk Pompeo deyib ki, baş vermiş hadisənin bütün faktları məlum olanda reaksiya vermək lazımdır və nə baş verdiyi hələlik o qədər də aydın deyil", – Mojeqov bildirib.

Onun fikrincə, amerikalılar Almaniyadan Navalnı haqqında məlumat ala bilərdilər, lakin onlardan heç bir sorğu daxil olmayıb.

"Bu, sanksiyalar üçün hər hansı bir əsas ola bilərdi, lakin bu günə qədər belə bir sorğu olmayıb. Ona görə də mənə elə gəlir ki, bütün bunlar əhəmiyyətsizdir. Bu, bir növ qaranlıq hekayədir, buna görə Tramp ona qoşulmaq istəmir. Mənə elə gəlir ki, demokratlar bu gündəmi ciddi şəkildə piar edəcəklər, Tramp isə bundan bir qədər kənarda duracaq", – politoloq hesab edir.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb.

Daha sonra Navalnı Almaniyaya aparılıb. Sentyabrın əvvəlində Almaniya hökuməti Navalnının "Noviçok" maddələr qrupundan olan substansiya ilə zəhərləndiyini bəyan edib. Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin cavab almayıb.

8
Əlaqədar
Aleksey Navalnı xəstəxanaya yerləşdirilib
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"
Navalnı tam sağalıb və xəstəxanadan evə buraxılıb
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

0
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

0