Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qərb humanizmi" və "Şərq vəhşiliyi"

© Sputnik / Murad Orujovİnsanlar
İnsanlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Geridə qalmış Şərq" və "mütərəqqi Qərb" anlayışından gen-bol istifadə edənlər tarixi inkişaf barədə səthi fikirlərə malikdirlər

BAKI, 28 sen — Sputnik. Dünyada islamofiya hələ də dəbdədir. Azərbaycanda da belə hallar müşahidə edilir. Natamamlıq kompleksindən əziyyət çəkən, özünü aşağılanmış görən Ziqmund Freydin xəstələri üçün savadsız bir dindarın hər bəyanatı göydəndüşmə olur.

İŞİD-ə qoşulan qadınlar - Sputnik Azərbaycan
TƏHLİL
Təhlükəli tendensiya

Bütün bu müzakirələr bir faktı meydana çıxarır. Azərbaycanda islami, eyni zamanda Qərb dəyərlərini dərindən mənimsəyənlərin sayı olduqca azdır. Sosial şəbəkələrdəki qarşılıqlı nifrət püskürmələrinin, əslində sivilizasiyaların toqquşmasına heç bir aidiyyəti yoxdur. Müzakirələr "Qərb rasionallığı" və "Şərq fenomeni" arasındakı fərqlərdən getmir, sadəcə olaraq, özünü "Roma papası"ndan daha artıq katolik sayan bir qrup qarşıya çıxanları tapdamaqdan zövq alır.

Müzakirələrdə ateistlərlə yanaşı, inanclı kəsimin durumunun da acınacaqlı olması faktı meydana çıxdı. İntellektual islami düşüncənin kasadlığı avropapərəstlərin cılızlığı fonunda daha da boz-bulanıq səhnə yaratdı. Molla Sədra, Mühiddin Ərəbini mütaliə etməyən, yalnız risalələrdəki cənabət qüslünün növlərini əzbərləyən orta statistik islamçı üçün müzakirələr söyüşdən uzağa gedə bilmədi.

İlk baxışdan daha intellektual görünən ateistlər də müzakirələrdə özlərinin heçliklərini, travmalı beyinlərinin heç nəyə yaramadığını nümayiş etdirdilər. İslam barədə danışanlar əksər hallarda bu barədə yetərincə bilgisi olmayanlardır.

Bu gün inanclı kəsim də biliyini artırmaq zorundadır. Dünya intellektual düşüncəsində çevriliş edən İbn Ərəbinin baxışlarının öyrənilməsi zərurəti yaranır. Bütün dünyanın, Yaxın və Uzaq Şərqin, Çinin, Cənubi və Şimali Amerikanın, Qərbi və Şərqi Avropanın həvəslə öyrəndiyi İbn Ərəbi fəlsəfəsi Azərbaycanda çoxları üçün kəşf olunmamış bir adadır.

İslam dünyasının əsas problemlərindən biri də Molla Sədra, İbn Ərəbi kimi filosoflardan asanlıqla imtina edə bilməsidir. Yüzlərlə cilddən ibarət, elmi yüklü, dərin mənalı və sehrləyici kitab və risalələrində, sanki İbn Ərəbi sadəcə "vücud birdir" deyir… Və bunları oxuduqdan sonra, sanki insana minlərlə səhifəlik yazılar mənasız söz yığını kimi gəlir.

Azərbaycan islamçısı və ateisti isə mənasız söz yığınının içində boğulur. Bunu müzakirəyə çıxarır və insanların din barədə düşüncələrini alt-üst edir. Son müzakirələr bu faktı bir daha sübuta yetirdi. "Qərb tolerantlığı və Asiya vəhşiliyi", "Avropa dəyərləri və Şərq geriliyi" kimi terminləri aktuallaşdırdı.

Avropa və Şərqi müqayisə etmək, təbii ki, Şərqi, ələlxüsus da Azərbaycanı, islam və türklüyü aşağılamaq ölkə sekulyarlarının sevimli mövzusudur. Müzakirələr Qərbin tolerantlığı ilə Asiya vəhşiliyi, Avropa aydınlığı ilə Şərq zülməti, Qərbin demokratlığı ilə Şərq müstəbidliyi mövzuları ilə müşayət olunur. Əksər hallarda, tərəflər subyektivliyə yuvarlanırlar.

İŞİD - Sputnik Azərbaycan
TƏHLİL
İŞİD-i cəlbedici edən nədir?

Əlbəttə ki, subyektiv mövqe əsassız fikir sayıla bilməz. Lakin ciddi müzakirələr aparmadan baş verənlərə cavab tapmaq mümkün deyil. Xarici və daxili ziddiyyətlərlə bol olan mövzunun müzakirəsi zamanı düşüncənin dialektik metodikası tələb olunur. Sosial şəbəkələrdə qarşılıqlı nifrət yağdıranlarda isə dialektik təfəkkürün özü mövcud deyil.

Rasional Qərb, irrasional Şərq arasında fərqi anlamaq üçün dialektik qanunauyğunluqlara və metafizik fərziyyəyə bələd olmaq lazım gəlir. Müzakirələri "islam şəri" müstəvisinə çəkən ateistlər daha hirsli və hikkəli görünürlər. İslama qarşı çıxanların əsas mövzusu dözümlülük barədə çağırışlar olmasına baxmayaraq, əksər hallarda onların fikirləri birtərəfli, qərəzli və açıqca özünü reklam xarakteri daşıyır.

"Geridə qalmış, boz Şərq" və "mütərəqqi Qərb" anlayışından gen-bol istifadə edənlər tarixi inkişaf barədə səthi fikirlərə malikdirlər və odur ki, öz genetikalarına açıq-aşkar hörmətsizlik nümayiş etdirirlər. Şərqin çoxəsrlik durğunluğunu Qərb tərəqqisi ilə müqayisə edənlər bunu əbədi fenomen kimi təqdim edirlər. Bu isə absurddur. Tarixi inkişaf mərhələləri ziqzaqlarla dolu olur və burada əbədi heç nə olmur.

Şərqi vəhşi, Qərbi humanist kimi dəyərləndirənlər unudurlar ki, faşizm, militarizm, konslagerlər avropalıların kəşfidir. Bir əsrdə iki dəfə dünya savaşına rəvac verən, insanların kəllə quruluşuna görə qaz sobalarına göndərənlər də müsəlmanlar olmayıb, avropalılar olublar.

Kommunizm, faşizm kimi ideologiyalar da Avropanın meydana çıxartdığı nəzəriyyələrdir. Kilsənin qərarı ilə səlib yürüşlərinə çıxan Qərb tarixi inkişafı zamanı ən ağlasığmaz addımlar atıb. Lakin heç kəs Avropanı əbədi vəhşi obrazında görmək istəmir.

Avropa dəyərlərinin formalaşmasında müstəsna rol oynayan katolikliyin iç üzü barədə nədənsə susurlar. Katoliklər fərqli inanca görə yüz minlərlə insanın həyatına son qoyublar.

Yaxud Qərbin protestantlığını götürək. "İqtisadi fərq"ləri ifrat tərifləyə-tərifləyə mənəviyyatsız "vəhşi kapitalizm" üçün ideoloji zəmin rolu oynayan bu cərəyan minlərlə insanın məhvinə səbəb olub.

Bu tarixi inkişafdır. Bu kimi mərhələlər keçilməlidir. Odur ki, dünyanı yalnız ağ və qara rənglərdə görənlər öz düşüncələrində düzəliş etmək zorundadırlar. Azərbaycanda da islamçı kəsimin öz yeri var və bu nəzərə alınmalıdır. Onu görməzdən gəlmək absurddur. İnanclı və sekulyar kəsim bir-birlərinə hörmətlə yanaşmağı öyrənməlidirlər. Başqa yol yoxdur…

Xəbər lenti
0