Qəbiristanlıq

Ölüləri yandırmaq vacib deyil, yoluxucu xəstəlik daşıyıcısı olsalar belə...

123
Dini və tibbi sahənin mütəxəssisləri meyitlərin adi qaydada dəfn olunmasının tərəfdarıdırlar

BAKI, 23 sen — Sputnik. Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydaların qanun layihəsi formasında Milli Məclisdə baxılmasına ehtiyac olmadı. Məsələ Nazirlər Kabineti tərəfindən həll olunub və yaxın zamanlarda qərar layihəsi kimi açıqlanacaq.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, müəyyən detallar aydınlaşandan sonra rəsmi sənəd açıqlanacaq: "Hər şey ölçülüb-biçilməlidir. Burada şəhidlərimizin məzarları var, tanınmış şəxslərin məzarları var. Məsələn, yazıçı, şair və sair. Daha sonra yerlərin ayrılması, məzarlıqların kimin idarəsinə verilməsi məsələsi var. Bələdiyyəyə verəkmi, yoxsa ayrıca qurum yaradaq? Bu məsələlər artıq yekunlaşmaq üzrədir. Yekunlaşan kimi açıqlanacaq. Ən ucuz qiymətə, eyni standartda olan məzarlar olacaq". 

"Məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq. Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb", — deputat vurğulayıb.

Elşad Miri
Elşad Miri

Teoloq Elşad Miri layihədə nəzərdə tutulan, meyitin yandırılması məsələsini düzgün hesab etmir. "Peyğəmbərin dövründə böyük bəlalardan biri kimi qəbul edilən taun xəstəliyi var idi. Amma bunun yoluxucu xəstəlik olmasına baxmayaraq, heç bir zaman bu insanların yandırılması ilə bağlı nə bir qərar, nə də bir hökm var. O insanlar da dəfn edilirdi. Bir insan özünün yandırılmasını istəmirsə, normal bir şəkildə dəfn edilməsini istəyirsə, buna qarşı necə gəlmək olar? Ona görə də bu, yanaşma doğru deyil", — o, Sputnik-ə açıqlamasında bildirib.

Dünşünas yoluxucu xəstəliklərin torpağın altından yayılma ehtimalını real hesab etmir: "Hindistanda yoluxucu xəstəlik olub-olmamasına baxmayaraq meyiti yandırırlar. Onda bu məntiq ilə belə çıxır ki, Hindistanda heç bir yoluxucu xəstəlik olmamalıdır. Amma bu gün Dünya Səhiyyə Təşkilatı heç də bunu təsdiq etmir. İnsanın normal olaraq torpağa dəfn edilməsi daha yaxşıdır. Çünki, torpağa basdırılanda o demək deyil ki, oradakı xəstəliklər hamısı üzə çıxacaq, insanlar yoluxub öləcəklər".

Digər müddəalara gəlincə, E. Miri ilə dində başdaşı anlayışının olmadığını deyib: "Sadəcə bir insan vəfat edəndə onun baş tərəfinə adi bir daş qoyulur. Eyni standartda məzarların olması o baxımdan yaxşıdır ki, cəmiyyət, insanlar arasında mövcud olan bəhsin aradan qaldırılmasına şərait yarada bilər. Eyni şəkildə dəfn olunma yaxşı ola bilər. Ümid edirəm ki, bu, başqa bir korrupsiyaya səbəb olmasın. Yəni, özəl məzarlıqlar olsun, hər kəsi istədiyi kimi başdaşı, sinədaşı qoysun".

Məsələni Sputnik-ə şərh edən tibb mütəxəssisi Rasif Bağırov meyitin yandırılmasını vacib hesab etmir: "Ağır infeksion xəstəlikləri, hansının təhlükə yarada biləcəyini Səhiyyə Nazirliyi müəyyənləşdirir. Xarici ölkələrdə həmin xəstəliklərdən ölənlərin torpağa tapşırılması adi qaydada olmur. Bunlara dərmanlar, dezinfeksiyaedici maddələr vurulur, sonra torpağa tapşırırlar".

"Yəni, sonradan basdırılan insandan hansısa bir infeksiya torpağa, müəyyən bir yerə çıxmasın. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Qısası, meyiti yandırmaq vacib deyil. Dezinfeksiyaedici maddələr yolu ilə bunu həll etmək olar", — ekspert söyləyib.

R. Bağırovun sözlərinə görə, infeksiyaların yayılması xətalıdır: "Bu, yayılanda onun qabağını almaq çox çətin olur. İnfeksion xəstəlikdən ölənlərin böyük əksəriyyəti həmin o dezinfeksiya qaydalarından keçməlidir. Sadəcə, bu günləri demək olar ki, bu xəstəliklərə tutulanlara heç rast gəlinmir, çox az olur. Ona görə də müəyyən tədbirlərin görülməsinə də ehtiyac qalmır".

123
Teqlər:
qəbiristanlıq, meyit, qəbir, Rasif Bağırov, Elşad Miri, Siyavuş Novruzov, qərar layihəsi, Milli Məclis
Əlaqədar
Cəlilabadda qeyri-adi məzar daşı tapılıb
Xalq artistinin məzarı ziyarət edildi
Azərbaycanda qəbiristanlıq yandı
Bunu da gördük: ən sürətli qəbir qazma yarışı keçirilib
Qəbirdən tapılan skelet arxeoloqları şoka salıb
Biotech LTD's peyvəndi

Peyvənd meymunlar: "rus yalanı" haqqında ingilis böhtanı

17
Böyük Britaniya mediası Rusiyanın insanlığa qarşı daha bir informasiya təxribatını üzə çıxarıb. Böyük Britaniya mediası Rusiyanın insanlığa qarşı daha bir informasiya təxribatını üzə çıxarıb.

BAKI, 22 oktyabr — Sputnik. Böyük Britaniya mediası Rusiyanın insanlığa qarşı daha bir informasiya təxribatını üzə çıxarıb. Bir neçə gündür ki, bu məsələ ingilis mediasının gündəmindən düşmür. Halbuki Böyük Britaniyanın müzakirə olunmalı problemləri bəs deyəcək qədərdir: ölkədə pandemiya ilə bağlı vəziyyət gərgindir, ayrı-ayrı regionlarda hökumətin yeni karantin rejimi qaydalarına etiraz edilir, Brexitlə bağlı Avropa Şurası ilə aparılan danışıqlar dalana dirənib və Şotlandiyanın Birləşmiş Krallığın tərkibindən çıxması məsələsinə dəstək artıb ki, bu da ölkənin parçalanması ilə nəticələnə bilər. İngilis qəzetləri isə bütün bunlardan yazmaq əvəzinə, "Dəli ruslar bəyan eləyirlər ki, peyvənd bizi şimpanzeyə çevirəcək" deyə haray-həşir salıblar.

Demək olar ki, bütün qəzetlərdə Böyük Britaniyanın Baş naziri Boris Consonun gülməli kollajları yer alıb. Altından da bu sözlər yazılıb: "Mən öz "yeni" peyvəndimi sevirəm".

Naməlum mənbəyə istinadən bütün KİV-lər bəyan ediblər ki, bu kollaj Rusiya dövlətinin və ya Rusiyanın rəsmi şəxslərinin sifarişi ilə hazırlanıb və yayılıb. Məqsəd də Böyük Britaniyada koronavirus əleyhinə hazırlanmış və hələ tətbiqinə başlanılmamış peyvəndi gözdən salmaq, onun insanı meymuna çevirdiyi haqda dezinformasiya yaymaqdır.

Bu iddiaların ilkin mənbəyi "The Times" qəzetidir. Qəzet bir neçə sensasiyalı materialı xüsusi araşdırmasının nəticəsi adı altında tirajlayıb. Guya həmin fotoları qəzetin redaksiyasına kampaniyaya (dezinformasiya kapmaniyası – red.) cəlb olunmuş şəxs səhiyyə sisteminə dəyə biləcək zərərin qarşısını almaq məqsədilə təqdim edib.

Yaxşı, bəs bu işin rus dövləti ilə nə əlaqəsi var? Bu suala "The Times" özünə xas şəkildə cavab verir: "Təbliğat cəhdinin birbaşa Kreml tərəfindən hazırlandığı dəqiq deyil, ancaq bu işin təşkilində və yayılmasında bəzi Rusiya rəsmilərinin iştirak etdiyinə dair dəlillər var". Bununla belə, qəzet həmin dəlilləri açıqlamaq yerinə sayta daxil olaraq bu mövzuda hazırlanmış 40 dəqiqəlik audio materiala qulaq asmağı təklif edir. Guya həmin materialda hər şey izah və sübut olunub.

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Handout / Russian Direct Investment Fund / AFP

Belə görünür ki, digər KİV-lər (istər ingilis, istərsə də amerikan qəzetləri) də məsələni araşdırmaq üçün özlərinə əziyyət verməyib və "The Times" qəzetinin Rusiyanın rəsmi şəxslərinin əli il hazırlandığı iddia olunan internet-materialları ilə bağlı "dəlil"lərinə etibar ediblər. Beləliklə, bütün qəzetlər "rus dezinformasiya kampaniyası" haqqında xəbəri az qala "Gerasimovun hərbi doktrinası" kimi yaymağa başlayıb. Müqayisə yersiz deyil, axı Qərb mediası yeri gəldi, gəlmədi, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovun strategiyasından dəm vurmağı xoşlayır.

"The Times"ın sözügedən audio materialında isə əvvəldən axıra kimi yalnız vədlər səslənir:

"Biz sizə bu işin içində Rusiya dövlətinin olduğunu sübut edəcəyik!". Söhbət gəlib təşkilatçılara çatanda isə yalnız Rusiya İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyevin soyadı hallanır. Qəzetin müxbirləri "kremlşünas"larla birlikdə Dmitriyevin şəxsiyyətini, onun rəhbərlik etdiyi fondu və hətta təşkil olunan kampaniyadan Valdimir Putinin xəbərdar olub-olmadığını müzakirə etməyə başlayırlar: "Əldə etdiyimiz dəlillərdə Kirill Dmitriyevdən bəhs edilmir. Onun dezinformasiya kampaniyasında iştirak etdiyi barədə heç bir işarə yoxdur".

Vəssalam! "The Times"ın oxuculara vəd etdiyi "dəlil" bundan ibarətdir. Əlbəttə, Rusiyada baş verən cinayət hadisələri ilə bağlı kitabların müəllifi, ekspert Mark Qaleottinin sözgüdən kampaniyanın arxasında Kremlin "hersoq və baronlarının" dayandığı barədə səsləndirdiyi cəfəng fikirləri nəzərə almasaq...

Koronavirusа qarşı peyvənd, arxiv şəkli
© Hartmut Boesener / IDT Biologika / Handout via Reuters

Daha sonra guya Rusiyanın hansısa dövlət televiziyasında üzərində ingilis peyvəndinin sınaqdan keçirildiyi iki nəfərin öldüyü barədə hazırlanmış saxta xəbərdən bəhs olunur. Yeri gəlmişkən, həqiqətən də bu həftə Brazilyada İngiltərənin "AstraZeneca" şirkətinin peyvəndini sınaqdan keçirən könüllülərdən biri dünyasını dəyişib. Ancaq bu barədə xəbəri beynəlxalq agentliklər yayıb və bunu "rus dezinformasiyası"na aid etmək çətindir.

Beləliklə, ortada Rusiya dövlətinin və ya rəsmi, qeyri-rəsmi şəxslərin Conson və COVID-lə bağlı gülməli internet-materiallarının hazırlanıb yayılmasında iştirakı ilə bağlı bir dənə də olsun fakt yoxdur. Bu şəkillər isə internetdə tüğyan edir. Həmin şəkillərin ilkin mənbəyinin üzə çıxarılması cəhdləri uzaqbaşı elə "The Times"ın sözügedən sayındakı xəbərlərə aparıb çıxara bilər. Çünki bu kollajlar ilk dəfə məhz həmin qəzetdə nəşr olunub və tirajlanıb. Hərçənd, ingilislər iddia edirlər ki, sözügedən kollajlar ilk dəfə üç iri internet resursunda – ikisi Böyük Britaniya və biri Brüsselə aid olmaqla – yayımlanıb. Belə çıxır ki, sözügedən kollajları yayan media orqanı elə "The Times" özü olub. Hətta kiminsə ingilis peyvəndini "meymun" adlandıraraq nüfuzdan salmaq istədiyini fərz etsək belə, həmin şəxsin ən effektiv metodu tapdığını etiraf etməliyik. O, sadəcə, həmin materialı "rus dezinformasiyasının sübutu" kimi bu məşhur ingilis qəzetinin redaksiyasına göndərib. Sonra da şəkillər internetdə yayılıb. Əgər bu belə olsa belə, hər bir halda "The Times" dezinformasiyanın (özü də rusların buraxmadığı dezinformasiyanın) yayılmasında alətə çevrilib.

Beləliklə, bu işdə Rusiyanın əlinin olması ilə bağlı ortada heç bir dəlil-sübut yoxdur. Bununla belə, London artıq rəsmi şəkildə məsələyə qəzəbli münasibət bildirib. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab Moskvanı Oksford peyvəndini nüfuzdan salmaqda günahlandırıb. Deməli, sanskiyalar çox da uzaqda deyil.

Yaxşı, bəs bütün bunlar Rusiyanın nəyinə lazımdır? "The Times" bu sualın cavabında yazır: "Bütün peyvəndlərə qlobal etimadı" sarsıtmaq üçün. Halbuki bu qətiyyən məntiqə uyğun gəlmir. Çünki hazırda Rusiya bütün dünyada koronavirusa qarşı peyvəndə sahib olan yeganə ölkə kimi vaksinlərə etimadın sarılmasını istəməz. Ancaq indi Qərbdə heç kimi məntiq maraqlandırmır.

Daha bir məntiqi sual ortaya çıxır: bütün bunlar Böyük Britaniya mediasının nəyinə lazımdır? Bu sualın cavabı məqalənin əvvəlində verilib: ən azı iki gün ictimaiyyətin diqqətini ölkənin real problemlərindən yayındırmaq və insanların başını rusların hiyləgərliyi ilə bağlı məqalələrlə qarışdırmaq. "Meymun peyvəndi" ilə bağlı söz-söhbət səngiyəndən sonra isə ortaya başqa bir sensasiya atmaq olar. Məsələn, yaza bilərlər ki, elə həmin hiyləgər ruslar "Olimpiada-2020"-nin işini pozmağa cəhd göstərib və ingilis kəşfiyyat agentlikləri bu "sui-qəsd"in qarşısını alıb. Vəssalam! Ən azı iki gün qəzetlərin səs-küy salmağa mövzusu olacaq. Əsas odur, heç kim şahid, dəlil-sübut tələb etməsin. Buna nə ehtiyac var axı...

17
Xaker, arxiv şəkli

Olimpiada Navalnı skandalı

33
(Yenilənib 20:26 21.10.2020)
Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.

BAKI, 21 oktyabr — Sputnik, İrina Alksnis. ABŞ və Böyük Britaniyanın Cənubi Koreya və Yaponiyada keçirilən Olimpiya oyunlarına Rusiya tərəfindən kiberhücumun təşkil olunması ilə bağlı iddiaları bu ölkədə təəccüblə qarşılanıb.

Təəccübün səbəbi sadədir: Moskvanın guya sülhə və idmana qarşı həyata keçirdiyi növbəti absurd cinayətlə bağlı əsassız həqarət həm Rusiya əleyhinə təbliğat aparmaq, həm də Moskvanı "cəzalandırmaq" üçün tədbirlər görmək baxımından gülüncdür.

Bir yandan Qərb mediasının Rusiya əleyhinə gündəm yaratmaq üçün mövzusu tükənməyib. Onlar hələ Aleksey Navalnı ilə bağlı insident haqqında yazmaqdan yorulmayıblar. Bu məqamda, ələlxüsus söhbət xarici işlər və xüsusi xidmət orqanları kimi yüksək səviyyəli qurumlardan gedirsə, ortaya Rusiya ilə bağlı yeni mövzu atmağın yeri deyil. Digər tərəfdən, rus blogerlə bağlı hadisə də daxil olmaqla, əvvəlki təcrübə göstərir ki, hər bir halda Moskvaya qarşı həqiqətən ciddi və ağrılı tədbirlər görməyə arxalanmaq olmaz.

Bununla yanaşı, Vaşinqton və Londonun eyni vaxtda verdiyi bəyanatlar hər iki ölkənin ortaq hədəflərinin mövcudluğundan xəbər verir.

Bəs söhbət nədən gedir?

Bu suala cavabı, yəqin ki, irəli sürülən ittihamlara Tokio və Seulun reaksiyasında axtarmaq lazımdır. Yaponiya hökuməti "müvafiq məlumatları" toplamaq üçün vaxt qazanmaq məqsədilə məsələni şərh etməkdən imtina edib, Cənubi Koreya hakimiyyəti də susmağa üstünlük verib.

Böyük ehtimalla, hər iki ölkənin rəsmi şəxsləri və xüsusi xidmət orqanları, bir sözlə, Qərbin regiondakı əsas müttəfiqləri amerikan-ingilis əməliyyatı barədə əvvəlcədən məlumatlandırılmayıb və buna görə də mümkün olduğu qədər ehtiyatlı davranmağa çalışır. Məsələn, Yaponiyanın Olimpiya Komitəsi bəyan edib ki, qurum öz fəaliyyətində kiberhücumların təsirini hiss etməyib.

Odur ki, böyük ehtimalla, Rusiya əleyhinə növbəti kampaniyanın hədəfi heç də Rusiya deyil, bütün dünya, ilk növbədə isə Qərbin özüdür. Rusofob gündəm isə burada sadəcə bir vasitə kimi çıxış edir.

Aleksey Navalnı, arxiv şəkli
© AP Photo / Alexander Zemlianichenko, File

İnformasiya-təbliğat sahəsində dominant mövqeyə sahib olmaq ABŞ hegemoniyasının mühüm hissəsini təşkil edir. Böyük Britaniya isə ənənəvi olaraq ABŞ-a bu məsələdə havadarlıq nümayiş etdirir. Bu iki ölkənin siyasi və xüsusi xidmət sahələrindəki əməkdaşlığı isə artıq hamıya çoxdan məlumdur.

ABŞ-ın supergücünün tədricən deqradasiyaya uğraması və Birləşmiş Krallığın beynəlxalq aləmə pərdəarxası təsirinin açıq şəkildə zəifləməsi son illərdə adi hala çevrilib. Lakin bu proseslər əsasən iqtisadi, bürokratik və bəzi siyasi mexanizmlərə təsir göstərir.

Eyni zamanda, iki gücün üstünlüyünün bu günə qədər də danılmaz olduğu sahələr var. Amerika ordusunun NATO-dakı üstünlüyünə şübhə etmək mümkün olmadığı kimi, aydın məsələdir ki, Avropa qitəsindəki heç bir media orqanı İngiltərənin "Times" və ya ABŞ-ın CNN-i ilə rəqabət aparmaq iqtidarında deyil. "Twitter" və "Facebook" kimi ictimai fikri manipulyasiya etməyə imkan verən güclü sosial şəbəkələrə nəzarət mərkəzinin məhz okeanın o biri tayında yerləşdiyi də ayrı məsələdir.

Vaşinqtonun RT və ya Çin şirkəti "TikTok"a qarşı sərt siyasəti, ABŞ-ın bu cür strukturların əhəmiyyətini yaxşı başa düşdüyünü bir daha təsdiqləyir.

Bununla belə, geopolitik rəqiblərin özlərinin mediaya təsir resurslarına sahib olduğunu nəzərə alsaq, ABŞ bu vəziyyətə öyrəşib və sözügedən şirkətlərin öz ərazisindəki fəaliyyətini məhdudlaşdırmaqda çətinliklə qarşılaşmayacaq. Amerikan-ingilis xüsusi xidmət və təbliğat tandemi üçün Qərbin öz daxilində rəqiblərinin meydana gəlməsi isə daha həssas məsələdir. Və indi məhz bu baş verir – Navalnı məsələsi hər iki ölkə üçün son dərəcə xoşagəlməz və arzuolunmaz proseslərin getdiyini göstərir. Rusiyadan baxanda bəlkə də belə görünə bilər ki, blogerlə bağlı yaranan səs-küy artıq hamını boğaza yığıb, əslinə isə bu çox unikal hadisədir, çünki bütünlüklə Berlinin əməlidir.

Bəli, Almaniya standart rusofobiya gündəmindən yararlanır, amma onu öz "böyük tərəfdaş"larından mənimsəyərək oyuna müstəqil şəkildə qoşulur.

Navalnıya nəzarət almanların əlindədir və o, hər şeyi –  "Şimal axını 2" layihəsini müdafiə etməkdən tutmuş onu dəstəkləməyən amerikalıların ünvanına söylədiklərinə qədər –  Berlinin diktəsi ilə edir. Nəticədə alman mediası bir neçə gün ərzində dünya üçün əsas xəbər mənbəyinə çevrilib və ingilis dilli media almanlardan sitat gətirmək, onların yazdıqlarını tirajlamaq məcburiyyətində qalıb. Bu kontekstdə Olimpiya oyunlarına kiberhücum təşkil edən Rusiyanın Baş Kəşfiyyat İdarəsinin hakerləri ilə bağlı məsələ tamamilə başqa məna kəsb edir. Əslində, amerikalılar və ingilislər bu mövzunu ortaya atmaqla Navalnı məsələsini xəbər gündəmindən tamamilə kənarlaşdırmağa çalışırlar. Çünki onların fikrincə, bu rəqiblərinin layihəsidir. Bundan başqa, Vaşinqton və London üçün bir müddətlik almanların nəzarəti altına keçən qlobal media-siyasi məkan üzərindəki nəzarəti yenidən ələ almaq çox vacibdir. Bunun ən yaxşı yolu isə mediada Rusiya əleyhinə bir mövzunu başqa bir mövzu ilə əvəz etməkdir. Hərçənd, hər iki tərəf Rusiyaya qarşı dostyana ritorikadan istifadə etmir, ancaq onların arasındakı fikir ayrılığı mahiyyət etibarilə, Rusiyanın (və bir çox digər ölkələrin) xeyrinədir. Çünki bütün bunlar Qərbin daxilindəki münaqişə vəziyyətini gücləndirir və onun tənəzzülünü stimullaşdırır.

Almaniyanın qısa müddətlik də olsa, dünyadakı siyasi-informativ məkana nəzarəti ilk dəfə ələ keçirməsi faktını nadir istisna hallarından biri kimi qəbul etmək lazımdır. ABŞ və Böyük Britaniya isə artıq mediadakı dominant mövqeyi əldən verməyə hazır olsalar, yaxşıdır. Çünki indi bu sahədə onlara nəinki geopolitik rəqibləri, yaxın müttəfiqləri belə meydan oxumağa başlayıblar.

33
Yəhudilər, arxiv şəkli

Azərbaycanın yəhudi icması dünya yəhudilərinə müraciət etdi: Azərbaycanın yanında dayanın!

0
(Yenilənib 23:09 22.10.2020)
Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin

BAKI, 22 oktyabr - Sputnik. Azərbaycandakı yəhudi cəmiyyətləri dünya yəhudilərinə və yəhudi təşkilatlarına müraciət ünvanlayıb.

Yəhudi icmasından Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan zəngin tarixə mədəniyyətə və multikultural dəyərlərə malik bir ölkədir. Bu ölkədə qanunlara riayyət edən hər kəs milliyyətindən, irqindən asılı olmayaraq sülh və təhlükəsizlikdə yaşayır. Biz, Azərbaycan yəhudiləri burada təxminən 2000 ildir ki, sülh və təhlükəsiz şəraitdə yaşayırıq. Tam əminliklə deyə bilərik ki, azərbaycanlılar çox sülhsevər, dinc, tolerant və muktikultural dəyərlərə çox sadiq insanlardır. Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri və bağçaları fəaliyyət göstərir. Bizim ölkədə müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik içərisində yaşayır. Azərbaycan dövləti etnik azlıqlar da daxil olmaqla öz vətəndaşlarına qarşı çox tolerant və qayğıkeşdir.

Lakin biz qeyd etməliyik ki, artıq 30 ilə yaxındır ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların arasında düşmənçilik toxumu səpməyə cəhd edib, lakin bu əməlindən faydalana bilməyib. Müharibə zonasında verdiyimiz şəhidlərimizlə yanaşı  Ermənistan hökumətinin mülki əhaliyə qarşı törətdiyi cinayətlər və təxribatlar bizim birliyimizin bağlarını və aramızdakı qardaşlığı daha da gücləndirib. 

Biz çox təəssüflə qeyd edirik ki Ermənistan hökumətinin bizim mülki və hərbi infrastrukturlarımıza qarşı və həmçinin Azərbaycan vətəndaşlarına qarşı davamlı təxribatlar törətməkdən əl çəkmək niyyətində olmadığı aşkardır.  Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozdu və təmas xəttində yerləşən azərbaycanlı mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan və artilleriya qurğularından intensiv şəkildə atəşə tutdu. Buna cavab olaraq  Azərbaycan ordusunun bu günə qədər davam edən uğurlu əks hücumu nəticəsində Azərbaycan ordusu Ermənistanın işğalı altında olan ərazilərinin nəzərəçarpacaq bir qismini azad edib.

Hərbi uğursuzluqlarını həzm edə bilməyən Ermənistan silahlı qüvvələri münaqişə zonasından kilometrlərlə uzaq olan Azərbaycan şəhərlərinə raket zərbələri endirdi. Burada xüsusilə Gəncə şəhəri qeyd olunmalıdır, Gəncədə bu gün böyük Yəhudi icması yaşayır. İki dəfə raket hücumuna məruz qalan Gəncədə çox sayda mülki şəxslər həlak oldular.  Bütün bunlara rəğmən biz bəzi Yəhudi  təşkilatlarının bu gün də humanitar hüququ pozaraq regionda sülh və sabitliyi gözardı edən təcavüzkar ölkə Ermənistanla bağlı doğru məlumatlara sahib olmamaqla əlaqəli xəbərlərdən çox məyusuq və bu bizi çox narahat edir. Azərbaycanda yaşayan Yəhudi icmaları olaraq biz əziz soydaşlarımız sizə müraciət edirik.

Dünya ictimaiyyətini yanıltmağa yönəlmiş yanlış məlumatlandırma da daxil olmaqla təcavüzkar Ermənistanın təxribatlarına inanmayın, dost Azərbaycan xalqının və hökumətinin ədalətli mübarizəsində onların yanında dayanın və Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin".

Qeyd edək ki, müraciəti Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycan Aşkenazi Yəhudi İcmasının sədri Aleksandr Şarovski, Azərbaycanın Gürcü Yəhudi İcmasının sədr müavini Rabbi Zamir İsayev və Azərbaycanda Amerika Yəhudi Təşkilatının "Vaad L'hatzolas Nidchei Yisroel" direktoru Rabbi Şmuel Siman Tov imzalayıb.

0
Əlaqədar
Yəhudiləri niyə sevməliyik?
Yəhudilər Qarabağda Azərbaycanın qələbəsi üçün dua etdilər
Yəhudilər Azərbaycana təşəkkür etdilər
Azərbaycanlı çobanın eşqinə yəhudilər heyran oldular