Suriyada bombardıman

"Suriya yanğını" yenidən alovlanır

60
ABŞ-ın Əsəd rejiminə bağlı əsgərləri bombalaması rəsmi Dəməşq və Moskvanın sərt təpkisinə səbəb olub. Türkiyə isə öz oyununu oynamaqda davam edir.

BAKI, 19 sen — Sputnik. Sentyabrın 16-dan 17-nə keçən gecə ABŞ hərbi hava qüvvələrinin Bəşər Əsədə bağlı ordunun mövqelərinə zərbələr endirməsi dünya gündəmini silkələyib. Ağ Ev havadan zərbələrin səhvən endirildiyini söyləsə də, Suriya rejimi və rəsmi Moskva Vaşinqtonu sərt tənqid edib.

Hətta Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi təmsilçisi Vitali Çurkin qurumu təcili toplantıya çağıraraq ABŞ-ın qınanmasını istəyib. Yığıncaın sonunda yekun qərar çıxmasa da, amerikalı təmsilçi Suzan Raysla rus həmkarı Vitali Çurkin arasında mübahisə yaşanıb.

Çurkin Amerika ordusunun hava zərbələrində 64 əsgərin ölməsinin adi qarşılana bilinməyəcəyini deyərək, Vaşinqtondan tutarlı açıqlama gözlədiyini qeyd edib. Bununla belə Ağ Ev, hadisənin təsadüf olduğunu söyləməkdə israr edir.

Rəsmi Pentaqon Deyr əz-Zordakı suriyalı hərbçilərin səhvən hədəfə alındığını açıqlayıb: "Həmin ərazinin əvvəllər İŞİD terrorçularının nəzarətində olması koalisiya qüvvələrini yanıldıb".

Məsələ ilə bağlı rəsmi bəyanat yayan Suriya hökuməti, hücumu ABŞ-ın İŞİD-ə dəstəyinin sübutu kimi qələmə verib. Rusiya Müdafiə Nazirliyinin bəyanatında isə qeyd olunur ki, Bəşər Əsədə bağlı əsgərlərin Deyr-əz-Zor əyalətindəki mövqelərinə 4 hava zərbəsi endirilib.

"Hücum zamanı 2 F-16 və 2 A-10 qırıcısından istifadə olunub və həmin qırıcılar İraq ərazisindən Suriyaya daxil olub. Hava zərbələrindən dərhal sonra İŞİD silahlıları həmin istiqamətdə hücuma keçib", — Rusiya MN-in açıqlamasında qeyd olunur.

Zərdüşt Əlizadə, politoloq
© Photo : STR
Zərdüşt Əlizadə, politoloq

Pentaqon isə iddia edir ki, əməliyyatlar barədə Rusiya tərəfinə öncədən məlumat ötürülüb. Pentaqonun bu iddiasını Kreml dərhal təkzib edib. Kremldən verilən açıqlamada qeyd olunur ki, hücum zamanı Rusiya həmin ərazilərin Suriya ordusunun nəzarətində olması barədə koalisiya qüvvələrinə məlumat verib.

Mövzunu Sputnik-ə dəyərləndirən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Amerika Əsəd rejiminə bağlı əsgərləri vurmaqla Rusiyaya konkret mesaj göndərir: "ABŞ açıq şəkildə Rusiyaya bildirir ki, mənim dəstəklədiyim silahlı qrupları bombalama. Rusiya isə bombalamağa davam edəcəyini söyləyir. Nəticədə Amerika da, bu cavab qarşısında gedib Suriya rejiminin əsgərlərinə havadan zərbələr endirir".

Z. Əlizadəyə görə, hadisədən sonra Ağ Evin üzr istəməsi görüntü xarakteri daşıyır: "Hadisə baş verəndən sonra ABŞ-ın üzr istəməsi sadəcə görüntü məqsədlidir. Əslində bu yaşananlar böyük bir oyunun tərkib hissəsidir. "Bilmədim vurdum", "təsadüfən oldu, bağışlayın" — bunlar hamısı böyük siyasətdə tez-tez istifadə olunan fəndlərdir".

Türk politoloq Ahmet Akaydın. Arxiv foto
© Photo : Ahmet Akaydının şəxsi arxivindən
Türk politoloq Ahmet Akaydın. Arxiv foto

Siyasi şərhçi son vaxtlar Vaşinqtonla ciddi problem yaşayan Türkiyənin son hadisəyə hansı reaksiyanı verəcəyini isə belə izah edib: "Türkiyə bölgədə öz oyununu oynayır və Amerikanın Əsədi bombalamasına əsla mənfi münasibət bildirməyəcək. Çünki Ankaranın Bəşər Əsədə münasibəti bəllidir".

Türkiyəli politoloq Ahmet Akaydın isə Sputnik-ə açıqlamasında deyib ki, rəsmi Ankara Ağ Evi açıq formada tənqid etməsə də, hadisənin detallarını öyrənməyə çalışacaq: "Əslində diqqət etsəniz, görərsiniz ki, prezident Ərdoğan BMT Baş Assambleyası üçün Nyu-Yorka gedərkən hava limanında belə bir cümlə işlətdi: "ABŞ-a çatar-çatmaz amerikalı rəsmilərdən son hadisənin səbəbini və niyə baş verdiyini soruşacağam". Lakin bununla belə hesab etmirəm ki, Türkiyə hökuməti Əsədi bombaladı deyə Amerikanı açıq formada tənqid etsin".

60
Teqlər:
bombardıman, Bəşər Əsəd, Türkiyə, Rusiya, ABŞ, Suriya
Əlaqədar
Suriyada atəşkəs müddəti uzadıldı
Ərdoğan: Suriyada Aİ və NATO-nun məqbul saydığı layihəni həyata keçiririk
Suriyada atəşkəs elan olundu
Rusiya və ABŞ Suriya ilə bağlı razılığa gəldi
Suriya və Ukrayna problemləri "düyünə düşüb"
Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi
Türk ordusu Suriyaya girməklə kimlərin planını alt-üst etdi?
Donald Trampın tərəfdarları Mançesterdə, arxiv şəkli

Qafqazdan ABŞ-dakı prezident seçkisinə reaksiya: "Bəzi şeyləri artıq bilirik"

630
(Yenilənib 22:10 14.08.2020)
"Təssəvvür edin, Bayden kampaniyasında artıq indidən 2000 nəfərlik xarici siyasət, beynəlxalq təhlükəsizlik, kəşfiyyat və hərbi məsələlər üzrə ekspertlərdən ibarət qrup yaradılıb"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. ABŞ-da keçiriləcək prezident seçkiləri hər keçən gün bir qədər də yaxınlaşır. Təbii ki, dünyanın supergüclərindən birində keçiriləcək və öz nəticəsi ilə dünyaya təsir edəcək seçkilərə Azərbaycanda da maraq böyükdür.

Artıq ABŞ prezidentliyi uğrunda əsas mübarizənin Respublikaçılar Partiyasından hazırkı Prezidenti Donald Tramp və Demokratlar Partiyasının namizədi Co Bayden arasında gedəcəyi heç kimə sirr deyil. Yeri gəlmişkən, sonuncu vitse-prezident postuna namizəd olaraq Kamala Harrisin namizədliyini irəli sürüb. Kamala Harris əsas partiyalardan vitse-prezident postuna namizədliyi irəli sürülən ilk qaradərili qadın kimi artıq ABŞ tarixinə düşüb.

Donald Tramp isə onun vitse-prezident postuna namizədliyini mənfi dəyərləndirərək qeyd edib ki, xanım Harris vergilərin artırılmasının, hərbi xərclərin və şist nefti üzrə hasilatın azaldılmasına tərəfdarı və ən liberal senatordur. Düzdür, hazırkı prezident Donald Tramp koronavirus pandemiyası (COVID-19) ilə bağlı seçkilərin müəyyən müddətə qədər təxirə salınmasını təklif edib. Lakin Ağ Evin qərargah rəisi Mark Midouz seçkilərin məhz bu il noyabrın 3-də keçiriləcəyini bəyan edib.

Görünən budur ki, qeyd olunan tarix yaxınlaşdıqca ABŞ-da prezident kürsüsü uğrunda mübarizə daha da kəskinləşəcək. Sayca 59-cu olacaq seçki namizədlərin vədləri ilə yanaşı, ABŞ-da həmin ərəfədə COVID-19-la bağlı durum, həmçinin Black Live Matters (Qaradərililərin həyatı vacibdir) hərəkatının necə inkişaf etməsindən də asılı olacaq. Sputnik Azərbaycan ABŞ siyasi həyatında son durum, seçki prosesinin gedişi və Demokratlar partiyasından vitse-prezident postuna namizəd Kamala Harrisin seçilməsi ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, ABŞ-ın Kolumbiya Universitetinin məzunu Fuad Çıraqovla həmsöhbət olub.

- Fuad müəllim, artıq ABŞ-da prezidentlik kürsüsü uğrunda mübarizə edən cütlüklər (Tramp – Pompeo və Bayden - Kamala Harris) bəllidir. Ümumiyyətlə, Bayden tərəfindən Kamala Harrisin vitse-prezidentliyə namizəd göstərilməsini necə dəyərləndirirsiniz?

- Son bir neçə ay ərzində demokratlar partiyasının daxilində Baydenin qarşıdan gələn prezident seçkilərində vitse-prezident namizədinin kim olacağı və kimi seçəcəyi barəsində müzakirələr və mübarizələr gedirdi. Hələ bu ilin əvvəlində prezident seçkiləri kampaniyasının ilkin mərhələsində Bayden onun vitse-prezidentinin qadın olacağını bildirmişdi. Son illərdə liberallar arasında qaradərili prezidentdən sonra (Barak Obama - red.) ABŞ-da qadın prezidentin olması haqqında arzular və bunun zərurət olması haqqında fikirlər özünə yer alıb. Ötən dəfəki seçkidə namizədliyini verən Hillari Klintonla bu alınmamışdı. Baydenin bu fikrindən sonra bütün diqqət demokratların öndə gedən qadın siyasətçilərinin üzərində cəmlənmişdi.

Mayın sonunda Minnesotada polisin zorakılıqla qaradərili şəxsi qətlə yetirməsi və daha sonrakı etiraz aksiyalarından sonra Bayden onun vitse-prezident namizədinin həm də qaradərili olacağını bildirdi. Və burada C.Baydenin dilinin bəlasına düşdüyünü də deyirlər. Bundan sonra qadın namizəd kimi demokratlar partiyasının daxilində solçuların lideri və böyük nüfuza sahib ağdərili Elizabet Varrenin namizədliyinin ehtimalı aradan qalxdı. Qaradərili qadın vitse-prezident namizədləri kimi Obama administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Syuzan Rayz, Kaliforniyadan olan senator Kamala Harris və Konqresdə Qaradərili konqresmenlər qrupunun lideri Karen Bassın namizədlikləri önə çıxdı. Yəni Baydenin K.Harrisi özünə vitse-prezident seçməsində onun professional keyfiyyətləri deyil, daha çox cinsi və irqi mənsubiyyəti əsas rol oynayıb.

- ABŞ-da seçki öncəsi durumu necə qiymətləndirirsiniz? Fikrinizcə, hansı namizədin seçkidə qalib gəlmək şansı daha çoxdur?

- Artıq 10 ildən çox müddətdir ki, müşahidəçilər və təhlilçilər ABŞ-ın daxili siyasətini kəskin şəkildə qütbləşmə, ziddiyyətlər, ölkənin daxili və xarici siyasət məsələləri ilə bağlı konsensusun itirilməsi, hətta bəzən müəyyən həssas dövlət orqanlarının fəaliyyət imkanlarının itirilməsi kimi qiymətləndirirlər. 2016-cı il prezident seçkilərində, ondan sonrakı dövrdə və hazırki prezident seçkiləri kampaniyası zamanı ziddiyyətlərin xüsusilə kəskinləşdiyini görürük. Koronavirusun ABŞ iqtisadiyyatına vurduğu zərbə Tramp administrasiyasının iqtisadi sahədə əvvəlki dövrlərdə əldə etdiyi bütün uğurları alt-üst etməklə qarşıdan gələn seçkilərdə onun mövqelərinə ciddi zərbə vurdu. Artıq əksər şərhçilər və bütün sosioloji sorğular daha əminliklə Trampın prezident seçilməyəcəyini proqnoz etməyə cürət edirlər. Məsələn, nüfuzlu The Economist jurnalı D.Trampın rəqibi C.Baydenin qalib gəlmə şansını 83% qiymətləndirir. Hətta bu nəticələr iyunda Trampa yaxın FOXtv televiziya şirkətinin keçirdiyi sosioloji sorğuların nəticələrində də öz əksini tapdı. Belə ki, bu televiziya şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, seçicilərin 48%-i Baydeni, 40%-i Trampı dəstəkləyir. Bu sorğunun nəticələrindən Tramp hiddətlənərək öz tvitter səhifəsində "yalançı sorğunu keçirənləri işdən qovmağa çağırdı". Digər sosioloji sorğularda Trampın ənənəvi olaraq respublikaçıların güclü və hakim olduğu bölgələrdə də mövqelərinin zəiflədiyini görürük. Hər halda seçkilərə hələ var, şəxsən hesab edirəm ki, nəticələr barəsində nəsə əminliklə demək çətindir və tezdir.

- Tramp Administrasiyasının Qafqazla, xüsusi ilə Azərbaycanla bağlı siyasəti təxminən bəllidir. Trampın seçkilərdə qalib gələcəyi təqdirdə bu siyasətdə hansısa kəskin dəyişiklikləri gözləyirsinizmi? Bayden-Harris cütlüyü seçkidə qalib gəlsə, onda yeni hökumət Qafqaz regionu, xüsusilə Azərbaycanla bağlı hansı siyasət yürüdə bilər?

- Görünən odur ki, Bayden prezident seçiləcəyi təqdirdə xarici siyasət məsələlərinə indidən çox ciddi şəkildə hazırlaşmaqdadır. Bu da təbiidir. Çünki ABŞ son illərdə öz mövqelərini dünyada itirməkdədir, bəzi bölgələrdən çəkilməkdədir, eyni zamanda hələ də onun strateji maraqları üçün bir sıra ciddi təhdidlərin və çağırışları necə idarə etməyin lazım olması yollarını tapa bilmir. Həmin çağırışların və təhdidlərin idarə edilməsi haqqında ölkənin ekspert və ictimai rəyində ekspert icması haqqında bütöv və ortaq konseptual yanaşma yoxdur. Həmin mövzular ətrafında müzakirələr və mübahisələr ortaq məxrəclərə və həll yollarının tapılmasına gətirib çıxarmır. Təsəvvür edin, Bayden kampaniyasında artıq indidən 2000 nəfərlik xarici siyasət, beynəlxalq təhlükəsizlik, kəşfiyyat və hərbi məsələlər üzrə ekspertlərdən ibarət qrup yaradılıb. Konkret olaraq Baydenin seçiləcəyi təqdirdə Qafqaz siyasətinə gəldikdə, bu barədə hələ nəsə dəqiq demək çətindir. Dəqiq nəsə demək üçün hələ bir çox şeylər bilinmir. İlk növbədə xarici siyasət və milli təhlükəsizliklə bağlı mühüm postlara məhz kimlərin təyin olunacağı, dünyaya və regiona baxışlarının necə olacağını bilmək lazımdır.

Bayden "Facebook"a tələb irəli sürdü: Tramp "dezinformasiya" yaya bilməsin>>

Bundan əlavə, bəzi şeyləri də artıq bilirik: ilk növbədə Baydenin artıq vitse-prezident kimi xarici siyasət və regionla bağlı müəyyən təcrübəsi formalaşıb. Bu təcrübə və regionla bağlı müəyyən təsəvvürlər Obama administrasiyasının sonuncu iki ilində formalaşmışdı. Ona görə də Bayden administrasiyasının xarici siyasətində müəyyən ardıcıllığın da olacağını deyə bilərik. Digər tərəfdən, Bayden administrasiyasının regionla bağlı siyasəti ABŞ-Rusiya, ABŞ-Çin, ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinin necə olmasından asılı olacaq və ya bu koordinatların kəsişməsində olacaqdır. Baydenin zamanında ABŞ-Rusiya münasibətləri hamar olmayacaq, 2016-cı il prezident seçkilərindən sonra Rusiya demokratlar partiyası üçün xarici siyasətdə ən böyük təhdidə və təhlükə obyektinə çevrildi. Digər tərəfdən, sosioloji sorğular Çinin bu ölkədə ən böyük təhdid kimi qəbul edildiyini göstərir - həm respublikaçılar, həm də demokratlar arasında. Bu məqam da mühüm faktor olacaq. İranla demokratlar yenidən nüvə sazişinə qayıtmağın tərəfdarı kimi çıxış edirlər. Yəni Baydenin prezidentliyi dövründə gərginlik regionda aşağı düşə bilər.

630
Əlaqədar
Tramp Baydenin seçimini təhlükəli adlandırıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?
Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı
Tramp Çin şirkətindən “dolya” istəyir
Neft nasosu və tanker, arxiv şəkli

İqtisadiyyat siyasəti sıxışdırıb: ABŞ Rusiyanın ən yaxşı müştəriləri sırasında

17
(Yenilənib 19:45 14.08.2020)
ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Səudiyyə Ərəbistanı isə hasilatı artırmır. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb və ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

BAKI, 14 avqust — Sputnik, Natalya Dembinskaya. Yarım il ərzində ABŞ Rusiyadan 9 milyon tondan artıq neft məhsulu alıb — bu, 2004-cü ildən bəri rekord göstəricidir. Eyni zamanda, Vaşinqton Avropanın Rusiyanın enerji resurslarından asılılığının güclənməsinə imkan verməmək üçün "Şimal Axını 2" layihəsini hər vəchlə dayandırmağa çalışır. Bəs niyə amerikalılar özləri Rusiyanın enerji resurslarını alırlar? Cavabı RİA Novosti-də.

Rekord ixrac

Rusiya yanvar-iyul aylarında ABŞ-a neft məhsullarının satışından 2,2 milyard dollar qazanıb – bunlar Federal Gömrük Xidmətinin məlumatlarıdır. Okeanın o tayına 7,46 milyon tondan çox neft məhsulu göndərilib ki, bu da ümumi ixracın 12 faizidir. Hamıdan çox Niderland alıb – 12,19 milyon ton, amerikalılar ikinci yerdədirlər, üçüncü isə 4,4 milyon ton ilə Maltadır.

Özü də Niderland və Malta tranzit hablarıdır – oradan neft məhsulları başqa ölkələrə göndərilir. Yəni ABŞ-a faktiki ixrac daha da yüksək ola bilər, çünki Federal Gömrük Xidməti bu cür tədarükləri nəzərə almır.

Həqiqətən də ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ilin ilk beş ayında Rusiya neftinin Amerika tərəfindən idxalı 68 milyon barelə və ya 9,3 milyon tona çatıb. Bu, Federal Gömrük Xidmətinin altı ay üçün olan rəqəmlərindən çoxdur, çünki EIA göndərən ölkəni deyil, istehsalçını qeyd edir.

Bundan başqa, iyulda amerikalılar Rusiya mazutunun tədarükünü artırıblar — iyuna nisbətən 16 faiz çox.

Əvəz etmək üçün heç nə yoxdur

Məsələ bundadır ki, ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Bir sıra neft emalı müəssisələrinin texnologiyası isə yalnız Perm hövzəsindən və Qərbi Texasdan gələn yüngül neftdən istifadə etməyə imkan vermir. Onu Venesueladan alınan ağır neftlə qarışdırmaq lazımdır. Lakin Trampın Venesuelanın PVSDA dövlət şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Amerikanın neft emalı zavodlarında xammalla bağlı ciddi problemlər yaranıb.

"Citgo Petroleum", "Valero Energy", "Chevron" da daxil olmaqla Meksika körfəzi və şərq sahillərinin zavodları ən çətin vəziyyətə düşüb.

Səudiyyə Ərəbistanının kimyəvi tərkibcə yaxın olan nefti alternativ ola bilərdi, lakin səudiyyəlilər hasilatı artırmaqdan imtina ediblər. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb – ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.

"Vaşinqton "Qazprom"un "Şimal Axını 2" kəmərinin tikintisinin başa çatdırmasına imkan verməmək üçün əlindən gələni edir. Lakin bu, iqtisadi maraqların üst-üstə düşməsi halında əməkdaşlığa mane olmur", - "Alpari" İnformasiya-Analitik Mərkəzinin rəhbəri Aleksandr Razuvayev qeyd edib.

"Dünyada baş verən son geosiyasi hadisələr neft bazarını Rusiyanın xeyrinə dəyişib. Çünki ABŞ digər iki ölkədən tədarükdən imtina edib və onlara qarşı sanksiyalar tətbiq edib. Beləliklə, "Urals" nefti yeganə əlverişli ağır neft növünə çevrilib", - "A3F Group" şirkətlər qrupunun həmtəsisçisi Aleksandr Dujnikov deyib.

Uyğun xüsusiyyətlərinə əlavə olaraq, Rusiya xammalı qiymətinə görə cəlbedicidir. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında "Urals" markasının bir bareli orta hesabla 40,34 dollara satılıb, ötən ilin yanvar-iyul aylarında isə qiymət 65,27 dollar olub.

Bundan əlavə, neft yükünün daşınma qiyməti əhəmiyyətli dərəcədə azalıb. Karantindən çıxdıqdan sonra isə yanacaq istehlakı artıb – insanlar daha çox hərəkət etməyə və təyyarələrdə uçmağa başlayıblar.

Sənaye böhranı

Neft qiymətlərinin çökməsi səbəbindən ABŞ-da qazma qurğularının sayı minimuma enib. "Dakota Access" neft kəməri ekoloji qanunvericiliyin pozulması səbəbindən bağlanıb.

Gündəlik hasilat 13,1 milyondan 11,1 milyon barelə düşüb. Üstəlik, bu, ABŞ-ın ən məhsuldar şist hövzələri olan Perm, İql-Ford, Bakken, Niobrom, Anadarko, Appalaç və Heynsvil hövzələrində də müşahidə olunur. EIA-nın avqustun 11-də nəşr etdiyi proqnoza görə, bu il sənayenin orta istehsal gücü gündə 11,26 milyon barel, 2021-ci ildə isə 11,14 milyon barel təşkil edəcək. Dekabradək məhz amerikalılar dünya neft tədarükünün azaldılmasına ən böyük töhfəni verəcəklər. Bunu EIA proqnozlaşdırır.

"Haynes & Boone" şirkətinin məlumatına görə, yanvardan etibarən ümumi borcu 25,2 milyard dollar olan 36 neft-qaz şirkəti müflisləşmə prosedurunu işə salıb. Onların arasında ən böyük şist şirkətlərindən biri "Whiting Petroleum", həmçinin "California Resources" və şist sənayesinin pioneri "Chesapeake Enеrgy" var. İyunda başqa bir böyük şist istehsalçısı - "Extraction Oil & Gas" borc faizlərini vaxtında ödəyə bilməyib və iflas proseduruna başlamaq üçün məhkəməyə müraciət edib.

"Rystad Energy" şirkətinin qiymətləndirmələrinə görə, ilin sonuna qədər, demək olar ki, Amerikanın 150 neft-qaz şirkəti özünü iqtisadi cəhətdən müflis elan edəcək.

ABŞ-da şist hasilatı gündə beş milyon bareldən aşağı düşə bilər. "ShaleProfile Analytics" proqnozlaşdırır ki, nəticədə sənaye istehsal güclərinin üçdə birini itirəcək.

17
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Əlaqədar
Era sona yaxınlaşır: böyük neft şoku yaşanacaq
Şist kollapsı: ABŞ neft hasilatının düşməsi üzrə rekordsmen olacaq
Vaşinqton Avropanı həqiqətən cəzalandırmaq qərarına gəlib
Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?
Rəqabətə tab gətirmədi: Avropa və Asiya Amerikanın maye qazından imtina edir

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

0
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

0