Qazaxıstan hökumətinin iclası

Ermənistan Qazaxıstandakı istefaların arxasında durur?

93
Ekspertlər prosesi sosial problemlərlə əlaqələndirməklə yanaşı, işin arxasında xaricdən sifarişlərin dayanmasını da istisna etmirlər

BAKI, 9 sen — Sputnik. Dünən Ermənistanın baş naziri Ovik Abramyan və Qazaxıstanın baş naziri Kərim Məsimov istefaya göndərilib. Qazaxıstanda hökumətin tam tərkibdə istefaya gedəcəyi də gözlənilir.

Asim Mollazadə
Asim Mollazadə

MDB məkanında ard-arda gələn bu istefalar regionda yeni siyasi proseslərin başlandığı ab-havasını yaradıb. Üstəlik belə bir məqamda ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskvada bir araya gəlməsi "İstefaların arxasında nə dayanır?" sualını aktuallaşdırır.

Heç şübhəsiz ki, rəsmi Bakını İrəvanda baş verənlər daha çox maraqlandırır. Lakin ekspertlərin çoxu MDB məkanında yaşanan istefaların, ATƏT-in Minks qrupu həmsədrlərinin Moskvada bir araya gəlməsinin bir-biri ilə əlaqəli olmadığını düşünürlər.

Mövzunu Sputnik-ə dəyərləndirən millət vəkili Asim Mollazadə, MDB məkanındakı istefaların ayrı-ayrı səbəbləri olduğunu və bir-biri ilə əlaqəsi olmadığını deyib. Millət vəkili, istefalar ərəfəsində Minsk qrupu həmsədrlərinin Moskvada bir araya gəlməsinin isə formal xarakter daşıdığını qeyd edib.

"Minsk qrupu həmsədrləri protokola uyğun olaraq tez-tez görüşürlər. Sadəcə olaraq bu dəfəki görüşün vaxtı insanları nisbətən çaşdırıb. Eyni vaxtda həm Ermənistanda, həm də Qazaxıstanda istefalar yaşandığı üçün, bəziləri düşünürlər ki, Minsk qrupu həmsədrlərinin görüşü də bununla əlaqəlidir. Ancaq mən, bu üç hadisə arasında hər hansı əlaqə görmürəm. Hərəsi ayrı-ayrı proseslərin nəticəsidir. Ermənistan məsələsinə gəlincə, bu ölkə təcavüzkar, beynəlxalq hüquq tanımayan bir rejim tərəfində idarə olunur. Və idarəetmədə yaranmış özbaşınalıq xalqın ciddi etirazlarına səbəb olur. Baş nazirin istefa verməsi də bu özbaşınalıqların, sərt idarəetmənin nəticəsidir", — deputat qeyd edib.

Politoloq Rauf Mirqədirov da hesab edir ki, bu üç məsələni bir-biri ilə qarışdırmaq olmaz. Sputnik-ə açıqlama verən siyasi şərhçinin sözlərinə görə, Ermənistan və Qazaxıstanda yaşanan istefaların arxasında sosial problemlər durur: "Bunlar tamamilə bir-birindən fərqli proseslərdir. Çünki ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşü bu istefalar olmadan öncə planda var idi".

Rauf Mirqədirov
azadliq.org
Rauf Mirqədirov

"Ermənistan və Qazaxıstandakı istefalar birbaşa sosial problemlərlə əlaqəlidir. Çünki hər iki ölkədə uzun müddətdir ki, ağır-sosial iqtisadi vəziyyət yaşanır. Bu istefalara qədər hər iki ölkədə dəfələrlə xalq ayaqlanmaları baş verdi. Vətəndaşlar kütləvi şəkildə etiraz aksiyaları keçirdilər. Və nəticədə hökumətlər istefa verməyə məcbur qaldı", — politoloq vurğulayıb.

R. Mirqədirova görə, bu istefaların arxasında xaricdən sifarişlər də ola bilər: "Rusiya MDB məkanında öz maraqlarının tanınmasını açıq şəkildə bəyan edir. Və hesab edir ki, bu məkanda bir çox problemlər Rusiyanın maraqları nəzərə alınmadığı üçün baş verir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, həm Qazaxıstan, həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Hər ikisi də prinsipcə Rusiyanın ən yaxın müttəfiqləridir. Sözsüz ki, bu ölkələrdə gedən proseslərdə Rusiya maraqlıdır. Və proseslərdə istər-istəməz iştirak edir".

93
Teqlər:
Rauf Mirqədirov, Asim Mollazadə, istefa, baş nazir, hökumət, Qazaxıstan, Ermənistan
Əlaqədar
Nazarbayev baş naziri işdən çıxardı
Ermənistanın baş naziri istefa verdi
Baş nazirin istefası gözlənilir
Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək
Türkiyənin Baş naziri Azərbaycana gələcək
Türkiyə Baş nazirindən mühüm açıqlama
Səudiyyə Ərəbistanında Salva iqamətgahında G20 ölkələrinin liderlərinin proyeksiyası

Koronavirus G20 sammitini vurdu, ancaq Qərb hələ rus peyvəndinə qarşı dirənir

15
(Yenilənib 16:31 23.11.2020)
Dünyada COVID-19 pandemiyasından tutmuş qlobal iqtisadi böhrana kimi ümumi problemlər kifayət qədər olsa da, onların ümumi həlli yoxdur və olmayacaq da

BAKI, 23 noyabr — Sputnik, İvan Danilov. G20 virtual sammiti iştirakçılarının vicdanlı səylərinə baxmayaraq, qloballaşmanın məhvini və COVID-19 sonrası dünyada mövcud olmayacağını bir daha təsdiqlədi. Özü də burada söhbət "Amerika təkqütblü dünyasına" (Pax Americana şəklində) qarşı hər hansı bir sui-qəsd və ya 20-ci əsrin ikinci yarısının "blok qarşıdurması" modelini yaratmaq cəhdindən getmir.

Vaşinqtonun və ya Brüsselin "beyin mərkəz"lərinin bu barədə nə düşündüyündən asılı olmayaraq – deqloballaşma və çoxqütblülük artıq reallığa çevrilib. Problem ondadır ki, dünyada vahid siyasi gündəm və onun müzakirəsi üçün vahid siyasi dil yoxdur. Dünya ictimaiyyətinin istinad edə biləcəyi hər hansı bir "geosiyasi kamerton" (və ya kamertonlar) da mövcud deyil. Koronavirusdan tutmuş qlobal iqtisadi böhrana kimi ümumi problemlər kifayət qədər olsa da, onların ümumi həlli yoxdur və olmayacaq da. Sadəcə ona görə ki, qlobal səviyyədə ölkələr arasındakı qarşılıqlı əlaqə sxemi "sıfırın cəminə bərabər oyun rejimi"nə keçib. Başqa sözlə, hər hansı bir ölkənin uğuru onun rəqiblərinin məğlubiyyəti kimi qəbul olunur, eyni zamanda, geosiyasi rəqiblərdən birinin nüfuz, siyasi və ya iqtisadi qələbə qazanmaması naminə bəzi ortaq maraqların (humanitar mülahizələrdən söhbət belə gedə bilməz) qurban verilməsinə tam hazır olunduğu nümayiş etdirilir.

Buna bir neçə bariz nümunə göstərmək olar. Çin Xalq Respublikasının lideri G20 zirvəsində dünya iqtisadiyyatına, beynəlxalq ticarətə və turizmin bərpasına böyük dəstək verə biləcək (bu, yoxsul ölkələr də daxil olmaqla bir çox dövlətlər üçün çox vacibdir) ölkələrarası hərəkəti ləğv edən rəqəmsal mexanizmin yaradılmasını təklif etdi. Çin bu fikirdədir ki, test nəticələrinə əsaslanan "QR sağlamlıq kodu"nun qarşılıqlı tanınması üçün beynəlxalq mexanizm yaradılmalıdır. "Ümid edirəm ki, dünyanın mümkün qədər çox ölkəsi və bölgəsi buna qoşulacaq", – deyə Si Cinpin bildirdi.

Bu ümumilikdə yaxşı ideya olsa da, sözügedən mexanizmin yaxın vaxtlarda qlobal səviyyədə reallaşma şansı çox azdır. Ən azından ona görə ki, həmin təkliflə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Si Cinpin çıxış edib. Axı rəsmi Pekinin təklifi ilə razılaşmaq Qərb liderlərinin imicinə zərbə vura bilər.

Daha bir misal koronavirus peyvəndinə əli çatmayan yoxsul ölkələrlə bağlıdır. Həmin ölkələrdə əhalinin peyvənd olunmaması planetin ayrı-ayrı bölgələrində "koronavirus ocaqları"ının qalması deməkdir ki, bu da ağır nəticələrə gətirib çıxara bilər.

Vladimir Putin öz çıxışında vaksinasiyaya qlobal əlçatanlığın vacibliyini vurğuladı: "Rusiya effektiv və təhlükəsiz peyvəndin hamı üçün əlçatan olmasını hədəfləyən sammitin əsas qərar layihəsini dəstəkləyir. Heç şübhəsiz, immunlaşdırma preparatları hamı üçün əlçatan olmalıdır. Və bizim dövlətimiz alimlərimiz tərəfindən işlənib-hazırlanmış peyvəndləri ehtiyacı olan ölkələrə verməyə hazırdır. Rusiyanın bütün dünyada koronavirus əleyhinə qeydə alınmış ilk peyvənd olan "Sputnik V" və Novosibirsk Elmi Mərkəzinin hazırladığı "EpivakKorona" peyvəndləri artıq istifadəyə hazır vəziyyətdədir. Üçüncü peyvəndimiz üzərində də iş gedir. Pandemiyanın miqyası bizi bütün mövcud mənbələrdən və imkanlardan istifadəyə məcbur edir. Ortaq məqsədimiz peyvənd preparatları yaratmaq və planetin bütün əhalisini etibarlı qoruyucu vasitələrlə təmin etməkdir. Əziz həmkarlar, bu o deməkdir ki, hər kəs üçün görülməli kifayət qədər iş var. Bəlkə də bu məqamda rəqabət qaçılmazdır, ancaq biz ilk növbədə humanitar mülahizələrdən çıxış etməli və məhz bunu ön plana çıxarmalıyıq".

Yəqin ki, deklarativ səviyyədə hər şey qaydasında olacaq, amma çox güman, "İyirmilik" ən sərfəli və təsirli peyvəndlərdən istifadə edərək yoxsul ölkələrin əhalisinin vaksinlə təmin olunması üçün ümumi fondun yaradılmasını nəzərdə tutan konkret addımlar atmağa razılıq verməyəcək. Çünki bu addımlar əlçatan və effektli rus peyvəndi "Sputnik V"nin istifadəsindən ibarət olmalıdır. Amerikada və Avropada hazırlanmış analoqlarından fərqli olaraq, bu peyvənd daha ucuzdur, üstəlik Pfizer vaksini kimi mənfi 70 dərəcə temperaturda saxlanılmasına da ehtiyac yoxdur. "Sputnik V"nin yeganə problemi isə (Vaşinqton və Brüsselə görə) onun Rusiyada istehsal olunmasıdır.

Vladimir Putin G20 ölkələrini "qaçılmaz rəqabəti" bir tərəfə buraxaraq humanizm nümayiş etdirməyə çağırsa da, Qərb mediasının Rusiya və Çin peyvəndinə qarşı əks-təşviqat apardıqları bir vaxtda onun bu çağırışına səs veriləcəyinə inam azdır.

G20 sammitində heç bir əsaslı dialoqa nail olunmayan (əvəzində dünya liderlərinin monoloqlarının bol olduğu) mövzuların siyahısını davam etdirmək mümkündür. Dünya Səhiyyə Təşkilatının islahatları, inkişaf etməkdə olan ölkələrin valyuta borcu problemləri və proteksionizmə yönəlmiş qlobal tendensiyalar da bura aiddir. Qərb liderlərinin tutduğu mövqe isə aydındır – çox danışırlar, heç kimə qulaq asmırlar və bütün təklifləri sadə bir düstura əsaslanır: "Hamı bizim dediyimiz kimi hərəkət etməlidir, onda hər şey yaxşı olacaq". Bu mənada prezidenti dəyişsə belə, ABŞ-ın mövqeyinin dəyişmə ehtimalı çox azdır.

G20 sammitində substantivliyin olmaması onu göstərdi ki, biz heç də "geopolitik blokların rəqabət apardığı" dünyaya doğru deyil, daha çox hər hansı bir məsələ ilə bağlı yalnız konkret ölkələr arasında ikitərəfli danışıqlar səviyyəsində razılığın əldə olunduğu dünyaya doğru gedirik. Nəzəri cəhətdən G20 hələ formal şəkildə mövcud olsa da, praktikada tanınmış amerikalı siyasətçi Yan Bremerin adlandırdığı "G-sıfır" dünyasına, yəni, hərənin özü üçün yaşadığı dövrə yaxınlaşırıq. Və bu da yəqin ki, koronovirusdan dünyaya qalan ən böyük tarixi miras olacaq.

15
Teqlər:
Çin, vaksin, Rusiya, G20 sammiti, epidemiya, Koronavirus, COVID-19
Ağdamda cümə məscidi, arxiv şəkli

damımız, Putinin şərhi, Hacıqabullu Qüdrət kişi hər kəsin arzusu…

47
(Yenilənib 04:02 23.11.2020)
Tezliklə, Ağdama həyat qayıdacaq, məşhur Ağdam Çay Evindən facebook etiketləmələrinin başlanacağı gün uzaqda deyil. Ən böyük maşın bazarının da bu rayonumuzda olacağı şübhə doğurmur.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Ağdam həftəsi

Bu həftə Ağdam həftəsi idi. İşğalçı əhalisinə görə Qarabağın ən böyük rayonu olmuş, indisə bayquş uluyan, xarabalığa çevrilmiş Ağdamı boşaltdı. Kefindən yox təbii ki. Noyabrın 10-da imzalanmış kapitulyasiya aktında biz bunu onun boynuna qoymuşduq. Tezliklə, Ağdama həyat qayıdacaq, məşhur Ağdam Çay Evindən facebook etiketləmələrinin başlanacağı gün uzaqda deyil. Ən böyük maşın bazarının da bu rayonumuzda olacağı şübhə doğurmur.
Hələlik isə Ağdam görüntüləri ürək dağlayır – düşmən daşı daş üstündə qoymayıb, hər tərəfdən xarabalıq boylanır.
Bu arada Ağdama doğru yol hərbi birləşmələrimizi yollarda qarşılayan sakinlər sanki futbol komandasını salamlayar kimi alqışlayır. Bu gün mübaliğəsiz deyə bilərik ki, hər bir əsgər özünü  nəinki ulduz, tarixi qəhrəman kimi hiss edə bilər.

Putinin verdiyi peşmançılıq

Bu həftə Rusiya Prezidenti Vladimir Putin erməniləri türklər demiş, növbəti dəfə “hayal kırıklığına” uğratdı. "Rossiya 1" telekanalına müsahibəsində Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladaraq dedi ki, “Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Beləcə, statusun cəhənnəmə, gora getməsi barədə həqiqət Rusiya Prezidentinin dilindən də dolayısıyla səsləndi və bu, ermənilərin son ümidlərini də PUA-ların zərbəsi texnikalarını dağıtdığı kimi dağıtdı.

Hacıqabullu Qüdrət kişi

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla bağlı sosial şəbəkələrdə maraqlı məlumatlar yer alıb. Yeni nazirin Vikipediyası onun təyinatından dərhal sonra tam olaraq silindiyi deyilir. Qeyd edilir ki, A.Ayvazyan Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub, atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur.
Bədbəxt ölkə! Təbii arıtımın azalması və ölkədən baş götürüb qaçanların artması səbəbi ilə böhran həddinə çatmış demoqrafik problemlər yerli doğumlu kadrlar tapmağa imkan vermir.
Bu arada Xocalı soyqırımını törədən erməni general da erməniləri tərk edib – yox, ölkədən qaçmayıb, Əzrayıl yoldaş onu özü ilə aparıb. Yeri gəlmişkən, "Artsaxın qəhrəmanı”nın maraqlı ayaması olub – “Tuşonka Manvel”. Əsgərlərin yeməyini satmaqla məşhurlaşan, cinayətkar qəhrəman. Qəhrəmanı belə olanların axırı da bu cür olmalı idi.

Ən bahalılar
“The Economist” jurnalının hazırladığı siyahıya görə, Honkonq metropolu, Paris və Sürix dünyanın ən bahalı şəhərləridir. “2020-ci il üçün dünyanın yaşayış xərcləri hesabatı” adlı siyahıda sonrakı yerlərdə Sinqapur, Osaka, Təl-Əviv şəhərləri tutur. İlk 10-luqda son yerlərdə Nyu-York, Cenevrə, Los-Anceles və Kopenhagen qərarlaşıb.
Bizə görə isə dünyanın ən bahalı şəhəri Şuşadır bu gün!

Prezidentsizlik

ABŞ Səhiyyə Nazirliyi bəyan edib ki, Ümumi Xidmətlər İdarəsi Co Baydenin qələbəsi tanınmayana qədər demokratların namizədinin komandası ilə işləməyəcək. Qurumun rəhbəri Aleks Azar deyib ki, “Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini elan edəcəksə, o zaman tam şəkildə peşəkar keçid və hazırlıq işlərinə başlayacağıq. Biz təlimat qaydalarına riayət edirik”. Qeyd edək ki, bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin Co Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etdiyini yazmışdı.
Belə. Bu boyda ölkə prezidentini seçməkdə çətinlik çəkir. Buna görə biz də narahat olmalıyıq, çünki Konqo, Somali, Trinidad Tabaqonun ölkə başçısından söhbət getmir, ABŞ prezidenti dünyanın gündəliyinə, problemlərinə, qayğılarına təsir edə bilən adamdır.

İran dərdi

Bu basabasda amerikanların İran dərdi də bitmək bilmir. ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları genişləndirib. Bildirilib ki, sanksiyalar 9 İran vətəndaşına, habelə 49 təşkilat və müəssisəyə, eyni zamanda İranın bayrağı altında üzən bir gəmiyə tətbiq edilib.
Görəsən, nəyə görə ABŞ, Rusiya, Fransa, Britaniya, Pakistan nüvə silahına malik ola bilər, ancaq İran yox? İranı belə özəl edən nədir? Bu sualın aydın cavabını biz hələ eşitməmişik.

2020 mistikası

2020-ci il dünya tarixinin ən unikal illərindən biri kimi tarixdə qalacaq. Numerologiya mistikasına inanlar indi inanmayanlardan daha haqlı görünür. Koronavirus, iqtisadi böhran, təbii fəlakətlər, münaqişələr  - hamısını bir ilə yığıb gözləyiblər sanki.
Bu arada Azov dənizinin sahilindən bir qrup gənc içərisində məktub olan şüşə butulka tapıblar. Məktubdan aydın olur ki, müəllifi doqquz yaşlı Yaroslavdır. Butulka dənizdə doqquz günlük səyahətdən sonra sahilə çıxıb. Bir cümləlik kağız parçasında isə “Qoy bu il tez bitsin” arzusu yazılıb.

47

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0