İŞİD

İŞİD-i tarixdən silmək planı işə düşür

90
Türkiyə və ABŞ ordusunun birgə əməliyyatında əsas hədəf terror təşkilatının "paytaxtı" sayılan Raqqa şəhəridir

BAKI, 7 sen — Sputnik. "Barak Obama məndən xahiş etdi ki, İŞİD-in nəzarətindəki Raqqa şəhərinə türk və amerikan əsgərləri birgə əməliyyat başlatsın".

Türkiyəli politoloq Ömər Dinçər
© Photo : STR
Türkiyəli politoloq Ömər Dinçər

Sputnik Daily Sabah-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çindəki G-20 sammitindən ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərə bildirib. Ərdoğan Obamanın xahişinə hansı cavabı verdiyini də açıqlayıb: "Obamanın xahişinə cavab olaraq dedim ki, bu Türkiyə üçün problem deyil. Hərbçilərimiz bir araya gəlsinlər, nə lazımdırsa etsinlər".

Jurnalistin "İŞİD Raqqada çox güclüdür. Belə bir əməliyyat risk deyilmi?" sualını da cavablandıran prezident deyib ki, "əsl risk İŞİD-in Raqqada güclənməsidir".

"Artıq, bölgədə var olduğumuzu göstərməliyik. Geriyə doğru addım atsaq, həmin ərazilərə PKK, YPG, PYD və İŞİD terrorçuları yerləşəcək", — deyə Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti hazırda Rusiya və ABŞ-la koordinasiya halında olduqlarını, Suriyanın şimalında TAMPON bölgəni necə qura biləcəkləri barədə üç tərəfli danışıqlar apardıqlarını bildirib.

Ərdoğanın diqqət çəkən bəyanatını Sputnik-ə dəyərləndirən türkiyəli jurnalist-yazar Ömər Dinçər, gözdən qaçan daha bir məqamı yada salıb: "Ərdoğan jurnalistlərə Obama ilə görüşü zamanı müzakirə edilən daha bir detalı da açıqlayıb. ABŞ prezidenti türkiyəli həmkarından Raqqa üçün hərbi dəstək istəyən zaman, Ərdoğan Fətullah Gülən məsələsini Obamanın yadına salıb. Prezident bu üz-üzə görüşmədə amerikalı həmkarına Fətullah Gülənin Türkiyəyə verilməli olduğunu, ya da ABŞ-da həbs edilməsini istədi. Məhz bu şərti irəli sürəndən sonra Ərdoğan, İŞİD-in qalası sayılan Raqqa şəhərinə ABŞ ordusu ilə birgə türk ordusunun daxil ola biləcəyini söylədi".

Üzeyir Cəfərov-hərbi ekspert
ANN
Üzeyir Cəfərov-hərbi ekspert

Dinçərə görə, Raqqa əməliyyatı bir-iki günə başlanacaq bir əməliyyat deyil: "Raqqa Suriyanın ən böyük şəhərlərindən biridir. İŞİD-in ən güclü mərkəzidir. Hətta, paytaxtıdır deyə bilərik. Bu şəhərə əməliyyata başlamaq üçün aylar öncədən strateji planlar qurulmalıdır. Çünki şəhərdə tək İŞİD terrorçuları yoxdur. Yüzminlərlə sivil yaşayır orada. Elə etmək lazımdır ki, ən az zərərlə bu işin öhdəsindən gəlinsin".

Hərbi ekspert Üzeyir Cəfərli də hesab edir ki, artıq İŞİD-in yox edilməsinin vaxtı çoxdan çatıb. O, Sputnik-ə açıqlamasında bildirib ki, əslində sözügedən əməliyyat çoxdan həyata keçirilməli idi: "Görünür, İŞİD-in dünyada yaratmış olduğu təhlükə aparıcı dövlətləri təxirəsalınmaz addımlar atmağa məcbur edib".

"Raqqa Suriyanın ən böyük şəhərlərindən biridir. Yüzminlərlə sivilin orada yaşaması, əlbəttə əməliyyat işini nisbətən çətinləşdirə bilər. Ancaq yadınıza salım ki, həm türk, həm də amerikan ordusunun sivillər yaşayan şəhərlərdə hərbi əməliyyat keçirmə qabiliyyətləri var. Bu, dəfələrlə sınanıb və uğurlu da alınıb", — Cəfərli qeyd edib.

O, əməliyyat zamanı itkilərin olacağını da istisna etməyib: "Əlbəttə, həm əsgərlərdən, həm də sivil insanlardan həyatını itirənlər olacaq. Çünki zombiləşmiş İŞİD terrorçuları son anda intihar edərək, başqalarının da ölməsinə çalışacaqlar. Ancaq yenə deyirəm, bundan geriyə dönüş yoxdur. Bu təhlükəni yox eləməyin vaxtı çoxdan çatıb".

"Obamanın Ərdoğana təklifini müsbət dəyərləndirirəm. Bu, çox yerində və doğru təklifdir". Bunu isə Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, belə bir əməliyyat planı çoxdan var idi: "Əslində belə bir plan çoxdan var idi. Türk və ABŞ quru və hava qoşunları hələ bir neçə il öncə Raqqa şəhərinə girməli idi. Ancaq daha sonra Vaşinqton geri çəkildi və bu əməliyyat baş tutmadı. İndi isə, ABŞ görür ki, Türkiyə təkbaşına Suriyada İŞİD-ə qarşı hərbi əməliyyat keçirir, özünün də bu əməliyyatda iştirak etməsini istəyir".

90
Teqlər:
Raqqa, Suriya, Rəcəb Tayyib Ərdoğan, Barak Obama, Türkiyə, ABŞ, İŞİD
Əlaqədar
Daha 6 kənd İŞİD-dən geri alındı
Türkiyə-Suriya sərhədi İŞİD-dən təmizləndi
Türkiyə sərhədində İŞİD-in nəzarətindəki son yaşayış məntəqələri azad edilib
Suriyanın Cerablus şəhərı İŞID-dən azad edilib
Türk ordusu Suriyada bir kəndi İŞİD-dən təmizlədi
İŞİD-in kökünü kəsmək beləmi çətindir?
Ramzan Kadırov: Çeçenistan İŞİD-i məhv etməyə qadirdir
Su-57, arxiv şəkli

Sarsıdıcı inteqrasiya: Su 57 qırıcısı "Oxotnik" PUA-sı gücünü birləşdirir

7
(Yenilənib 21:48 04.12.2020)
Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Qırıcılarda süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

BAKI, 4 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Beşinci nəsil Su-57 aviasiya kompleksinin ilk buraxılışından 76 qırıcı-təyyarə dekabr ayında Rusiya Aerokosmik Qüvvələrinin döyüş xəttində öz yerini tutacaq. Hazırda poliqonda yüksək hündürlükdəki hədəfləri ələ keçirmək və məhv etmək üçün nəzərdə tutulan alqoritmləri mənimsəyən süni intellektlə idarə olunan pilotsuz təyyarə – "Oxotnik" S-70 də tezliklə havaya qalxacaq.

Bir qədər bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyindən bildirilmişdi ki, ilin sonuna kimi Rusiya Aerokosmik Qüvvələrinə beşinci nəsil Su-57-in ilk buraxılışından olan döyüş təyyarəsi veriləcək. Təyyarə demək olar ki hazırdır. Gələcəkdə istehsal həcmi illik 15 ədədə qədər artırılacaq və ümumilikdə 2021-2027-ci illər ərzində üç aviasiya alayının təchiz edilməsi üçün 76 ədəd Su-57 tədarük ediləcək.

İlk partiya qırıcı-təyyarələr birinci mərhələ mühərriki ilə buraxılır, 2025-ci ildən isə ikinci mərhələ mühərriki ilə təyyarələrin istehsalına başlanılacaq. Hər bir halda, günü bu gün də Su-57 dünyanın ən mükəmməl və güclü qırıcılarından biri hesab olunur.

Rusiyanın beşinci nəsil təyyarəsi hər növ hava, yer və yerüstü hədəfləri məhv etməyə qadirdir. Forsajsız super manevr və səsdən yüksək sürət imkanının birləşməsi, eləcə də göyərtəsinin elektron cihazlar kompleksi ilə təchizatı və tez nəzərə çarpmaması Su-57-yə yüksək döyüş effektivliyi və düşmən üzərində üstünlük əldə etmək fürsəti verir. "Military Watch Magazine"nin məlumatına görə, bu təyyarələr öz xüsusiyyətləri baxımından bənzərsizdir. Bura həssas radarlar, 400 km mənzilli hipersəsli "hava-hava" raketləri, düşmən raketlərinə qarşı lazer müdafiə sistemi və digər yüksək texnoloji üstünlüklər aiddir.

Bir qədər bundan əvvəl beşinci nəsil qırıcıları ilə bağlı geniş çeşidli aviasiya silahlarına (raket) dair böyük bir müqavilədən bəhs olunmuşdu. Yəni, Su-57-nin "boş" uçmayacağı artıq məlumdur. Beləliklə, Su-57 ağır pilotsuz təyyarələrlə birgə havadan idarə olunan döyüş komandanlığı mərkəzinə çevriləcək. İki yüksək texnologiyalı yeniliyin birgə fəaliyyətinin hansı döyüş effekti yaradacağını təsəvvür etmək çətin deyil.

Döyüş üstünlüyü

Yeni qırıcı-təyyarələr Suriyadakı rus qoşunlarının qruplaşması tərkibində sınaqdan keçirilib. Uçuş-texniki xüsusiyyətlərinin, intellektual informasiya idarəetmə kompleksinin, silahların və bütün göyərtə sisteminin yoxlanılması üçün təyyarələr ondan çox uçuş həyata keçirib.

Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

Pilotlu Su-57 qırıcısı avtomatik rejimdə tapşırıqların 90%-ni yerinə yetirə bilər və hətta əvvəlcədən hazırlanmış bir proqrama uyğun olaraq tam avtomatik rejimdə də işləmək imkanına malikdir. Pilot döyüşdə yaralanarsa (və ya öldürülərsə), idarəetmə sistemi müstəqil şəkildə prioritet hədəfləri təyin edir, vurur və həm təyyarənin, həm də pilotun bazaya qayıtmasını təmin edir.

Su-57 nəhəng ixrac potensialına malikdir və hətta yeni seriyadan olan təyyarələr satışa çıxarılmamışdan əvvəl xarici müştərilər bu qırıcılar üçün növbəyə düzülüb. Beşinci nəsil rus qırıcısının ilk sahibi, regional qonşularının hərbi hava qüvvələrinin güclənməsi fonunda 14 təyyarə sifariş edən Əlcəzair olacaq. Müqavilə qiyməti 2 milyard dollardır. Tədarükün 2025-ci ilə qədər yekunlaşması planlaşdırılır.

Zərbə əlaqəsi

Dekabrın 2-də S-70 "Oxotnik" zərbə dronu Aşuluq poliqonunda baş tutan raket hücumu imitasiyasında sınaqdan keçirilib. PUA-ların radioelektron sistemlərinin raket idarəetmə kompleksi və aparıcı Su-57 təyyarəsi ilə inteqrasiyası yoxlanılıb. Beləliklə, "Oxotnik" dünyada ilk pilotsuz qırıcı-təyyarə olmağı vəd edir. Təlim mərhələsində PUA hava vəziyyəti və hədəflərlə bağlı bütün məlumatları yerdən və ya aparıcı qırıcı-təyyarədən alacaq. Gələcəkdə avtonom döyüş istifadəsi də mümkündür.

Bir ağır PUA öz "intellekti" və qabiliyyəti sayəsində altı min tondan çox raket və bombanı 5000 km məsafəyə qədər çatdıra bilər. Beləliklə, "Oxotnik" PUA-sının Su-57 qırıcısı ilə sarsıdıcı ittifaqı ən yüksək texnoloji gücə sahib düşmənə belə aman verməyəcək. Rusiyanın Pavel Suxoy adına Sınaq Konstruksiya Bürosunun istehsalı olan az nəzərəçarpan "Oxotnik" dronu Rusiya Aerokosmik Qüvvələrinin zərb funksiyasına malik ilk ağır dronu olacaq. Açıq mənbələrin məlumatına görə, PUA-nın uzunluğu 19 metr, qanadlarının uzunluğu 14 metr, uçuş ağırlığı 20 ton, saatda maksimum sürəti isə təxminən 1000 kilometrdir.

"Oxotnik" PUA-sı təxminən 20 dəqiqəlik ilk uçuşunu 2019-cu ilin yayında həyata keçirib. Dron havada möhkəm dayanaraq qənaətbəxş şəkildə idarə olunub. Həmin ilin payız aylarında isə "Oxotnik" dronu ilə Su-57 qırıcısının birgə uçuşu baş tutub. Ağır dronun döyüş imkanları və muxtar idarəetmə qabiliyyəti daim inkişaf etdirilərək 2020-ci ildə nəzərəçarpacaq texnoloji təkamül səviyyəsinə çatdırılıb. Yaxın perspektivdə "Oxotnik"in müxtəlif şəraitdə hava, yerüstü və sualtı hədəflərə zərbə vurma imkanları da təkmilləşdiriləcək. Qeyd edək ki, indiyə kimi heç bir ölkə PUA-larla inteqrasiya olunmuş qırıcı-təyyarələrə sahib deyil, odur ki indi Rusiyanın "tərəfdaşları" qəzəbdən zəncir çeynəyir desək, yəqin ki, yanılmarıq...

7
S-300,arxiv şəkli

Axı silah öz-özünə atəş aça bilməz

50
(Yenilənib 20:55 03.12.2020)
Hərbi şərhçinin sözlərinə görə, ermənilər səriştəsizlikləri ucbatından Rusiyadan aldıqları silahlardan istifadə edə bilməyiblər

BAKI, 3 dekabr — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Dağlıq Qarabağdakı döyüş əməliyyatları vaxtı ekspertlər arasında və media məkanında ermənilərin əldə etdikləri Rusiya istehsalı olan silahların effektivliyi barədə geniş müzakirələr aparıldı. Sputnik erməni məğlubiyyətinin səbəbinin həmin silahlar, yoxsa kadr hazırlığı və müdafiənin təşkili ilə bağlı olub-olmadığını araşdırıb.

Bu gün erməni tərəfinin məğlubiyyətini "yararsız" Su-30-SM qırıcıları, "zəif görən" S-300 zenit-raket kompleksləri, "effektsiz" elektron döyüş sistemləri və Rusiyanın "nasaz" tankları ilə əsaslandırmaq cəhdləri var. Sanki erməni tərəfi üçüncü ölkələrdən heç vaxt silah almayıb (məsələn, Hindistandan Swathi radarları) və yaxud Azərbaycan qoşunları yalnız İsrail və Türkiyədə istehsal olunmuş hərbi texnika ilə (məsələn, "Bayraktar") silahlanıbmış və müharibədə "böyük dönüş" də məhz onların vasitəsilə əldə olunub. Ümumi müzakirə: Qarabağ münaqişəsi Rusiyanın müttəfiqlərinə və tərəfdaşlarına silah tədarükünü korreksiya edəcək. Bu cür düşüncələrin dayanıqlı sxemləri hərbi-siyasi rəhbərliyin strateji səhvlərini və dünya silah bazarında sərt rəqabəti pərdələyir. Gerçəkliyə qayıtmaq daha məqsədəuyğundur.

Moskva Ermənistana bir neçə dəfə hərbi kredit verdi. Bundan sonra hərbi quruculuğun davam etdirilməsi məsələsi Ermənistan tərəfinin öz işidir.

Rusiya istehsalı olan S-300 Zenit-Raket Kompleksi Qarabağdakı döyüşlərə cəlb olunmuşdu və Ermənistanın etibarlı (eşelonlaşdırılmış) hava hücumundan müdafiə sisteminin olmaması səbəbindən zərər gördü. 40 milyon dollar qiyməti olan Hindistan istehsalı Swathi radarlarının fəaliyyəti isə ümumiyyətlə hiss olunmadı. Halbuki reklam annotasiyalarına əsasən, bu qurğular 20 kilometrə qədər minaatanlardan, 30 kilometrə qədər toplardan və 40 kilometrə qədər raketlərdən açılan atəşi müəyyən etməli idi. Özü də guya hər qurğu eyni vaxtda 7 hədəfi izləmək qabiliyyətinə malik idi.

Bəlkə də, ermənilər bu radarlardan düzgün istifadə edə bilməyiblər. Yəqin ki, erməni mütəxəssislərin hazırlıq səviyyəsi Rusiya istehsalı olan hərbi texnikanın istismarında da həlledici rol oynayıb. Axı silah öz-özünə atəş aça bilməz, ondan baş çıxaran mütəxəssis də olmalıdır. Və aydın məsələdir ki, başıpozuqluq, təkəbbür hərbi işlərdə qətiyyən yolverilməzdir.

Hərbi itkilər və qənimətlər

Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində erməni tərəfinin hərbi itkiləri barədə ətraflı məlumat verdi. Onun açıqladığı uzun siyahıda məhv edilən və qənimət kimi ələ keçirilən yüzlərlə müxtəlif növ hərbi texnikadan söhbət gedirdi. Azərbaycan Prezidenti raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri, tanklar və elektron müharibə qurğularından da bəhs etdi. Bu rəqəmlərə müxtəlif cür yanaşmaq olar, ancaq mövcud durumda (7 rayonun qaytarılmasından sonra) prezidentin həmin rəqəmləri şişirtməsi üçün heç bir əsası yox idi.

Bu məqamda təbii olaraq Dağlıq Qarabağda 44 gün davam edən döyüşlər zamanı erməni qruplaşmalarının hərbi təşkilatlanma səviyyəsi ilə bağlı sual ortaya çıxır. Erməni qoşunlarının çox sayda texnikasının məhv edilməsi hərbi qarşıdurmanın şiddəti ilə izah edilə bilər, amma hər bir halda döyüş meydanında tərk edilən 79 tank, 47 piyadaların döyüş maşını, 104 artilleriya qurğusu (top və minaatan), 5 "Şilka" zenit qurğusu, 93 xüsusi texnika, 270 yük maşını (böyük ehtimalla bu hərbi qənimətlər dövlət başçısının sözlərinin sübutu kimi Bakıda nümayiş olunacaq) heyrət doğurur. Ermənilərin elə təkcə döyüş meydanında atıb qaçdıqları 79 döyüş qabiliyyətli tank 2,5 silahlı tank batalyonu deməkdir ki, bu da həm hücumda, həm də müdafiədə böyük güc hesab oluna bilər.

Fikrimizcə, erməni tərəfinin görünməmiş "əliaçıqlığının" yalnız iki izahı ola bilər: ya hərbi texnika kütləvi (planlaşdırılmayan) geri çəkilmə zamanı tərk edilib, ya da həmin tanklar sadəcə olaraq, yanacaqla təchiz edilmədiyindən irəli gedə bilməyiblər ki, bu da birbaşa Ermənistan ordusundakı maddi-texniki problemlərdən xəbər verir.

Hər bir halda, baş verənlərdən nəticə çıxarmaq lazımdır, ancaq bu artıq Ermənistan baş qərargahının və hərbi-siyasi rəhbərliyinin səlahiyyətində olan məsələdir.

50
Teqlər:
hərbçilər, Rusiya, Ermənistan, silahlar, Azərbaycan, Qarabag
Sputnik Beynəlxalq İnformasiya Agentliyinin loqosu, arxiv şəkli

"Bu, "Sputnik Latviya"ya qarşı ilk qərəz deyil" - Azərbaycanlı media eksperti

0
(Yenilənib 22:03 04.12.2020)
"Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today"-in yayımına məhdudiyyətə heç bir reaksiya verilmir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Latviya Dövlət Təhlükəsizlik xidməti dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına, eləcə də "Baltnews" portalının jurnalistlərinə və digər rusdilli media nümayəndələrinə Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürüb. Jurnalistlər saxlanılıb, dindirilib, axtarışa məruz qalıb və onlar haqqında cinayət işi qaldırılıb. Sputnik Azərbaycan ölkənin tanınmış media ekspertlərinin bu məsələyə münasibət bildirib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hadisələr  jurnalistika prinsipi baxımından həqiqətən də yolverilməzdir: "Bu "Sputnik Latviya"ya qarşı olan ilk hadisə deyil. Çox uzun müddət dünyada belə kampaniyalar aparılırdı ki, Azadlıq radiosunun və digər beynəlxalq KİV-lərin fəaliyyəti bloklanır. Amma məsələ ondadır ki, Avropa ölkələrində, hətta ABŞ-ın özündə bu prinsiplər çox pozulur. Bunlardan qabaq, "Russia Today"-in yayımı bloklanmadı. Pribaltika ölkələrində onların yayımına məhdudiyyət qoyulub. Hələ o vaxt bu məsələ qalxanda bildirilirdi ki, Azadlıq radiosunun yayımının bloklanması pislənir, amma "Russia Today" yayımına məhdudiyyətə heç bir reaksiya verilmir. Çox təəssüf ki, söz azadlığı prinsipləri çox vaxt elə onu yaradan ölkələr tərəfindən pozulur. Müasir mediada baş verən ifadə azadlığı pozuntularının çoxu elə qərb dövlətlərinin özündən gəlir. O cümlədən, Avropa və ATƏT məkanından. Əvvəllər biz danışırdıq ki, bu ikili standartlar əsasən Azərbaycana qarşıdır. Amma son dövrlər görürük ki, bunların özlərinin ifadə azadlığına qarşı münasibətlərində çox ciddi dəyişikliklər var. Məsələn, elə bir neçə gün öncə Fransada baş verən toqquşmalarda media azadlığını götürək. Qlobal təhlükəsizlik haqqında qəbul olunan qanunun bir nömrəli hədəfi medianın azadlığının məhdudlaşdırılmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən belə bir ifadə işlədildi ki, artıq ATƏT-in, Avropa Şurasının ən aparıcı dövlətlərindən olan Fransa kimi ölkə söz azadlığının durumuna görə Somali və Sudanın vəziyyətinə düşüb. Söz və ifadə azadlığına ikili yanaşma var. Bu cür yanaşmalar Qərb dəyərləri haqqında danışanların özünü şübhə altına salır. Media azadlığının qanunvericilik nöqteyi nəzərindən məhdudlaşdırılması, ikili yanaşma jurnalistlərin təhdid olunması ilə bağlı ciddi faktlar ortaya çıxır. "Sputnik Latviya"ya qarşı baş verən hadisələr də kəskin şəkildə qınanılmalı, media, ifadə azadlığına qarşı addım kimi dəyərləndirilməlidir. Mən xarici KİV-lərin, onların əməkdaşlarının fəaliyyətinə baltikyanı dövlətlərdə yaradılmış bu maneəni və təhdidi kəskin qınayıram".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Latviya hakimiyyət orqanlarının "Baltnews" portalı və "Sputnik Latviya"nın rusdilli jurnalistlərinə qarşı hərəkətlərini sərt şəkildə qınayıb. Bildirilib ki, "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririlir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz. Bütün bu uydurma ittihamların, heç şübhəsiz, rusofobiyanın təsiri ilə həyata keçirilən cəzalandırma tədbiri olduğu aydındır. Məsələ ATƏT Nazirlər Şurasında qaldırılacaq", – deyə məlumatda bildirilir. Nazirlik ümid etdiyini bildirir ki, ATƏT-in yeni Media Azadlığı Nümayəndəsi baş verənləri görməzdən gəlməyəcək və Latviyaya qarşı "bu cür hücumların qəbuledilməzliyi", "söz azadlığını təmin edilməsi üçün beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi" əsasında təzyiq göstərəcək. "Avropa Şurasından da adekvat reaksiya gözləyirik", – deyə məlumatda bildirilir.

Xatırladaq ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

0
Teqlər:
Həbs, jurnalistlər, Sputnik Latviya