Professor İlham Rəhimov

"Müzakirə predmeti yeddi rayon yox, Dağlıq Qarabağ olmalıdır"

186
(Yenilənib 15:56 17.08.2016)
İlham Rəhimov: "Rusiya ilə Türkiyə nə qədər yaxın olsa, Moskvanın Ankaranı Qarabağ probleminin həllinə cəlb etmək imkanı o qədər çox olar"

BAKI, 17 avq — Sputnik. Bakı sammiti, prezident Vladimir Putinin səfəri, Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi — qısa müddətdə region və Azərbaycan üçün bir sıra vacib hadisələr baş verib. Sputnik onların rolu və gələcək perspektivi haqqında hüquq elmləri doktoru professor İlham Rəhimova suallar ünvanlayıb.

- İlham müəllim, son günlər respublikamıza bilavasitə dəxli olan siyasi hadisələrlə zəngin olub. Onlar barədə KİV-də müxtəlif rəylər bildirilir. Bu hadisələrə Sizin münasibətinizi bilmək istərdik. Bakıda keçirilən sammitdən başlayaq. Onun nəticələrini necə qiymətləndirirsiniz?

Президент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном
© Sputnik / Алексей Дружинин

— Şübhəsiz, bu sammit iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Üç dövlətin rəhbərlərinin Bakıda keçirilən bu görüşünü üçlü iqtisadi ittifaq adlandırardım, çünki bu görüş siyasi xarakter daşımırdı. Hərçənd, məncə, bir zamanlar Karl Marks deyib ki, iqtisadiyyat siyasəti müəyyən edir.

- Moskva-Bakı-Tehran üçtərəfli münasibətlərinin inkişaf perspektivi necədir?

— Bu ölkələrin imzaladığı müqavilələr həyata keçirilsə, iqtisadi cəhətdən perspektivlər müsbətdir. Hesab edirəm ki, yuxarıda sadalanan ölkələrin böyük perspektivi var, obyektiv nizamlama olsa, uzun müddət regionda geosiyasi və geoiqtisadi ovqatı müəyyən edə bilərlər.

- Dediyiniz iqtisadi ittifaqı siyasi birliyə çevirmək mümkündürmü?

— Belə bir forma dəyişikliyi üçün hansısa səbəb olduğunu düşünmürəm. Terrorçuluqla mübarizə ilə bağlı müqavilə istisna olunmaqla buna ehtiyac da yoxdur. Bundan başqa, Moskva və Bakıdan fərqli olaraq Tehran ideoloji cəhətdən fərqli dövlətdir. Bu isə dünyəvi dövlətlərlə siyasi ittifaq üçün ciddi maneədir.

- Söhbətimizin ikinci mövzusuna keçək. Söhbət Putinin Bakıya səfərindən gedir. Bu səfər Qarabağ münaqişəsinin həllinə təsir edəcəkmi?

— Öncə xatırladım ki, bu, Putinin Bakıya ilk səfəri deyil. 15 il ərzində Rusiya prezidenti dəfələrlə ölkəmizə rəsmi səfər edib. Amma bu, Qarabağdakı vəziyyətə ciddi təsir etməyib, hərçənd əminəm ki, o, problemin həllini istəyir. Əmin olmaq bir yana, bilirəm ki, Vladimir Putin buna çalışır. Son səfərə gəlincə, o, sırf Qarabağ məsələsinə həsr edilməyib. Üstəlik, bu yaxınlarda Rusiya prezidentinin vasitəçiliyilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Amma, şübhəsiz, prezident Əliyevlə Putinin görüşündə bu məsələ müzakirə predmeti olmaya bilməzdi.

- Xalq arasında belə bir fikir var ki, Putin istəsə, problemi həll edər. Bu, belədir?

— Axı Dmitri Medvedyev Rusiya prezidenti olanda da problem həllini tapmadı. Halbuki onun dövlət başçısı olduğu dörd ildə, səhv etmirəmsə, Medvedyevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında 18 görüş keçirilib. Deməli, məsələ təkcə Putinlik deyil. Yeri gəlmişkən o, bu yaxınlarda qeyd etdi ki, bu münaqişə sovet dövründə başlayıb. Fikrimcə, Rusiya prezidenti bununla demək istəyirdi ki, münaqişəyə görə günahı Rusiyanın üstünə atmaq lazım deyil. Rusiyanın mövqeyi aydındır: özünüz qərara gəlin, kompromis şərtləri üzrə razılaşın, biz isə sazişin qarantı olaq. Bu, o deməkdir ki, Ermənistanın hərbi-siyasi cəhətdən daha yaxın olmasına baxmayaraq, Rusiya neytral mövqe tutacaq. Ona görə hesab edirəm ki, bir sıra siyasilər və kütləvi informasiya vasitələri kimi Putini ittiham edəndə Yeltsin Rusiyasını da xatırlamaq lazımdır. O, problemi obyektiv həll etməyə cəhd etmir, əksinə, açıq şəkildə Ermənistanın tərəfində çıxış edirdi. Aprel hərbi toqquşmalarına qədər hər kəs əmin idi ki, Ermənistanla müharibə başlasa, Rusiya Ermənistanın tərəfində olacaq. Bizim siyasətçilər də belə proqnoz verirdi, amma mən hər zaman demişəm: nə qədər ki, Putin hakimiyyətdədir, RF heç vaxt bu hərbi toqquşmalarda kiminsə, xüsusən Ermənsitanın tərəfində olmayacaq. Aprel hadisələri mənim haqlı olduğumu göstərdi.

- Məlum olduğu kimi, indi Qarabağ münaqişəsinin "əvvəlcə 5+2, sonra status" formаtında müzakirəsi gedir. Bu variant bir çox ekspertlərə real görünür. Amma bizə məlum olana görə, Siz bu variantı Azərbaycan üçün məqbul saymırsınız.

— Hər şeydən əvvəl, biz özümüz perspektiv əhəmiyyəti olan bir sıra prinsipial məsələlər üzrə mövqeyimizi müəyyən etməliyik. Əvvəla, ondan çıxış etmək lazımdır ki, yeddi rayon yox, məhz Dağlıq Qarabağ müzakirə predmeti olmalıdır. Çünki biz öz diqqətimizi, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini bu ərazilərin azad edilməsinə cəmləşdirəndə Dağlıq Qarabağ məsələsində mövqeyimizi zəiflədirik. Hesab edirəm ki, Ermənistan bundan uğurla istifadə edir və diqqətimizi əsas müzakirə predmetindən yayındırır. Orda yaxşı bilirlər ki, işğal edilmiş rayonlar istənilən halda azad ediləcək, çünki bu işğal edilmiş ərazilər sovet dövründə DQMV-nin tərkibinə daxil deyildi. Onların məqsədi bu rayonlar yox, Dağlıq Qarabağdır. Əgər bu gün Ermənistan, hətta söhbət ona əslində lazım olmayan 5 rayonun azad edilməsindən gedəndə belə, çətinliklə və minnət qoyaraq danışıqlar masasına oturursa, sual yaranır: söhbət bizim üçün prinsipial olan Dağlıq Qarabağın statusundan gedəndə masaya oturacaqmı? Məhz buna görə "5+2, sonra status" formulu bizim üçün məqbul deyil.

Hesab edirəm ki, Dağlıq Qarabağ problemi yalnız ölkə prezidentinin dəfələrlə və qəti şəkildə dediyi prinsipial müddəa əsasında həll edilməlidir: Dağlıq Qarabağ heç vaxt Ermənistanın tərkibində və ya müstəqil olmayacaq, onun statusu Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. Diqqəti daha bir vacib məqama cəlb etmək istəyirəm. Məlumdur ki, Qarabağ münaqişəsinin müzakirəsi zamanı Ermənistan hər zaman beynəlxalq hüquqdakı millətin öz müqəddəratını müəyyən etməsi hüquqi normasını əsas gətirir. Dünya praktikası göstərir ki, bu prinsiplə ərazi bütövlüyü prinsipi ziddiyyət təşkil edir.

Hətta sübut etməyə cəhd etməyə dəyməz ki, erməni xalqının artıq öz dövləti var və ikinci dövlətin yaradılması məqbul deyil. Problem başqa yerdədir: təəssüflə qeyd edim, tez-tez eşidirik ki, dünya praktikasında millətin öz müqəddəratını müəyyən etməsi hüququ digər prinsip — ərazi bütövlüyü prinsipi üzərində dominantlıq edir. Məhz buna görə hesab edirəm ki, Dağlıq Qarabağın statusunu aydın olmayan şərtlərlə qeyri-müəyyən müddətə naməlum gələcəyə saxlamaq olmaz. Daha yaxşı olar ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara ən yüksək status verilsin. Ümumiyyətlə, hesab edirəm ki, indinin özündə Dağlıq Qarabağ əhalisi ilə bağlı dəqiq və aydın siyasətimiz olmalıdır. Vurğulamaq istəyirəm ki, söhbət hərbi birləşmələrdən yox, mülki əhalidən gedir. Onların işi aydındır. Biz bəyan etməliyik ki, bu ərazidə yaşayan dinc sakinlərin hamısı bizim vətəndaşımızdır. Ona görə, onlara Azərbaycan vətəndaşı kimi yanaşılmalıdır. Normal əlaqələr qurmaq lazımdır ki, anlasınlar: onların gələcəyi, əlbəttə, bunu istəsələr, məhz Azərbaycanla bağlıdır.

- Gəlin eyni dərəcədə maraqlı və vacib olan məsələyə keçək. Söhbət Rusiya-Türkiyə münasibətlərindən gedir. Xatirimizdədir, Türkiyə HHQ tərəfindən vurulan Rusiya qırıcısı ilə bağlı insidentdən dərhal sonra Siz qeyd etdiniz ki, bu ölkələr arsında münasibətlərin pozulmasından yalnız Türkiyə və Rusiyanı istəməyənlər qazanır. İndi Türkiyə və Rusiya prezidentlərinin Peterburq görüşünü necə qiymətləndirirsiniz? Böyük barışıq baş tutdumu?

— Əgər xatırlayırsınızsa, mən onda dedim: baş verənlər olmaya da bilərdi, yəni qırıcı təyyarəni vurmadan münaqişədən qaçmaq olardı, çünki dövlətlər arasında sərhədlərin pozulması adi haldır. Həmin müsahibədə Türkiyə ilə Rusiya arasında geniş mənada münasibətlərin yüksək səviyyəsini xüsusi qeyd etdim. Bu da kimlərinsə xoşuna gəlmir. Təəssüf ki, bu hadisədən sonra bizdə də bəzi siyasətçilər və kütləvi informasiya vasitələri barışıq yolu tutmaqdansa, odun üstünə yağ tökməklə düşmənimizə bənzədi.

Elə təəssürat yarandı ki, onlar münasibətlərin pisləşməsinin ilk növbədə bizə, Azərbaycana zərbə olduğunu anlamadan buna sevinirlər. Yeri gəlmişkən, hər şey qaydasına düşəndən sonra həmin siyasətçilər baxışlarını 180 dərəcə dəyişdilər. Mən hələ o vaxt deyirdim ki, vaxt gələcək və hər şey yoluna düşəcək, çünki bir qalmaqalla Putinin Rusiyada hakimiyyətə gəldiyi son 15 il ərzində əldə edilənlərin hamısının üzərindən xətt çəkmək olmaz. Münasibətlərin soyuq olduğu bu aylarda həm Türkiyəyə, həm də Rusiyaya çox gedirdim, bu işə öz töhfəmi verməyə cəhd edirdim: hər iki ölkədə münasibətlərin nizamlanmasında əhəmiyyətli rol oynayan olduqca nüfuzlu şəxslərlə görüşürdüm. Prinsipcə, xüsusi qeyd etmək istəyirəm ki, türk və rus xalqları, elə siyasətçiləri də baş verənlərdən çox məyus olmuşdu. Onlar ümid edir və yaxın zamanda ağlın emosiyaya qalib gəlməsi üçün çalışırdılar. Eyni zamanda, barışıqdan sonra bu ölkələrdə oldum və hər iki xalqın sevincinin şahidi oldum. Güman edirəm ki, bu münasibətlər və əlaqələr əvvəlkindən də möhkəm olacaq.

- Təyyarə ilə bağlı qalmaqaldan sonra Rusiya-Türkiyə münasibətləri mövzusunda Vladimir Putinlə danışmısınız? Ümumi şəkildə deyə bilərsinizmi ki, o, barışıq tərəfdarı olub, yoxsa əksinə?

— Əgər desəm bu mövzuda Vladimir Putinlə danışmamışam, bu, mənim tərəfimdən qeyri-səmimilik olar.

- Düzü, heç kim inanmazdı da…

— Təkcə bunu deyim: əgər o, barışığa meylli olmasaydı, barışıq olmazdı. Hələ o zaman deyirdim ki, Putinlə Ərdoğan arasında münasibətlər o qədər yaxın və etibarlı idi, məsələ iki lider arasında böyük dostluğa doğru gedirdi. Münasibətləri qiymətləndirən Putinin xasiyyətini bilərək anlayırdım ki, eyni zamanda belə prinsipial adam şərtlərindən geri çəkilməyəcək. Elə də oldu: Ərdoğanın birinci məktubundan dərhal sonra Putin ona əl uzatdı.

- Bu barışıq Dağlıq Qarabağ probleminin həllinə təsir edə bilərmi?

— Həmişə deyirdim ki, Moskva ilə Ankara arasında münasibətlərin ən yüksək səviyyədə olmasını çox istəyirəm. Təkcə ona görə yox ki, belə münasibətlər mənimlə çox bağlılığı olan hər iki dövlətə və xalqa sərf edir. Səbəb budur ki, Rusiya ilə Türkiyə arasında yaxşı münasibətlər Qarabağ məsələsinin həllində də çox vacibdir. Rusiya ilə Türkiyə nə qədər yaxın olsa, Moskvanın Ankaranı Qarabağ münaqişəsinin həllinə cəlb etmək imkanları bir o qədər çox olacaq. Bəlkə, hələlik qeyri-fəal formada, ancaq heç olmasa hansısa məsələlərin müzakirəsində. Kiminsə xoşuna gəlir, yoxsa yox, ancaq Dağlıq Qarabağ probleminin həlli və Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi sıx əlaqəlidir. Axı hələ təyyarə qalmaqalından əvvəl Putinlə Ərdoğanın heç bir görüşü Qarabağ münaqişəsinin müzakirəsi olmadan keçmirdi. Yəni bu ölkələr arasında böyük barışığı Qarabağ münaqişəsinin həllini arzulayan hər bir azərbaycanlı dəstəkləməlidir.

186
Teqlər:
İlham Rəhimov, Vladimir Putin, Dağlıq Qarabağ, İlham Əliyev, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, Azərbaycan
Əlaqədar
Rusiya və Fransalı nazirlər Dağlıq Qarabağ problemini müzakirə ediblər
Mövlud Çavuşoğlu: Rusiya hazırda Qarabağ probleminin həlli üçün ciddi səylər göstərir
Vladimir Putin: Qarabağ problemi “həssas məsələ”dir
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ümidlər yaranıb
"Lavrovun Qarabağla bağlı açıqlaması nikbinlik yaradır"
Su-57, arxiv şəkli

Sarsıdıcı inteqrasiya: Su 57 qırıcısı "Oxotnik" PUA-sı gücünü birləşdirir

32
(Yenilənib 21:48 04.12.2020)
Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Qırıcılarda süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

BAKI, 4 dekabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Beşinci nəsil Su-57 aviasiya kompleksinin ilk buraxılışından 76 qırıcı-təyyarə dekabr ayında Rusiya Aerokosmik Qüvvələrinin döyüş xəttində öz yerini tutacaq. Hazırda poliqonda yüksək hündürlükdəki hədəfləri ələ keçirmək və məhv etmək üçün nəzərdə tutulan alqoritmləri mənimsəyən süni intellektlə idarə olunan pilotsuz təyyarə – "Oxotnik" S-70 də tezliklə havaya qalxacaq.

Bir qədər bundan əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyindən bildirilmişdi ki, ilin sonuna kimi Rusiya Aerokosmik Qüvvələrinə beşinci nəsil Su-57-in ilk buraxılışından olan döyüş təyyarəsi veriləcək. Təyyarə demək olar ki hazırdır. Gələcəkdə istehsal həcmi illik 15 ədədə qədər artırılacaq və ümumilikdə 2021-2027-ci illər ərzində üç aviasiya alayının təchiz edilməsi üçün 76 ədəd Su-57 tədarük ediləcək.

İlk partiya qırıcı-təyyarələr birinci mərhələ mühərriki ilə buraxılır, 2025-ci ildən isə ikinci mərhələ mühərriki ilə təyyarələrin istehsalına başlanılacaq. Hər bir halda, günü bu gün də Su-57 dünyanın ən mükəmməl və güclü qırıcılarından biri hesab olunur.

Rusiyanın beşinci nəsil təyyarəsi hər növ hava, yer və yerüstü hədəfləri məhv etməyə qadirdir. Forsajsız super manevr və səsdən yüksək sürət imkanının birləşməsi, eləcə də göyərtəsinin elektron cihazlar kompleksi ilə təchizatı və tez nəzərə çarpmaması Su-57-yə yüksək döyüş effektivliyi və düşmən üzərində üstünlük əldə etmək fürsəti verir. "Military Watch Magazine"nin məlumatına görə, bu təyyarələr öz xüsusiyyətləri baxımından bənzərsizdir. Bura həssas radarlar, 400 km mənzilli hipersəsli "hava-hava" raketləri, düşmən raketlərinə qarşı lazer müdafiə sistemi və digər yüksək texnoloji üstünlüklər aiddir.

Bir qədər bundan əvvəl beşinci nəsil qırıcıları ilə bağlı geniş çeşidli aviasiya silahlarına (raket) dair böyük bir müqavilədən bəhs olunmuşdu. Yəni, Su-57-nin "boş" uçmayacağı artıq məlumdur. Beləliklə, Su-57 ağır pilotsuz təyyarələrlə birgə havadan idarə olunan döyüş komandanlığı mərkəzinə çevriləcək. İki yüksək texnologiyalı yeniliyin birgə fəaliyyətinin hansı döyüş effekti yaradacağını təsəvvür etmək çətin deyil.

Döyüş üstünlüyü

Yeni qırıcı-təyyarələr Suriyadakı rus qoşunlarının qruplaşması tərkibində sınaqdan keçirilib. Uçuş-texniki xüsusiyyətlərinin, intellektual informasiya idarəetmə kompleksinin, silahların və bütün göyərtə sisteminin yoxlanılması üçün təyyarələr ondan çox uçuş həyata keçirib.

Su-57-nin bəzi texnoloji xüsusiyyətləri Amerikanın beşinci nəsil qırıcıları, xüsusən də F-22 Raptor üçün tamamilə əlçatmazdır. Süni intellekt döyüş nəzarət sisteminə inteqrasiya olunur ki, bu da hərb elmində bir inqilabdır.

Pilotlu Su-57 qırıcısı avtomatik rejimdə tapşırıqların 90%-ni yerinə yetirə bilər və hətta əvvəlcədən hazırlanmış bir proqrama uyğun olaraq tam avtomatik rejimdə də işləmək imkanına malikdir. Pilot döyüşdə yaralanarsa (və ya öldürülərsə), idarəetmə sistemi müstəqil şəkildə prioritet hədəfləri təyin edir, vurur və həm təyyarənin, həm də pilotun bazaya qayıtmasını təmin edir.

Su-57 nəhəng ixrac potensialına malikdir və hətta yeni seriyadan olan təyyarələr satışa çıxarılmamışdan əvvəl xarici müştərilər bu qırıcılar üçün növbəyə düzülüb. Beşinci nəsil rus qırıcısının ilk sahibi, regional qonşularının hərbi hava qüvvələrinin güclənməsi fonunda 14 təyyarə sifariş edən Əlcəzair olacaq. Müqavilə qiyməti 2 milyard dollardır. Tədarükün 2025-ci ilə qədər yekunlaşması planlaşdırılır.

Zərbə əlaqəsi

Dekabrın 2-də S-70 "Oxotnik" zərbə dronu Aşuluq poliqonunda baş tutan raket hücumu imitasiyasında sınaqdan keçirilib. PUA-ların radioelektron sistemlərinin raket idarəetmə kompleksi və aparıcı Su-57 təyyarəsi ilə inteqrasiyası yoxlanılıb. Beləliklə, "Oxotnik" dünyada ilk pilotsuz qırıcı-təyyarə olmağı vəd edir. Təlim mərhələsində PUA hava vəziyyəti və hədəflərlə bağlı bütün məlumatları yerdən və ya aparıcı qırıcı-təyyarədən alacaq. Gələcəkdə avtonom döyüş istifadəsi də mümkündür.

Bir ağır PUA öz "intellekti" və qabiliyyəti sayəsində altı min tondan çox raket və bombanı 5000 km məsafəyə qədər çatdıra bilər. Beləliklə, "Oxotnik" PUA-sının Su-57 qırıcısı ilə sarsıdıcı ittifaqı ən yüksək texnoloji gücə sahib düşmənə belə aman verməyəcək. Rusiyanın Pavel Suxoy adına Sınaq Konstruksiya Bürosunun istehsalı olan az nəzərəçarpan "Oxotnik" dronu Rusiya Aerokosmik Qüvvələrinin zərb funksiyasına malik ilk ağır dronu olacaq. Açıq mənbələrin məlumatına görə, PUA-nın uzunluğu 19 metr, qanadlarının uzunluğu 14 metr, uçuş ağırlığı 20 ton, saatda maksimum sürəti isə təxminən 1000 kilometrdir.

"Oxotnik" PUA-sı təxminən 20 dəqiqəlik ilk uçuşunu 2019-cu ilin yayında həyata keçirib. Dron havada möhkəm dayanaraq qənaətbəxş şəkildə idarə olunub. Həmin ilin payız aylarında isə "Oxotnik" dronu ilə Su-57 qırıcısının birgə uçuşu baş tutub. Ağır dronun döyüş imkanları və muxtar idarəetmə qabiliyyəti daim inkişaf etdirilərək 2020-ci ildə nəzərəçarpacaq texnoloji təkamül səviyyəsinə çatdırılıb. Yaxın perspektivdə "Oxotnik"in müxtəlif şəraitdə hava, yerüstü və sualtı hədəflərə zərbə vurma imkanları da təkmilləşdiriləcək. Qeyd edək ki, indiyə kimi heç bir ölkə PUA-larla inteqrasiya olunmuş qırıcı-təyyarələrə sahib deyil, odur ki indi Rusiyanın "tərəfdaşları" qəzəbdən zəncir çeynəyir desək, yəqin ki, yanılmarıq...

32
S-300,arxiv şəkli

Axı silah öz-özünə atəş aça bilməz

52
(Yenilənib 20:55 03.12.2020)
Hərbi şərhçinin sözlərinə görə, ermənilər səriştəsizlikləri ucbatından Rusiyadan aldıqları silahlardan istifadə edə bilməyiblər

BAKI, 3 dekabr — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Dağlıq Qarabağdakı döyüş əməliyyatları vaxtı ekspertlər arasında və media məkanında ermənilərin əldə etdikləri Rusiya istehsalı olan silahların effektivliyi barədə geniş müzakirələr aparıldı. Sputnik erməni məğlubiyyətinin səbəbinin həmin silahlar, yoxsa kadr hazırlığı və müdafiənin təşkili ilə bağlı olub-olmadığını araşdırıb.

Bu gün erməni tərəfinin məğlubiyyətini "yararsız" Su-30-SM qırıcıları, "zəif görən" S-300 zenit-raket kompleksləri, "effektsiz" elektron döyüş sistemləri və Rusiyanın "nasaz" tankları ilə əsaslandırmaq cəhdləri var. Sanki erməni tərəfi üçüncü ölkələrdən heç vaxt silah almayıb (məsələn, Hindistandan Swathi radarları) və yaxud Azərbaycan qoşunları yalnız İsrail və Türkiyədə istehsal olunmuş hərbi texnika ilə (məsələn, "Bayraktar") silahlanıbmış və müharibədə "böyük dönüş" də məhz onların vasitəsilə əldə olunub. Ümumi müzakirə: Qarabağ münaqişəsi Rusiyanın müttəfiqlərinə və tərəfdaşlarına silah tədarükünü korreksiya edəcək. Bu cür düşüncələrin dayanıqlı sxemləri hərbi-siyasi rəhbərliyin strateji səhvlərini və dünya silah bazarında sərt rəqabəti pərdələyir. Gerçəkliyə qayıtmaq daha məqsədəuyğundur.

Moskva Ermənistana bir neçə dəfə hərbi kredit verdi. Bundan sonra hərbi quruculuğun davam etdirilməsi məsələsi Ermənistan tərəfinin öz işidir.

Rusiya istehsalı olan S-300 Zenit-Raket Kompleksi Qarabağdakı döyüşlərə cəlb olunmuşdu və Ermənistanın etibarlı (eşelonlaşdırılmış) hava hücumundan müdafiə sisteminin olmaması səbəbindən zərər gördü. 40 milyon dollar qiyməti olan Hindistan istehsalı Swathi radarlarının fəaliyyəti isə ümumiyyətlə hiss olunmadı. Halbuki reklam annotasiyalarına əsasən, bu qurğular 20 kilometrə qədər minaatanlardan, 30 kilometrə qədər toplardan və 40 kilometrə qədər raketlərdən açılan atəşi müəyyən etməli idi. Özü də guya hər qurğu eyni vaxtda 7 hədəfi izləmək qabiliyyətinə malik idi.

Bəlkə də, ermənilər bu radarlardan düzgün istifadə edə bilməyiblər. Yəqin ki, erməni mütəxəssislərin hazırlıq səviyyəsi Rusiya istehsalı olan hərbi texnikanın istismarında da həlledici rol oynayıb. Axı silah öz-özünə atəş aça bilməz, ondan baş çıxaran mütəxəssis də olmalıdır. Və aydın məsələdir ki, başıpozuqluq, təkəbbür hərbi işlərdə qətiyyən yolverilməzdir.

Hərbi itkilər və qənimətlər

Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində erməni tərəfinin hərbi itkiləri barədə ətraflı məlumat verdi. Onun açıqladığı uzun siyahıda məhv edilən və qənimət kimi ələ keçirilən yüzlərlə müxtəlif növ hərbi texnikadan söhbət gedirdi. Azərbaycan Prezidenti raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri, tanklar və elektron müharibə qurğularından da bəhs etdi. Bu rəqəmlərə müxtəlif cür yanaşmaq olar, ancaq mövcud durumda (7 rayonun qaytarılmasından sonra) prezidentin həmin rəqəmləri şişirtməsi üçün heç bir əsası yox idi.

Bu məqamda təbii olaraq Dağlıq Qarabağda 44 gün davam edən döyüşlər zamanı erməni qruplaşmalarının hərbi təşkilatlanma səviyyəsi ilə bağlı sual ortaya çıxır. Erməni qoşunlarının çox sayda texnikasının məhv edilməsi hərbi qarşıdurmanın şiddəti ilə izah edilə bilər, amma hər bir halda döyüş meydanında tərk edilən 79 tank, 47 piyadaların döyüş maşını, 104 artilleriya qurğusu (top və minaatan), 5 "Şilka" zenit qurğusu, 93 xüsusi texnika, 270 yük maşını (böyük ehtimalla bu hərbi qənimətlər dövlət başçısının sözlərinin sübutu kimi Bakıda nümayiş olunacaq) heyrət doğurur. Ermənilərin elə təkcə döyüş meydanında atıb qaçdıqları 79 döyüş qabiliyyətli tank 2,5 silahlı tank batalyonu deməkdir ki, bu da həm hücumda, həm də müdafiədə böyük güc hesab oluna bilər.

Fikrimizcə, erməni tərəfinin görünməmiş "əliaçıqlığının" yalnız iki izahı ola bilər: ya hərbi texnika kütləvi (planlaşdırılmayan) geri çəkilmə zamanı tərk edilib, ya da həmin tanklar sadəcə olaraq, yanacaqla təchiz edilmədiyindən irəli gedə bilməyiblər ki, bu da birbaşa Ermənistan ordusundakı maddi-texniki problemlərdən xəbər verir.

Hər bir halda, baş verənlərdən nəticə çıxarmaq lazımdır, ancaq bu artıq Ermənistan baş qərargahının və hərbi-siyasi rəhbərliyinin səlahiyyətində olan məsələdir.

52
Teqlər:
hərbçilər, Rusiya, Ermənistan, silahlar, Azərbaycan, Qarabag
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

0
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

0
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq