Rusiya və türkiyə prezidentlərinin Sankt-Peterburq görüşü. 9 avqust 2016-cı il

Ömər Dinçər: Ərdoğanın addımlarına yeganə dəstək verən lider Vladimir Putindir

2560
Zərdüşt Əlizadə: "İkitərəfli əlaqələrin inkişafı bütün sahələrdə özünü göstərəcək. Türkiyə ilə Rusiya arasında dərin ziddiyyətlər yoxdur".

BAKI, 9 avq — Sputnik. "Baxmayaraq ki, Türkiyənin əsas müttəfiqləri Qərb ölkələri sayılır, amma Ərdoğanın atdığı hər addıma yeganə dəstək verən lider Rusiya prezidenti Vladimir Putindir". 

Bunu Sputnik-ə açıqlamasında Türkiyəli politoloq Ömər Dinçər deyib. Putinlə Ərdoğanın Sankt-Peterburqda bu gün gerçəkləşən görüşünü şərh edən Ö.Dinçər, Türkiyənin hələ də NATO dövləti olduğunu xatırladaraq, iki ölkə münasibətlərinin hələlik iqtisadi səviyyədə irəliləyə biləcəyini qeyd edib.

"Xoşagəlməz təyyarə böhranından sonra düşmənlikdən dostluğa keçid anidən reallaşa bilməz. Bu, iqtisadi sahədə mümkün ola bilər, ancaq hərbi və siyasi sahə tamam başqa mövzudur. Unutmaq olmaz ki, Türkiyə hələ də NATO dövlətidir", — deyə politoloq bildirib.

Ö.Dinçər daha sonra əlavə edib: "Ərdoğan Rusiyaya istədiyi üçün yox, məcbur qaldığı üçün gedib. Çünki ona dəstək verən yeganə dünya lideri Rusiya prezidentidir". 

Rusiya ilə münasibətlərdə yeni səhifə açıldığını deyən politoloq, bundan ən çox qazanc əldə edən təbəqənin turizm şirkətləri olacağını söyləyib:

"Sizə qısa bir müqayisə edim. Təyyarə böhranından öncə, 2015-ci ilin ilk 6 ayı ərzində Türkiyənin rus turistlərdən əldə etdiyi qazanc 3 milyard dollara yaxın idi. Münasibətlər korlanandan sonra isə bu rəqəm 250 min dollara qədər geriləyib. Artıq bu ildən keçib, ancaq qarşıdakı il turizmdə vəziyyətin yaxşılaşacağını düşünürəm".

Türkiyə və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşünü Sputnik-ə şərh edən politoloq Zərdüşt Əlizadə, hər iki dövlətin köklü maraqlarına cavab verən müsbət təmayülün davam edəcəyini bildirib:

"Əlaqələrin əvvəlki müsbət səviyyəyə qayıtması ani baş verməsə də, hər iki dövlətin köklü maraqlarına cavab verən müsbət təmayül davam edəcək. Nə vaxtsa ola bilsin, əlaqələr əvvəlki səviyyəyə çatsın, hətta ötsün də. Ancaq bütün hallarda Türkiyə ilə Rusiya arasında dərin ziddiyyətlər yoxdur".

Zərdüşt Əlizadə əlavə edib ki, ikitərəfli əlaqələrin inkişafı bütün sahələrdə özünü göstərəcək. 

Türkiyənin üzünü Qərbdən Şərqə çevirəcəyi iddialarını da cavablandıran politoloq bu fikirlə razı olmadığını deyib:

"Bu gün Avropa Birliyi və ABŞ-la Türkiyə arasında bəzi problemlər var. Amma Qərb sadəcə ABŞ və AB-dən ibarət deyil ki. Qərb blokuna NATO kimi nəhəng təşkilat daxildir. O cümlədən, bir neçə iri qurumlar. Türkiyə Qərb blokunun bir parçasıdır və elə də qalacaq".

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda bir araya gəlib. Tərəflər ikitərəfli əlaqələrin bərpa olunmasından duyduqları məmnuniyyəti dilə gətiriblər.

2560
Teqlər:
Ömər Dinçər, təyyarə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Avropa Birliyi, NATO, turizm, Zərdüşt Əlizadə, Sankt-Peterburq, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ
Mövzu:
Türkiyə-Rusiya yaxınlaşması (14)
Əlaqədar
Mixail Qorbaçov Putin və Ərdoğanın görüşündən danışdı
Türkiyə prezidenti Sankt-Peterburqdadır
Tarixi görüşdə liderlər önəmli açıqlamalar verdi
Mayk Pompeo və Ceyhun Bayramov, arxiv şəkli

"Asan məsələ": Amerikalıların Qarabağda müharibəni dayandırmaq cəhdləri

89
(Yenilənib 20:32 27.10.2020)
Dağlıq Qarabağ münaqişəsini həll etməyin çətin olmadığını deyən Tramp niyə Azərbaycanla Ermənistanı barışdıra bilmədi.

BAKI, 27 oktyabr — Sputnik, Qaliyə İbrahimova. Dağlıq Qarabağda hərbi əməliyyatlar artıq bir aydır ki, davam edir və indiyə kimi üç humanitar atəşkəs cəhdi baş tutmayıb. ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs rejimi uzun sürməyib. Amerikalılar bölgədə təhlükəsizliyi bərpa etməyə söz versələr də, onlara inanan azdır.

Amerikanın oyanışı

"ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı danışıqlarda vasitəçiliyi öz üzərinə götürüb. Bütün səylərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib", – ABŞ Dövlət Departamenti üçüncü humanitar atəşkəsin elan olunduğunu bu sözlərlə bəyan etdi.

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş əvvəlki iki razılaşmanın pozulduğunu nəzərə çatdıran Mayk Pompeo şəxsən bəyan etdi: "Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan (Azərbaycan və Ermənistan XİN-in rəbərləri – red.) atəşkəs rejiminə əməl olunacağına təminat verdilər".

Donald Tramp da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etdiyini nümayiş etdirdi. Nyu-Hempşirdə seçicilər qarşısında çıxış edən ABŞ Prezidenti Qafqazdakı münaqişə ilə "məşğul olacağına" söz verdi. "Niyə də olmasın? Məncə, nə edəcəyini bilən adam üçün bu asan məsələdir", – deyə Ağ Ev rəhbəri öz qeyri-adi üslubuna sadiq qalaraq bildirdi.

Amerikalıların Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturtmaq cəhdini Rusiya Prezidenti də dəstəklədi. "Ümid edirəm ki, Vaşinqton bizimlə həmrəylik göstərəcək və münaqişənin nizamlanmasına kömək edəcək", – deyə Vladimir Putin vurğuladı.

Razılaşmanın pozulması

Humanitar atəşkəs rejimi oktyabrın 26-da yerli vaxtla səhər saat 8-də qüvvəyə mindi. Ancaq üstündən heç yarım saat keçməmiş hər iki tərəf razılaşmanın pozulduğunu bəyan etdi.

Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrini Tərtər və Dağlıq Qarabağla həmsərhəd yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırdı. Ermənistan Müdafiə Nazirliyinin açıqlaması da özünü çox gözlətmədi.

Azərbaycan Prezidenti İlham Əliyev müvəqqəti atəşkəsə etiraz etməsə də beynəlxalq vasitəçiləri məsələyə neytral münasibət göstərməyə çağırdı. "Ermənilər atəşkəs istəyirlərsə, qoy bizim ərazilərimizi tərk etsinlər. Bu baş verməsə, sona qədər mübarizə aparacağıq", – deyə Azərbaycan lideri bəyan etdi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edən digər dövlətlərə də müraciət edərək, xüsusilə, Türkiyəyə Qafqazdakı nüfuzundan istifadə etməsini məsləhət gördü. "Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqlarımız oldu. Ankaranı münaqişənin sülh yolu ilə nizamlamasını dəstəkləməyə inandırmağa çalışırıq", – deyə Rusiya XİN-in rəhbəri bildirdi.

ATƏT-in Minsk qrupu tərəfləri barışdırmaq cəhdindən əl çəkmir. Oktyabrın 29-da həmsədrlər Cenevrədə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə görüşəcəklər. Ancaq RİA Novosti-yə müsahibə verən ekspertlər bu məsələyə şübhə ilə yanaşırlar.

Amerikanın təşəbbüsü

Qafqaz regionu üzrə mütəxəssisi Nurlan Qasımov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyinin lap əvvəldən uğursuzluğa məhkum olduğunu bildirir. Onun sözlərinə görə, hər iki tərəf müvəqqəti atəşkəsdən ehtiyat qüvvə yığmaq və münaqişə bölgəsindəki mövqelərini gücləndirmək üçün istifadə edir.

"Hazırda Laçın dəhlizi uğrunda döyüşlər gedir. Əgər Azərbaycan dəhlizi ələ keçirsə, Ermənistanla Dağlıq Qarabağ arasındakı birbaşa əlaqə kəsiləcək. Bu isə münaqişənin nizamlanması prosesini kökündən dəyişəcək", – deyə Qasımov bildirib.

Mütəxəssis Vaşinqtonun nizamlanma prosesindəki fəallığını Amerikadakı seçki kampaniyası ilə əlaqələndirir. Bununla belə, ABŞ-ın yeni rəhbərliyinin Cənubi Qafqaza marağını tez itirəcəyinə də əmindir.

"İndiyə kimi Vaşinqtondan münaqişənin nizamlanması ilə bağlı yeganə təşəbbüs 1999-cu ildə irəli sürülüb. Həmin vaxt Ki-Vestdə keçirilən görüşdə ABŞ-ın vasitəçisi Pol Qobl ərazilərin mübadiləsi planını təklif etdi: Dağlıq Qarabağ ətrafındakı yeddi bölgə Azərbaycana qaytarılır, Bakı isə Ermənistan-İran sərhədindəki Mehri dəhlizini alaraq Dağlıq Qarabağı və Laçın dəhlizini Ermənistana verir. Lakin İrəvan Mehri dəhlizinin Dağlıq Qarabağı dünya ilə əlaqələndirdiyini əsas gətirərək bu təklifdən imtina etdi. Həmin vaxt Dağlıq Qarabağın ermənilərdə qalması ilə razılaşmayan Azərbaycan tərəfi də planın reallaşmasına razılıq vermədi", – deyə Qasımov xatırladır.

O, ABŞ-ın 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hərəkətlərini tərəfləri barışdırmaq istəyi ilə deyil, "Qafqazın neft və qaz sektoruna sərmayə yatırmaq" arzusu ilə izah edir.

"Bundan sonra Qərb Cənubi Qafqazda neft və qaz boru kəmərlərinin tikintisinə böyük sərmayə qoydu. Azərbaycan nefti Avropadakı Rusiya enerji qaynaqlarına alternativ sayıldı və amerikalılar buna hər cür dəstək verdilər. Müharibə bu layihələrin həyata keçirilməsinin qarşısını ala bilərdi. Ancaq Qoblun planının iflasından sonra Vaşinqton sülhməramlı təşəbbüsünü tamamilə Rusiyaya ötürdü", – deyə Qasımov xatırladır.

Vaşinqton seçkidən sonra Qafqazı unudacaq

ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Pavel Koşkin də Amerikanın sülhməramlı vasitəçiliyini seçkiöncəsi vəziyyətlə əlaqələndirir.

"Tramp üçün bəzi ştatlarda çoxluq təşkil edən erməni diasporunun səsini almaq vacibdir. Bu səbəbdən də münaqişənin həllinə kömək etmək üçün vədlər verir. Ancaq seçkidən sonra Vaşinqton yenidən Qafqazı unudacaq", – deyə ekspert bildirir.

Koşkinin fikirncə, amerikalıların Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesindən uzun müddət kənar qalması okeanın o biri tayından konfliktin idarəolunan münaqişə təsiri bağışlaması ilə əlaqədardır: "ABŞ-da Dağlıq Qarabağ problemi Ukrayna və ya Gürcüstandakı vəziyyətdən fərqli olaraq, qarışıq məsələ kimi qəbul olunmur. Çünki digər dondurulmuş münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində hər zaman Moskva ilə konsensusa getmək imkanı var".

Ağ Evin yeni rəhbəri kim olursa-olsun, Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün əhəmiyyət kəsb etməyəcək. Ancaq vacib məqam odur ki, Qarabağ münaqişəsi Vaşinqtonun Moskvanın fikirlərinə güvəndiyi çox az sayda məsələlərdən biridir.

89
Teqlər:
ABŞ, ATӘT-in Minsk Qrupu, Atəşkəsin pozulması, dinc sakinlər, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan - İlham Əliyev
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"
İlham Əliyev: "Azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar"
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

116
(Yenilənib 02:00 27.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

116
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0